«Xanımların buna gücü çatmaz»

 

Çingiz Mustafayev: «Yaşlı nəsllə işləmək çox çətindir»

 

Biz gənclər hər zaman bizdə nə yoxdursa ona meyl göstərməyə çalışırıq. Xaricdə fərqli nəsə görən kimi əlimizdən gələni edirik ki, bizdə də ondan olsun. Nə isə, mətləbdən çox uzaqlaşmayım. Budəfəki istedadlı gənc müsahibim gitara ifaçısı, bəstəkar, aranjemançı Çingiz Mustafayevdir. Çingiz digər ifaçılardan həm ifa tərzinə, həm də imicinə görə çox fərqlənir. Gənc olmasına baxmayaraq, mahnı bəstələyir, onu aranjeman edir və mahnılarına söz yazır. O, təkcə bununla kifayətlənmir. Çingiz gənc gitara ifaçılarından ibarət “Palmasqrupu yaradıb və həmin ifaçılarla bərabər dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqli şəkildə təmsil edir. Ötən ay Çində öz ifası ilə çinliləri heyran edən Çingiz bu günlərdə Polşaya səfər edəcəyini də dedi.

 

Şou aləmində mehriban, danışmağı sevməyən biri kimi yaddaşlarda qalan ifaçı danışmaqdansa gücü əllərinə verib, gözəl gitara səsləndirməyi daha üstün tutur.

 

Beləliklə, əsasən gənc qızların sevimlisi olan gitara ifaçısı Çingiz Mustafayevlə səmimi söhbəti təqdim edirik.

 

Xalqın zövqü ilə mahnı oxumağa başlasam

 

- Səndən öncə nə efirdə, nə də el şənliklərində gitara ifaçılarına elə də rast gəlmirdik. Demək olarmı ki, bizim səhnəyə Rəmişdən sonra gənclər arasında müasir gitaranı sən gətirdin?

 

- Mən bu fikirlə elə də razı deyiləm. Azərbaycanda çoxsaylı gitara ifaçıları var. Ancaq mən səhnəyə çıxmamışdan öncə gitara ifaçıları demək olar ki, yox idi. Müsabiqədə qalib olduqdan sonra gitara ifaçılarının sayı çoxalmağa başladı. Bundan sonra da hər kəsin gitaraya marağı yarandı və onlar da bu sahədə özlərini ixtisaslaşdırmağa çalışdılar. Amma hazırda gitara ifa edən peşəkar qruplar azlıq təşkil edirlər.

 

- Gitara ifa edərək mahnı səsləndirmək çətin deyilmi?

 

- Əlbəttə, bu, çox çətindir. Ancaq vərdiş etdikdən sonra insan hər şeyə öyrəşir. Ümumiyyətlə, əlimdə gitara olmayanda özümü çox boş hiss edirəm.

 

- Səni Azərbaycanın Halil Sezaisi adlandırmaq doğru olarmı? Mahnılarını özün yazıb, özün ifa edirsən, gitara sənin ayrılmaz alətindir.

 

- Kiməsə bənzədilməyi istəməzdim. Diqqət etmisinizsə mən heç zaman insanların zövqünə uyğun mahnılar oxumamışam. Adətən mahnılarımı daxili aləmimə, zövqümə uyğun olaraq seçirəm və onları istədiyim tərzdə səsləndirirəm. Dinləyicilərim isə zövqümə bələd olub, bu üslubu bəyənib mahnılarımı dinləyən tamaşaçılardır ki, şükürlər olsun ki, onların sayı da az deyil. Əgər xalqın zövqü ilə mahnı oxumağa başlasam… (sükut).Youtube”-da manim mahnılarımı on milyondan çox adam izləyir. Bu da o deməkdir ki, daha keyfiyyətli mahnı oxumalıyam. Mən də əlimdən gələni edirəm.

 

- Nə üçün digər ifaçılar kimi toy mahnılarına müraciət etmirsən?

 

- Deməzdim ki, repertuarımda toy mahnıları yoxdur. Sizə bir etiraf edim ki, repertuarımda kommersiya məqsədi ilə hazırlanmış mahnılar var. Həmin mahnıları pul qazanmaq üçün yazmışam. Mən bunu gizlətmirəm. Bəzi mahnılarım var ki, onlar sevgidən, həsrətdən bəhs edir və onları özüm bəstələyib, aranjeman etmişəm. O tipdə yazılmış mahnılarım mənə heç bir gəlir gətirmir. Həmin mahnılar sadəcə olaraq qulaq asıb dincəlmək üçün yazılıb.

 

Toylara getmirəm

 

- Bu gün el şənliklərində gitara alətinə maraq varmı?

 

- Açığını desəm toylara bir o qədər də çox getmirəm. Bir neçə səviyyəli ad günləri, banketlərə dəvət alıram ki, onlar da məni qane edir. Onu da deyim ki, hər zaman musiqini başa düşən, onu dinləməyi bacaran insanlar tərəfindən şənliklərə dəvət alıram.

 

- Hazırda müğənnilərin əsas gəlir mənbəyi toylardır. Toylarsız Çingiz Mustafayev necə dolanır?

 

- Hərənin bir biznesi var. Biri sırf toy mahnıları ifa edir, bir yalnız piano çalmaqla pul qazanır. Mənim üçün musiqi toylarda ifa demək deyil.

 

- Mahnılarını özün yazıb, özün aranjeman edib, özün də bəstələyirsən. Bu işləri görmək üçün peşəkarlara verməyə pulun yoxdur?

 

- Düşünürəm ki, bəstəkarlar mahnını istədiyim şəkildə mənə verə bilməzlər. Əgər öz mahnımı başqasına versəm, həmin sənətkar onu fərqli şəkildə aranjeman edəcək, oraya fərqli alətlər daxil edəcək. O zaman mahnı mənim olmaz. İfa etdiyim mahnılar bütünlüklə mənə məxsusdur. Yəni həmin mahnının sözləri, musiqisi, ifası mənə aid olur.

 

- Sənin üçün gitara daha əzizdir, yoxsa səhnə?      

 

- Mənim üçün gitara səhnədən əzizdir. Əslində, gitara səhnəsiz, səhnə də gitarasız heç nədir.

 

Qızlar belə gitara çala bilməzlər

 

- Günün əksər vaxtlarını gənclərin arasında keçirirsən və düşünürəm ki, bu sahədə daha çox məlumatlısan. Bu gün gənclərin gitaraya olan marağı hansı səviyyədədir?

 

- Sevindirici haldır ki, gənclərin əksəriyyətinin gitaraya böyük marağı var. Üç ildir ki, hədsiz sayda gitara həvəskarları meydana çıxıb. Biz onları şəhərin hər yerində – Milli Parkda, dəniz kənarında, kafelərdə tez-tez görürük. Əvvəllər belə şeylər yox idi. Vaxt olub ki, mən də bulvardayaxud da şəhərin hansısa yerlərində dostlarımla oturub saatlarla mahnılarımı məşq etmişəm. Gənc ifaçıların bu sahəyə marağının hansı səviyyədə olduğunu zaman göstərəcək. Onlar işə nə qədər ciddi yanaşırlar onu bilmək olmaz. Deyəsən bir qədər xalq üçün işləyirlər (gülür). Biz bilirik ki, xalq müğənnidən nə tələb edir.

 

- Denən biz də bilək. Xalq müğənnidən nə tələb edir?

 

- Bu gün cəmiyyət müğənnilərdən toy, 6-8 ritimlik mahnılar tələb edir. Təəssüf hissi ilə qeyd edim ki, bu gün toylarda keyfiyyətsiz mahnılar ifa olunur. Həmin həvəskar gitara ifaçıları da el şənliklərində belə mahnılar oxuyurlar.

 

- Bilirik ki, gitara çalan gənclərdən ibarət “Palmasqrupu yaratmısan. Gənc ifaçı üçün belə bir qrup yaratmaq çətin olmadımı? Adətən yaşlı nəslin nümayəndələri buna risk etmirlər.

 

- Qrup yaratmaq çox çətindir. Ancaq onu qeyd edim ki, qrupun üzvləri istedadlı gənclərdir və onlarla işləmək mənim üçün çox asandır. Cavanlarla bütün günü işləyirik, hətta elə olur ki, yemək yemək belə yadımızdan çıxır. Kimsə gecikəndə heç kim ona problem yaratmır. Ümumiyyətlə, hər sahədə vəziyyət belədir, yəni yaşlı nəslin ifaçıları ilə işləmək çox çətindir. Onlar adətən çoxkaprizliolarlar. Biz gəncik və hər şey də qaydasındadır.

 

- Maraqlıdır həmin qrupdaüçün qız yoxdur? Niyə ayrı seçkilik edirsən?

 

- Heç vaxt qız belə bir gitara çala bilməz. Flamenko çox çətin və qəliz bir janrdır. Hər insan bu janrda mahnı ifa edə bilmir. Orada dırnaq sınır, əl mazol olur, həm də bunun üçün fiziki güc lazımdır. Düşünürəm ki, xanımların buna gücü çatmaz. Həm də bu xanımlıq deyil.

 

- Yəni deyirsən ki, qızlar gitara çala bilməz?

 

- Çala bilər, amma flamenko janrında deyil. İndiyə kimi flamenko janrında gitara ifa edən qız görməmişəm.

 

Xəyalə Rəis

Kaspi.-2014.-21 fevral.-S.17.