Bakı Beynəlxalq Turizm
Filmləri Festivalı başa
çatdı
“Artıq bu festival ənənə xarakteri daşıyır. Ölkədə turizmin inkişafı üçün çox işlər görülür. Festivalın keçirilməsi də bu işlərə xidmət edən tədbirlərdən biridir. II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına ötən dəfəkindən iki dəfə çox film təqdim olunub”. Bu fikirlər həftə sonu “Nizami Kino Mərkəzi”ndə keçirilən II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimində səslənib. Qeyd edilib ki, artıq ənənəvi olaraq keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr edilən, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub. Belə ki, festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilib. Festivalın müsabiqə proqramına 31 ölkədən 68 film, o cümlədən Azərbaycandan 7 film daxil edilib. Filmlər Nizami Kino Mərkəzində, eləcə də axşam seansları Dənizkənarı Milli Parkda təqdim olunub. Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirib.
Filmlər 6 kateqoriya üzrə - Ölkə, region, şəhər, Mədəniyyət, ənənə, Reklam filmləri, Turizm xidmətləri (nəqliyyat, otel, tematik parklar), Ekoturizm və xarici turizm, TV məhsullar (filmlər, videoçarxlar) üzrə yarışıblar.
Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel qeyd edib ki, belə bir festivalın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil: “Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan turizmin inkişafı baxımından son illər çox gözəl inkişaf yoluna qədəm qoyub. Bu səbəbdən də artıq ikinci festival öz işini uğurla başa vurdu”.
Festivalın münsiflər heyətinin sədri Ayaz Salayev bildirib ki, festival rejissorlar arasında təcrübənin qarşılıqlı olaraq öyrənilməsinə, qarşılıqlı fikir mübadiləsinin aparılmasına imkan verib.
Qeyd edək ki,
beynəlxalq münsiflər heyəti hər kateqoriyada
3 filmi müəyyən edərək
mükafatlandırıb. Belə ki, birinci, ikinci, üçüncü yerləri tutan ekran əsərləri
müvafiq olaraq
qızıl, gümüş və bürünc medallara, eyni zamanda, diplom
və pul mükafatlarına layiq görülüblər. Festivalın ən yaxşı filminə isə “Qran-pri”, diplom və pul mükafatı
verilib. Festivalın Milli Mükafatı “Azərbaycan: Şərqin
Avropa qapısı” filminə görə Mariya İbrahimovaya verilib.
T.Məhərrəmova
Kaspi.-2014.-1 iyul.-S.9.