Gəlin xələflərimizin ruhuna layiq olaq
Qərənfil Dünyamin qızı,
Filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti
Demokratik cəmiyyət, azad vətəndaş, azad mətbuat uğrunda ideoloqlarımız əsrlər boyu uzun-uzadı mübarizələr aparıblar, itkilər olub. Amma bu itkilər, bu qan-qada onları öz əqidələrindən döndərə bilməyib. Əksinə daha mətin olaraq milli ruhlu azad mətbuatımızı yaradıblar...
Bildiyimiz kimi, 20-ci yüzilliyin başlanğıcında Bakıda Azərbaycan-türk dilində qəzet buraxmaq müşkül işə çevrilmişdi. Bu sahədə çar hökumətinin ziyalılar qarşısında çəkdiyi sədlər həddini ötürdü. Dövlət nəşrləri isə Qafqaz Mətbuat İşləri Komitəsinin xüsusi nəzarəti altında idi. Çar Rusiyası əcnəbi ölkələr, xüsusilə Osmanlı dövləti ilə əlaqələri olan azərbaycanlılara etimadsızlıqla yanaşırdı. Çar hökumətinin müstəmləkəçi böyük dövlətçilik siyasəti milli zülmün get-gedə daha da gücləndirilməsinə, xalqların hüquqlarının məhdudlaşdırılmasına səbəb olurdu.
Lakin bütün məhdudiyyətlərə və əngəllərə baxmayaraq, 1905-1907-ci illərdə ölkəmizdə mətbuat işi xeyli canlanmağa başladı.
Görkəmli tədqiqatçı alim Dilarə Seyidzadə hətta 1905-ci ili haqlı olaraq milli siyasi mətbuatın təşəkkülü ili hesab edərək yazır: «Mətbuat milli mənlik şüurunun formalaşması, ümummilli vəzifələrin təbliği, əhalinin siyasi səviyyəsinin yüksəldilməsi üçün əzmlə mübarizə aparırdı».
Beləliklə, dövrün ictimai-siyasi, mədəni hadisələri nəticəsində ölkəmizdə müxtəlif istiqamətli mətbu orqanları yarandı ki bu da mətbuatın köməyi ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrini siyasi və ideoloji cəhətdən fəallaşdırdı.
Bu sahədə mətbuatın gücünü M.Ə.Rəsulzadə belə qiymətləndirirdi: «Mətbuatın təsisi ilə Qafqazda siyasi, ictimai və milli bir fikir təşəkkül ediyordu».
İctimai-siyasi və inqilabi hadisələrin müxtəlif qütblərində dayanan, hər bir sinfin məfkurəsinə uyğun olan və ona xidmət edən mətbuat orqanları fəaliyyətə başladı. Bu mətbu orqanlar arasında milli-demokratik mətbuat diqqəti daha çox çəkirdi.
Çünki açıq fikirli ziyalıları, qüdrətli sənətkarları öz ətrafında birləşdirən bu mətbu orqanlar xalqın milli mənlik şüurunun, siyasi yetkinliyinin artmasına, ümummilli proqramların hazırlanmasına səbəb oldu. Rusiyanın tərkibində, siyasi hüquqsuzluq şəraitində olduğu dövrdə ilk dəfə Azərbaycana öz ümid və arzularını çar hökumətinə çatdırmaq imkanı verildi.
Bu zaman Azərbaycanın ictimai, siyasi, tarixi, mədəni həyatında yeni dövr kimi xarakterizə olunan XX əsrin əvvəlləri bütün fəaliyyət sahələrində olduğu kimi, mətbuatda da əsaslı dəyişmələrə səbəb oldu.
Bir çox ziyalımız kimi, Əli bəy Hüseynzadəni də türkdilli mətbuatın sıxışdırılması və senzura məhdudiyyətləri çox narahat edirdi. O, yazılarında müsəlmanlar üçün qoyulan hüquq məhdudiyyətlərini sadalayaraq hüquqsuzluq vəziyyətindən çıxmağın yollarını izah edirdi.
Amma on da qeyd edək ki, imperiyanın mərkəzində baş verən hadisələr də istər-istəməz xalqların azadlığına yol açırdı. Belə ki, xalqlara ən adi hüquq və azadlıqlar əldə etmək ümidi verən 1905-ci il hadisələri çar rus hökumətini qismən də olsa, siyasi mövqeyindən geri çəkilməyə məcbur etdi. Hökumət istəməsə də 17 oktyabr manifestini qəbul etmək məcburiyyətində qaldı. Çar II Nikolayın məşhur manifestinin rusca mətni oktyabrın 22-də «Bakinskie qubernskie vedomosti» (1894-1916) qəzetinin 42-ci nömrəsində dərc edildi. Bütün Rusiyanı bürüyən inqilabın ən qaynar nöqtələrindən olan Bakıda da bu manifest əvvəlcə, əsasən, razılıq hissi ilə qarşılandı. Söz, mətbuat, vicdan, yığıncaq və s. azadlıqlar, şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı xalqın Dövlət Dumasında və ölkənin idarə olunmasındakı iştirakına dair vədlər ümidvericilik hissi yaradırdı. Çarın manifestinin ana dilinə tərcümə edilən mətni «Xətti-humayın» sərlövhəsi ilə oktyabrın 25-də «Həyat» qəzetində dərc edildi. Qəzetin baş redaktorlarından olan Əli bəy Hüseynzadə bu münasibətlə «Hürriyyət» sərlövhəli iri həcmli bir məqalə verdi. Azadlıq yolunun çox məşəqqətli, daşlı-kəsəkli, qanlı-qadalı olduğunu məharətlə təsvir edən müəllif yazırdı: «Azadlıq yolunda neçə-neçə zəkalar, dühalar, dühayi-müəzzəmlər, Dostoyevskilər, Çernyayevskilər məhbəslərdə, qürbətlərdə, sürgünlərdə, Sibiriya çöllərində hər növ iztirabatı, hər növ əzab və cəfanı qəbul etdilər. İnsanlara bilafərq lisan, şivə, bilafərq din və məzhəb, bilafərq qövm və millət, əfkar və amalın həvayi-nəsimində sərbəst nəfəs almağa müsaidə edən sənsən, sən! Yaşa, hürriyyət, yaşa».
Qəzet bütün yazarları yaranan şəraitdən maksimum faydalanmağa çağırır, «bu hərəkata qarşı laqeyd durmayalım! Cərəyani-ümumiyyə qatılmamız, iştirak etməmiz lazımdır» deyə onları daha fəal olmağa səsləyirdi.
Bu zaman xalqın uzaqgörən ziyalı təbəqəsi var gücü ilə mübarizəyə başladı.
Ölkədə anadilli mətbuat, yeni üsulu məktəblər, xeyriyyə cəmiyyətləri fəaliyyətə başladı. “Əkinçi”dən sonra ölkədə 25 il anadilli mətbuata həsrət qalan Azərbaycanlı yazarlar «Həyat»ın gəlişini böyük şadyanalıqla qarşıladılar.
Və elə ilk saydan öz məqsədlərini bəyan etdilər. Odur ki, qəzet ilk işıq üzü görən gündən ciddi senzuraya məruz qaldı. Qafqaz canişininin göstərişinə əsasən, Senzura komitəsi dərhal «Həyat»a ciddi nəzarəti komitənin Şərq dilləri üzrə senzorları, erməni millətçiləri Karaxanova və Kişmişevə həvalə etdi. Onlar ilk gündən «Həyat»a qarşı səlib yürüşü elan edib hər cür təhrif və böhtanlara əl atırdılar. Qəzetin uzaqgörən redaktorları isə öz üzərlərinə düşən bu şərəfli vəzifəni layiqincə xalqa xidmət yolunda heç nədən çəkinmədən həyata keçirirdilər. Belə ki, onlar qəzetdə təkcə dövrün ictimai-siyasi hadisələri barədə yalnız məlumat verməklə kifayətlənmirdilər. Baş verən hadisələrin səbəblərini müsəlman xalqlarının milli və dini ehtiyacları nöqteyi-nəzərindən də mənalandırmağa çalışırdılar.
Bütün bunlar isə o zaman milli mübarizə aparan müsəlmanlara və türk xalqlarına çox şey deyir və onların milli şüurunu istiqamətləndirirdi.
Məhz bu da rus çar hökumətinin və onların muzdlu nökərlərinin xoşuna gəlmirdi. Ona görə də «Həyat»ın redaktorlarını dəfələrlə cərimə və məsuliyyətə cəlb etməklə incidirdilər. Lakin «Həyat» çox qısa bir müddətdə öz milli zəfərini çaldı, xalqına azadlıq yolunu göstərdi.
Qəzet birinci nömrəsində həyata keçirəcəyi əsas prinsiplərlə oxucularını tanış edərək yazırdı: «Biz müsəlmanlarıq və buna görə də bütün din qardaşlarımızın tərəqqisini arzu edirik və dünyanın hansı guşəsində olursa-olsun onların inkişafını ürəkdən salamlayırıq. Biz türkük və buna görə də hər yerdə bütün türklərə inkişaf, tərəqqi və xoşbəxtlik arzu edirik».
Xalqın azadlıq hərəkatında islamçılıq və türkçülük yolunu tutan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu müsəlmanları «maarifi-ümumiyyə», «hüquqi-mədəniyyə» uğrunda mübarizəyə çağırırdılar. Azərbaycanda türkçülük ideyalarını formalaşdıran ilk qəzet «Həyat» belə bir şəraitdə meydana gəlirdi. «Həyat» Azərbaycanın ictimai-siyasi və bədii şüur tarixində türkçülüyün ictimai-siyasi sənədi və abidəsi kimi tanındı. Professor Ş.Hüseynov Azərbaycan mətbuatı və jurnalistikası tarixində bütöv bir dövr və məktəb yaratmış «Həyat» qəzetini 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırır.
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.Hacıbəyli kimi qələm və məslək sahibi olan ən nadir şəxsiyyətləri yetişdirən «Həyat»ın ən müqəddəs amalı millətə, onun azadlığına xidmət idi və bu xidməti heç nədən, heç kimdən çəkinmədən, çox qısa zamanda layiqincə yerinə yetirdi.
Yeri gəlmişkən bir faktı da qeyd etmək yerinə düşərdi ki, «Həyat»ın başladığı bu mübarizəni sonra «İrşad», «Füyuzat», “Molla Nəsrəddin”, «Tərəqqi», «Açıq söz», «Səda», «İstiqlal», “Azərbaycan” layiqincə davam etdirdi ki, C.Məmmədquluzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ş.Rüstəmbəyli, C. və Ü.Hacıbəyli və başqalarının ictimai, siyasi fəaliyyəti, ədəbi-bədii yaradıcılığı buna bir daha sübutdur.
Senzura “Həyat”ı susdursa da “İrşad” fəaliyyətə başladı. O, da Azərbaycanın istiqlalı naminə əzmlə mübarizə aparır, məqalə və publisistik yazılarında müstəqil dövlətçilik, hürriyyət ideyalarını tərənnüm və təbliğ edirdi. Bu yolla «irşad»çılar Azərbaycanda demokratik cümhuriyyət quruculuğu ideyasını ortaya atdılar. Onlar dünya xalqlarının və milli tarixin təcrübəsindən çıxış edərək, Azərbaycanı demokratik cəmiyyətə və azad dövlətə qovuşduracaq yolu göstərdilər. Bu yol ümumxalq yolu olduğundan sonralar istər mollanəsrəddinçi satirik, istərsə də füyuzatçı romantik nəşrlər onu daha geniş miqyasda davam etdirərək birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını yaratmaqda müstəsna rol oynadılar.
Milli oyanışın formalaşmasına təkan verən «irşadçı»ların fəaliyyəti çar hökumətini çox narahat edirdi. Buna görə hökumət 1908-ci il iyunun 25-də «İrşad» qəzetini bağladı.
Bu haqsızlıqla razılaşa bilməyən Ə.Ağaoğlu cəmi 8 gündən sonra «Tərəqqi» adlı qəzetin nəşrinə başladı. M.Ə.Rəsulzadə «Tərəqqi»ni Azərbaycanda “ilk Avropa tipli qəzet” adlandırırdı.
Hökumət senzuranı nə qədər amansız tətbiq etsə də artıq gec idi. “Həyat”, “İrşad” öz işini görmüşdü. Xalqın düşünən başları mətbuatın gücünü dərk edərək, necə olur, olsun onun inkişafına can atırdılar.
Belə mürəkkəb və çətin şəraitdə mətbuat aləminə yenicə gələn Haşım bəy Vəzirov da Bakı Bələdiyyə İdarəsinə rəsmi şəkildə müraciət edərək «Tazə həyat» adlı qəzetin çapına icazə istəyir. Senzuranın, xüsusən türk mətbuatı və nəşriyyatı üzərində ciddi nəzarətin mövcud olduğu bir zamanda H.Vəzirov çox çətinliklə icazə ala bilir. Nəhayət, 1907-ci il aprel ayının 1-də «Tazə həyat»ın birinci sayı çapdan çıxır. 1908-ci ilin sentyabr ayınadək nəşr edilən qəzet ciddi senzuraya məruz qalırdı. Ümumiyyətlə, H.Vəzirov fikirlərini daha çox üsyankarcasına bildirdiyi üçün onun çap etdiyi mətbu orqanları senzuranın xüsusi nəzarətində olub. Odur ki, «İttifaq» (1908-1909), «Səda» (1909-1911), «Sədayi-Vətən» (1911), «Sədayi-həqq» (1912), «Sədayi-Qafqaz» (1915-1916) adlı qəzetlər və “Məzəli” (1914) satirik jurnalı senzuranın hər an diqqət mərkəzində idi. Hökumət bu mətbu orqanlarını susdurmağa çalışsa da onlar yeni adla lakin eyni məzmun, qayə ilə öz işini davam etdirib.
Xalqın tarixinə, taleyinə bütün varlığı ilə bağlı olan ziyalılarımız «zamanın nehrə kimi çalxalanıb bulandığı» bu dövrdə xalqı azadlığa, müstəqilliyə çıxarmaq üçün mübarizəyə can atırdılar.
Bu mübarizədə, həmişəki kimi, yenə də mətbuat böyük əhəmiyyət kəsb etdirdi. «Mətbuat mühüm milli qüvvələrdən biridir. Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır. Mətbuat xalqın milli nümayəndələrini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq qala bilməz»di və qalmadı da.
XX əsrin əvvəllərində Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatındakı hərəkəti, oyanışı cəmiyyətin özündə baş verən proseslərin inikası adlandırmaq olar. Bütün sahələrdə həyat sanki qaynayır, tərəqqi və tənəzzülün mübarizəsi daha qabarıq forma alır, bəzən də toqquşmalarla müşayiət olunurdu. Elə bu zaman mətbuatın inkişafı ilə Azərbaycan cəmiyyəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Doğrudur, ictimai-siyasi, ədəbi-mədəni mühit birdən-birə dəyişmədi, lakin mətbuatın yaranması həyatın bütün sahələrinin inkişafına bir təkan oldu. Mətbuat, illər ötdükcə, dövrün ictimai-siyasi hadisələrini özündə əks etdirən mühüm ədəbi-bədii idrak vasitəsinə, ideoloji mübarizə və təbliğat vasitəsinə çevrildi. Kapitalist istehsal münasibətləri inkişaf etdikcə, siniflər, təbəqələr həm keyfiyyət baxımından, həm də say etibarı ilə formalaşdıqca cəmiyyətdə yeni qüvvələr balansı yaranır və bu da siyasi mübarizə meydanı üçün zəmin hazırlayırdı. Fəhlələrin kortəbii çıxışları, yaxud təşkilatlanmış tətil hərəkatları tədriclə ideoloji-nəzəri fikirlərin zühur etməsinə səbəb olurdu. Əlbəttə ki, mətbuat bütün bu ideyaların cilalanması, pərvazlanması, yayılması üçün ən uğurlu vasitə rolunu oynadı.
Və bu mətbuatımız yeni tarixi şəraitdə, sinfi çarpışmaların qızışdığı zamanda, inqilablar dövründə yarandı, buna görə də təkcə Azərbaycanda yox, bütün Şərq mətbuatında yeni bir hadisədir. Bu hadisəni şərtləndirən ən başlıca cəhət onun yüksək ideyalılığı, aktuallığı və müasirliyidir. Çünki bu mətbuat dövrün ən xırda məişət məsələlərindən tutmuş çar hökumətinin qəddar siyasətinə qədər hər şeylə maraqlanır və qələmə alırdı.
Odur ki,
XX əsr Azərbaycan tarixində mətbuat tamamilə yeni bir hadisədir. XX əsrin əvvəllərində Azərbaycan siyasi fikrində özünü
göstərən bütün hadisələr
imperiya siyasətinə qarşı
narazılıq, milli özünüdərk,
milli azadlıq uğrunda
yeni mübarizə istiqaməti kimi məsələlər mətbuatımızın
ən önəmli mövzu dairəsinə
çevrildi. Ona
görə də 1980-ci illərin sonlarından başlayan milli azadlıq
hərəkatı zamanı Azərbaycan ziyalıları ilk növbədə klassiklərimizə
müraciət etdilər, xalqın nicat yolunu buradan gələn dərslərdə
axtardılar.
Kaspi.-2014.-10 iyul.-S.15.