“Heç bir qalın kitab bir tamaşanın verdiyi qədər məsləhət verə bilməz”

 

Salman Qaraçöplü: “Bu gün tamaşaçılarımız daha çox güllələnmə, qırğın, fəlakət olan mövzulara meyllidirlər”

 

Əsl istedadlar seçilən bəndələrdir və onlarda istedad nişanələri hər halı ilə özünü göstərir. Elə bizim qonağımız, Səməd Vurğın adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Əməkdar artist Salman Qaraçöplü (Bayramov) kimi. Aktyor ona verilən imkandan istifadə edərək istedadını nümayiş etdirməyi, tamaşaçı sevgisi qazanmağı, məşhurlaşmağı bacarıb. Amma bu onun ovcuna pay kimi elə-belə qoyulmayıb. O, buna gərgin məşqləri, intizamlı səhnə yaradıcılığı ilə nail olub.

Beləliklə, bu dəfəki qonağımız sevilən aktyor Salman Qaraçöplüdür.

 

Teatr hamı üçün deyil

 

- Salman müəllim, yaxınlarda aldığınız fəxri addan sonra üzərinizdə hansı məsuliyyəti hiss etdiniz?

- Fəxri ad aldıqdan sonra məsuliyyətim daha da artdı. Əvvəllər oynadığım obrazları indi ondan da yaxşı oynamağa, canlandırmağa çalışıram. İndi qarşımda daha böyük hədəflərim var.

 

- Bəs indi hədəfləriniz nədir?

- Açığını desəm, indi mən ad haqqında fikirləşmirəm. Düşündüyüm rollar var ki, onları canlandırmaq istəyərəm. İstərdim ki, dahi sənətkarlardan, dramaturq, şair U.Şeksprdən, bizim müəlliflərdən, klassiklərimizdən daha çox obrazlar yaradım. Düzdür indiyə kimi bir sıra maraqlı obrazlarım olub. Əsasən də, kəskin xasiyyətli insanların obrazını canlandırmaq istəyirəm

 

- Salman müəllim, teatrın bir ayna olduğunu dediyimiz halda tamaşaçı nədənsə orada özünü görə bilmir. Sizcə tamaşaçıların teatrdan kənar düşməsinə əsas səbəb də bu deyilmi?

- Mən heç də bu fikirlə razı deyiləm. Teatrlarımızda bugünkü insanların zövqünə görə hər cür tamaşa nümayiş olunur. Bu gün müasir və klassik əsərlər teatrlarda öz əksini tapır. Misal üçün, Nizami Gəncəvinin “Yeddi Gözəl” əsəri bir neçə əsrdir ki, insanların qəlbinə yol tapır. Orada baş verən hadisələr bu gün aktual deyilmi? Xeyir və şər, xainlik, vətənpərvərlik bu gün də var və həmişə də olacaq. Nədənsə bugünkü tamaşaçının fikri yüngül bir şou üzərində cəmləşib. Sadəcə olaraq, onlar özlərini əziyyətə salıb, fikirləşmək istəmirlər. Fikir verirəm ki, getdikcə zövqlər də daralır. Tamaşaçı hər şeyi teatrdan hazır gözləyir. Teatr hamı üçün deyil. Teatr seyrçilərdən intellekt, dərrakə və təfəkkür tələb edir. Onu da unutmayaq ki, heç bir qalın kitab bir tamaşanın verdiyi qədər məsləhət verə bilməz.

 

Biz bu işin xəstəsiyik

 

- Qeyd etdiniz ki, teatr hər adam üçün deyil, oraya elitar insanlar gedir. Axı bu gün küçədə rastlaşdığımız satıcı, sürücü və cəmiyyətin digər sadə nümayəndələri də tamaşaçıdırlar. Sizcə bu insanların səviyyəsinə uyğun tamaşalar hazırlanmalı deyilmi?

- Cəmiyyətin sosial təbəqəsi müxtəlif fikirlidirlər. Sovetlər dövründə hər kəs teatra gəlirdi. O zaman ilk olaraq uşaqları teatra gətirirdilər. Teatra öyrəşən və nağılı bilən uşaq sonralar böyük tamaşalara gəlirdi. Bu gün uşaqlara sual edin, görün hansı Azərbaycan nağılını bilirlər. “Məlikməmməd”, “Cırtdan” nağıllarını bilən uşaqlarımız azlıq təşkil edir. Hazırkı uşaqlar “Şrek”ə, “Maşa və Ayı” cizgi-filmlərinə meyllidirlər. Amerika sayağı filmlər uşaqlarımızın daha çox diqqətini çəkir. Bu filmlərdə isə əsasən azadlıq tərənnüm olunur. Bunlara baxan uşaq isə valideynlərini məhkəmə, yaxud başqa şeylərlə hədələyir. Hər şey təməldən başlayır. Nə üçün bizim Rus Dram Teatrının tamaşaçısı həmişə bol olur? Çünki ruslar uşaq yaşlarından teatra gəlirlər. Bu gün tamaşaçılarımız daha çox güllələnmə, qırğın, fəlakət olan mövzulara meyllidirlər. Teatrda əsas problemlərdən biri də gənc dramaturqların olmamasıdır. Aktyor elədir ki, 5 manat qazanmasa belə, öz işini tərk etməz. Biz bu işin xəstəsiyik. Günlərlə teatrda məşq etsəm heç yorulmaram, ancaq başqa bir işdə işləsəm zülm çəkərəm. Sünilik, pafos mənim ən zəhləm getdiyi şeylərdir. Bəzi problemlər bir zamanlar tamaşaçıları teatrdan uzaq saldı. Əsasən də gənclərin pafosdan, süni çıxışlardan xoşları gəlmir. Pafos da yaxşıdır, lakin gərək elə olsun ki, insanları silkələyə bilsin. Bunlar yoxdursa, quru-quru mesaj göndərməyin heç bir faydası yoxdur. Bəzən aktyorun dediyi söz nə qədər güclü olsa belə, heç birinci cərgədə əyləşən tamaşaçıya da gedib çatmır. Belə olan halda axırıncı cərgədəki tamaşaçıya necə çatacaq? Ancaq elə aktyor var ki, səhnədə pıçıltı ilə danışsalar belə, axırıncı cərgədəki tamaşaçının ürəyini dəlib keçir. Bu gün az da olsa belə aktyorlarımız var, ancaq dramaturq və rejissorlarımız yoxdur. Əvvəllər rejissorlar xarici ölkələrdə ustad dərsləri keçirdilər. Hər ölkədən bir təcrübə öyrənirdilər. İndi nə klassika qalıb, nə də modern. Heç yaxşı teatr fəaliyyəti də qalmayıb. Çox sürüşkən bir ab-hava yaranıb.

 

- Danılmaz faktdır ki, bu gün Opera və Balet Teatrı ilə Rus Dram Teatrının zalı doludur. Həmin teatrlar hansı siyasəti yürüdürlər ki, tamaşaçı probleminə tuş gəlmirlər?

- Bizdə tamaşaçının zövqünə uyğun tamaşalar daha çoxdur. Tamaşalara dünya ulduzlarını əlavə edərək ona maraq qatırıq. Rus Dram Teatrında yüngül komediyalar da yer alır ki, bunlar müasir gənclərin zövqünü oxşaya bilir. Ona görə gənc tamaşaçılar bizim teatra çox üz tutur. Düzdür, son zamanlar ciddi tamaşalarımız çoxalıb. Ancaq bizdə xarici ölkələrdən gəlib tamaşa qoyan rejissorlar da çoxdur.

 

Qastrollarda olarkən həmin ölkənin teatrlarındakı şəraitə baxmaq imkanlarımız da olur. Misal üçün Rusiyanın hər şəhərində adı ilə tanınan bir teatr var. Bundan əlavə teatr studiyaları fəaliyyət göstərir ki, insanlar oraya bilet tapa bilmirlər. Özəl teatrlarla dövlət teatrları arasında rəqabət gün-gündən artır. Teatrlarda klassiklərə çox müraciət olunur. Biletləri isə 40 dollardan aşağı tapmaq mümkün deyil. Onlar teatra bayram kimi gəlirlər. Bizdə isə ya toya gedənlər, ya da ərə gedən xanımlar elə bəzənir. Xaricdə hər kəs teatra səliqəli şəkildə, böyük həvəslə gedirlər. Təəssüf ki, bizim tamaşaçılarda elə bir ruh yoxdur. Son vaxtlar artıq bizdə də bu sahədə müəyyən işlər görülür. Xaricdən mütəxəssislər dəvət olunur. Biz M.F.Axundovun əsərlərini xaricdə nümayiş etdirəndə təəccüblə baxırdılar. Görürdülər ki, Azərbaycanın da vaxtilə belə komediya yazarı olub. Bu gün teatra maraq yoxdur. Gənclər daha çox şou biznesə qatılmaq, mahnı oxumaq istəyirlər. Oxusunlar, amma ölkə əhalisinin hamısı müğənni olmamalıdır ki...

 

- Biz tələbə olarkən teatrşünas Məryəm Əlizadə deyirdi ki, teatr qaranlıq cəmiyyətə işıq tutan çıraqdır. O öz işığı ilə cəmiyyəti öz arxasınca aparır. Nə üçün bu gün cəmiyyət o işığın arxasınca gedə bilmir?

- Həmin işığın arxasınca gedə bilməməyimizin səbəbi sosial problemlərin artmasıdır. İndi hər şey çox adiləşib. Hamı işin maddi tərəfini düşünür. Gənclər deyirlər ki, 4 il universitet oxuyub 160 manat maaşa necə işləyim? Onlar düşünür ki, bu gün aktyorlar acından ölürsə, bu sənət nəyimə lazımdır. Ona görə də gənclər alver etməyi səhnəyə çıxmaqdan üstün tuturlar. Quruluşçu rejissor da, yazar da teatrda çalışmaq üçün maraqlı olmalıdır.

 

Rus Dram Teatrı böyük bir körpüdür

 

- Sizcə Rus Dram Teatrında çalışan aktyor başqa teatrda uğur qazana bilərmi?

- Digər teatrların tamaşalarını da izləyirəm. GTT-da tamaşalar həm çoxdur, həm də maraqlı seçimlər var. Nəhəng Akademik Milli Dram Teatrının gözəl aktyorları çoxdur, ancaq seçim şansı çox azdır. Oranın yaxşı rejissora və dramaturqa ehtiyacı var. Bunu kənardan izləyən tamaşaçı kimi deyirəm. Bizdə rus dilli aktyorlar problemi yaşanır. Bizim tamaşaçısı çoxdur. Tamaşaçı problemi yaşamırıq. Çox zaman Rus Dram Teatrı nəyimizə lazımdır kimi fikirlər səslənir. Bizim teatrın üzərinə böyük yük düşür. Çünki bizim Qarabağ kimi acımız var. Çalışırıq ki, Azərbaycanın klassiklərini üzə çıxarıb, onları dünyaya nümayiş etdirək. Rus Dram Teatrı böyük bir körpüdür. Hətta deyərdim ki, münasibət qurmaq üçün birinci körpülərdəndir. Kimə müqavimət göstərmək və özünü təsdiq etmək istəyirsənsə onun dilini bilməlisən. Ruslar da bizim üçün vacib və lazım olan dövlətlərdən birincisidir. Rus Dram Teatrı insanların təfəkkürünü Azərbaycana qarşı dəyişmək üçün ən yaxşı vasitələrdəndir. Biz komediyalarımızı, klassik əsərlərimizi xarici dildə təbliğ edirik. Rus Dram Teatrı Azərbaycana çox lazımdır. Teatrın səhnəsində aktyorlar soldat kimi işə ciddi yanaşırlar. O, ki qaldı sualınıza ana dilim, Azərbaycan dilidir. Mən Rus Dram Teatrından başqa digər teatrlarda da obrazlar canlandırmışam. Belə ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş rola dəvət olunmuşam. Mədəniyyət nazirliyinin göstərişi ilə Türkiyədə türk dilində obrazlar canlandırmışam. Yəni mənim bu sahədə çətinliyim yoxdur. Azərbaycanın folklorundan da, milli musiqidən də, onun alətlərindən də xəbərdaram. Mənim ehtiyat xəzinəmdə bunların hamısından var.

 

- Bəs bu biliklərinizdən səhnədə yetərincə istifadə edə bildinizmi?

- 1996-97-ci illərdə teatra gələndə baş rejissorumuz Aleksandr Şarovski mənə dedi ki, nə bacarırsan? Mən birinci xalq mahnılarından başladım. Soruşdu ki, sazda, tarda necə, ifa edə bilirsənmi? Mən də bacardığımı deyəndə, Şarovski söylədi ki, sənə saz alacam, əgər ifa edə bilməsən aləti geri qaytaracam. Özümə əmin olduğumdan onunla razılaşdım. İlk dəfə Lütfi Məmmədbəyovun yubileyində sazla çıxış etdim. Ondan sonra o saz 17 ildir ki, bizim hansısa tamaşamızda səslənir. Buna görə mən baş rejissorumuz Aleksandr Şarovskiyə minnətdaram. Məndə nə var idisə o, hamısını dartıb çıxarmağı bacardı.

 

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2014.-4 iyul.-S.11.