Kəpənək ruhlu Xanım...

 

Telli Pənahqızı

 

Əvvəlcə pəncərəni döydülər, sonra addım səsləri qapıya yaxınlaşdı, gələn adam kim idisə bu dəfə israrla qapını döyəclədi:

 

- Xanım Qafarova, Xanım...

 

Yuxulu olsa da adını ikinci dəfə eşidəndə onu gülmək tutdu.

 

- Bu yazıq adam necə çağırsın məni e, ay Xanım xanım...

 

Yerindən necə sıçrayıb qalxdısa, başı az qala tavana dəyəcəkdi. Qızı ondan qabaq oyanmışdı, dodaqlarını büzüb təlaşla qapıya sarı boylanırdı.

 

Qapını açdı. Astanada dayanmış iki cavan oğlanı görəndə çaşdı, balaca həyətə, anası ilə bacısının yaşadığı yöndəmsiz daxmanın yellənən tənzif pərdələrinə baxdı:

 

- Kimi istəyirsiniz, ay bala, olub?

 

Gələnlər qarşılarındakı qadını görüb bir anlıq duruxdular, sonra nisbətən yaşlısı onun həyəcanına son qoymaq üçün tələsik dilləndi:

 

- Sabahınız xeyir olsun, Xanım...- bir azca pauza verdi ani olaraq da müraciətini tamamladı, -Xanım bacı,- narahat olmayın, biz tikinti şirkətindən gəlmişik. Bizim rəhbərlərimiz yenicə istifadəyə verilən binada sizin ailə üçün iki otaqlı mənzil ayırıb, bu da dediklərimizin təsdiqi olan məktub ünvan. vaxt istəsəniz, buyurun, gəlin, mənzili özünüz seçin!

 

-Ay Allah, sənə qurban olum, min şükür, min şükür ki, dualarımı eşitdin, sənə minnətdaram Allahım!

 

Gözünü əlində tutduğu kağızdan ayıra bilmirdi, qarşısındakı adamları da unutmuşdu sanki, elə hey "Ay Allah, Ay Allah, sənə şükür, balam mən çəkən zülmü çəkməyəcək, bu girdabdan qurtaracaq!"-deyirdi.

 

Arxadan ayaqlarını qucaqlayan qızı soruşdu:

 

-Sən kiminlə danışırsan, ay mama?

 

Xanım başını qaldıranda qarşısında heç kəs yox idi, amma əlində iri bir zərf vardı...

 

-Ay Allah...- gör e, heç o gələnlərə təşəkkür eləyə bilmədim, ay Allah...

 

- Xanım bacı...- bax, biz gəlmişik, açsana gözlərini - bu dəfə qapını döyən yox idi, səs onun qulağının dibindəcə eşidilirdi,- məni duyursanmı?

 

Güc-bəla gözlərini açdı. Başının üstündə yenə o alçaq tavanı, yan-yörəsində xeyli adam gördü, çoxusu heç tanış gəlmirdi ona.

 

Quş kimi yüngül olmuşdu, heç yanı ağrımırdı, ancaq niyə uzanmışdı, niyə bu insanlar bu qədər kədərli idi, niyə hər kəs onun gözünün içinə baxmağa ürək eləmirdi? Məktub tutan ovcunu elə bərk-bərk sıxmışdı ki...

 

Qadınlardan biri hər kəsdən daha ucadan danışırdı:

 

-Xanım bacı, hazırlaş, Heydər Əliyev Fondu səni İsrailə göndərir, şəxsən Mehriban xanım sənin bütün müalicə xərclərini öz üstünə götürüb.

 

Ovcunda bərk-bərk sıxdığı bir parça kağızı yuxarı qaldırıb:

 

-Mənə olub ki, mənim heç yanım ağrımır, bircə ev sarıdan narahatlığım vardı, o da düzəldi. Bəs indicə şirkətin məktubunu gətirən oğlanları görmədiniz? Heç tanımadığım bir xeyirxah insan, Allah ondan razı olsun, mənə məktub göndərib, bizə təzə ev veriblər - demək istədi, amma səsi çıxmadı.

 

Bu nədir, niyə danışa bilmir, bu adamlar niyə onun onsuz da bürküdən boğulan hücrəsinin havasını öz hüznlü ah-ufları ilə bir az da ağırlaşdırırlar?

 

- Xanım bacı, mənəm Qənirə Paşayeva, məni tanımadın?

 

Özünə gəldi. Beynindəki ağırlıq bir andaca səngidi, ağır-ağır nəfəs alsa da huşu özünə qayıtmışdı. Barmaqları bir-birinə necə kilidlənmişdisə, indi məktub saxladığı ovcunu aça bilmirdi.

 

Səsini özündən başqa eşidən olmadı, güclə danışırdı:

 

- Tanımaz olarammı? Sən mənə bacı oldun, Qənirə xanım. Mehriban xanım məni müalicə üçün Türkiyəyə göndərəndə, yanımdan ayrılmayan, əlimi tutan, mənə ürək-dirək verənlərdən biri sən idin. O tutduğun əli heç buraxmadın ki... Ayaq üstə niyə dayanmısan? Ay ana, ona stul verin, əyləşsin! Axı Qənirə xanım da, məni Türkiyəyə müalicəyə yola salandan sonra bu ev dediyimiz daxmanı təmir edib, qab-qacaqdan mebeləcən hər şeyi təzələyən Əliqismət Lalayev , məni tək qoymayan dostlarım da bu evin əziz qonaqlarıdı. Ay Allah, məni övladıma, ailəmə, anama qovuşduran yuxarıda sən, yerdə onlar oldular, yoxsa ...

 

Qənirə xanım da, balaca otaqda bir-birinə sığınıb onun dediyi rabitəsiz sözlərdən cümlə qurmağa çalışanlar da, yalnız "Ya Allah!" kəlməsini aydıca duyurdular, eşitdiklərisə ancaq titrəyən dodaqlardan çıxan zəif bir inilti idi.

 

Bir vaxtlar səhnələr yaraşığı, gözəlliyi ilə çoxlarını heyran edən, həsəd sevgi ünvanına çevrilən, amma özününsə ən böyük sevgisi yalnız yalnız teatra olan Xanım Qafarova indi iki gün əvvəl eşitdiyi xəbərdən son ümid, son günəc yeri kimi ikiəlli yapışmışdı. Ölkənin birinci xanımı Mehriban Əliyeva sənətkarın vəziyyətinin yenidən ağırlaşdığını duyar-duymaz onu İsrailə-bu amansız xəstəliklə çarpışanların son ümid yeri sayılan ölkənin ən məşhur klinikalarından birinə göndərmək üçün hazırlıqlara başlanmasına dair göstəriş vermişdi. İndi hər şey xəstənin iradəsindən, gücündən, dözümündən, bircəcik övladının gələcəyi naminə dirənməsindən, mübarizə əzmini itirməməsindən, bir ki... bəli, Uca Yaradanın qədərindən, qismətindən asılıydı! Son söz, son hökm Onunuydu!

 

Yol üstündə idi, Xanım Qafarova! Ev dediyi bu evciyə, onunla vidalaşmağa gələnlərin hamısı bilirdi ki, artıq gecdir! Ancaq heç kəs bu məşum kəlməni dilə gətirmək, o son ümid bağlarını qırmaq, özünü bu dəhşətli gerçəkliyə inandırmaq istəmirdi. Hamı ümidlə bir "bəlkənin, bir möcüzənin ətəyindən yapışacaq" dərəcədə özünü təmkinli aparırdı. Anasından, dünyaya indi onun gözləri ilə baxan bimar bacısından bir "tez ol, sağal, sentyabrda məni birinci sinfə özün apar, hamının bağçaya gələn anası cavandır, mənsə qoca nənəmlə gedib gəlirəm. İstəyirəm ki, sən mənim əlimdən tutub məktəbə aparasan. Bax, sən gəlməsən, mən getməyəcəm məktəbə!" - deyən küsəyən, inadkar qızcığazdan başqa, hər kəs hiss edirdi ki, Əcəl zəngi çalınır, son mənzilə gedən Karvanın hüzn dolu qəfiləsinin addım səsləri eşidilir...

 

Dikəldi...Yumruğunda saxladığını hər kəsə göstərmək istədi. Bu cəhdi boşa çıxdı. Birdən kimsə onun buza dönmüş əl barmaqlarını sığalladı. Qəribə idi, o boyda zərfi heç kəs görmürdümü?

 

Bütün gücünü toplayıb iri gözlərini bir qədər geniş açdı həmişə qızının oturub ona baxdığı səmtə boylandı. Uşaq yerində yox idi. Bütün bədəni gərildi, üzünün əzələləri titrədi, gözlərinə qaranlıq çökdü.

 

Bayaqdan bəri məhrəm-məhrəm onun ovcunu sığallayıb, tezliklə şəfa tapacağını, yenidən sağlığına qovuşacağını söyləyən səs xəstənin sozalan gözlərinə, Əzraillə çəkişən canına, cismini tərk etməyə çətinlik çəkən nigaran ruhuna son təsəlli kimi ucadan dilləndi:

 

-Xanım bacı, sən heç narahat olma, rahat get, müalicəni al, sənin övladın bizə əmanətdir, bu qədər dostların var, səni sevənlər var, kollektivin var, əzizlərin var! Qorxma, sənin balanı tək qoymayacağıq. İndicə mənə xəbər verdilər ki, Heydər Əliyev Fondu sənin qızının gələcəyini də təminat altına alıb, onu oxudacaq, ona sahib çıxacaq, uşağının da, ailənin də bütün məsrəflərini qarşılayacaq.

 

Bayaqdan bəri çəkişən gözləri alçaq tavana zilləndi, aylardan bəri onu amana çəkən ağrıları yoxa çıxdı, ağappaq bir nur sifətini işıqlandırdı. Son dəfə dodaqları "Ya Allah!"-pıçıldadı...

 

Balaca daxmanın kiçik pəncərəsinə qonan mavi xallı bir kəpənək qanadlarını çırpıb uçdu...

 

...Onun bərk-bərk sıxılmış ovcunda dırnaqlarının açdığı qançırdan başqa heçyox idi ...

 

-Qaldırın!- kiminsə, gur səslə verdiyi bu əmr, bayaqdan bəri vay-şüvən qoparan qadınların səsini bircə anlıq batırdı. Cavanlar hər iki tərəfdən üzü-üzlər, qoltuğu əllər, kürəyi çiyinlər görmüş köhnə tabutu bir gözqırpımındaca yerdən götürdülər. Küçə boyu lap tamaşa salonundakı kimi bir-birinin ardınca sıralanmış adamlar əl çaldılar. Bu alqış səsləri ta insan karvanı qara maşına çatanacan səngimədi.

 

Amma o heç qımıldanmadı da... Onun indiyədək heç vaxt öz tamaşaçısına bu boyda sayğısızlıq və diqqətsizlik göstərdiyini duyan, görən olmamışdı. O ilkson dəfə səhnə önünə çıxıb baş əymədi, bu alqışlara, bu sevgiyə görə təşəkkür eləmədi, eləyə bilmədi.

O son kərə narıncı xaraya bürünmüş sənhədən tamaşaçılarına-küçə boyu onu alqışlarla son mənzilinə yola salanlara təzim eləmədi! Eləcə cavan həmkarlarının izdehamın önündə apardıqları şəkilindəki sehirli təbəssümü ilə ğülümsündü, sonra da nigaran baxışları ilə cərgələr arasında körpəsini axtardı, ancaq qızcığaz orada da yox idi. O da nigaran-nigaran hər kəsin başı üstündən harasa uzaqlara, bayaq onun kiçik, dam-dar qəfəsi xatırladan daxmasının pəncərəsindən içəri boylananbir andaca havalanıb uçan qanadları xallı kəpənəyin-ruhunun gözdən itdiyi mas-mavi göylərə sarı boylandı....

 

Kaspi.-2014.-15 iyul.-S.10.