Firəngiz Şərifovanın son rolu
“O, Azərbaycan
teatrının canlı əfsanəsi idi”
Dünən
fevralın 20-də Azərbaycan incəsənətinə böyük itki üz verdi. Görkəmli
teatr və kino
aktrisası, Xalq artisti,
“Şöhrət” ordenli Firəngiz Şərifova
uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.
Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gəlib.
1941-ci ildə yaxın ailə dostu Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olaraq beş il konservatoriya təhsili alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib. 1947-ci ilin əvvəllərində aktrisa Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunsa da iki il sonra teatr müvəqqəti olaraq bağlanıb. İncəsənət İşləri İdarəsinin sərəncamı ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayan Firəngiz xanım, tezliklə teatrın aparıcı aktrisalarından birinə çevrilib.
1960-cı il may ayının 5-dən 1965-ci il aprel ayının 1-nə qədər Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa qısa zaman çərçivəsində parlaq sənət hadisəsinə çevrilən obrazlar yaradıb.
Aktrisa 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdaraq 2011-ci ilin sentyabr ayının 1-ə qədər - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
Firəngiz Şərifova milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət uğurlarına görə 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1969-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutur. Gülzar ("Tamahkar", S.S.Axundov), Kraliça ("Qarlar Kraliçası", H.X.Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", B.Stou), Aqadaya Tixonovna ("Evlənmə", N.Qoqol), Sərvinaz ("Aqil və Sərvinaz", Ə.Abbasov), Mətanət ("Çiçəkii dağ", M.Təhmasib), Julyar ("iki veronalı", V.Şekspir), Gülbahar ("Anacan", Y.Əzimzadə), Yasəmən ("Qaraca qız", A.Şaiq), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə), Zerbinetta ("Skapenin kələkləri", J.B. Molyer), Yaqut ("Yaşar", C.Cabbarlı), Ceınına ("Ovod", E.Voyniç), Fitnə, Ana Vətən, ("Fitnə" və "El oğlu", A.Şaiq), Məhsəti Gəncəvi ("Rübailər aləmində", M.Təhmasib), Yetər ("Hacı Qəmbər", N.Vəzirov), Beatriça Rasponi ("İki ağanın bir nökəri", K.Haldoni), Həmidə ("Keçən ilin son gecəsi", Anar), Qızyetər ("Komsomol poeması", İ.Coşqun. S.Vurğunun eyniadlı poeması əsasında), Mədinə, Ağabəyim ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Ə.Əylisli), Təhminə ("Söhrab və Rüstəm", İ.Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında), Ayşa Ana ("Fudzi dağında qonaqlıq", Ç.Aytınatov və K. Məhəmmədcanov), Məşədixanım ("Ağ dəvə", Elçin) və digər rolları aktrisanın zəngin və əlvan yaradıcılığının ayrılmaz hissəsi olub.
Firəngiz Şərifova gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər ölkəsində (Tükəz), "Qətl günü" (Nənə) və sair bədii filmlərdə, bir sıra televiziya tamaşalarında çoxsaylı maraqlı rollar yaradıb. Canlandırdığı obrazların yüksək bədii dəyəri və ifa etdiyi rolu özününküləşdirmək bacarığı istedadlı aktrisanı xalqın sevimlisinə çevirib.
Mərhum sənətkarın ölümünü Azərbaycan teatrı üçün böyük itki hesab edən sənət dostları Firəngiz xanım kimi sənətkarların 100 ildə bir yetişdiyini qeyd etdilər.
Firəngiz Şərifova xatirələrdə
Xalq artisti Tariyel Qasımov bizimlə söhbətində Firəngiz Şərifovanın onun xatirində böyük sənətkar və gözəl insan kimi qalacağını bildirdi: “Bizim nəslin aktyorları, elə mən özüm də aktrisadan çox şey öyrənmişik. Səhnədə onunla çox tərəf müqabili olmuşam. O, iki böyük sənətkarın qızı idi və bu da onun yaradıcılığında çox hiss olunurdu. Biz yaradıcılığa yeni başlayanda onun gənclərə böyük diqqət və qayğı ilə yanaşdığının şahidi olmuşam. Sənətkarın xatirəsi bizim üçün əzizdir. Firəngiz Şərifovanın ölümü teatr aləmində bu böyük bir itkidir”.
T.Qasımov mərhum sənətkarın baş rollarla yanaşı xırda, epizodik rolları da mükəmməl şəkildə etdiyini və həmin obrazların tamaşaçıların yaddaşında gözəl xatirələrlə qaldığını söylədi: “Düşünürəm ki, kino sənətində aktrisamızın yaradıcılığından kifayət qədər istifadə olunmadı. Aktrisanın gözəl səsi, rəqs qabiliyyəti var idi. O, öz qiymətini lazımi səviyyədə ala bilmədi. Düzdür, Firəngiz xanım Prezident təqaüdü və “Şöhrət ordeni”nə layiq görülmüşdü. Lakin bunlar belə, Firəngiz xanım kimi sənətkara çox az idi. Mən inanmıram ki, bundan sonra onu əvəz edə bilən ikinci aktrisa dünyaya gəlsin. Firəngiz xanım dahi sənətkar idi. Allah məkanını cənnət etsin”.
Xalq artisti Yasin Qarayev Firəngiz Şərifovanın obrazlarını, onun simasının uzun müddət yaddaşlardan silinməyəcəyini bildirdi: “Bir neçə il bundan qabaq 65 yaşından yuxarı aktrisaların teatr səhnəsindən uzaqlaşması haqqında sərəncam verilmişdi. Orada Firəngiz xanımın da adı var idi. Bunu görəndə üsyan etməyə başladım. Xarici ölkələrdə 90-100 yaşında aktyorları arabada səhnəyə çıxarırlar. Teatr üçün Firəngiz xanımın nəfəsi, adı belə kifayətdir. Biz hər zaman onunla fəxr etmişik, ancaq bu gün...
Mən səhnəyə gələndə Firəngiz xanım səhnədə öz sözünü demiş, məşhur bir aktrisa idi. Söhbət 70-ci illərdən gedir. Həmin ərəfələr aktrisamız Ağakişi Kazımovun quruluşunda “Rüstəm və Söhrab” tamaşasında Təhminə obrazını canlandırırdı. Mərhum aktrisamızın o obrazı yaddaşımda dərin izlər qoyub”.
Y.Qarayev fevralın 6-da Firəngiz Şərifovanın 90 yaşının tamam olması münasibəti ilə mərhuma baş çəkdiyini deyərək bizimlə xatirələrini bölüşdü: “Həmin gün Mübariz Həmidov, Tariyel Qasımov, Almaz Mustafayeva, Şəfəq Əliyeva ilə birlikdə mərhumu ziyarət etdik. Biz onu hər zaman gözəl görməyə öyrəşmişik. Ancaq gördük ki, yaş və xəstəlik öz sözünü deyib. Mən onun əlini öpdüm. Məndən soruşdu ki, sən kimsən? Dedilər ki, bu, Yasin Qarayevdir. O, da bizdən Tariyel Qasımovu soruşdu. Dedi ki, Tariyel, incimə teatrımız çox gözəl təmir olunub, ancaq sizin tamaşalarınız Yusif Vəliyevlə birlikdə getdi. Biz də zarafat edib dedik ki, köhnə tamaşaların keyfiyyəti kişilərdən Yusif Vəliyev, qadınlardan Firəngiz Şərifova ilə birlikdə gedəcək. Firəngiz Şərifova mehriban, səmimi bir insan kimi yaddaşlarımızda qaldı. O, Gənc Tamaşaçılar Teatrının böyük bir sütunu idi. Hər şey o sütunun üstündə qurulmuşdu. O bizə Abbas Mirzə Şərifzadənin və Mərziyə Davudovanın yadigarı idi”.
Mərhum aktrisa ilə sonuncu dəfə “Nənəmin kələyi” komediyasında iştirak etdiyini söyləyən Yasin Qarayev bizə tamaşa ilə bağlı xatirələrini danışdı: “Bir neçə il bundan qabaq o bizə dedi ki, nəvəm Eldar Qasımov Slavyan Universitetini bitirir. Nəvəm üçün gedib orada tamaşa vermək istəyirəm. Biz də onun istəyi ilə həmin Universitetdə tamaşa göstərdik. Mən hələ Firəngiz xanımı bu qədər sevincli görməmişdim. Eldar Qasımov “Eurovision” musiqi yarışmasına gedəndə o çox narahatçılıq keçirirdi. O, zaman Firəngiz xanımın yanına getmişdik. Gördük ki, çox narahatçılıq keçirir. Biz də dedik ki, hər halda qan öz sözünü deyəcək. Axı onda Abbas Mirzənin, Mərziyə xanımın qanı axır. O isə dedi ki, onların qanı Eldara çatmaz, o, mənim qanımı daşıyır”.
Xalq artisti Ağaxan Salmanlı aktrisanı bərabəri olmayan sənətkar kimi xatırladı: “1964-cü ildə təyinat alıb teatra gələn vaxtdan bu günə qədər onunla bir səhnəni paylaşmışam. Mərhum sənətkarla bir çox tamaşalarda tərəf müqabili olmuşuq. O, bənzəri olmayan bir sənətkar idi. Bizim keçmiş qüdrətli aktyorların silsiləsindən ən sonuncusu idi. İndi onun kimi aktrisalar yetişmir. Mənim ona xüsusi bir hörmətim var. 2004-cü ildə Firəngiz xanımın 80 illik yubileyi ilə bağlı “Varis” kitabını çap etdirdim. Həmin kitabın təmtəraqlı təqdimatını keçirdik. Onun üçün konsertlər təşkil etdik. Daha sonra mənə müraciət edərək dedi ki, “Qocalmışam deyə mənə heç kim rol vermir. Komediya janrında belə olsa tamaşada oynamaq istəyirəm”. Mən Əhməd Orucoğluya “Nənəmin kələyi” komediyasını yazdırdım. Nənə obrazını da mərhum aktrisaya həvalə etdik. Bu onun teatr səhnəsində son obrazı oldu. Firəngiz xanım daxilən zəngin insan idi. Onun hər çıxışında zal tamamilə dolu olardı. Bizim köhnə Azərbaycan teatrının aktyorluq məktəbinin son nümayəndəsi idi. O artıq bir tarixə çevrildi. Allah onu rəhmət etsin!”.
Əməkdar artist Loğman Kərimov Firəngiz xanımı Azərbaycan teatrının ən dəyərli, mogikan sənətkar kimi tanıdığını və şərəfli səhnə ömrü yaşadığını dedi: “Aktrisamızın ifasında oynadığı tamaşalar tamam fərqli idi. Hər bir obrazı onun dünya baxışı, poetikası olurdu. Mən çox vaxt oturub onun obrazına tamaşa edib təhlil etməyə çalışırdım. Onunla bir neçə tamaşa hazırlamışam. Firəngiz xanımla işləmək həm çox asan, həm də çox çətin idi. Asan idi ona görə ki, hər zaman rejissorun dediyinə qulaq asıb, onun dediklərinə əməl edirdi. Çətin idi ona görə ki, Onu ilk olaraq oynadığı obraza inandırmaq lazım idi. Ondan sonra o, öz obrazının öhdəsindən mükəmməl şəkildə gəlirdi. Azərbaycan teatr tarixində onun xüsusi bir yeri var. Firəngiz xanım istər bədii filmlərdə, istər tamaşalarda hər dəfə yadda qalan obrazlar oynayıb. Allahdan ona rəhmət diləyirəm”.
Firəngiz Şərifova ilə Teatr Xadimlər İttifaqında son görüş oldu. O, bu dəfə səhnədə son rolunu oynayıb bizi tərk etdi.
Allah rəhmət eləsin!
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2014.-21 fevral.-s.12.