Təsadüfi adamlardan müəllim olmaz

 

Ekspertlər sınaq qiymətləndirmədə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin zəif nəticə göstərmələrinə münasibət bildirirlər

 

Təhsil Nazirliyi bu ildən ilk dəfə olaraq Bakı şəhərində fəaliyyət göstərən müəllimlər arasında keçirilən sınaq qiymətləndirmənin nəticələrini açıqlayıb. Belə ki, sınaq qiymətləndirmədə 357 məktəbdən 28.825 müəllim iştirak edib. Müəllimlərin 14,04 %-i zəif, 85,06 %-i qənaətbəxş nəticə göstərib. Onlardan 18,02 %-nin nəticəsi daha yüksək olub. Coğrafiyariyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri isə nisbətən zəif nəticə göstərib. TN-in məlumatına görə, zəif nəticə göstərən müəllimlərin gələcəkdə təşkil olunacaq ixtisasartırma kurslarında, pilot və digər inkişafyönümlü layihələrdə öz nəticələrini dəyişmək üçün şansları olacaq.

 

Ötən həftə buraxılış sinif şagirdlərinin Ana dili fənni imtahanlarının acınacaqlı nəticələri ilə bağlı yazımızda mütəxəssis fikirləri və müşahidələr əsasında araşdırma apararkən əhəmiyyətli məqamlarla rastlaşdıq. Hərçənd növbəti yazımızda ali məktəblərin filoloji fakültələrində müəllim hazırlığı məsələləri ilə maraqlanarkən bir neçə gün sonra müəllimlərin sınaq qiymətləndirməsinin məhz Ana dili və ədəbiyyat fənləri üzrə daha zəif göstəriciləri ilə qarşılaşacağımızı o qədər də düşünməmişdik.

 

Gecə-gündüz “şagirdlərin Ana dilinə və ədəbiyyata marağı yoxdur”- deyə dad edən müəllimlərin özlərinin sınaqdan yaxşı keçməməsi isə artıq bütün günahı şagirdlərin üzərinə yıxmağımıza demək olar ki, əsas vermir.

 

Elə isə doğma dilimizi və ədəbiyyatımızı tədris edən müəllimlər özləri niyə bu sahədə axsayırlar? Bəlkə öz təməlləri belə qurulduğundan elə şagirdləri də kobud desək, şikəst ediblər? Mövcud vəziyyət əlavə suallar doğurur: problemi gecolsa aradan qaldırmaq üçün müəllimlərin ixtisasartırmaya cəlb edilməsi hər hansı nəticə verəcəkmi? Orta məktəb, ali təhsil illərində öyrənə bilmədikləri sahəyə müəyyən müddət üçün nəzərdə tutulan kurslarda nail olmaq ümumiyyətlə, mümkündürmü?

 

İbtidai siniflərdən gələn kök

 

Professor Əjdər Ağayevin problemlə bağlı “Kaspi”yə açıqladığı fikirlər düşünməyə əsas verir: “Həmin müəllimlər hələ orta məktəbdə təhsil alarkən oxuyarkən zəif oxuyublar. Çünki dil bilgisi ümumtəhsil məktəbində öyrədilir. Ali məktəbi oxuyanda da həmin bazada keçiblər. İndi isə öz üzərlərində işləməyiblər və bu cür nəticə əldə olunub”. Ekspertin fikrincə, dil yanlışlıqları çox vaxt qrammatik savadsızlıqdan əmələ gəlir. Belə ki, orfoqrafik səhvlərə yol verir, durğu işarələrini, cümlə quruluşunu bilmirlər. “Bu, təkcə müəllimlik deyil, həm də bir növ yaradıcılıq işidir. Həmin müəllimlər öz üzərlərində işləmədiklərinə görə, köhnə bazanı yanlışlıqla da saxlayıblar”. Ə.Ağayev müəllim işlədiyi dövrdəki təcrübəsindən danışaraq 5-ci sinifdə tətbiq etdiyi eksperimenti nümunə kimi xatırlayıb: «Həmin sinifdə oxumağa başlayan şagirdlər yazıdan zəif olurdu. Həmçinin şifahi bilikləri də normal olmurdu. Mən onlarla işləyib həmin il ərzində şifahi dil bacarıqlarını qaldırmağa müvəffəq olurdum. “3” alan şagirdlərin səviyyəsini hətta, “4”-ə və “5”-ə qaldırırdım. Amma orfoqrafiyanın, yazı savadının səviyyəsini qaldırmaq mümkün deyil. Orta məktəbdə hansı baza qoyuldu, o, axıra qədər gedəcək. Həmin müəllimlərin də kökü ibtidai siniflərdən gəlib. Onların ibtidai sinif müəllimləri savadlı olmayıb. Ancaq öz üzərlərində işləyən müəllimlər çox olur. Mən həqiqətən elə müəllimlər tanıyıram ki, öz üzərlərində işləyən zaman öz savadlarını artırmağa nail olublar. Görünür, bunlar öz üzərlərində işləməyə maraqlı olmayıblar”. Ekspertin fikrincə, müəllimin hansısa fənn üzrə zəif nəticə göstərməsi yalnız müəllimin nəticəsi deyil, onların dərs dediyi bütün şagirdlərin də nəticəsidir: “Bunun qüsurlu və ziyanlı cəhəti də burdadır”. Ə.Ağayev hesab edir ki, həmin müəllimlərin ixtisasartırmaya cəlb edilməsi heç bir nəticə verməyəcək. “Bu, ixtisasartırma ilə düzələn məsələ deyil. Müəllimləri ixtisasartırma kurslarına göndərmək lazım deyil, onları təlim məşğələlərinə göndərməyə ehtiyac var. Onlarla xüsusi məşğələlər keçirmək lazımdır. Sırf dil və yazı qüsurlarını, həmçinin şifahi dil qüsurlarını aradan qaldırmağa ehtiyac var. Bəzən müəllimlərin hərəsi bir ləhcə ilə danışır. Ona görə də uşaqlar ədəbi dili öyrənə bilmirlər. Bunda televiziyaların aparıcılarının da böyük rolu var. Onların nümunəsi də şagirdlərə mənfi təsir göstərir. Mənə elə gəlir ki, bu məsələ üzərində ciddi düşünülməlidir”. Ekspertin fikrincə, yaşından asılı olmayaraq müəllimlər təlim məşğələlərində irəliləyişə nail ola bilərlər: “Biz bəzən xarakterdən, iradədən danışırıq. Çox adam deyir ki, xarakteri və iradəni dəyişmək olmur. Ancaq üzərində ciddi təkrarlarla məşğulluq olsa iradəni də, xarakteri də dəyişmək olar. Əsas mühitdir. Mühit yaransa - vahid orfoqrafik dil savadı mühiti tələb olunsa, müəllimlər də onunla ayaqlaşmağa məcbur olacaqlar». Ekspert əcnəbi dilləri öyrənməyi müsbət hal kimi dəyərləndirsə də, öz Ana dilini bilməyin daha vacib olduğunu vurğuladı: “Əsas öz Ana dilinə üstünlük vermək lazımdır. Azərbaycan dili və ədəbiyyatdan dərs deyən müəllimin öz ixtisasını bilməməsi utandırıcıdır. Müxtəlif dilləri də bilmək lazımdır. Amma bu o demək deyil ki, sən öz ana dilini bilməməlisən. Öz ana dilini bilməyən insan təbii ki, öz adət və ənənəsini, tarixini də bilməyəcək. O, digər dilləri öyrənir, ancaq öz dilini bilmir. İnsanın içindəki milli xüsusiyyət, milli hissiyyat dildən keçir. Dilin hər bir sözü ağır bir mahiyyət və məzmun daşıyan ciddi aləmdir. Əgər müəllim bu hissləri duya və daşıya bilmirsə, o, bu hisslərdən uzaq olur. Bu hisslərdən uzaq olanda da onu şagirdə heç cür aşılaya bilməz”. Ekspertin fikrincə, dərs məşğələsi ilə mühiti fərqləndirmək lazımdır: “19 və 20-ci əsrin sonlarında bizim bir çox yazıçılar rus dilində təhsil almışdılar. Ancaq o müəllimlər ailədə həmin milliliyi keçmiş, millilik mühitində formalaşmışdılar. Mühit necədirsə, insan da ona oxşayacaq. Ona görə də həmin mühiti formalaşdırmaq lazımdır. Üstəlik dili şagirdlərə sevdirmək üçün can yanğısı olmalıdır. Müəllim dildən elə gözəl istifadə etməlidir ki, onun gözəlliyini şagirdlər üçün açmalıdır. İnsanın içində vətəndaşlıq qeyrəti olmalıdır. O qeyrəti isə kənardan nə qəzet, nə kitab, nə də məşğələ verir. İnsan öz işini milli qeyrət hissi ilə qurmalıdır. Buna isə nə fərman, nə də sərəncam kömək edir. Bunun kompası insanın öz vicdanıdır».

 

Zəif yerimiz məlum oldu

 

“Əgər müəllimin səviyyəsi aşağıdırsa, şagirdin səviyyəsi də o cür olacaq”- bu məntiqi nəticəni isə professor Şahlar Əsgərov bizimlə söhbətində qeyd etdi. Ekspertin fikrincə, müəllim hazırlığını yüksəltmək üçün müəllim ixtisaslarına diqqəti hədsiz dərəcədə artırmaq lazımdır. Belə ki, bu ixtisaslara yüksək bal toplayan tələbələri qəbul etmək lazımdır. “Təsadüfi adamları ali məktəbə cəlb edib onlara müəllim ixtisası vermək olmaz. Bu, düzgün seçim deyil. Möcüzə elə-belə baş vermir. Onu yaratmaq üçün şərait olmalıdır. Müəllim hazırlığında kompleks tədbirlər görmək lazımdır. Əslində Təhsil Nazirliyi göstərdi ki, müəllimin heç səviyyəsi yoxdur. Bu imtahanla səhv yerimiz məlum oldu”.

 

Filologiya elmləri doktoru, professor, Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin dekanı Buludxan Xəlilov isə hesab edir ki, həm orta, həm də ali məktəblərdə Azərbaycan dili və ədəbiyyatı tədrisinin standartları dəyişilməlidir. Belə ki, Azərbaycan dili və ədəbiyyatı standartları köhnə sovet hökumətinin standartlarıdır: “Ümumiyyətlə, bütün fənlərin metodikasının standartları dəyişilməlidir. Biz Azərbaycan dili tədrisinin metodikası sahəsində köhnə standartlarla işləyirik. Bu il artıq orta məktəblərdə 7-ci siniflər kuriklium əsasında dərsliklərdən istifadə edəcəklər. Amma bu, ali məktəbdə tətbiq olunmayıb. Əgər olunmayıbsa, bizim yetişdirdiyimiz Azərbaycan dili və ədəbiyyat mütəxəssisi köhnə standartlarla hazırlanıb kuriklumdan necə dərs deyəcək?”

 

Professor hesab edir ki, müəllimlərin zəif nəticə göstərməsində test imtahanlarının böyük rolu var. Belə ki, test imtahanları təhsilin inkişafına əngəl olan prosesdir: «Əvvəllər qəbul prosesində yazılı imtahanlar keçirilirdi. Bu, tələbələrin yazı vərdişlərini inkişaf etdirməklə bərabər, onların duyğu və düşüncələrini üzə çıxarırdı. İndi isə abituriyentlər bu cür imtahanlar vermirlər. Test imtahanları ilə Ana dilini, ədəbiyyatı sevmək olmaz». Dilçi alim dərsliklərdəki problemlərə də toxunub: «Dərsliklərdən mən də narazıyam. Ali məktəb dərslikləri orta məktəbin bazası üzərində qurulmalıdır. Dərsliklərin yazılması peşəkar insanlara həvalə edilməlidir Orta məktəblərdə kurikliumun tələblərinə uyğun yazılmış dərsliklərə uyğun olaraq ali məktəblərin dərslikləri yazılmalıdır. Ali məktəbin dərslikləri orta məktəbin bazası üzərində qurulmalıdır. Çox təəssüf ki, bizim bəzən orta məktəbin proqramı əsasında keçdiyimiz mövzular, istiqamət ayrıdır. Ancaq ali məktəbdə tamam ayrı məsələlərdən bəhs edirik. Birgörürük ki, orta məktəbin bazasından uzaqlaşmışıq. Nəticədə biz orta məktəbə az qala müəllim hazırlamırıq. Bu uşaqlar ali məktəbi qurtardıqdan sonra orta məktəbdə tələblərin ayrı cür olduğunu görürpraktik olaraq biliklərini tətbiq edə bilmirlər”.

 

Sınaq qiymətləndirmədən zəif nəticə göstərən müəllimlərin ixtisasartırmaya cəlb ediləcəyinə gəlincə, dilçi alim bildirib ki, bu problemi təkcə ixtisasartırma kursu ilə həll etmək mümkün deyil: “Sovet dövründə ixtisasartırma kursu vardı və indidavam edir. Təcrübə onu göstərir ki, ixtisasartırma kurslarına ideal kurs kimi yanaşmaq olmaz. Keçmişdə ali təhsil müəssisələrində müəllimləri Rusiyanın müxtəlif şəhərlərinə ixtisasartırmaya göndərirdilər və bu kurslar müəyyən nəticə verirdi. İndi ixtisasartırma kursunda həmin müəllimlərə kimlər dərs keçəcək? Hansı proqramla dərs keçəcəklər? O dərs keçənlərin özləri kimlərdir? Onsuz da müəllimlər bu kurslara gedirlər. Bəs niyə yüksək nəticə göstərmədilər? Yanaşma metodları dəyişməli, məsələnin kökü araşdırılmalıdır. Biz nəticə ilə məşğuluq. İmtahan aparıb gördük ki, müəllimlərin göstərişi zəifdir. Ancaq çıxış yolu kimi ixtisasartırma kursunu seçmək olmaz. Köhnə standartlarla ixtisasartırma kursunda yüksək nailiyyətlər o qədər də inandırıcı görünmür”.

 

Dilçi alim hesab edir ki, buraxılış imtahanlarının acınacaqlı nəticələrinə görə şagirdləri qınamağa o qədər də ehtiyac yoxdur: «Uşaqları istədiyimiz istiqamətə yönəldə bilirik. Ona görə günahı bütünlüklə onların üstünə yönəltmək düzgün deyil. Onları necə istiqamətləndirmədən çox şey asılıdır. Hər bir uşaq, hər bir gənc mühitin övladıdır və o mühitə də uyğunlaşıb gedir. Mühitin özünü elə qurmaq lazımdır ki, oradakı uşaq da, gənclik də uğurlu nəticələr əldə etsin».

 

B.Xəlilov hesab edir ki, yaşlı nəsil müəllimlərin imtahanda göstəricisinin zəif olması onların öz üzərində işləməmələri ilə bağlıdır: “Bizim sovet dövründə, eləcə də çağdaş dövrdə yetişən istedadlı müəllimlərimiz çoxdur. Eləcə də sovet dövründə və indiki dövrdə də öz üzərində işləməyən müəllimlərimiz olubolacaq. Ancaq o dövrkü müəllimlərin bir qismi müasirləşmək istəmir. Onlar müasirliyi həzm edə bilmirlər. Bugünkü təhsil sistemi müəllimdən hər gün öz üzərində işləməyi tələb edir. Bugünkü auditoriyada müəllim sevgisini qazanmaq üçün auditoriyanı heyrətləndirmək lazımdır. Müəllimlik gündəlik fəaliyyət, məşğuliyyət, ünsiyyət, kommunikasiya tələb edən bir sənətdir». TN-nin nəticələri qənaətbəxş hesab etməsinə gəlincə, B.Xəlilov qeyd edib ki, nazirliyin verdiyi izahda ölkəmizin reallığına uyğun düzgün qiymətləndirmə var: “Biz bu qiymətləndirmə ilə özümüzü başqa dünya ölkələri ilə müqayisə edə bilmərik. Bu islahatlar sistemli şəkildə həyata keçsə, özümüzü dünyəvi dövlətlərlə müqayisə edərik. Əks təqdirdə, biz mental münasibətləri nəzərə almadan müzakirə aparsaq təhsildə inqilab etmiş olarıq. Bu inqilab isə təhsilə böyük ziyan verə bilər”.

 

Ekspertlər hesab edir ki, bütövlükdə təhsil sistemində bir sistem yaradılmalıdır. Aparılan islahatları realizə edən bir sistem. Hələlik isə... Ürəkaçan nəticənin olacağına - həm şagird, həm də müəllim keyfiyyətinin yaxşılaması üçün deyəsən bir müddət gözləməli olacağıq...

 

Təranə Məhərrəmova

Kaspi.-2014.-9 iyul.-S.9.