Peşəkar jurnalist, dəyərli insan
İbrahim Məmmədov - 50
İyul ayının 16-da tanınmış
teleaparıcı, siyasi
şərhçi, Azərbaycanın
“Əməkdar jurnalisti”,
ən əsası isə gözəl insan İbrahim Məmmədovun doğum günüdür. O, 1964-cü ilin
bu günündə Zərdab rayonunda anadan olub, sonradan
ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Göyçayda orta məktəbdə
təhsil almağa başlayıb. Uşaqlığı
və yeniyetməliyi burada keçən İ.Məmmədov orta məktəbi müvəffəqiyyətlə
bitirərək, ali təhsil almaq üçün sənədlərini N.Tusi
adına Pedaqoji Universitetinə verib. İmtahanlardan uğurla keçərək
tələbə adını
qazanıb. Gənclik və
tələbəlik illərini
oxumağa, öyrənməyə
həsr edərək universitetin tarix-hüquq ixtisasını fərqlənmə
diplomu ilə bitirib.
Müstəqil həyata vəsiqə qazanaraq əmək fəaliyyətinə başlayıb. Ölkəmizin müxtəlif media qurumlarında,
o cümlədən “Azadlıq”
qəzetində, “Space” və
ANS telekanallarında çalışıb.
İ.Məmmədov ən böyük
nailiyyətlərə də
televiziya sahəsində
işləyərkən imza
atıb. O, 2006-cı ildən
indiyədək Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyətində
İctimai-siyasi proqramlar
baş redaksiyasının
baş redaktoru vəzifəsində çalışıb.
Hal-hazırda Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətində sədr
müavini və İctimai-siyasi proqramlar redaksiyasının baş
redaktoru vəzifəsində
fəaliyyətini davam
etdirir. Bu redaksiyada İ.Məmmədovun
müəllifi və aparıcısı olduğu
“Həftə” analitik informasiya proqramı hazırlanır. Proqram Azərbaycanın
ictimai-siyası həyatında,
eləcə də dünyada baş verən ən mühüm hadisələrə
həsr olunur. Bundan başqa, redaksiyada “Günün nəbzi”, “Əsas məsələ”, “Bizim
planet”, “Kənd saatı”,
“Keyfiyyət möhürü”
verilişləri də
hazırlanır.
İ.Məmmədov baş redaktor olmaqla yanaşı, öz ssenarisi əsasında müxtəlif
sənədli filmlərə
də müəllifik
edib. O, ümummilli lider
Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs
edən “Liderlik missiyası” adlı üçhissəli sənədli
filmi ərsəyə
gətirməklə, Azərbaycan
teleməkanında yeniliyə
imza atıb. Bu filmin çəkilişləri
Azərbaycanla birlikdə
Rusiya, ABŞ, Fransa və digər ölkələrdə aparılıb.
Filmdə tarixi şəxsiyyət,
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi
şərəfli ömür
yolu dəyərli faktlarla tamaşaçılara
çatdırılıb.
Onun redaktorluğu, ssenari müəllifliyi və aparıcılığı ilə
Azərbaycan Dövlət
Televiziyasında ərsəyə
gətirilən “Sovet imperiyasının gizlinlərı:
Qriqoryanın işi” sənədli filmi isə erməni dezinformasiyanın qarşısının
alınmasına, Sumqayıt
hadisələrinin əsl
mahiyyətinin açılmasına
xidmət edən sanballı ekran əsəridir. 3 saat
15 dəqiqəlik bu filmdə 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri ətraflı
araşdırılıb. Şahid və zərərçəkmişlərin çıxışları ilə
yanaşı, sənədli
ekran əsərində
istefada olan polkovnik leytenant, 1954-cü
ildən DTK-da işləyən Yuri Stepanoviç
Qalasilkin, 1988-1992-ci illərdə
Sumqayıt şəhər
icraiyyə komitəsi
sədrinin birinci müavini işləmiş
Əli Həsənov,
istefada olan general,
1969-1991-ci illərdə SSRİ DTK-nın 5-ci idarəsinin, siyasi əks-kəşfiyyatın
rəisi Filip Bobkov, DTK-nın Sumqayıt şöbəsinin
keçmiş əməkdaşları
Asif Cəbrayılov, Hacıəli Hacıəliyev,
SSRİ Prokurorluğunun mühüm
işlər üzrə
müstəntiqi işləmiş
Vladimir İvanoviç Kaliniçenko,
1988-ci ildə SSRİ Prokurorluğunun
istintaq qrupunun üzvü olan Niyazi Vəlixanov,
1986-1990-ci illərdə Sov
İKP MK-nın milli məsələlər üzrə
katibi olan Aleksandr Yakovlev, 1988-ci ildə cinayətkar qrupun məhkəmə prosesinin hakimi Mənsur İbayev və o zaman dövlət ittihamını
müdafiə edən
Aslan İsmayılovun
fikirlərinə də
geniş yer verilib. Filmin hazırlanması prosesində 34 cilddən ibarət cinayət işi bütün xırdalıqlarına qədər
öyrənilib və
təhlil edilib, AzTV-nin, MTN-in arxiv materiallarından istifadə
olunub. Cinayət işləri və
arxiv sənədləri
əsasında 1988-ci ildə
Sumqayıt şəhərində
baş vermiş talanların Ermənistanın
millətçi dairələri,
Mixail Qorbaçov və yaxın ətrafı, sovet DTK-sı tərəfindən
hazırlanmış təxribat
olduğu tam sübuta
yetirilib.
Məhz buna görə, Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə televiziya nominasiyası üzrə AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İ.Məmmədov “Humay” mükafatına layiq görülüb. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti isə xüsusi diplomla təltif edilib.
Bundan başqa İ.Məmmədov Prezident İlham Əliyevə həsr olunmuş “Böyük yolun davamçısı”, qədim dövrlərdən bu günə kimi Azərbaycan bayraqlarının tarixindən bəhs edən “Yüksəlişə üçrəngli yol” sənədli ekran əsərlərinin müəllifidir. O, eyni zamanda AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının hazırladığı “Birinci respublika” “Atatürk”, “Üç min illik təhsil”, “Döyüşlərdən doğulmuş şəhər” və digər sənədli filmlərin redaktorudur.
Bu gün ömrünün 50 ilini arxada qoyan İ.Məmmədovun adı çəkiləndə onun rəhbərlik etdiyi kollektivin gözləri önündə – “Biz öncə həmkar, iş yoldaşıyıq, sonra isə vəzifə bölgüsü gəlir”, “Mənim ən böyük statusum jurnalist olmağımdır” – deyən peşəkar jurnalist, həftənin 7 günü iş başında olan dəyərli ziyalı təsəvvürü canlanır. Onu daha yaxından tanıyanlar üçün isə İ.Məmmədov həm də sözün əsl mənasında Böyük İnsandır! O, statusundan asılı olmayaraq, İnsana, İnsanlığa dəyər verən, hamıya hörmətlə yanaşan, özünə inam yaradan, güvən verən, “sən bunu etməyə qadirsən, sən bunu bacaracaqsan” – deyən, Ədalətli, Vicdanlı, Xeyirxah, Doğru, Dürüst bir İnsandır! Onun qəbul günləri, filan yoxdur. Qapısı hər kəsin üzünə açıqdır.
«Kaspi» qəzetinin kollektivi əməkdar jurnalist İbrahim Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Rufik İsmayılov
Kaspi.-2014.-16 iyul.-S.7.