Roman yazmaq xətrinə uzun əhvalatlar
danışmaq istəmirəm
Samir Sədaqətoğlu: «Bizim tamaşaçılarımız çox ayıq-sayıq tamaşaçıdır, hələ ki oxucularımız tamaşaçılarımız səviyyəsində deyil»
Samir Sədaqətoğlu 2004-cü ildə Yeni Yazarlar və Sənətçilər Qurumunun “Yeni nəsil yazarı” nominasiyasının qalibi olmuş “İtən vaxt” kitabının müəllifidir. S.Sədaqətoğlu 2001-ci ildə çap olunmuş hekayələrinə görə Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc nasiri” və Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına “Uğur” mükafatlarını alıb. 2002-ci ildə Bakı Dövlət Kamera teatrında Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “İtən vaxt” əsəri IV Respublika Monotamaşalar Festivalında xüsusi mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür.
– İlk baxışdan ədəbi fəaliyyətiniz kənardan elə görünür ki, gah bir müddətə fəallaşırsınız, gah da geri çəkilirsiniz. Bu “qabarma və çəkilmə”ləri “Sənət qəzeti”ndəki fəaliyyətinizə də aid etmək olar. İstərdim söhbətimizə elə bu “qabarma və çəkilmə”lərin səbəbindən başlayaq.
– “Sənət qəzeti” artıq tarixdir. Pis-yaxşı biz orada özü sözümüzü dedik. Mən bir də bu keçilmiş mərhələyə qayıtmaq niyyətində deyiləm. Və yəqin ki, “Sənət qəzeti” bir daha nəşr olunmayacaq. Digər tərəfdən isə düşünürəm ki, hər bir insan öz işiylə diqqət mərkəzində olmalıdır. Ortada nəsə bir iş olmadan görünməyi sevmirəm. Hazırda çoxlu çap olunmamış yazılarım, pyeslərim var. Onların bəziləri 5-6 il əvvəl yazılıb, amma çap etdirmək həvəsində olmamışam. Çap problemim yoxdur, düşünürəm hər hansı pyes çap olunmaqdansa, səhnələşdirilsə daha yaxşıdır. Yəni mən hər zaman işimlə ortalıqda olmaq istəyirəm, yoxsa tez-tez boş-boş açıqlamalar verib gündəmdə qalmağın nə mənası var?
– Bir dramaturq kimi seriallarımızın arzu olunan səviyyəyə çatması üçün nələr etməyə ehtiyac var?
– Xarici ölkələrdən fərqli olaraq Azərbaycanda teleserialların çəkilməsinə dövlət maliyyə ayırır. Bu çox yaxşı haldır, mən buna görə dövlətimizə, onun rəhbərliyinə təşəkkür edirəm. Onlar da bu köməyi Azərbaycan kino sənətinin, dilimizin, mədəniyyətimizin inkişafı üçün edirlər. Bizim tamaşaçılarımız çox ayıq-sayıq tamaşaçıdır, hələ ki oxucularımız tamaşaçılarımız səviyyəsində deyil. Çünki televiziya elədir ki, zorən insanların evinə girir. Bizim tamaşaçının müqayisə etmək imkanları var. Ən azı Rusiyada, Türkiyədə çəkilən teleseriallara baxan Azərbaycan tamaşaçısı bizim seriallarla onların işləri arasındakı fərqi görür və müqayisə apara bilir. Ancaq oxucularımızın çoxunun dünya ədəbiyyatında gedən proseslərdən xəbəri yoxdur, bu mənada tamaşaçılarımız oxucularımızdan daha informasiyalıdır və onları təəccübləndirmək, tələblərinə cavab vermək daha çətindir. Məsələn, bu gün Azərbaycanda mafiya barədə teleseriallar çəkilir, tamaşaçılarsa “Kurtlar Vadisi”ni izləyiblər. Təbii ki, “Kurtlar Vadisi”nə baxmış adam yerli istehsalı bəyənməyəcək. Biz mafiya haqqında o zaman teleserial çəkə bilərik ki, o ya “Kurtlar Vadisi”ndən daha maraqlı, orijinal, ya da heç olmasa onun səviyyəsində olsun.
Bundan başqa, bəzən çəkilən
teleseraillarda mövzu seçimləri düzgün olmur,
aktyorlar var ki, ancaq sözləri əzbərləyib oxuyur,
oyunlarında heç bir hiss-həyəcan yoxdur. Yaxud
rejissorlarımız hadisə yox, əhvalat çəkirlər.
Hadisə olmayanda da dinamika olmur. Teleserial elə olmalıdır ki, tamaşaçı
ekrandan bircə an da gözünü
çəkə bilməsin. Əgər seriala
baxarkən tamaşaçı özünü “rahat” hiss eləyirsə,
həyəcan və əsəb keçirmirsə, gərginlik
içində deyilsə, deməli, uğursuzluq
qaçılmazdır. Amma nəzərə
almaq lazımdır ki, Azərbaycanda bu sahə 2-3 ildir fəaliyyət
göstərir. İş olan yerdə
nöqsan da olar. İnsanların əməyini
dəyərləndirmək, onlara dəstək olmaq
lazımdı. Tədricən hər
şey yoluna düşəcək. Qardaş
Türkiyə təcrübəsi göstərdi ki, illər
ötdükcə bu sahədə qazanılan uğurlarla beynəlxalq
arenaya çıxmaq mümkündür. Sizə belə
bir sual verim: İlk yazdığınız şeirlərlə
indikilərin səviyyəsi eynidirmi?
– Xeyr.
–
Teleseriallar da belədir, yazıldıqca, çəkildikcə
püxtələşəcəyik, təcrübəmiz
artacaq.
–
Teleserial ssenarilərinə görə aldığınız
əmək haqqı sizi qane edirmi? Bu sahəni də
“ucuz ət” məsələsinə çevirmək istəyənlər
varmı?
– Bu, bir qədər
həssas və ağrılı məsələdir. Rejissorlar
istəyirlər ki, az pula yazan ssenaristlərlə
işləsinlər. Ucuz ətinsə
şorbası olmur. Mən qəpik-quruşa
ssenari yazmıram və bunun əleyhinəyəm.
Yaxşı iş, reytinq istəyirlər,
amma yaxşı pul vermək istəmirlər. Bir
seriyaya 200-250 manat təklif edirlər, o pula mən heç
vaxt ssenari yazmaram. O işi görməkdənsə
saytların hansındasa redaktor işləməyi üstün
tutaram. Ancaq bir məsələ də var ki, həmin o 200-250
manatı almaq üçün min yolla minnətçi
düşən adamlar da az deyil və nəticədə
də meydana keyfiyyətsiz işlər çıxır.
– “Həbsxanada
bayram” pyesinizi oxudum, çox bəyəndim, oliqarxların
teatrları hörümçək toru kimi
bürüdüyü dövrdə, sizin bu pyesiniz heç bir
bədii xüsusiyyətinə görə onlarınkından
geri qalmır, əksinə dinamizmi, obrazların
canlılığı, konfliktin sonacan qorunması və s. cəhətdən
də üstünlükləri göz önündədir. Amma pyesləriniz nadir hallarda teatr səhnələrində
görünür. Buna səbəb nədir,
teatr rəhbərləri ilə münasibətləriniz
pisdir, yoxsa əsərlərinizin səhnələşdirilməsi
üçün təşəbbüs göstərmirsiniz?
– Gəlin açıq
danışaq. Bu gün teatr xadimlərinə təqaüdlər
kəsilir, teatrların binaları təmir olunur, ölkə rəhbəri
fəxri adlar verir, dövlətin dəstəyi ilə müxtəlif
müsabiqələr, festivallar keçirilir. Yəni dövlət əlindən gələni edir.
Problemləri yaradansa aidiyyatı qurumlarda
çalışan məmurlardır. Azərbaycanda
teatr sahəsində ən böyük problem teatr
direktorlarından başlayır. Teatr
direktorlarının pyes zövqü balıq kimi
sürüşkəndir, mən hələ də o
“balığı” əldə saxlamaq üçün onun
harasından yapışmaq lazımdır deyə düşünürəm,
amma cavab tapa bilmirəm. Adətən, teatr
direktorları özlərini sığortalamaq
üçün hansısa bir əcnəbi dramaturqun pyesini,
bir-iki Azərbaycan klassikinin əsərini repertuara daxil edirlər.
Yerdə qalanlarsa hansısa tanışlıqla
və ya maraqlar çərçivəsində səhnələşdirilən
əsərlər olur. Aktyorlar da
narazılıq edir ki, obraz, xarakter yoxdur. Hansısa
tanışlıqla, nəyə görəsə səhnəyə
qoyulmuş əsərdə hansı xarakterdən söhbət
gedə bilər? Məsələn, bir pyesim haqda Azərbaycanın
tanınmış rejissorlarından biri dedi ki, əla əsərdir,
filan direktor qəbul eləsə, məmnuniyyətlə səhnələşdirərəm.
Direktor da oxudu, bəyəndi, bir neçə dəfə
də bu işdən ötrü həmin teatra gedib-gəldim.
Teatr direktoru nəhayətdə dedi ki, sən bu əsərin
xərcini çək, biz bunu səhnəyə qoyaq. Bir daha o teatra üz tutmadım. Bir dəfə
də gördüm ki, müsahibə verib deyir: bizim gənc
dramaturqlarımız yoxdur, teatrda müasir həyatı əks
etdirən əsərlər tapılmır, yazın, gətirin,
bizim teatrın qapısı hər bir dramaturqun üzünə
açıqdır və s. Özü də elə
işıqlı, nurani bir sifətlə
danışırdı ki, məəttəl qaldım. Amma
yaxşı adamlar da var, bu yaxınlarda bir nəfər dedi ki,
sənin bir əsərini səhnələşdirmək istəyirik.
Belə hallarla rastlaşanda adam həqiqətən
də sevinir, ümidlənir.
– Bəs
bu cür riyakarlar və xeyirxahlar arasında
yazıçı kimi yorulmursunuz?
– Bəzən
bezirəm. İndi işıqlı adamlar çox azalıb,
ona görə də həyat sanki bir az
boz, qaranlıq görünür. Az da olsa
xeyirxah adamların olması çox yaxşıdır, əks
təqdirdə həyat daha da zülmət olardı. Amma mən həmişə inanmışam ki, gələcək
daha yaxşı olacaq. Yaradıcı insan
üçün istedad, zəhmət, şans əsas amillərdir.
Şanslı olmasam da, həmişə
inamlı olmuşam və bir çətinlik olanda da
düşünmüşəm ki, bunu da aşacam,
çünki işıqlı adamlara güvənmişəm.
Bilirsiniz, insan hələ doğulmamışdan
onun qarşısını kəsəcək bəzi divarlar
mövcud olur. Sonra insan özü
münasibətiylə, xarakteriylə bilərəkdən, ya
bilməyərəkdən öz qarşısında bəzi
divarlar “hörməyə” başlayır. Və
sonra da ömrü boyu o divarları yarıb keçməklə,
özünə yol açmaqla məşğul olur. Kimlərsə bu divarları aşıb keçir,
kimlərsə həmin divarlar qarşısında aciz
qalır. Bu, dünya yaranandan belə olub.
Hər insanın içində bir istedad, bir qəhrəman
var. Yalnız içindəki o istedadı reallaşdıra bilənlər
son nəticədə qalib gəlir, vətəni, xalqı
üçün elə işlər görürlər ki, əsl
qəhrəmana çevrilirlər.
– Şeir, hekayə və pyeslər yazırsınız. Müxtəlif
janrlarda yazmağınız, hansısa vahid istiqamətdə
peşəkarlaşmağınıza mane olmur ki?
– Yazarkən
qarşıma məqsəd qoymuram ki, şeir, hekayə, ya pyes
yazacağam. Heç bir əsəri hansısa
janrda yazmağı mən müəyyən etmirəm. Mövzu özü əsərin janrını diktə
edir. Məsələn, yol gedə-gedə
içimdə şeir doğur, mən onu beynimdəcə əzbərləyirəm
və evə gedib köçürürəm. Elə əsərlərim var ki, onların
süjetini yuxuda görmüşəm və oyanıb yazmışam.
Yaxud elə olmuş hadisələr var ki, 10 ildən
sonra yazıya çevrilib. Müxtəlif
janrlarda yazmaq isə qətiyyən peşəkarlığa
mane olmur, çünki yazacağım janrı mən müəyyənləşdirmirəm,
bir daha təkrar edirəm, bunu mövzu özü müəyyən
edir.
– Amma nəsr haqqında belə
plansızlıq, məncə, çox da uyğun deyil...
– “İlan ağzından
çıxan” adlı bir hekayəm var. Bir dəfə
güclü yağış yağırdı, takisylə yol
gedirdim, sürücü dedi ki, evdə ilan saxlayıram və
bu haqda uzun-uzadı danışmağa başladı. Onun danışdığı əhvalatdan illər
sonra bu hekayəni yazdım. Mövzu
özü mənə diktə etdi ki, məni hekayə kimi
yaz, pyes kimi yox. Düzdür, bütün
qələmə aldığım proza və dram əsərlərinin
mövzusu, ideyası, bəzən illərlə içimdə
arıtlanır, təmizlənir, ətə-qana dolur, sonra
günün birində qəfildən yazıya çevrilmək
istəyir. Bax, onda oturub bir nəfəsə
yazıram. Amma sualınıza cavab olaraq
deyim ki, bütün bunlara baxmayaraq yazdığı mətn,
yaratdığı obrazlar üzərində hökmranlıq
edən yazıçıları sevmirəm, çünki
yazıçı idarə müdiri deyil əlinin altındakılara
göstəriş versin, ona görə də sizin dediyiniz
planla yaza bilmirəm.
– Elə əsəriniz
varmı ki, həm proza, həm də pyes kimi yazasınız?
– Hə, olub. “Ölüyaran” adlı bir povestim var, sonradan o əsəri pyes kimi də işlədim. Bir ölüyaran dostum var idi, həmişə onu danışdırırdım, suallar verib nələrsə öyrənirdim. Bir gün çox sual verdiyimi görüb dedi ki, birdən yazarsan ha, mənim adım-zadım olar, qətiyyən istəmirəm. Onu sakitləşdirdim. Sonralar yazıb həmin əsəri hazır variantda ona verdim, oxuyub heyrət elədi. Sonra bir təklif oldu, həmin hekayəni “Yaşamaqdan yorulmaq” adlı pyes kimi işlədim.
– Pyes yazanda dramaturq həm də yaratdığı obrazları səhnədə canlandıracaq aktyor potensialını nəzərə alır. Sanki yaratdığı obrazlar da dramaturqu idarə edir.
– Bayaq da dedim, yazar mövzunu idarə eləmir. Təbii ki, içimdə daxili bir senzura olur, amma o senzura mətni yönləndirmir. Dramaturji əsərdə nəsr əsərindən fərqli olaraq heç bir obraz elə-belə yaranmır, heç bir hadisə elə-belə baş vermir və heç bir hadisənin, obrazın adını çəkib üstündən keçə bilməzsən. Dramaturq əsərdəki bütün obrazları bir-bir həyatın süzgəcindən keçirib xarakter kimi tamaşaçıya təqdim eləməlidir. Ona görə də bəzən yaratdığım obrazlar mənim nəzərdə tutmadığım həyatı yaşamalı olurlar. Mən sadəcə yazıram, seyr edirəm, onların şəxsi həyatına heç bir müdaxilə etmirəm.
– Nə əcəb indiyəcən romanınız çap olunmayıb, roman bumuna öz töhfənizi verməmisiniz? (gülürük)
– Bizdə yalnız bum var, roman isə demək olar ki, yoxdur. İnsanların əməyini yerə vurmaq istəmirəm, amma təəssüf ki, gündə bizə roman kimi təqdim olunanların çoxunun bu janra heç bir aidiyyatı yoxdur. Bir çoxlarından fərqli olaraq uzun bir əhvalat yazıb adını roman qoymaq istəmirəm. Yoxsa mənim də indiyə 5-6 romanım çap olunardı. Bir romanım var, amma müəyyən səbəblərə görə onu çap etdirmək niyyətində deyiləm. Yenə deyirəm, bu gün Azərbaycanda roman adına təqdim edilən əsərlərin çoxu roman deyil, uzun əhvalatdır. Əhvalatçılığın prozaya heç bir aidiyyatı yoxdur. Yəqin siz də rast gəlmisiniz, elə insanlar var, başlarına gələn əhvalatları o qədər maraqlı şəkildə danışırlar ki, adamlar cınqırını çıxarmadan, nəfəs dərmədən saatlarla onları dinləyirlər. Amma nə həmin adama yazıçı, nə də onun danışdığı əhvalatları olduğu kimi qələmə alıb adına proza demək olar. Yazıçı ilə əhvalat danışan adamın arasında fərq olmalıdır. Bax, o fərq ədəbi mətndir, bax, o fərq ədəbiyyatdır. Əgər nə vaxtsa mövzu diktə etsə, mən o mövzunu ürək genişliylə, cani-dildən roman kimi yazacağam. Amma mən hazırkı durumda bir çox dostlarımızdan fərqli olaraq dəbə uyub roman yazmaq xətrinə o cür uzun əhvalatlar danışmaq istəmirəm.
Fərid
Hüseyn
Kaspi.-2014.-12-14 iyul.-S.11.