Qarabağ şeirləri - 2013-cü ilin
şeirləri əsasında
Vaqif Yusifli
Müasir ədəbiyyat
Bu vaxta qədər Qarabağ müharibəsi və onun doğurduğu itkilər, sosial və mənəvi bəlalar, itirilmiş torpaq ağrıları haqqında yüzlərlə şeir yazılıb. Bu şeirlərin hər birinin vətənpərvərlik duyğusundan yarandığına qətiyyən şübhə eləmirik. Amma POEZİYA adlı müqəddəs bir söz də var və hər yazılan şeir poeziya sayıla bilməz. Təbii ki, o şeirlərin böyük əksəriyyətinin ömrü elə çap edildiyi gündə başa çatır, necə deyərlər, fiziki mənada bir kəpənək ömrüdü o şeirlər. O gün doğulur, o gün də ölür. 2013-cü ildə Qarabağ olayları ilə bağlı şeirlər, poemalar nisbətən az yazılıb və deyək ki, buna kədərlənmək yox, sevinmək lazımdır. Birincisi, ona görə ki, artıq mövzunun özü get-gedə şablon ifadə tərzinin meydana çıxmasına səbəb olur, şeirdən şeirə hazır stereotiplər ayaq açır. İkincisi:
Onsuz da şairdi bu xalq
Ayrı nə olmalıydı,
İşğal olanda torpaq?
Qarabağ göynəyi göynətdi yurdu
Əliyalın xalq üstə
Yeridi ordu.
Əlinə gücü çatan
Əliylə,
Dilinə gücü çatan
Diliylə,
Şairlər şeiriylə
Yeridi ordu üstə.
Qarabağ hamını şəhid elədi.
Hərə qəlbində nə isə dəfn elədi!
Qəbristanlıqlar böyüdü,
Qəbirlər yeridi ordu üstə!
Ruhlar yeridi ordu üstə!
Döyüş gedir sərhədlərdə,
Səngərlərdə
Atəşkəs pozulanda.
Döyüş gedir
Prezidentlər görüşündə!
Bu şeirin adı «Qarabağ hamını şair elədi», müəllifi isə İsa Sevərdir. Əlbəttə, İsa Sevərin şeiri poetik baxımdan bir elə uğurlu deyil, yarı şeir, yarı publisistikadır. Amma İsa Sevərin şeirində bir həqiqət təsdiq olunur: Qarabağ mücadiləsi heç vaxt səngiməyib. Bu gün hər bir Azərbaycan türkünün qəlbində bir Qarabağ həsrəti, Qarabağ yanğısı var. Heç kim məğlubiyyətlə barışmaq istəmir, hamı Ordumuzun Şuşada, Xankəndində qələbə nidasının səslənəcəyi günü gözləyir. Bəli, şeirimizin 2013-cü il mənzərəsində ən az müraciət olunan mövzu Qarabağdır, amma öncə qeyd etdiyimiz kimi, bunun üçün kədərlənməyə dəyməz. O müqəddəs mövzunu kütləviləşmək təhlükəsi gözləyir və buna yol vermək olmaz.
Xalq şairi Zəlimxan Yaqubun «Şuşa şikəstəsi» poeması («Azərbaycan» curnalı, ¹ 8) bu nisgilimizi ovutdu. Başdan-ayağa lirik hisslər,əsasən nostalci duyğular üzərində qurulan, əksər misralarından ağrı, həsrət, kədər süzülən «Şuşa şikəstəsi» doğrudan da böyük bir ŞİKƏSTƏdir (farsca «şikəstə» qırılmış, sınmış, incimiş, qəlbi qırılmış mənalarını verir. Muğamat adı var: «Şikəsteyi-fars»).
Xaqanım, paşam haray,
Qaynayam, daşam haray.
Eşitmirəm
səsini,
Hardasan, Şuşam haray.
Şuşanın
yolu bağlı,
Sağıyla solu bağlı.
Uçmağa
imkanı yox,
Qanadı, qolu bağlı.
Bayatıdı,
bəstədi,
Gülü dəstə-dəstədi.
Şuşam
hanı deyənlər,
Dərd əlindən xəstədi.
Ötmür
muğamatı, dillənmir sazı,
Yollar yolçusuzdu, cığırlar yetim.
«Şuşa şikəstəsi» nostalci notlar üzərində
qurulsa da, bizdə bədbinlik, pessimizm oyatmır. Düşünürük
ki, məğlubiyyət şikəstəsi deyil bu ki,
torpaqlarımız işğal olunandan sonra oturub vay-şivən
qoparaq, göz yaşları axıdaq. Bu,
Şuşanın hələ də işğal altında
olduğunu, havasız yaşamaq mümkün
olmadığı kimi Şuşasız da yaşamağın
namümkünlüyünü xatırladan bir haraydır.
Və bütün poema boyu şair üzünü bizlərə
tutub deyir ki: AXI, ŞUŞASIZ NECƏ YAŞAMAQ OLAR?
Şuşasız
qalmağa öyrəşir insan,
Şairlər yuxuda uyuyur daha.
Getdikcə
azalır Şuşa deyənlər,
Odlu misralar da soyuyur daha.
Ən
gözəl yurdumdu, yuvamdı Şuşam,
Yuvasız
yaşamaq olarmı görən!
Odumdu,
suyumdu, havamdı Şuşam,
Havasız
yaşamaq olarmı görən!
Qarabağ müharibəsi hər bir nəslin (söhbət
şairlərdən gedir-V.Y.) yaddaşında fərqli şəkildə
özünü göstərir. Yaşlı və orta
nəsil üçün Qarabağ xəyal deyil, canlı bir
məkandır, gözəlliklər məskənidir və
onun işğalı da, müharibədə həlak olan şəhidləri
də gözlərin gördükləri reallıqlardı.
Azərbaycan şairlərinin az da olsa bir
qismi Qarabağ müharibəsinin canlı
iştirakçısı olmuşlar, bir qismi əlinə
silah götürməsə də, daima
döyüşçülər qarşısında
çıxış etmiş, onları qələbəyə
ruhlandırmışlar. Bu şairlərin
oğul itkilərini də unutmaq olmaz. Xəlil Rza
Ulutürkə, Qaçay Köçərliyə oğul
dağı çəkilib.
Amma yeni nəsil üçün Qarabağ müharibəsi
gözlərin gördüyü reallıq deyil. Onların
burnuna barıt qoxusu dəyməyib, qulaqları
partlayış səsi eşitməyib. Müharibə
başlananda onlar uşaq idilər. Amma
müharibəni canlı şəkildə görməyən
və seyr etməyən bu cavan şairlərin bədii təxəyyülündə
Qarabağ müharibəsi özünəməxsus bir
görünüşdə nəzərə çarpır.
Əsgər
sinəsi axtarır
isinməyə
fevral
şaxtasından
üşüyən güllə.
hər əsgər
tabutu
bir
ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən
qızın arzularını
götürüb gedər
hər
atılan güllə.
Gənc
şair Emin Pirinin «Sağ qalan varmı?!»
şeiri müharibənin doğurduğu bəlalardan söz
açır və onun daha bir neçə şeiri elə bu
ruhdadır. Eminin müharibə ilə bağlı şeirlərində
nə çağırış var, nə də
döyüş marşlarını xatırladan misralar… Bu şeirlərdə kəsilmiş ayaqlar,
itirilmiş qollar, şəhid məzarları, «mərmilərə
atılan ana fəryadları», «torpaqdan dən yerinə
barıt dənləyən sərçələr»
görünür. Eminin müharibə
şeirlərindəki kədər onun
ağrılarını impulsiv şəkildə yaşayan bir
fərdin duyğularını ifadə edir. Bu duyğuların ifadəsində də yeni poetik
çalarlar, bədii təsvir vasitələri diqqəti cəlb
edir. Emin Piri deyəndə ki: «çiçək
açırdı torpağa basdırılan minalar toxunanda
ayaqlar»-bu, tamam yeni bir metaforik düşüncə tərzidir.
Daha sonra: «Yaralar anaların yuxusuna qaçırdı. Yuxular qara xəbərin ardınca
qaçırdı. Qəlbinə qara xal
düşən qızların gözünün altından
öpüş yerini səhər eşitdiyi xəbərlər
yuyar»- bunlar da təzədir. Amma
«Ayağım özümdən qeyrətli çıxdı»
şeirində ən orijinal məqam vurulmuş
–döyüşdə itmiş ayağın kədərli
nağılıdır.
O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ
ayağının addımını.
arxada
can verən
addım
səsinə qayıdıb
itmiş
ayağını aldı əlinə.
Bir vaxt
sevgilisinə
gül
verən əllər
bugün
nə aparacaqdı?
cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol
ayağı alıb xərcləyir!
danlayar
özünü hər səhər-axşam
əlini
başına, dizinə çırpır:
o
qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
Müharibə ovqatı iyirmi yaşlı Ramil Əhmədin
şeirlərində də öz poetik ifadəsini tapır. Əgər
Emin Piri müharibənn dəhşətlərini, davanın
doğurduğu ağrı-acıları təsvir edirsə,
bütün bunları sanki gözləriylə
görübmüş kimi canlandırırsa, Ramil Əhməd
atəşkəsdən sonra talelərdə, ürəklərdə,
ailələrdə bitməyən müharibələrdən
söz açır. Onun «Müharibə» silsiləsi
müharibə vaxtı doğulan uşaqların, yəni
iyirmi-iyirmi beş yaşlıların hisslərini,
duyğularını ifadə edir. Bu münasibətin
özü poeziyamızda yenidir. Yaxşı
ki, yeni nəsil üçün də müharibə bitməyib,
davam edir və nə qədər kədərli notlarla
qarşılaşsaq da, bütün bu hisslərin,
duyğuların reallıqdan doğduğuna şübhə
eləmirik.
Hər gün süfrəyə dördüncü
boşqab da qoyulur-bu divarda şəkli asılan kişinin
boşqabıdır. Amma o yoxdur, qəhrəmancasına şəhid
olub. Həyat isə davam edir:
Biz
atamızın
ayaqqabısına,
köynəklərinə,
dolabda
tozlanan
siqaret
qoxulu boz pencəyinə baxıb böyüdük…
«Ata!» dedik divardan baxan şəklə,
Şəkil
kimi yaraşıqlıydı atamız,
şəkil atamız!..
Ramilin həmin
silsilədə «Müharibədən sonra», «Əvvəl
insanlığı, sonra insanları əzib keçdilər»,
«Metamorfoz», «Üçü birində», «Kasıb
komalarından qalxan tüstülər» şeirlərində də
müharibənin hələ bitmədiyini, atasız, yetim və
şikəst uşaqların, dul qadınların taleyində
davam etdiyini görürük. Cavan şairin
real, həyati müşahidələri ayrı-ayrı
süjetlərdə reallaşır. Şeirdə
əhvalat danışmaq mənzuməçilikdir, yəni
hekayənin şeir halına salınmasıdır. Burada poeziya uduza da bilər. Amma
elə əhvalat var ki, o, nəql edilsə də, şeirdə
ifadə olunan poetik hissin, duyğunun hökmündədir.
Ramilin şeirlərində də belədir.
Balaca
qızcığaz
gizlənpaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın…
Sürəyya
deyirdi:
«Boyu uzun
buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək».
O
üç gün gəlib çıxmadı-
Qızcığaz
saymağı bacarmırdı çünki…
Bu, kədərli bir əhvalatdır və bu əhvalat
90-cı illərin acı həyat lövhələrinin bir
parçasıdır- «tifilləri ac qalan Sürəyya pəncərə
önündə çarmıxa çəkilmişdi, yardım
maşınını gözləyirdi. Qurdlu ciyər,
qaralmış ət, iylənmiş ürək satan qəssab
Qulam deyirdi: «Bu üç yetimi necə dolandırır, bəlkə,
ürəyini satır xəbərimiz yoxdu?».
Ramil Əhməd başqa bir şeirində bir
insanın-Sona adlı qadının faciəsini qələmə
alır və bu şeirdə cavan şairin poetik istedadı
doğrudan da bizi sevindirir. Müharibənin
şiddətli bir anı-düşmən qovur-qadınlar,
uşaqlar, qocalar qaçırlar. Sonanın
qucağında da uşaq var, o ağlayır və Sonaya deyirlər
ki, at bu uşağı, təzəsini doğarsan. Və
budur:
Uşaq
yaşamağa utandı və…
öldü!
Qismətə,
taleyə yazdılar,
körpənin qəbrini
anasının qucağında qazdılar.
Sonanın
başı başdaşıydı bu qəbrin,
sinəsi
sinə daşı,
göz
yaşları qəbir üstündəki yazıydı…
Ağlayırdı Sona!
Poeziyanın yaddaşında Qarabağ
yaşayır və bu gün Azərbaycan şairləri bu
yaddaşa yeni səhifələr bəxş etməlidir ki,
itməsin, silinməsin o yaddaş. Tənqidimizin sonuncu korifeyi
Yaşar Qarayev yazırdı ki: «Millət-genetik səviyyədə,
yaddaş-ağrı səviyyəsində dərk olunmuş vəhdətdən
və bütövlükdən başqa bir şey deyildir.
Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər
və əsrlər, ilahi və bəşəri dəyərlər
və sərvətlər arasında əlaqə və estafet
var. Əslində, nəinki təbiət və insan. Ekologiya və
poeziya da yaddaşdır. Şəhid-ölümü ilə,
şair-ağrısı ilə yaddaşa qaynayıb-qovuşur».
Kaspi.-2014.-12-14 iyul.-S.14.