Həmişə öz oyununu oynamış
lider
Eduard Şevardnadze tarixdə
gürcülərin fəxri, rusların
xoşlamadığı lider kimi qalacaq
Eduard Şevardnadze - həyatının böyük bir
hissəsini sovet ideologiyasına xidmət etmiş bu şəxs
uşaqlıqdan yaddaşımda rus dilində problemli, necə
deyərlər, “aksentli” danışan bir lider kimi qalıb. Neçə
illər rus dilinin hegemon olduğu bir imperiyanın ən
yüksək pillələrində çalışsa da,
danışanda mütləq gürcülərə xas ləhcəni
qoruyub saxlamaq hər adama qismət olmur. Gürcüstanın
keçmiş lideri isə bunu bacardı, desək
yanılmarıq. Həqiqətən də əksərimiz
bir neçə il gedib başqa ölkədə
yaşadıqdan sonra həmin dildə elə
danışırıq ki, sanki həmin millətin bir nümayəndəsiyik.
Ancaq bu gürcü balası SSRİ kimi bir
ölkənin xarici işlər naziri işləməsinə
baxmayaraq, öz milliliyini, qoruyub saxladı. Yəni hamıya gürcü olduğunu göstərmək
istədi və bunu bacardı da. Onun vəfatı
xəbəri tək postsovet məkanda deyil, bütün
dünya mətbuatında əsas xəbər
başlıqlarından birinə çevrildi. Bir zamanlar kim bilərdi ki, kənd müəlliminin
oğlu olan Eduard sonradan o boyda imperiyanın liderlərindən
birinə çevriləcək. Eduard
Şevardnadze 1985-ci ilədək - Mixail Qorbaçov onu xarici
işlər naziri təyin edənədək demək olar ki,
tanınmırdı. Lakin Şevardnadze
xarici siyasətdəki təcrübəsizliyini yenidənqurmada
fəallığı ilə əvəzləyirdi. O,
nüvə müharibəsi təhlükəsini xeyli azaldan tərksilahlanmaya
dair sazişlərin bağlanmasında aparıcı rol
oynadı. Lakin sonradan vətəni
Gürcüstana yenidən rəhbərlik etdiyi dövrdə
korrupsiyada ittiham olunaraq prezidentlikdən devrildi.
Məmurlara qadağanlar qoydu
Eduard
Şevardnadze 1928-ci il yanvarın 25-də
Gürcüstanın Lançxuti şəhərinin Mamati kəndində
müəllim ailəsində anadan olub. Tbilisi
Tibb Texnikumunun məzunu olan Şevardnadze 1960-cı ildə
Kutaisidə Pedaqoji İnstitutun tarix fakültəsini bitirib.
Onun atası müəllim, partiya üzvü
olub, anası isə əksinə, ərinin və sonra isə
oğlunun siyasətdən kənar durmalarının tərəfdarı
olub. Şevardnadze 1946-cı ildə
komsomola qəbul olunub və sürətli karyera irəliləyişindən
sonra 1972-ci ildə Gürcüstanın Kommunist
Partiyasının rəhbəri təyin olunub. Korrupsiya və bürokratiyaya qarşı ilə
mübarizə aparıb və azad bazar islahatını tətbiq
etməyə başlayıb. Onun
Gürcüstanda ən qalmaqallı işi “alma şirəsi”
ilə bağlı olub. Yerli sexlərdən
birində maxinatorlar sexlərdən birinə girərək, məhsulun
üzərinə konsentratlar töküb. Nəticədə
Rusiyanın müxtəlif şəhərlərində onlarla
insan ölüb. Bu iş üzrə cinayət işi
başlanıb, 5 nəfər həbs edilib, onlardan 9-u güllələnib.
O, Kommunist Partiyasında korrupsiya ilə mübarizə aparmaqda
qərarlı idi, yüzlərlə məmura dəbdəbəli
avtomobillərdən və villalardan istifadə etməyi
qadağan etmişdi, çoxlarını işdən
qovmuşdu. Şevardnadzenin islahatları o dərəcədə
əhatəli olub ki, hətta bəziləri aşkarlıq
siyasətini 1980-ci illərdə Qorbaçovun yox, 1970-ci illərdə
Şevardnadzenin başladığını deyirdilər.
Xarici işlər naziri kimi Şevardnadze 1985-1990
illərdə “soyuq müharibə”dən sonra
başlamış ilıqlıqlaşma dövründə
SSRİ xarici siyasətində dəyişikləri istiqamətləndirirdi.
1985-ci ildən SSRİ-nin xarici işlər
naziri vəzifəsinə təyin edilən Şevardnadze
1990-cı ildə vəzifəsindən istefa verib. Bundan
iki il sonra müstəqil Gürcüstanın
parlamentinin sədri seçilib, 1995 və 2000-ci illərdə
keçirilən prezident seçkilərində rəqiblərinə
qalib gəlib. Xarici işlər naziri kimi az
təcrübəyə malik olsa da, Şevardnadze Sovet
İttifaqının xaricdə aşkarlıq və yenidənqurma
siyasətinin elçisinə çevrilmişdi. O, bir sıra
mühüm əhəmiyyətə malik silahlanma məhdudiyyətini
nəzərdə tutan müqavilələrin, o cümlədən
nüvə silahının ixtisarına dair sazişlərin
bağlanmasında mühüm rol oynayıb. Həmin
sənədlər nüvə silahının bir sıra
növlərini ləğv etməyə imkan verib. Şevardnadze Sovet qoşunlarının
Əfqanıstandan çıxmasına, Dəmir Pərdə
dövrünün Şərqi və Mərkəzi Avropa
ölkələrinin müstəqilliyinə zəmin
yaratmış Avropada Sovet hərbiyyəsinin mövcudiyyətinə
son qoyulmasına nail olub. 1995-ci ildə ona
qarşı sui-qəsd törədildi, Şevardnadze həmin
hadisədən sağ çıxdı. Həmin
dövrün hadisələrini 2010-cu ildə verdiyi müsahibəsində
Şevardnadze belə xatırlamışdı: “Biz həqiqətən
dünyanı dəyişdik… və bunda əsas xidmət
Qorbaçovundur”. Moskvanın Qərblə yeni
ilıq münasibətlərinin ön xəttində gedən
və ABŞ dövlət katibi Ceyms Beykerin dostu olan
Şevardnadzenin liberal baxışları Sovet
İttifaqında, mühafizəkarlar arasında ona xeyli
düşmən qazandırmışdı.
SSRİ-də diktaturanın baş
qaldırdığı barədə xəbərdarlıq edib
Onun 1990-cı ilin dekabr ayında dramatik tərzdə
istefası hətta prezident Qorbaçov üçün də
gözlənilməz oldu. Sovet liderinin mühafizəkarlar
qarşısından geri çəkilməyindən narahat
olan Şevardnadze SSRİ-də diktaturanın baş
qaldırdığı barədə xəbərdarlıq
etmişdi. 8 ay sonra - 1991-ci ilin avqust
ayında Şevardnadzenin proqnozunun doğru
çıxdığı aydın oldu. Qəsd
hazırlayanlara qarşı etiraz bildirmək üçün
o, barrikadalarda Yeltsinlə birlikdə dayandı. Çevriliş cəhdi baş tutmadı və
Şevardnadze yenidən, 1 ay müddətinə
dağılmaqda olan Sovet İttifaqının xarici işlər
naziri təyin olundu.
O
dövrdə Şevardnadzenin doğma Gürcüstanı da
parçalanma təhlükəsilə üzləşmişdi,
respublika daxili münaqişələr içində
çabalayırdı. Vətəndaş
müharibəsi genişlənməkdə idi, ərzaq və
yanacaq qıtlığı yaranmışdı. 1992-ci ilin mart ayında Gürcüstan prezidenti
ölkədən qaçandan sonra Şevardnadze Tbilisiyə
qayıtdı. O, Gürcüstanda qanlı vətəndaş
müharibəsinə son qoymağa nail ola
bildi, lakin ölkədə qeyri-sabit vəziyyət düzəlmədi.
“Mən gedirəm, lakin qan tökməyəcəyəm”
1995-ci ildə
Şevardnadzeyə qarşı sui-qəsd cəhdi baş verdi, bundan sonra o, Gürcüstan prezidenti
seçildi.
Davam edən separatçılıq problemindən
başqa, o həm də, Bakıdakı neft yataqlarından
iqtisadi cəhətdən həyati əhəmiyyətə
malik neft boru kəmərinin Gürcüstandan keçərək
çəkilməsinə görə qonşu ölkələrlə
siyasi münaqişə ilə də üzləşdi.
Korrupsiya halları geniş yayıldığı
dövrdə Şevardnadzenin ünvanına siyasi islahatları
gücləndirmək və sürətləndirmək
çağırışları xeyli artdı. 2003-cü ilin
noyabr ayında Gürcüstanda keçirilmiş ziddiyyətli
parlament seçkilərində qələbə
çaldıqdan sonra Şevardnadze başlamış xalq
inqilabı nəticəsində vəzifəsindən devrildi.
Həmin hadisələr zamanı
Gürcüstan parlamentinə daxil olmuş inqilabçılar
Şevardnadzeni korrupsiyalaşmaqda və antidemokrata çevrilməkdə
ittiham etdilər. Nəticədə
Şevardnadze istefa verməli oldu.
“Qan tökülməsinin qarşısını almaq
üçün mənim istefam yeganə
çıxış yolu idi. Mən gedirəm, lakin
qan tökməyəcəyəm” - deyə Şevardnadze
sonradan demişdi.
Şevardnadzenin beynəlxalq nüfuzu onun
Gürcüstana rəhbərliyini təmin etməklə
yanaşı, onu yeni reallıqlarla da üz-üzə
qoymuşdu. Nəticədə demokratiyanın inkişaf etdirilməsinin
vacibliyini vurğulayan lider elə demokratlar tərəfindən
də devrildi.
Ruslar onu
SSRİ-nin dağılmasında günahkar bilir
Rusiyada ona qarşı münasibət birmənalı
deyil. Məsələn, Dövlət Dumasının
deputatı Konstantin Zatulin Şevardnadzeni sovet rəhbərliyində
çalışan zaman çoxsaylı səhvlər
buraxmaqda günahlandırır. Onu
SSRİ-nin mövqelərinə zərbə vurduğunu,
düşünülmüş formada onun məhvinə
çalışdığını deyir. Sonralar Şevardnadze özü də etiraf edirdi ki, məqsədli
şəkildə SSRİ-nin dağılmasına
çalışıb. “Şəxsən
mən buna inanmıram. O, “Ağ tülkü” ləqəbini
elə-belə qazanmayıb. Külək
hansı tərəfə əsərdisə, o tərəfə
doğru da meyil edir, öz maraqlarından
çıxış edirdi. Şevardandze
bütün ömrü boyu oyun oynayıb və müəyyən
vaxt ona lazım olmayan şəxsləri satmağı
bacarırdı. O, tək Qorbaçovu satmayıb,
çoxlarına qarşı da belə edib. Yeltsin
onu mühasirədə olan Suxumidən çıxarsa da, bir dəfə
də olsun ona, Rusiyaya təşəkkür etməyib. O
hər zaman antirusiya meyilli siyasətçi olub. Məhz onun timsalında keçmiş kommunistlərin
mövqelərinin necə dəyişməsini görmək
mümkündür” - deyə deputat bildirib.
Şevardnadzedən
tarixə düşən sözlər
Mərhum lider bir sıra ifadələri ilə da yadda
qalmış olacaq. “Gürcüstan üçün günəş
çoxdan şimaldan doğur”
“Mən hər
zaman yenidənqurmanı dəstəkləmişəm və
bütün ömrüm boyu da bunu edəcəyəm”
“Mən Amerika siyasətinin ən fəal tərəfdarlarından
olmuşam.
İraqa dəstək gərək olanda bunu etdim”
“Almaniyanın
birləşdirilməsi mənim ən böyük
uğurumdur və mənə dünya miqyasında nüfuz
qazandırdı”
“Putin elə
adamdır ki, onunla nəsə razılıq əldə etmək
olar”
“Mən
min dəfə Gürcüstan xalqı qarşısında
Saakaşvilinin hakimiyyətə gəlməsinə görə
üzr istəyirəm”
“Heydər
Əliyev bugünkü Gürcüstan üçün həddən
çox iş görüb”
Qeyd edək ki, Şevardnadzenin ümummilli lider Heydər
Əliyevlə yaxın dostluğu olub. SSRİ-nin
zamanından qurulan bu dostluq sonrakı dövrdə Azərbaycan
və Gürcüstan arasında yaxınlığa da gətirib
çıxardı. O, Heydər Əliyevlə
bağlı xatirələrində deyirdi: “Onun haqqında
danışacaqlarımdan böyük kitab yazmaq olar. Heydər Əliyevlə bizim münasibətlərimiz
mən Moskvaya gələndən sonra da davam etdi, daha da dərinləşdi.
Lakin Heydər Əliyev artıq Qorbaçovun rəhbərliyi
altında əvvəlki kimi həvəslə işləmirdi.
Onların arasında nə isə baş
vermişdi, mən bunu dəqiq xatırlamıram və
sözün düzü, Heydər Əliyevlə rəhbərlik
arasında olan bu məsələylə maraqlanmırdım.
Amma bir əməkdaş, Siyasi Büronun
üzvü kimi o, böyük işlər görür və
böyük məsələləri həll edirdi.
Əsasən, Heydər Əliyev ərəb ölkələri
və islam dünyası ilə münasibətləri
kurasiya edirdi. Bütün bu işləri
yüksək peşəkarlıqla yerinə yetirirdi.
Günlərin bir günü o mənimlə
görüşdü və dedi ki, Azərbaycana
qayıtmalıyam. Soruşdum ki, axı nə
baş verib? Cavabı belə oldu ki, vaxt gələr,
deyərəm, indi vaxtı deyil. Və o
öz vətəninə, Naxçıvana qayıtdı.
Əvvəlcə bu muxtar vilayətin rəhbəri,
sonra Milli Məclisin sədri oldu, ardınca da Azərbaycanın
prezidenti seçildi”.
Kamran
Kaspi.-2014.-9 iyul.-S.6.