Məsuliyyət,
çalışqanlıq və həvəs - Uğur
hekayəsi
“50 yaşımda ailə, şəxsi və iş həyatımda harada olacağımla bağlı 16 illik həyat strategiyamı hazırlamışam”
Rubrikamızın budəfəki qonağı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Korporativ idarəetmə üzrə meneceri, dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilən Rövşən Rüstəmovdur. Həmsöhbətimiz nəinki gündəlik həyatını planlı şəkildə qurur, hətta 50 yaşına qədər ailə, şəxsi və iş həyatını əhatə edən həyat strategiyasını da hazırlayıb. Rövşənlə yaxından tanış olaq…
- İş
həyatına jurnalistikadan başlayan rubrikamızın bir
çox qonaqları kimi
siz də uğurlu karyera qurmusunuz.
Jurnalistikanı tramplin kimi
istifadə etmək üçün seçdiniz?
- İxtisas seçimimi atamın məsləhəti ilə etdim. Məndən böyük qardaşım da Dövlət İdarəçilik Akademiyasında oxuduğundan bilirdik ki, burada dərslər keyfiyyətli keçirilir. Həm də atam məni dövlət idarəçiliyi sistemində, iqtisadiyaat-maliyyə yönümlü sahədə görürdü. Mən də onun məsləhətinə qulaq asdım. Amma açığını desəm, uşaq vaxtı müəllimlər inşa yazdıranda ən çox sevdiyim peşələr içərisində həmişə jurnalistikanı qeyd edirdim. Buna görə də bu istək bakalavr pilləsini başa vuranda da məni tərk etməmişdi. Magistraturada oxuya-oxuya qəzetlərin birində iqtisadiyyat müxbiri kimi işə başladım. Amma jurnalistika ümidlərimi doğrultmadı. Bəlkə də xəyallarımda canlandırdığım jurnalistika olsaydı, orada qalardım. Hesab edirəm ki, seçimimdə səhv etmədim. Qeyd edim ki, hazırda jurnalistika sahəsində olmasam da, təhlillər, analitik yazılar hazırlayarkən jurnalistikadakı yazı qabiliyyətim mənə çox kömək edir. Beləliklə, 2 il jurnalist kimi çalışandan sonra 2004-cü ildə o vaxtkı Rabitə Nazirliyinin (indiki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – L.M.) “Azərpoçt” Dövlət Müəssisəsində müxtəlif vəzifələrdə - Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri, müxtəlif işçi qruplarının rəhbəri kimi çalışdım. Eyni zamanda, “Azərpoçt” Dövlət Müəssisəsinin mindən artıq üzvü olan Gənclər Təşkilatının sədri kimi ictimai fəaliyyətlə də məşğul oldum. Dünya Bankının həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı” layihəsində Texniki direktor işlədim. 2012-ci ildən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində Korporativ idarəetmə üzrə menecer vəzifəsində fəaliyyətə başladım.
- 33
yaşınızda ölkə prezidenti tərəfindən
“Tərəqqi” medalı ilə təltif edildiniz.
Təbrik edirik.
- Çox sağ olun. Azərbaycanın ilk süni peyki uğurla peykə çıxarıldığına görə cənab Prezidentin 6 fevral tarixli sərəncamı ilə bir qrup rabitə işçisi təltif edildi, eyni zamanda mənə “Tərəqqi” medalı verildi. Onu da qeyd edim ki, uğurlu fəaliyyətimə görə 2011-ci ildə Rabitə Naziri cənab Əli Abbasovun əmri ilə “Rabitə ustası” fəxri adına da layiq görülmüşəm. İşimi dəyərləndirdiklərinə görə həm cənab prezidentə, həm də cənab nazirə dərin təşəkkürümü bildirirəm.
- “Azərpoçt”
Dövlət müəssisəsində 8 il
ərzində müxtəlif rəhbər vəzifələrdə
çalışmısınız. Hazırda da
rəhbər vəzifədəsiniz. Uğurunuzun
sirri nədədir?
- Məsuliyyətli olmaq, çox çalışmaq və güclü həvəs. Qeyd edim ki, hər gün işə 8-in yarısı, 8-də çatıram və işdən 7-8-də çıxıram. Özü də heç kim məni məcbur etmir ki, işə hamıdan tez gəlib, hamıdan gec çıxım. İşə daha tez gəlməyimin səbəbi ofis rahatlığından, sakitliyindən yararlanaraq işlərimi günün əvvəlində planlaşdırmaq və gündəlik qaçhaqovdan sonra səni heç kimin narahat etməyəcəyinə əmin olub sakit mühitdə çalışmaq. Hesab edirəm ki, güclü həvəs olmasa, hətta ən sərt rejimli iş yerlərində də səni heç kəs bu qədər çalışdıra bilməz. Bu rejimdə çalışmaq işə olan marağımdan irəli gəlir. İşdə məsuliyyət də əsasdır. Hesab edirəm ki, məsuliyyət hissi olmayan insan heç vaxt uğur qazana bilməz. Ümumiyyətlə, mənim üçün iki seçim var. Ya işimi sevərək çox ciddi çalışmaq və uğur qazanmaq, ya da oranı tərk etmək. Üçüncü seçim – vaxt keçirmək seçimim yoxdur. Yəni işə gəlim, günüm keçsin, maaşımı alım. Əks təqdirdə, bu yanaşma ilə karyera pilləsində irəliləmək mümkün deyil. Karyerasında uğur qazanmış insanların uğurlarının sirri məncə, daha çox çalışmaqdır. “Google”nin əvvəlki rəhbər şəxslərindən biri, “Yahoo”nun hazırki İdarə Heyətinin sədri xanım Marissa Mayer cavan ikən bütün şəxsi istəklərini bir tərəfə qoyub ailəli ola-ola həftədə 130 saat işləyib. Onun çalışmaq həvəsi və iş rejimi həmişə məndə böyük rəğbət hissi yaradıb.
- Rövşən,
bəs karyera yolunuzda
özünüzə örnək götürdüyünüz
kimsə varmı?
- Müasir dünyada örnək götürdüyüm adam Amerikan biznesmeni Varin Baffetdir. O, böyük şirkətlər qrupunun rəhbəridir. Varidatı 50-60 milyard dollarla ölçülür, dünyanın ən zəngin şəxsləri siyahısında öndə gedir. Varin Baffet varidatının 30 milyard dollarını 1 gün ərzində xeyriyyə fonduna köçürüb. Hazırda 1955-ci ildən qalma ikimərtəbəli dördotaqlı evində yaşayır, orta statistik amerikalının da özünə yaraşdıraraq sürmədiyi maşını sürür, ildə bir dəfə insanlarla səhər yeməyi üçün müsabiqə keçirir və müsabiqələrdə yığılan pulları xeyriyyə məqsədilə istifadə edir. Ötən il bir ərəb şeyxi iki milyard dollar verib hərracda onunla səhər yeməyini udmuşdu. 80-dən artıq yaşının olmasına, xərçəng xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, Baffet bu gün də gərgin iş rejimində çalışır. Bu cür insanların həyat təcrübəsini öyrənirəm ki, həyatımda təcrübədən keçirim.
- Özünü
inkişaf təlimlərindən necə,
yararlanırsınız?
- Bəli. Özünü inkişaf təlimlərini yazan müəlliflərin təlimlərini oxuyuram, video və audio dərsliklərinə qulaq asıram və öyrəndiklərimi həyatda tətbiq edirəm. Özünü inkişaf üzrə qabaqcıl təlimçilərdən olan Brayan Treysinin də tövsiyyə etdiyi kimi, illik gəlirimin 3 faizini təhsil, elm, kitabların alınması, kurslara yazılma və s. sahələrə xərcləyirəm. İnsan nə qədər çox qazanırsa, o qədər də çox inkişafına yönəltməlidir ki, daha çox səmərəli çalışsın. Hesab edirəm ki, özünü inkişaf təlimləri ilə məşğul olduqda, daha yaradıcı, proqressiv olur, ən azı işlərini düzgün planlaşdıra bilir və məhsuldar işləyirsən.
- Planlaşdırma
demişkən, plan quraraq
işləyirsiniz?
- Əlbəttə. Uğurun
əsas sirlərindən
biri də işlərini düzgün
planlaşdırmaq və
prioritetləşdirməkdir. Həm gündəlik plan tuturam, həm də özüm üçün
50 yaşıma qədər
olan dövrü əhatə edən 16 illik həyat strategiyama uyğun hərəkət edirəm.
- Nə vaxt qərara gəldiniz ki, bu strategiyaya ehtiyac var?
- 50 yaşımda harada olacağım həmişə
məni düşündürürdü
və ötən il bu strategiyanı hazırladım.
50 yaşımda ailə,
şəxsi və iş həyatımda harada olacağımı özümə sual verdim və 50 yaşımda arzu etdiyim nöqtədən indiyə qədər planımı tutdum. Həmin nöqtədə olmaq üçün məndə
hansı bacarıq və qabiliyyətlər olmalıdır, o vaxta qədər hansı addımlar atılmalıdır.
Oradan geriyə bu addımları planlaşdıra-planlaşdıra
gəlib 2014-cü ilə
çatdım.
- Stategiyanıza əsasən, 50 yaşınızda,
yəni 16 ildən sonra harda olacaqsız?
- 50 yaşımda özümü
biznes sahəsində görürəm. Biznesimi adını
çəkdiyim milyarderlərin
qurduğu şəkildə
qurmağı planlaşdırıram.
Gəlirimin böyük bir
hissəsini xeyriyyəçiliyə
sərf etməyi düşünürəm. İslam dininin qayda-qanunlarına riayət etdiyimə görə, biznesim də dinə-imana köklənmiş olacaq.
Pul qazanmağı da ona görə qarşıma məqsəd
kimi qoyuram ki, o pul mənə
xeyriyyəçilik işləri
üçün vasitə
olsun.
- Rövşən,
ailə, şəxsi və iş həyatınızın strategiyasını
çox dəqiq işləmisiniz və xırdalığına qədər
hansı ildə nəyi əldə edəcəyinizi qeyd etmisiniz. Bunu necə planlaşdırmısınız?
- Üçünün də
arasında məntiqi bağlılıq qurmuşam.
Çünki arzu etdiyim vəzifələrə hansı
ildə çatacağım,
nə vaxt doktorluq işimin müdafiəsi, kitabımın
dərc olunması və s. bir-biri ilə sırf bağlı olmalıdır.
- Gün ərzində 12-13 saatlıq
iş rejimindən sonra necə istirahət edirsiniz?
- Meditasiya musiqiləri dinləyirəm, həftədə
3 dəfə idmanla məşğul oluram, ailəmlə gəzməyə
çıxıram. Bir də
vaxt olduqca fürsət tapıb doğulduğum kəndə
gedirəm. Orada təbiət
və insanlar hələ ki, daha safdır.
- Bu qədər işləyirsiniz, həyat
yoldaşınız ailəyə
az vaxt
ayırmağınızdan narazılıq etmir ki?
- Yoldaşım da, qızım da artıq bu rejimə
alışıblar. Çalışıram ki, bu qaçhaqovun
içərisində balansı
qoruyum. Ailə ilə iş arasında balans yaratmaq həm çətin, həm də vacib məsələdir.
Əsas
o deyil ki, gününün böyük
hissəsini işinə
ayırırsan. Əsas odur
ki, ailənə nə qədər səmimi diqqət göstərirsən. Adam bütün günü evdə otura bilər, amma fikri-zikri kənarda olar. Söhbət səmimi diqqətdən
gedir ki, mən də bunun öhdəsindən gəlməyə çalışıram.
İş həyatında böyük
uğur qazana bilərsən, amma ailənə də diqqət ayırmağın
vacibdir. Nə qədər
yaxşı ailə başçısı olmağın
da sənin uğurunun göstəricisidir.
Lalə MUSAQIZI
Doğum tarixi: 06.10.1980
Doğulduğu yer: İmişli
rayonu, Cəfərli kəndi.
Ailə vəziyyəti: Evli,
1 övladı var.
Təhsili: Ali (iqtisadiyyat üzrə
fəlsəfə doktoru).
İş yeri və vəzifəsi:
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Korporativ idarəetmə üzrə menecer.
Kaspi.-2014.-21 fevral.-S.15.