«Ədəbiyyat insanı unudulmağa qoymur»
Nəriman Həsənzadə:
«İstedadsız şair istedadlı şairin, istedadsız
yazıçı istedadlı yazıçının
düşmənidir»
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu stansiyasında anadan olub. 1949-cu ildə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində işləmişdir. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, müəyyən vaxtlarda naziri əvəz etmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür. 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Bu günlərdə Nəriman müəllimlə görüşüb ədəbi söhbət etdik.
– Nəriman müəllim, ömrünüzə nə qədər poeziya sığışdıra bildiniz?
– İnsan istədiyini yox, bacardığını edir. Mən qəlbimdə çox şey istəyə bilərəm, amma gücüm nəyə çatırsa o işi ərsəyə gətirə bilirəm. Ona görə də bu böyük ömrümə nə qədər sığışdısa o qədər poeziya yarada bildim. Yaradıcılıq çox mürəkkəb prosesdir. Mirzə Ələkbər Sabirin bir kitabı var, amma böyük şairdir. Özü də biz Sabiri heç kəsə vermədik, heç bir ölkədə o cür nəhəng şairi tanımırlar, amma elə şair də var ki, əl boyda kitabı dünyaya yayılır. Yəni hər şeyi insan özü müəyyənləşdirmir, alın yazısı da, bəxt də var. Hesab edirəm ki, zaman qarşısında borclu qalmamışam, yazıb-yaratmışam, amma həm də insan neyləsə zaman qarşısında borcludur.
– “Nuru Paşa” poemasını yazanda bu dərəcədə maraqla qarşılanacağını güman edirdinizmi?
– Nuru paşa adı gələndə həmişə düşünürdüm ki, bu ad niyə unudulur, yaddan çıxır. Rusiya Bakını Azərbaycana vermək istəmirdi, o vaxt Türkiyə bizə çox köməklik edib. Biz öz tariximizi bilməliyik. Məni Türkiyəyə Kayseri şeir şöləninə dəvət edəndə “Nuru paşa” poemasını yolda yazdım və şöləndə oxudum, çox yaxşı qarşılandı. Türkiyədə poemamı müxtəlif jurnallarda çap etdilər, sonra İranda dərc olundu. İranda hətta bəzi ixtisarlar da edilmişdi. Məsələn:
Nuru Paşa Türkiyədən at belində Qarsdan gəlir
“Azərbaycan” deyə-deyə yaralanmış aslan gəlir
Erməninin xəyanəti rusdan gəlir, farsdan gəlir.
Qara geymiş anam bacım, anam bacım yasdan gəlir.
Poemanın İranda çap olunan variantında “rusdan gəlir,
farsdan gəlir” ifadəsinin yerinə üç nöqtə
qoymuşdular.
Bu günlərdə də Türkiyədə
idim, şeir deməyə başlayanda yerdən xahiş etdilər
ki, “Nuru paşa” poemamı oxuyum. Bu cür
bir şəxsiyyətin unudulmasını istəmədim.
Çünki ədəbiyyat insanı
unudulmağa qoymur. Amma poemanın bu cür
maraqla qarşılanacağını gözləmirdim.
– Deyirlər
ki, şeirlər şairin tərcümeyi-halıdır. Bu fikirlə razısınızmı?
– Bəli
şeirlə şairlə birgə ömür eləyir. Əgər hansısa şeirin haçan və necə
yazılmasını xatırlaya bilirəmsə, deməli, o
şeirlər mənim tərcümeyi-halımdır. Hər şeirin öz taleyi var. Şeirlərin səndən
sonra qalıb sənin adını daşıyırsa, deməli,
taleyinin davamıdır. Müşfiq “oxu, tar” dedi. Bu söz onun da taleyi, tərcümeyi-hal oldu. Müşfiq öldü, amma o sözlər
yaşayır və müəllifini də yaşadır.
– Şairlər
etiraz etməyə meylli olurlar. Siz nə vaxt və nəyə
etiraz etmişiniz?
– Bu mənada
şairlər bir-birinə qohumdur. Şairlər
haqsızlığa dözə bilmirlər. Sovet dövründə xalqıma, millətimə
qarşı olan bütün neqativ hallara görə
etirazımı bildirmişəm. “Kimin
sualı var” adlı poemama görə mənə divan qurulan
vaxtlar olub. İstedadsız adamların
önə çəkilməsi, arvadına ərə gedənlərin
rəhbər vəzifələrdə oturub kələk
işlər görməsini, qanmazların qanana hökm eləməsini
tənqid etmişdim. O vaxt məni Heydər Əliyev
qorudu, istedadımı qiymətləndirdi. “Mənim
ədəbi taleyim” adlı kitabımda yazmışam ki,
H.Əliyev şairi, şairdən, yazıçını
yazıçıdan, alimi alimdən qoruyurdu. Çünki o bilirdi ki, istedadsız şair
istedadlı şairin, istedadsız yazıçı
istedadlı yazıçının düşmənidir.
– Nazir
müavini, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru olmusunuz. Vəzifələr
yaradıcılığınıza mənfi təsir eləmirdi
ki?
– Hesab
edirəm ki, əgər içində yazmaq eşqi varsa, lap səni
quyuya da salsalar yazacaqsan. Xəlil Rza ən
gözəl şeirlərini həbsxanada yazdı. Amma təbii
ki, vaxt azlığı, iş çoxluğu yazmağa mane
olurdu. Şairlik elə bir şeydir ki, onun tərifini
vermək olmaz. Demokrit deyirdi ki, şairlik
qızğınlıqdır, dəlilikdir. Şairin məqsədi yoxdur, ona görə də
onu heç bir kateqoriyaya aid etmək olmur. Ancaq
lazımı vaxtlarda şeirlərimi yazmışam, ədəbiyyatı
iş-gücə qurban verməmişəm.
– Şairliyi siz deyən mənada qeyri-adiliyi Sovet
dövründə qaldı, indi daha şairlərə qeyri-adi
insan kimi baxmırlar və həmin yaradılmış obrazlar
belə gülüş doğurur, inandırıcı
görünmür insanlara.
– Bir
şair 30 adi adama bərabərdir. Oğlum, sən
şairliyə elə-belə baxanlardan olma. Şeiri nəsrə
tay tutanda, poeziyanı öldürəndə
şairliyin də böyüklüyü ölür. İndi çoxları şeir yazmır, şeiri
dalbadal düzülən cümlə yığınına
döndəriblər, o sətirləri oxuyan oxucular
üçün də şairlik adi görünür. Mən
Puşkini, Bayronu, Səməd Vurğunu adi insanlarla necə
bir sıraya qoya bilərəm? Onlar ilahi
varlıqlar idilər. Yaxud müasirlərimiz
olan Bəxtiyar Vahabzadə, Hüseyn Arif qeyri-adi adamlar idilər,
hərəkətlərindən, oturuş-duruşlarından
da poeziya yağırdı.
– Gənclərin
şeirlərinə alt-alta düzülmüş misralar
deyirsiniz, gənclər də yaşlı şairlərin
şeirlərinə qafiyə yığını deyirlər.
– İndiki şeirlərdə fikir güclüdür,
amma poeziya yoxdur. Əruzu, hecanı, vəzni,
ölçünü danmaq olmaz. Müasir gənclər
də yazırlar, kim qalacaq, kim unudulacaq
bunu zaman göstərəcək. Şair doğulur, sonradan
insan şair ola bilməz. Zamanın
tələbi ilə yaradıcılığı müəyyənləşdirmək
olmaz. Yeganə kriteriya istedaddır.
İstedadsızlığın təsəllisi ola
bilər ki, qafiyəli, vəznli şeiri mənasız hesab
etmək. Qafiyəli şeir mənasız hesab
edən onda Puşkinin də, Səməd Vurğunun da
yaradıcılığını mənasız hesab edir.
– Lirizm bütün
yaradıcılığınız boyu davam etdi. Romantik ovqat yaradıcılığınızın
ayrı-ayrı dönəmində müxtəlif formalarda təzahür
elədi. İstərdim ki, bu barədə
danışasınız.
– Bütün bunlar insanın
xaratkeri ilə bağlıdır, mən təbiətcə həlim,
romantik, unuda bilməyən insanam. Ona görə
də xarakterim şeirlərimə də təsir edib. İctimai motivli şeirlərim də lirik şeirlərimi
üstələyə bilmədi. Amma indi
şeirlər təhlil olunmur, oxumamış bir-birini tərifləyirlər.
Yaxşı olardı ki, şeirlərimin təsnifatını,
lirizmin hansı mərhələdə necə olmasını
araşdırsınlar.
– Şairlər
haqqında belə fikir də var ki, onlar çox mütaliə
etdikcə daha çox həyatın yox, kitabın diktəsi
ilə yazırlar. Bu fikir barədə münasibətinizi
bilmək maraqlı olardı.
– Oxumamaq, mütaliə etməmək,
mühitdən uzaq olmaq şairin ədəbiyyata gələn
yolunu uzadır. Tələbə olanda bir gənc rus
yazıçısı imtahanda Balzakın romanları
haqqındakı suala cavab verə bilməməsini belə əsaslandırdı:
“Balzak mənim hekayələrimi oxumamış öz
romanlarını yazıb, mən də onun romanlarını
oxumamış öz hekayələrimin yazıram”. Bu cavab müəllimlərin xoşuna gəldi ona 4
verib yola saldılar. Lakin sonradan həmin adam
adi bir yazıçı kimi yaddan çıxıb getdi. Ona görə də kitab oxumaq şair
üçün vacibdir. Ədəbiyyatdan
nəzəriyyəyə yox, nəzəriyyədən ədəbiyyata
gəlmək lazımdır.
– Maksim Qorki
adına
Ədəbiyyat İnstitutunda oxumasaydınız, sizcə,
indikindən fərqiniz nə olardı?
– Çox fərqim olardı.
Özü də mənfi mənada. İnstitut adamı şair eləmir, amma istiqamət
verir. İstiqamətsə səni ağlagəlməz
yerlərə, uğurlara doğru aparır.
– Yəni tarixdə, ədəbiyyatda
qalmaq üçün sizcə zamanın meyarı nədir?
– Zamanın meyarı
bütün zamanlara uyğun olan əsərlər
yazmaqdır. Yəni daimi müasir olmaq. Zamanın sözünü deyən qalır. Müşfiq “oxu, tar” deyib qaldı.
– Yaxşı şairlər
daim rəhbərlərə, yüksək vəzifəli
insanlara təşəkkür edirlər ki, onlar olmasaydı
bizim yaradıcılığımız itib-batardı. Sizcə, bu cür qayğıların olması
vacibdirmi, yoxsa minnətsiz yaşamaq daha gözəldir?
– Əlbəttə,
böyük şəxsiyyətlər olmasa şairlər
itib-bata bilər. Çünki istedadsız adamlar həssas
olur, onları məhv etmək çox asandı. Mən
iki diplomla iş tapa bilmirdim, mənə Mircəlal Paşayev
kömək etdi, sonra da Heydər Əliyev, lap sonra Arif
Paşayev. H.Əliyev gənc
yazıçıları yanına salıb müxtəlif yerlərə
aparırdı, onları şəxsiyyət kimi
böyüdürdü. Mənim
qarşıma həmişə xeyirxah insanlar
çıxıb. Ona görə də bu
cür qayğıların olması təqdiredici haldır.
– Yaradıcı insanların
belə bir təsəllisi var ki, zaman hər şeyə öz
qiymətini verəcək. Sizdə belə bir
fikir olurmu ki, heç zaman da yazılanlara əsl qiymətini
verməyə?
– Olur, bəzən zaman da qiymət
vermir. Ancaq çox vaxt belə olur ki, zaman unudur,
unutdurur, amma hansısa vaxtda yenidən onu qaytarır. Allah yaxşı mətnləri, böyük şəxsiyyətləri
unudulmağa qoymur.
– VII cildlik seçilmiş əsərləriniz
çap olunub. Elə şeirləriniz varmı
həmin kitablarda yer alıb, amma
düşünürsünüz ki, zəif əsərlərdir,
kaş heç çap etdirməzdim?
– Bəli var. Elə şeirlər
var ki, istəməzdim çap olunsun, ancaq amma zəif olsa da,
bütün şeirlər övlad kimidir, atmaq olmur.
Fərid
Hüseyn
Kaspi.-2014.-5-7 iyul.-S.11.