İsmayılla özünə heykəl
ucaltdı
Xatırlananlar
Azərbaycan kinosunda uşaq filmləri o qədər də çox deyil. Çünki uşaq filmlərini çəkmək rejissorlardan hövsələ və məsuliyyət tələb edir. Amma elə uşaqlar da var ki, çəkiliş meydançasında özlərini böyüklər kimi sərbəst hiss edirlər. “Ögey ana” filminin baş qəhrəmanını ifa edən Ceyhun Mirzəyev kimi.
Milli kinomuzun parlaq siması olan kinorejissor və kinoaktyor Ceyhun Mirzəyev Cəmil oğlu 20 ildən artıqdır ki, aramızda yoxdur.
Həyatımız elə qurulub ki, hər bir kəs gec-tez bu dünyanı tərk edərək əbədiyyətə qovuşmalı olur. Bu, həyatın pozulmayan qanunudur. Sənətkar isə yaradıcılıq qüvvələrinin çiçəkləndiyi, yeni layihələrini həyata keçirməyə hazırlaşdığı bir dövrdə dünyasını dəyişəndə bu hadisə hamı tərəfindən dərin, əvəzedilməz ədalətsizlik kimi dərk olunur. Elə sənətkarlar da var ki, çox yaşayır, uzun ömür sürür, lakin onun yaradıcılıq enerjisi vaxtından əvvəl tükəndiyi üçün o, sənət aləmində yeni bir söz deyə bilmir, özü-özünü təkrar edir. Təəssüf ki, sənətkar taleyi məhz belə olur. Amma təsəlliverici bir amil var ki, əgər sənətkar vaxtından əvvəl dünyasını dəyişirsə özündən sonra gələcək nəsillər üçün yaratdıqlarını yadigar qoyub gedir.
Azərbaycan kinosunda Ceyhun Mirzəyevlə belə bir hadisə baş vermişdir. Ömrünün 47-ci baharına yenicə qədəm qoymuşdu. Böyük arzularla yaşayırdı. Lakin tale elə gətirdi ki, özü çəkdiyi “Fəryad” filmini ekranda görmək ona qismət olmadı.
1993-cü
ilin aprel ayı idi. Dostumuz, həmkarımız Ceyhun Mirzəyevi
son mənzilə yola salarkən yadıma kinorejissor Səməd
Mərdanov düşdü. O da Ceyhun kimi çox erkən bu həyatla
vidalaşdı. “Kəndlilər” tarixi-inqilabi filmini çəkib
yenicə qurtarmışdı, ilk müstəqil filmi idi. Amma
S.Mərdanov da yaratdığı “Kəndlilər” filmini
ekranda görə bilmədi.
Bu gün
bizi sevindirən odur ki, milli kino fondumuzda Ceyhunun aktyor kimi
yaratdığı, rejissor kimi quruluş verdiyi filmlər
qorunub saxlanılır. Gəlin gözəl sənətkarımızın
qısa ömür yolunun və yaradıcılıq
bioqrafiyasının səhifələrini birgə vərəqləyək,
yaratdıqlarını bir daha xatırlayaq.
Aktyor,
rejissor- hər iki peşə orqanik şəkildə bir
adamın istedadında birləşir. Ceyhun Mirzəyevin
ustalıqla öhdəsindən gəldiyi hər iki peşədə
tamaşaçı qızğın, çılğın,
öz sənəti ilə xalqına xidmət edən sənətkarın
ürək yanğısını görür. Bir aktyor kimi hər
hansı bir filmdə çəkiləndə biz ekranda ərköyün,
balaca İsmayılla, öz əsgəri borcunu vicdanla yerinə
yetirən zabit İsmayılla, satqınlıq üstündə
atası tərəfindən cəzalandırılan Fortunato ilə,
vətənpərvər Manolo ilə, inqilabçılara
kömək etmək istəyən Teymurla, xalqın maariflənməsinə
xidmət edən Osmanla, Böyük Vətən müharibəsi
başlayanda ön cəbhəyə yollanan əsgərlə,
hər cür fırıldaq yolu ilə pul qazanan İbadulla ilə,
qaçaqlar tərəfindən malı əlindən
alınmış tacirlə tanış oluruq. Ceyhunun
bütün rolları orijinallığı, səmimiyyəti,
temperamenti ilə fərqlənir.
Ceyhun Mirzəyevin
yaradıcılıq bioqrafiyası erkən yaşlarından
başlamışdır. 1955-ci ildə, 9 yaşı olanda ilk
dəfə rejissor Tofiq Tağızadənin “Görüş”
bədii filmində epizodik rolda çıxış
etmişdir.
Vaxtilə
mən “Kino” qəzetinin və “Film” jurnalının baş
redaktoru olarkən Ceyhunla bağlı redaksiyamız çoxlu
məktublar alırdı. Məktublara C.Mirzəyevin
cavabları maraqlı olurdı. Həmin müsahibələrin
birində Ceyhun kinoya gəlməsini belə
xatırlayırdı: “Uşaqlıq illərini xatırlamaq həm
xoşdur, həm də bir qədər kədərli.
Uşaqlıq dövrünü xatırlayanların
hamısı bu hissləri keçirir. Mənim
uşaqlığım isə, əlbəttə, qeyri-adi olub.
Çünki kino hələ o vaxtlar mənim həyatıma həmişəlik
daxil oldu, məni cəlb etdi və bir daha özündən kənara
buraxmadı.
C.Mirzəyev
aktyorların çəkildiyi rolların uğurlu və ya
uğursuz olmasına münasibət bildirərək
müsahibələrinin birində demişdir: “Keçmişdə
çəkilən filmlərdə yol verilən səhvlərə
görə o kinoların üzərindən xətt çəkmək
olmaz. Əvvəla o tarixdir. İkincisi əgər biz o
vaxtı elə filmlər çəkmişiksə, deməli,
bu bizim imkanlarımızın səviyyəsini göstərir.
Bunu hamı bilməlidir ki, Moskva, İttifaq tərkibində
olduğumuz vaxtlarda hər sahədə olduğu kimi, kino sahəsində
də bizə öz imkanlarımızdan səmərəli
istifadə etməyə imkan verilməmişdir. Filmlərimizin
əksəriyyəti Moskvada fəaliyyət göstərən
bədii şuranın qadağalarına məruz qalaraq, ya
ömürlük nümayişdən məhrum olunmuş, ya
da doğranmış, qol-qanadı qırılmış vəziyyətə
salındıqdan sonra ekrana çıxmışdı. Bir
misal çəkim. “İşarəni dənizdən gözləyin”
filmində ordunun gəlişi, inqilabçıların “ura” səsləri
Moskvanın təkidi ilə salınıb. Əgər həmin
kadrlar filmə daxil edilməsəydi, o zaman filmin
nümayişinə qadağa qoyula bilərdi. Ancaq “Ögey
ana” kimi filmlərin mövzusu belə qadağalara şərait
yaratmırdı.”
Sonrakı
illərdə C. Mirzəyev rejissor T.Tağızadənin
“Əsl dost” (Fərmanın uşaqlığı) və
“Mateo Falkone” (Fortunato) filmlərində müxtəlif rollar ifa
etmişdir.
1961-ci ildə
rejissor Q.Koltunov “Lenfilm” kinostudiyasında (Rusiya) “Qara
qağayı” bədii filmini çəkmişdir. Film
kubalıların öz milli azadlıqları uğurunda qəhrəmanlıq
mübarizəsinə həsr olunmuşdur. C.Mirzəyev həmin
filmdə gənc vətənpərvər Manollo rolunda
çıxış etmişdir. Çəkiliş vaxtı
Ceyhunun maraqlı aktyorlarla – Sergey Yurski, Hikolay Volkov, İqor
Dmitriyev və Anatoli Adoskinlə tanışlığı gənc
aktyor üçün gözəl peşəkar məktəb
olmuşdur.
Digər
kinostudiyalardakı işlərindən danışarkən
rejissor T.Tereşşenkonun Odessa kinostudiyasında çəkdiyi
“Kompanyeros” bədii filminin adını xüsusi çəkmək
lazımdır. Sovet məktəblilərinin beynəlmiləlçilik
əlaqələrindən söhbət açan bu filmdə
Ceyhun bu dəfə Sovet İttifaqında təhsil almağa gəlmiş
gənc kubalı oğlan rolunu oynadı. Və bu rol da
çox uğurlu alındı. Bu, heç də uşaq rolu deyildi.
Qəhrəmanları artıq Ceyhunla birgə
böyüyürdülər.
Həmin
dövrdə C.Mirzəyev M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun rejissorluq
fakültəsinin tələbəsi idi. İnstitututda oxumaqla
yanaşı o, rejissor H.Seyidzadənin “Yenilməz batalyon”
filmində Teymur və “Dəli Kür” filmində Osman, rejissor
H.Seyidbəylinin “Cazibə qüvvəsi” novellasında Səməndər,
rejissor M.Dadaşovun “Qanun naminə” filmində Absalam və digər
surətlər yaratmışdır.
«Yol əhvalatı»
kinokomediyasını görənlər dediklərimizin
şahidi ola bilərlər. «Yol əhvalatı»nda Ceyhunun qəhrəmanı
İbadulla hava limanının rəisidir. Ona təklif olunan
rüşvətin müqabilində adamlarla birlikdə təyyarəyə
qoyunları doldurur və qəhrəmanımız çox
gülünc vəziyyətlərə düşür.
Kino sənətinə
ciddi və dərin düşünülmüş münasibət
Ceyhun Mirzəyevi rejissor sıralarına gətirib
çıxartdı. Amma Ceyhun rejissorluğa gəlib
çıxana kimi uzun bir yol keçmişdi. O, institutu
qurtarar-qurtarmaz artıq «Azərbaycanfilm» kinostudiyasında
rejissor assistenti işləyirdi. «Lenfilm» kinostudiyasının
yaradıcı qrupu Bakıya gəlib «Mənim xeyirxah atam»
televiziya bədii filmini çəkəndə Ceyhunu rejissor
assistenti vəzifəsinə işə qəbul etmişdilər.
1971-ci ildən
isə o, filmlərə çəkilməklə bərabər
«Mozalan» satirik kinojurnalında əvvəlcə rejissor
assistenti, sonradan rejissor işləmiş, 100-ə yaxın
oyun və sənədli süjet, o cümlədən “Keyfiyyət
nişanı”, “Dəyirman bildiyini eyləyir”, “Qliserin
qıtlığı”, “Daş hələ də
dözür”, “Kəsə cavab”, “Qunduzdan söhbət
açaq”, “Qan düzəldən yerdə”,
“İsrafçılar”, “Bəxtəvər” və s. süjetlər
yaratmışdır.
«Bəyin
oğurlanması» bədii filmi Ceyhunun böyük ekranda ilk
işidir. Ceyhun bu filmə Vaqif Mustafayevlə birgə 1985-ci
ildə quruluş vermişdir. Janrına görə bu film
komediyadır. Bu kinokomediyanın əsasını paralel
inkişaf edən iki hadisə təşkil edir. Birinci
süjet kəndə toy səhnəsini lentə almağa gələn
kino işçilərinin fəaliyyətindən
danışır. Rejissor ssenari üzrə çəkilmiş
materiallara baxıb görür ki, toy səhnəsi real həyatdan
çox uzaqdır, yalandır. Yalançı yox, əsl toyun
çəkilməsi ilə bağlı baş verən əhvalatlar
ikinci süjet xəttini təşkil edir.
Bu əyləncəli
kinokomediya hər şeydən əvvəl insan səadəti,
bu səadət uğrunda aparılan mübarizə
haqqındadır.
«Bəyin
oğurlanması»ndan fərqli olaraq «İşarəni dənizdən
gözləyin» filmini Ceyhun Mirzəyev müstəqil çəkmişdir.
Bu film qəhrəmanlıq – macəra janrındadır. Film
yazıçı Firudin Ağayevin «İldırım dənizə
çaxır» və «İldırım ömrü»
romanlarının motivləri əsasında çəkilmişdir.
Filmin əsasını
real faktlar təşkil edir. Burada təsvir olunan hadisələr
Bakıda və onun ətrafında 1920-ci il aprelin 25-də
başlanır, cəmisi dörd gün davam edir, yəni Azərbaycanda
sovet hakimiyyəti qurulması günü başa
çatır.
Film Azərbaycanın
Hərbi – Dəniz işləri üzrə ilk xalq komissarı
Çingiz İldırıma həsr olunmuşdur.
Azərbaycan
kinosu günlərində nümayəndə heyətimizin tərkibində
rejissor və aktyor C. Mirzəyev də iştirak edirdi. Moskvada
olarkən bir gün axşam Ceyhun mənə bildirdi ki, bir
film çəkmək istəyir. Bu filmdə İsmayıl ailə
başçısıdır, özü də hərbçidir,
anası Dilarə xanım artıq qocalmışdır.
O, bu
söhbəti açanda 1987-ci ilin yay ayı idi. Hələ
Qarabağ münaqişəsi başlamamışdı.
«Ögey ana»dakı Dilarə xanımı ifa edən gözəl
aktrisamız Nəcibə Məlikova da sağ idi. Ceyhun Nəcibə
xanımla bu barədə əvvəlcədən söhbət
də etmişdi.
Lakin
sonralar erməni faşistləri ölkəmizə təcavüz
etdilər, torpaqlarımızın bir hissəsi işğal
olundu. Beləliklə, «Fəryad» bədii filmi istehsal edildi. Bu
film çəkilərkən Nəcibə xanım artıq vəfat
etmişdi. Onun əvəzinə İsmayılın ögey
anasının rolunu sevimli aktrisamız Elmira Şabanova
oynadı.
Qarabağ
müharibəsini bütün reallığı ilə ekranda
canlandıran «Fəryad» kinodramı Ceyhunun - bir vətəndaşın,
bir sənətkarın köksündən qopan fəryaddır.
Bu filmin çəkilişləri aparılanda ölkəmizdə
mürəkkəb vəziyyət yaranmışdı. Hər
gün cəbhələrdən ağır xəbərlər
gəlir, məhəllələrdə tez-tez yas
çadırları qurulurdu.
Belə
bir vaxtda ədəbiyyat və incəsənət
adamlarının böyük əksəriyyəti Qarabağ
müharibəsi ilə bağlı müşahidəçi
mövqeyində durmuşdular, çoxları «bu barədə
hələ əsər yaratmaq vaxtı deyil» deyirdi. Məhz
ölkə üçün belə mürəkkəb bir vəziyyətdə
həyatda heç bir şeyə laqeyid qala bilməyən
Ceyhun Mirzəyev qollarını çırmalayıb işə
girişdi. Həyatı bahasına Goranboyda «Fəryad»ın
çəkilişlərinə başladı.O, filmin hər
bir kadrını ürəyi sızıldaya-sızıldaya ,
göz yaşları içərisində lentə
alırdı.
Filmin
quruluşçu operatoru K.Məmmədovun dediklərindən:
“Film sırf xronika səpgisində lentə
alınmışdır. Bunun üçün filmdə
çox rəng yoxdur. Sözsüz ki, film rənglidir. Rənglərdən
biz də qaça bilməmişik.
Fikrimiz
belə idi ki, mütləq real natura tapmalıyıq. Ona
görə də seçim Goranboy rayonunun üzərində
dayandı.
Bir epizod
haqqında danışmaq istəyirəm. Bu epizod Ceyhun Mirzəyevlə
bağlıdır. Filmin əvvəlində Xocalı
soyqırımını təsvir edən səhnə çəkməli
idik. Bizim milli qəhrəmanımız, cəsur jurnalist və
əsl vətəndaş Çingiz Mustafayevin lentə
aldığı kadrları dəfələrlə
görmüşəm. Biz bədii kinoda sənədli
kadrları bərpa etməyi qarşımıza məqsəd
qoymuşduq. Səhnəni çəkməzdən əvvəl
biz Naftalana gedib, burada məskunlaşan Xocalı
qaçqınları ilə görüşdük. Məsələni
onlara danışdıq. Arxamızca 100-150 nəfər
Xocalı gəldi. Onların arasında qoca da var idi, cavan da,
qarı da var idi, uşaq da. Murovdağın sağ cinahına
qar təzəcə düşmüşdü. Mən
uşaqlara dedim ki, heç kəs burada gəzməsin,
qarı tapdalamasın. Sonra kameranı qurduq. Adamlara qarın
üzərinə necə uzanmalarını başa saldıq.
Eynilə Çingizin çəkdikləri kadrları təkrar
etdik. Hamı qarın üstünə uzanmışdı.
Yanvar ayının sonu idi. Soyuq adamın iliyinə işləyirdi.
Bir də arxadan eşitdim ki, kimsə ağlayır. Geriyə
dönəndə gördüm ki, bu Ceyhundur. Bir var qadın
ağlamağı, bir də var kişi ağlamağı. O,
için-için ağlayırdı.
Ceyhunun
ağlamağı məni fikrimdən yayındırdı.
“Ceyhun nə olub sənə? – deyə ondan soruşdum. O, dedi:
“Bir bax, gör necə uzanıblar. Həmin o xocalıları
da ermənilər belə güllələyiblər.
Həmin
səhnə Ceyhuna çox emosional təsir eləmişdi.”
Ceyhun o
balaca İsmayılı böyüdüb cəbhəyə
yolladı, vətəni qorumaq üçün. Batalyon
komandiri İsmayılı ən ağır sınaqlardan
çıxartdı, özü isə dözmədi ölkəmizdəki
fəlakətlərə, xalqımızın başına gətirilən
müsibətlərə.
Film
çəkildi, ekranlara buraxıldı, amma Ceyhunsuz. Ceyhun
böyük kinoya İsmayılnan gəldi, böyük kinodan
İsmayılsız getdi, ekranda öz İsmayılını
yaradıb, bizim üçün yadigar qoydu.
«Fəryad»
bədii filminə görə Ceyhun Mirzəyev
ölümündən sonra «Bakılı» cəmiyyətinin «Hümay»
mükafatına, Azərbaycan filmlərinin III
festival-müsabiqəsində ekranda qəhrəmanlıq
mövzusunun həllində fədakarlığa və
yaradıcılıq axtarışlarına görə,
ölümündən sonra, diplom və prizə layiq
görülmüşdür.
Ceyhunun “Fəryad”ı
bu gün daha gur eşidilir. Bu “Fəryad” xalqımızın
İsmayıl kimi igid oğullarını doğma
torpaqlarımızı erməni faşistlərindən azad
etməyə səsləyir. Bu “Fəryad” gözəl sənətkarımız,
kinorejissor və kinoaktyor Ceyhun Mirzəyevin
çağırışıdır.
Aydın
Kazımzadə
Kaspi.-2014.-22-24 fevral.-S.22-23.