“Qarabağ faciəsi fotolarda”
Albom hazır
olandan sonra BMT-yə, ATƏT-ə və digər beynəlxalq
təşkilatlara təqdim ediləcək
Tanınmış
fotoqraf Riçardas Lapaitis bu dəfə ölkəmizə
Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi və təşəbbüsü
ilə işıq üzü görəcək “Qarabağ faciəsi
fotolorda” layihəsi ilə əlaqədar gəlib. Fotoqraf yenidən
cəbhə bölgəsində olub. Təəssüratlarını
“Kaspi”yə bölüşən Riçardas Lapaitis ”keçən
ilin oktyabrından icrasına başladığımız nəhəng
layihəyə start verəndə bu qədər çətin
olacağını düşünməmişdik” deyir.
- Necə oldu ki, Azərbaycan sizi cəlb
etdi?
- Mən
çoxdandır ki, jurnalist kimi tanınmaqdan yaxa qurtarmaq istəyirdim.
O zaman Ayaz Mütəllibov bütün jurnalistlərin
Ağdamdan çıxması haqqında qərar verəndə
məni heç kim oradan
çıxarmadı, çünki mən jurnalist deyildim. Mən «Sonsuz dəhliz» filmində çəkiləndə
bildirdim ki, ora jurnalist kimi yox, təsadüfi bir insan kimi
düşmüşəm. O vaxt mən özüm
üçün səyahət
planlaşdırmışdım və o gəzinti turist kimi
Orta Asiya ölkələrinə olmalı idi. Mən
ona qədər Uzaq Şərqə, Sibirə, Qütb dairəsinə
səyahətlər etmişdim. Ümumiyyətlə,
səyahət etməyi çox sevirəm. Şəkillər çəkir, yazılar yazır,
gəzdiyim yerlərdən materiallar toplayıram. Dinc bir adam kimi müharibə ilə əlaqəsi
olmayan gözəllik mənim xoşuma gəlir. 1989-cu ildə, zəlzələdən sonra Ermənistana
getdim. Bu ölkəyə Vilnüsdən
Yerevana qədər velosipeddə gəldim. Oradakı mitinqlərin şahidi oldum. İnsanların Dağlıq Qarabağ haqqında
danışdıqlarını eşidir, mənə
maraqlı gələn hadisələri gündəliyimə
qeyd edirdim. Azərbaycan haqqında ilk dəfə orada
eşitdim: “Orada çox pis adamlar yaşayır. Onlar vəhşicəsinə hərəkət edirlər”
deyirdilər. Bu fikirlər məndə
maraq doğurdu. Xəritəyə baxıb
gəmi ilə Azərbaycana gəlməyi
düşündüm. Mən bütün
planlarımı dəyişdirdim. Bu
ölkəyə jurnalist kimi gəlmədim. Sonradan
Mehriban Əliyevanın iştirakı ilə sənədli
filmin təqdimatında birinci xanım «Yaxşı ki, sən
jurnalist kimi gəlməmisən. Çünki
jurnalist qeyri-obyektiv ola bilir»- deyə bildirdi.
- Ölkəmizə ilk gəlişinizdə
təəssüratlarınız necə oldu?
- Dəmir
yolu vağzalında olarkən orada çoxlu insanların
döşəmənin üstündə
yatdığını gördüm. Ətrafda
çoxlu silahlı polislər vardı. Sizin
ölkədə güclü müharibə getdiyi
ağlıma gəlməzdi. Ancaq
işğal olunan yerlərdən çoxlu insanlar qaçaraq
Bakıya pənah gətirmişdilər. «Bu, nə
ölkədir, insanlar niyə bu vəziyyətdədir?»- deyə
düşünürdüm. Sonra mən şəhəri
gəzdim. Məscidin içərisinə
daxil olanda iki rəssamla qarşılaşdım. Onlardan biri - Şahin Babayev məni gecələmək
üçün evinə dəvət etdi. Mən onun ləyaqətli
adam olduğunu görüb imtina etmədim.
Sonra Şahin mənə öz kədərli
tarixçəsini danışdı. O, 20 Yanvarda
doğma qardaşını itirmişdi. O, rəssamlıq sənəti
üzrə oxumaq üçün Naxçıvandan Bakıya
gəlmişdi. «Mən Ordubada qayıdanda
valideynlərimin üzünə necə baxacağam» - deyirdi.
Gənc 20 yanvar hadisələrindən danışarkən mənə
Qarabağ haqqında da bir qədər məlumat verdi. Mən Şahinə dedim ki, əgər
sizin ölkənizdə belə yerlər varsa, mən
oraları da görmək istəyirəm. Elə
bu istəyimlə Ağdamda, Laçında, Xocalı və Tərtər
istiqamətində oldum. Mən xalqın bədbəxtliyi
içərisinə təsadüfən düşən və
faciələri öz gözü ilə görən adam idim. Mən orada insan vəhşiliklərinin
yaratdığı dəhşətləri gördüm.
Bilirsinizmi, mənim oradakı hisslərim necə
idi? Mən oradan qaçıb getmək və
hər şeyi dəhşətli bir yuxu kimi unutmaq istəyirdim.
Sizin bütün hərbi jurnalistlərlə orada
görüşdüm. Sonradan onların hamısını oradan
çıxartdılar. Oradakı insanlar mənim
nəsə qeyd etdiyimi görüb jurnalist olduğumu fikirləşirdilər.
«Öz ölkənə qayıdandan sonra
bunları yaz və dünyaya çatdır» deyirdilər.
Mən Bakıya qayıdıb əşyalarımı
götürəndən sonra Litvaya döndüm və qeydlərim
haqqında yazdığım məqaləni orada çap
etdirdim. Mən bilmirdim ki, məqalə o
zaman böyük rezonans doğuracaq. Televiziya
şərhlərində bu məqalədən
danışırdılar. Həmçinin
məqalə insanların müzakirəsinə
çevrilmişdi. Buna qədər bizdə
«Türklər erməniləri öldürürlər» - deyə
mətbuatda yazılar getmişdi. Amma mənim
məqaləm müsəlmanların vəhşicəsinə
öldürülməsi haqqında ilk
qığılcımlar oldu. O zaman mətbuat bizdə
azad idi. İndi bilmirəm ki, elə məqaləni
götürərlər, ya yox, amma o zaman bunu bir sensasiya kimi qəbul
etdilər. Qəzetin ilk səhifəsində
«Ermənilər müsəlmanları necə
öldürürlər» - deyə məqalə şəkillərlə
dərc olundu. Hətta, ermənilərin lobbisi də «bu
adam kimdir?» deyə mənimlə
maraqlanmağa başlamışdı. Mən o
zaman qonorar haqqında da düşünmürdüm.
Xocalı haqqında məqaləni isə nüfuzlu bir jurnala
göndərdim: «Əgər çap etməsəniz belə
bunu tullamayın» - deyə yazdım. Məqalə
o zamanın Yazıçılar Birliyinin tanınmış
jurnalında dərc olundu. Həmin jurnala
heç nə təsadüfü yol tapa bilməzdi. Və bu məqalə ən yaxşı məqalələrdən
biri elan edildi. Onu da deyim ki, mən
Xocalı faciəsi haqqında yazan ilk litvalıyam. 1992-ci ildə mənim məqaləmi BBC-nin
müxbiri ingilis dilinə tərcümə edib yaydı.
Mənə elə gəlir ki, yerimə kim
olsaydı bunu edərdi. Əgər tale məni
həmin vaxt Ağdama gətirməsəydi və bir neçə
gün sonra Xocalı faciəsi baş verməsəydi, ora
yaralıları, yeni doğulan uşaqları gətirməsəydilər
və bu səhnələr məni dəhşətə gətirməsəydi,
o məqalə də olmayacaqdı. Xocalı faciəsindən
sonra küçəyə çıxanda balaca bir qız gəlib
«Mənim atamı görmüsünüzmü?»,
yaxud hansısa valideynin «Mənim qızıma rast gəlmisinizmi?»
soruşması və ya bir ananın meyitlərin
saxlandığı yerə çevrilən Ağdam məscidində
öz övladını axtarması, çox dəhşətli
idi. Bəziləri isə əzizlərinin
meyitini ermənilərdən necə almaq haqqında
düşünürdülər. Çoxlu
sayda insan ermənilərə əsir
düşmüşdü. Mənim o vaxt
23 yaşım vardı. Təsəvvür
edin, ilk dəfə postsovet ölkəsinə gəlib
öldürülən insanları görürdüm. Ona qədər isə mən belə hadisələrlə
rastlaşmamışdım. Bu dəhşət
məni sarsıtmışdı.
- Sonradan cəbhə bölgələrinə
yenə də səfər etdinizmi?
- Mən
ikinci dəfə Bakıya qayıdanda yenidən cəbhə
bölgəsinə getdim. Yenidən yaxşı
materiallar əldə etdim. Demək olar ki,
6 dəfə sizin ölkənizə gəlmişəm, hər
dəfə də qiymətli materiallarla qayıtmışam.
Hər gəlişimdə müxtəlif cəbhə
bölgələrində olmuşam. Hər
dəfə də məqalələrim Litvada çap olunurdu.
Həmin jurnalda 2-3 məqaləm dərc olunandan
sonra mənə zəng vurub «Riçard, qayıt gəl, sən
burada işləyənlərin hamısından yaxşı
yazırsan» dedilər. Onlar məni təcili
Litva Yazıçılar İttifaqına üzv seçdilər.
1993-cü ildə mən artıq həmin
ittifaqın üzvü idim. Sonra mən
«Respublika» qəzetindən vəsiqə aldım. Azərbaycanın Litvadakı səfirliyi və
Litvanın Azərbaycandakı səfirliyi məni müxtəlif
tədbirlərə dəvət etməyə
başladılar. Mən adi səyahətçidən
jurnalistə çevrildim.
- Sizin iştirakınızla
Xocalı barədə “Sonsuz dəhliz” adlı film çəkilib.
Bu film dünyaya səs sala bildimi?
- Həmin
filmi biz bir il ərzində əsir
düşənlərlə görüş əsasında
çəkmişik. Biz Xocalıya hücum
öncəsi yaratdıqları azad dəhliz vasitəsilə
şəhəri tərk etmələri üçün yerli
sakinlərə 3-4 gün vaxt verdiklərini bəyan edən
ermənilərin nə dərəcə haqlı
olub-olmadıqlarını üzə çıxartmaq
üçün hadisələri detallı şəkildə
göstərmək istədik. Bunun
üçün baş verənlər barədə
danışa biləcək insanları, jurnalistləri,
Xocalının xilas olan sakinlərini çox axtarmalı
olduq. Bizim lentə aldığımız
film ilə ermənilərin orada baş verənlərə
dair versiyaları əməli olaraq öz təkzibini tapdı.
Film üzərində Beynəlxalq Jurnalistlər
Qrupu əmək sərf edib. Siz yəqin həmin
uşaqların Ermənistan tərəfindən Xocalıya
getmək və hazırda orada baş verənləri çəkmək
istədikləri barədə eşitmisiniz. Lakin İrəvanda onları saxlayıblar və nəinki
çəkiliş aparmaq, hətta aeroport ərazisindən kənara
çıxmağa qoymayıblar və sonra da geri göndəriblər.
Film çətinliklə ərsəyə gəldi.
Amma nəticədə bizim əlimizdə
dünyanın hər yerində nümayiş etdirə biləcəyimiz
sənədli film oldu. Filmin əsas
prodüserləri litvalılardır. Onlar
bizim gənclərdir və bu işlərinə görə
onlara təşəkkür düşür. Qeyd edim ki, buna qədər onlar hətta Azərbaycanın
harada yerləşdiyini və orada nə baş verdiyini belə
bilmirdilər.
- Siz hazırda peşənizə görə kimsiniz - jurnalist, aktyor, fotoqraf, yoxsa, adi səyahətçi?
- Açığını deyim ki, mən indi
jurnalistika ilə az məşğul oluram. Hərbi jurnalistika ilə 10-15 il məşğul olmuşam. 1995-1998-ci
illərdə rus-çeçen müharibəsində də
jurnalist kimi iştirak etmişəm. Hətta,
mənim bir çox dostlarım Qarabağ müharibəsindən
sonra jurnalistika ilə məşğul olmadılar. Onlar günahsız insanların öldürülməsini,
onlara qarşı zorakılığı görüb dəhşətə
gəldilər. Bu hadisələr jurnalistlərdə
ikrah hissi yaratdı. Mən hərbi
jurnalist kimi ən böyük dəhşətləri
Qarabağda görmüşəm. Əslində,
indi müharibədə atəşkəs elan olunub. Ancaq fakt budur ki, atəşkəsə əməl
olunmur. Yenə də cəbhə bölgəsində
insanlar ölür. Onda fikirləşirsən
ki, mən öz həyatımı risk altında qoymuşam.
Artıq 10 ildir ki, mən layihələr üzərində
işləyirəm.
- Avrasiya Beynəlxalq Mətbuat
Fondunun dəstəyi və təşəbbüsü ilə
işıq üzü görəcək “Qarabağ faciəsi
fotolorda” layihəsi ilə bağlı planlarınız nədir?
-
Hazırda foto-albom hazırlayıram. Bunun
üçün cəbhəyanı rayonları
qarış-qarış gəzirəm. Əsgərlərlə,
qaçqınlarla görüşürəm. Budəfəki gəlişimdə də Tərtərdə
oldum. Avrasiya Beynəlxalq Mətbuat Fondu cəbhə
bölgəsinə, işğal altında olan torpaqlara gələn
xarici qonaqlara, jurnalistlərə məlumatlar toplamalarına,
oralara getmələrinə şərait yaradır. Mən fondun dəstəyi ilə həmin bölgələri
gəzirəm və fotolar çəkirəm. Artıq fondun xətti ilə ikinci gəlişimdə
foto-albom hazırlayırıq. Orada baş
verən hadisələrin hər birini təsdiqləyən
fotolar var. Bu, bələdçilik fotoalbomu olacaq. Hər bir şəkildə təsvir olunan insan
öz faciəsini danışır. Bütün
cəbhə bölgələri boyunca söhbət etdiyim
insanlar öz həyatlarından danışırlar. BAMF BMT-nin İqtisadi və Sosial Şurasının
QHT bölməsinin ən yüksək statuslu
üzvüdür. Biz həmin albomu
çapdan çıxandan sonra BMT-yə, ATƏT-ə və
digər beynəlxalq təşkilatlara təqdim edəcəyik.
Biz bu albomu rus və ingilis dillərinə tərcümə
etdirməyi düşünürük. Elə
bilirik ki, bu, Azərbaycan həqiqətlərini bütün
dünyaya yaymaq üçün əhəmiyyətli bir vasitə
olacaq.
Söhbətləşdi:
Təranə Məhərrəmova
Kaspi.-2014.-10 iyul.-S.9.