“Ambisiya siyahıda birinci yerdə dayanmamalıdır”
Sevinc Fətəliyeva:
“Karyeranın arxasında hansısa bilik, bacarıq
olmalıdır”
Deyir ki, karyeranın arxasında hansısa bilik, bacarıq olmalıdır. Kabinetdə oturmaq, televiziyada görünməklə iş bitmir. Uğur qazanmaq üçün işlədiyin sahəni dərindən bilməlisən. Müsahibimiz millət vəkili, Bakı Slavyan Universitetinin İngilis filologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, millət vəkili Sevinc Fətəliyevadır.
- Xarici Dillər
Universitetinin tərcümə
fakültəsini bitirmisiniz. İxtisas seçiminizdə
ailənizin rolu olub?
- Filoloq, dilçi olmaq, müxtəlif xarici dilləri öyrənmək arzusundaydım.
Valideynlərim də ixtisas
seçimimdə məni
dəstəklədilər. Tərcümə fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirdim. Məndə elmə maraq oyandı və elm arxasınca getmək haqqında düşünməyə
başladım. Elmi işimi
də müdafiə etdim və filologiya
elmləri namizədi oldum.
- Universiteti bitirəndən
ilk iş fəaliyyətinizə
harada başladınız?
- Yapon şirkəti olan “Mitsui” şirkətində
4 ilə yaxın tərcüməçi kimi
işlədim. Onu da deyim ki, elə
universitetdə oxuya-oxuya
sözügedən şirkətdə
işləyirdim. Amma
elmə olan marağım nəticəsində
yenidən bu sahəyə qayıtmalı
oldum və Bakı Slavyan Universitetində 3 il ingilis dili müəllimi kimi çalışdım.
Elmi işimi müdafiə edib filologiya elmləri namizədi olandan sonra 26 yaşımda Slavyan Universitetinin Xarici dillər kafedrasına müdir təyin olundum. Təcrübəli
müəllimlərdən ibarət
böyük bir kollektivə rəhbərlik
etməkdən, açığını
deyim, bir az narahat
idim. Bilmirdim, kollektiv məni
necə qəbul edəcək. Çünki universitet açılandan
bəri orada işləyən qocaman müəllimlər də
həmin kafedrada təmsil olunurdu. Amma vaxt keçdikcə məni qəbul etdilər və mən də kollektivlə çox gözəl ünsiyyət
yarada bildim. Biz bir komanda
kimi yeni çağırışları qəbul etdik. O vaxt universitetimizdə
Roman-german filologiyası
şöbəsi açılırdı,
işimizi təzə
qurmağa başlamışdıq.
Artıq
sözügedən ixtisas
üzrə bir neçə kurs məzunlarımız da
var.
- Kafedra müdiri işləyəndən sonra
millət vəkili oldunuz. Təşəbbüs özünüzdənmi gəldi? Ümumiyyətlə, deputat seçkilərində
iştirak etmək qərarına necə gəldiniz?
- Kafedra müdiri kimi çalışarkən
işim çox olsa da, potensialımı
başqa nələrəsə
də sərf edəcəyimi anladım.
Yeni Azərbaycan Partiyasının
(YAP) üzvü olduğumdan
ictimai işlərə
də qatılırdım.
Millət vəkili olmaq
təşəbbüsü də YAP-dan gəldi. Partiya adından, proporsional
qaydada seçkilərə
qatıldım. Bu təşəbbüs mənim
üçün çox
böyük çağırış
idi. Sözün həqiqi mənasında
dövlətimizə xidmət
etmək və nələri bacardığımı
özüm üçün
dərk etmək çox maraqlı idi. Çağırışı qəbul etdim
və çox şadam ki, işimin öhdəsindən
gələ bilirəm.
Artıq
daha geniş fəaliyyətə imza atmağa başlamışam.
Çünki Milli Məclis
və universitet fərqli məkanlardır.
Universitetdə müəllim hansısa
proqram çərçivəsində
dərs deyir və auditoriyanın sahibidir. Siyasətdə
isə situasiya bir az başqa cürdür. İnsan hər sözünün məsuliyyətinin daşıyır
və burada çərçivə yoxdur.
Əsas istiqamət, prisiplər, partiyanın, dövlətin
prioritetləri var.
- Deputat olmaq təklifini
alanda hansı hissləri keçirdiniz?
- Gözləntilərim var idi. Bu işin
öhdəsindən necə
gələcəyini özüm
üçün bilmək
istəyirdim. Artıq
kafedra müdiri kimi təcrübəm var idi və
düşündüm ki,
gənc yaşımda
böyük bir kollektivə rəhbərlik
edə bilmişəmsə,
burada da nəyəsə nail ola bilərəm. Gözləntilərim çox
idi və işə alışmağım
da bir az zaman çəkdi. Amma şükürlər olsun ki, işimin
öhdəsindən gəldim.
- Ailədə seçkilərdə
iştirak etmək təklifinizi necə qarşıladılar? Çünki kafedra müdirindən fərqli olaraq, millət vəkili kimi vaxtınızın böyük bir hissəsini ailənizə
deyil, işinizə ayıracağınız bəlli
idi.
- Yoldaşım gözlərimdəki
parıltını, istəyi
görüb mənə
dəstək oldu. Təbii ki, hər ikimiz
anlayırdıq ki, daha çox vaxtımı işə sərf edəcəyəm.
Ancaq ailəmdə heç bir problemlə qarşılaşmadım. Ailəmin məni dəstəkləməsi
mənim üçün
ən böyük dəstək oldu, məni daha da cəsarətləndirdi,
öz gücümə
əmin oldum.
- Deputat kimi Avropa
Şurası Parlament Assambleyasının nümayəndə
heyətində təmsil
olunursunuz. Həmçinin MDB Gənclər Parlamentlərarası Assambleyasında
Azərbaycan nümayəndə
heyətinin rəhbərisiniz.
Bir sözlə, işlərimiz
kifayət qədər
çoxdur. Seçicilərlə də görüşür,
müxtəlif tədbirlərdə
iştirak edirsiniz.
Övladlarınıza vaxt ayıra
bilirsiniz?
- 10 yaşlı oğlum və 5 yaşlı qızım var. Boş qalan vaxtımın hamısını övladlarıma
ayırıram, uşaqların
məktəb hazırlığı
ilə məşğul
oluram. Həyatımda
iki prioritet var – iş və
ailə. Bunlardan kənara çıxmıram.
Bəzən düşünürəm ki, öz istəklərimi,
arzularımı yerinə
yetirə bilmirəm.
Təbii
ki, istəyərdim ki, daha çox
kitab oxuyum, dostlarımla görüşüm,
qohumlarımgilə baş
çəkim, konsertlərə
gedim. Lakin seçim olanda
daha çox evdə qalmaq və uşaqlarımla bir yerdə harasa getməyə üstünlük verirəm.
Düzdür, övladlarım mənim qrafikimə alışıb. Artıq onların
gözlərində işləyən
ana obrazı yaranıb və onlar başqa obrazları qəbul etmirlər. Münasibətlərində, danışıqlarında hiss
edirəm ki, onlara istədikləri qədər vaxt ayıra bilməsəm belə, işimlə fəxr edirlər. Amma etiraf edim ki,
bəzən məni işimə qısqanırlar.
Çünki tez-tez səfərlərə
gedirəm. Qayıdandan
sonra da gərgin iş qrafikində çalışıram.
Düşünürəm ki, uşaqların
tərbiyəsində valideynlərin
vaxtının çox
olması deyil, boş vaxtlarından keyfiyyətli istifadə etmələri əsasdır.
Uşaqlarla gün ərzində
keçirdiyim yarım
saat o qədər səmərəli olmalıdır
ki, onların yadlarında qalsın.
Bəlkə də hansısa
valideyn, ana uşaqları ilə 3 saat otura bilər,
amma onlarla nə söhbət edər, nə oyun oynayar. Mənsə uşaqlarla vaxt keçirərkən onların
dərsləri ilə
maraqlanıram, məktəbdə
baş verənləri,
idman yarışlarını
müzakirə edir, dostları, rəfiqələri
barədə söhbət
edirik. Buna görə də inamıram ki, mənim onların yanlarında kifayət qədər olmadığımı
hiss etsinlər. Hətta səfərdə
olanda da onlarla əlaqə saxlayıram və məktəbdə baş verənləri başdan-ayağa
mənə danışırlar.
- Yəqin ev
işlərinə vaxt
çatdırmazsınız…
- Əslində ev
işlərini xoşlayıram
və imkan olanda edirəm. Düşünürəm ki, mətbəx
işi ən xoşagəlməyən işdir.
Çünki saatlarını bu
işə sərf edirsən, yarım saatdan sonra izi-tozu
qalmır. Vaxtım çox
olanda şənbə-bazar
günləri uşaqlarım,
yoldaşım üçün
nəsə hazırlayıram.
Lakin düşünürəm ki,
vaxtımı daha çox mətbəxə
yox, uşaqların dərsinin hazırlanmasına,
onlarla söhbətləşməyə
sərf etsəm, daha yaxşı olar.
- Demək, qadının ailəsinə çox vaxt sərf etməsi, əsas deyil. Əsas olan ailəsinə ayırdığı vaxtın
səmərəli istifadəsidir...
- Mən belə bir şey müşahidə etmişəm. Əgər qadın işləyirsə, bu, o demək deyil ki, ailədə öz vəzifələrini yerinə yetirmir. Nə qədər qadın var ki, işləməsələr belə, ailəni də, evi də idarə edə bilmirlər. Deməli, ailənin möhkəmliyi, qadının işindən deyil, onun xarakterindən, istək və arzularından, iradəsindən asılıdır. Əgər qadın özünü ailədə də, işdə də fəal görmək istəyirsə, əminəm ki, o, hər iki işin öhdəsindən gələcək, uşaqlarına da kifayət qədər tərbiyə verəcək, evini də idarə edəcək, ailəsinə də baxacaq, həmçinin işdə də uğur qazanacaq. Hər şey qadının istəyindən, həyatda öz rolunu necə görməsindən asılıdır. Həyat yoldaşından da asılıdır ki, xanımını necə görmək istəyir və onun istəklərinə nə dərəcədə hörmət edir.
- Parlamentdə ən gənc qadın deputatsınız.
Gənclərimizə nə məsləhət
görərdiniz. Karyera yolunda
irəliləmək üçün
nə etsinlər?
- Karyera yolunda irəliləməyi düşünməzdən öncə öz üzərlərində işləməlidirlər. Karyeranın arxasında hansısa bilik, bacarıq olmalıdır. Kabinetdə oturmaq, televiziyada görünməklə iş bitmir. İşlədiyin sahəni dərindən bilməlisən. Təbii ki, hər şeyi bir gündə bilmək mümkün deyil. Təcrübədən çox şey asılıdır. Bəzi bacarıqlar vaxt keçdikcə təcrübə ilə qazanılır. Mənim həyatımda da belə olub. Dilləri bilmək də çox vacibdir, çünki qlobal dünyada yaşayırıq. Təkcə ana dilini bilmək kifayət deyil. Çünki tərcüməçi vasitəsi ilə deyilən sözlər kifayət qədər effekt vermir, açıq söhbətin yenini heç nə vermir. Ambisiyalı olmaq da lazımdır. Amma ambisiya siyahıda birinci yerdə dayanmamalıdır. Əmin olmalısan ki, nəyisə bacarırsan. Bundan sonra qarşına ambisiya qoya, məqsədlərə doğru gedə bilərsən. Birdən-birə uğur əldə etmək çox çətindir və hər kəs bunu bacara bilməz. Gec də olsa, boşluqlar özünü büruzə verəcək.
Lalə MUSAQIZI
Kaspi.-2014.-11 iyul.-S.15.