«150 balla ali məktəbə gələn
adama təzədən əlifba öyrətmək
lazımdır»
Professor Əjdər
Ağayev: «Təhsil Strategiyası həyata keçirildikcə
bu qüsurlar tədricən aradan qalxacaq»
I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün iyulun 12-də keçirilən qəbul imtahanının nəticələri şagirdlərin bilik səviyyəsinin ötən illərdəkindən fərqlənmədiyini ortaya çıxardı. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər iki qrup üzrə müsabiqə şərtlərini dəyişərək keçid balını 150-ə endirib. Bəs görəsən nə üçün abituriyentlər əvvəldən elan olunan keçid balına qətiyyən yaxın düşə bilmirlər? Suallarımızı tanınmış təhsil eksperti, professor Əjdər Ağayev cavablandırır.
Necə
başlanğıc, elə də son...
- Əjdər müəllim, artıq hər il qəbul imtahanlarından sonra keçid ballarının endirilməsi az qala ənənə halını alıb. Sizcə dəyişməyən vəziyyət nəyi diktə edir?
- Bu cavab məntiqi mühakimə ilə bəllidir. Hələ də ali məktəbə yerlər planlı şəkildə – hansı ixtisasasa 50, hansınasa 100 nəfər verilir. Əgər nəzərdə tutulan əvvəlki balla qəbul keçirilsə, yerlər dolmur. Gərək keçid balı abituriyentlər tərəfindən ödənilsin ki, onlar keçsinlər. Ali məktəblərin ixtisaslar üzrə tələbə sayının normal olması vacib şərtlərdən biridir. Bunun müəllimlərin əməkhaqqına və universitetin nüfuzuna təsiri var. Ona görə də bəri başdan keçid balını endirirlər. Təbii ki, 250 bal yığıb keçə bilməyən abituriyent keçid balı 150-ə endiriləndə qəbul olunur və o yerlər dolması təmin olunur. Bunun başqa heç bir elmi, praktiki və keyfiyyət baxımından əhəmiyyəti yoxdur.
- Keçid
balının aşağı salınmasının hansısa
əks effekti ola bilərmi?
- Biz “keçid balı” deyəndə hər bir abituriyentin biliyinin keyfiyyət dərəcəsini nəzərdə tuturuq. Onların biliyi qazandığı ballarda ehtiva olunur. Əgər imtahan verəndən sonra abituriyentin bilik keyfiyyəti 500-600 bala müvafiq olsa, demək, bu keyfiyyətli bilikdir. Həmin biliklə ali məktəbə qəbul olubsa, onun oxuması da həmin baza üzərində olacaq. Amma ali məktəbə 150 balla gələndə onlara təzədən əlifba öyrətmək lazımdır. Müəllim də məcburdur ki, orta məktəb səviyyəsinə ensin, öyrətsin, ondan sonra tələbə o səviyyəyə qalxsın – buna da filan qədər vaxt gedəcək. Bu sahənin bir mütəxəssisi kimi qəbul ballarının aşağı endirilməsini məqbul hesab etmirəm. Bu, artıq ilk addımdan keyfiyyətsizliyin cığırını açır və bu cür səviyyə axıracan da gedəcək. Ali məktəbdə də o tələbəyə nisbi qiymət veriləcək. Beləcə o, məktəbi başa vuracaq. Bu başlanğıc son nöqtədə də keyfiyyətsiz, formal qiymətləndirməyə gətirib çıxaracaq.
- Sizcə, 150
keçid balı ilə ali məktəbə daxil olan
abituriyent necə mütəxəssis olacaq? Yəni onun kadr
kimi yetişəcəyinə ümid varmı?
- Gəlin belə götürəkə işə qəbul imtahanı verən 10 balı qazanmalıdır, ancaq 7-10 bal qazansa qəbul olunur. Orada bal endirmə yoxdur. Əgər ali məktəbə aşağı balla qəbul edib sonra da işə qəbulda 10 bal əvəzinə 5 bal toplayacaqsa, o, çöldə qalacaq. Yəni indidən onun uğursuzluğuna şərait yaradılır. Ona görə planlaşdırma elə aparılmalıdır ki, bu gün bir, sabah başqa bir söz deyilməsin. Ortada inam itir. İnsanın bir şeyə inamı yoxdursa, onun fəaliyyəti normal ola bilməz. Mən elə bir neçə gün bundan əvvəldən eşidirəm ki, abituriyentlər bir-birinə «narahat olmayın, keçid balları endiriləcək» - deyə təsəlli verirlər. Onlar da artıq başa düşürlər ki, burada qeyri-ciddi münasibətlər var. Bu münasibət təkcə biliyin səviyyəsizliyini meydana çıxartmır, həmçinin insanların xarakterində bütövlüyü, perspektivi dəqiq bilmək bacarığını pozur. Ona görə bu, psixoloji, intellektual cəhətdən ziyanlıdır. Ümumtəhsilin vəziyyəti bəllidir. Qəbul imtahanlarına qədər sınaq imtahanları keçirirlər. Həmin sınaq imtahanları bir növ “xəstəlik və səviyyə nədir?”- deyə diaqnoz qoyur. Ona uyğun da qəbul balları müəyyənləşdirilir. Əgər bu ballar da endirilirsə, onda bu insanlar nəylə məşğuldurlar? Niyə belə formal işləyir, təhsilə qeyri-ciddi münasibət göstərirlər? İnsanlar məsuliyyət daşımalıdırlar. Heç olmasa, vicdan məsuliyyəti daşımalıdırlar ki, bu qədər ictimai fikrin içində «kefim nə istəyir edirəm» deyilməməlidir. TQDK heç bir elmi əsası və xüsusi göstəriş olmadan, heç bir təlimatı nəzərə almadan, istədiyi formada imtahan keçirir və balları aşağı salır. Məsələn, iki fənn üzrə – Ana dili və riyaziyyat üzrə buraxılış imtahanları keçirir. Ancaq buraxılış imtahanlarının iki fənn üzrə keçirilməsi standartlara cavab vermir. Bunun özü yanlış mövqedir. Orada iki imtahan keçirir, burada isə qrupa dörd fənn salınır – bu, məntiqsizlikdir. Bunun kökündə təhsil elmindən xəbərsizlik, naşılıq dayanır.
150 bal «2» qiymətdir. Bu qiyməti alan uşaq
necə oxuya bilər? Təbii ki, oxuya bilməyəcək. Ali
məktəb də ödənişliyə keçibsə, həmin
ödənişdən pulların əldə ediləcəyini
gözləyir. Burada formal qiymət yazılması ehtiyacı
yaranır ki, pullar əldən çıxmasın. Beləliklə
də bizim gənclərimizin yüksək keyfiyyət
hazırlığı pozulur. Nəticədə, biz istedadlara
söykənməli oluruq. Onlar yüksək bal da toplayır və
instituta keçirlər. Ancaq bir və ya on
güllə bahar olmur. Biz istəyirik ki, cəmiyyətimizin
bütün insanları həm intellektual, həm mənəvi,
həm də münasibətlər mədəniyyəti,
dünyaya bələdçilik baxımından yüksək
olsunlar.
Biz iki il öncə ümumtəhsil məktəblərində
təhsilin keyfiyyətsizliyindən daha çox
danışırdıq. Bir ilə və ya beş
ilə keyfiyyət arta bilmir. Biz illərlə bu
haqda danışa-danışa müxtəlif nizamnamə
hazırlayır, imtahan edirik və s. Ancaq gedib məktəbin
içinə girmirik ki, orada nə var? Orada təhsil alan insanın hazırlığı və fəaliyyəti
necədir? İbtidai sinif müəlliminin səviyyəsi
aşağıdırsa, onun dərs dediyi şagird də o səviyyədə
orta məktəbə gəlib çıxacaq. Kompleks yanaşma olmalıdır ki, ibtidai sinif müəllimlərindən
başlayaraq yuxarı siniflərədək müəllimlərin
səviyyəsi ixtisasartırmalar, təlim məşğələləri,
müəyyən tapşırıqlarla qaldırılsın.
Hər şeyi müəllimdən başlamaq
lazımdır. Nə qüsurumuz olubsa,
keçib. İndi elə etmək lazımdır
ki, səviyyəni artıraq, insanlarımız bəsitlikdən,
avamlıqdan çıxsın. Təhsil
insanı həyata hazırlamalıdır. Tədrisin içindən gələn bu məsələlər
yüksək səviyyədə qurulmalıdır ki,
uşaqlarımız ayrı-ayrı mədəniyyət sahələrinə
baxışın necə olmalı olduğunu başa
düşsün. Dini münasibət məsələsini
götürək. Buradan gedib Suriyada
vuruşurlar. Bu, onu göstərir ki, məktəb
həmin adamda boşluq yaradıb. Ürək
boş olanda onu nəyləsə doldurmaq istəyirsən.
Demək, məktəb onunla məşğul
olmayıb, şəhidlərimizi tanıtmayıb, mədəniyyətimizdən
dərs keçməyib, ədəbiyyatımızı
öyrətməyib. Hər şeyin
kökü məktəbdən gəlir.
Repetitorluq məktəbinin nəticələri
- TQDK sədri
hər il açıqlamasında test
imtahanlarına salınan sualların kifayət qədər
asan olduğunu deyir. Ancaq həm müəllimlər,
həm şagirdlər, həm də valideynlər sualların
çətinliyindən şikayətlənirlər. Sizcə, hansı fikirdə həqiqət var?
- Mən
ötən illərdə suallara baxıb təhlil etmişdim.
Dolaşıq, məntiqsiz suallar vardı. Ali məktəbə qəbul imtahanının
sualları orta məktəbin son buraxılış sinfinin
proqramı üzrə qurulmalıdır. Həqiqətən
də qəbul imtahanlarında elə suallar qoyulur ki, onlar orta
məktəbdə keçilməyib. Orta məktəbdə
keçirilməyən sualları TQDK ilə əlaqə
saxlayan repetitorlar bilirlər və onlar repetitorluq vasitəsilə
öz şagirdlərinə çatdırırlar. Həmin şagirdlər də üstünlük
qazanır. Ancaq əlavə
hazırlığa getməyən və ya oradan xəbərsiz
repetitor yanına gedənlər geridə qalır.
Düzdür, testlərdə asan suallar da var, ancaq daha
çox məntiqsiz, dolaşıq və orta məktəbdən
kənar suallar da var. Bu fikirlər hər il
təkrar-təkrar deyilir, amma yenə də davam edir. Burada fərdi maraqlar da var.
- Təcrübələr sübut
etdi ki, son illər 700 bal toplayan abituriyentlər
yüksək nəticəni repetitor yanına getməklə əldə
edirlər. Onda belə çıxır ki, orta məktəb təhsilinin
şagirdlərə verdiyi hər hansı bir bilikdən
ümumiyyətlə, danışmağa dəyməz?
-
Müşahidələr göstərir ki, yüksək bal toplayanların hamısı repetitor təlimindən
keçir. İçərilərində 3-5 nəfər tək-tək
ola bilər ki, repetitorsuz yaxşı nəticə
göstərsin. Hətta, rayon yerlərindən
də qəbul olunan abituriyentlərlə söhbət edəndə
görmüşəm ki, onlar da repetitor yanından
çıxanlardır. Deməli, hər
bir məktəbdə yaxşı müəllimlər var,
ancaq onun varlığı, məktəbin varlığı
demək deyil. Müəllimlərin
böyük əksəriyyəti dərsi başdansovdu
keçir. Şagirdləri onun öz
yanına repetitorluğa gəlməyə məcbur edir. Bunun kökündə həm də sosial vəziyyətin
ağırlığı dayanır. Çünki
müəllimin maaşı onu dolandırmır.
Bir çoxlarının bu fikirləri ilə mən də şərik olmaq istərdim ki, bu gün repetitorluq məktəbi ümumtəhsil məktəbinin ümumi fəaliyyətini üstələyir. Çünki nəticələr repetitorluq məktəbinin nəticələridir. Onda elə olmazmı ki, Çingiz Aytmatov demişkən: «İbtidai təhsili möhkəm quraq, ondan sonra da kim hansı ixtisas üzrə gedəcək, 5-6 il hazırlaşıb qəbul olsun və institutu qurtarsın». Elə isə nə üçün şagirdlərin illəri boşa getməlidir? Hər hansı bir məktəbə dərs vaxtı gedin, 10-11-ci siniflərdə yalnız 1-2 şagird görəcəksiniz, qalanları repetitor yanındadır. Buna da məktəbin rəhbərliyi şərait yaradır. Deyir ki, «Mən də istəyirəm, məktəbin adı pis çəkilməsin. Məzunlar çox qəbul olsun». Direktor da öz mənafeyini bu cür güdür. Çünki sabah “filan məktəbin qəbulu bu səviyyədədir” deyəcəklər. Ancaq mən ümumiyyətlə, məktəbin keyfiyyətini onun şagirdlərinin ali məktəbə qəbulu üzrə ölçmürəm. Orta məktəb məzunları tanıyıram ki, zəif qurtarıblar, ancaq məktəbdə onların içində nə var açılmayıb. Sən demə, onlar gözəl idmançıdır, qəhrəmanlıq iradələri var. Elə bilirsiniz, döyüşlərdə qəhrəmanlıq göstərənlər, milli qəhrəmanlarımız «5»-lə oxuyanlardır? Onlar ümumi hazırlıqla vətən üçün, həyat üçün özlərini hazırlayan insanlardır. Məsələn, mən Mübariz İbrahimovun atası ilə söhbət elədim. Dedim ki, burada məktəbin də rolu var. O isə dedi ki, məktəbin rolu yoxdur, məktəb onu ağıllı-başlı tanımadı, bizim genetik imkanlarımız var, mən özüm də belə olmuşam». Ona görə də məktəbin məzunlarının qiymətini yalnız ali məktəbə daxil olmaqla ölçmək düz deyil. Bu sahədə çoxlu problemlər var və bunları da mütəxəssislərlə təhlil etmək lazımdır.
- Necə
bilirsiniz, bəlkə ali məktəblərin qəbul yerlərini
doldurmaqdansa, 30-40 faiz tələbə
çatışmazlığının yaşanması daha məqsədəuyğun
olar?
- Bu fikirlə
1-2 illik razılaşmaq olar. Ancaq hər il
bu qayda ilə davam etmək olmaz. Bu şərtlə
razılaşmaq olar ki, o biri tərəfdən tədrisin səviyyəsi
qaldırılsın. Təbii ki,
hamının pulu yoxdur ki, əlavə hazırlığa
getsin. Orada səviyyəni yüksəltmək
üçün 2 il belə əziyyətə
dözmək olar. Qoy ali məktəbin 50
yerinin əvəzinə 30 yer olsun. Yox, əgər
məktəbin fəaliyyəti elə-belə, formal gedəcəksə,
onda bu, həm maddi cəhətdən ziyandır, həm də
təhsilin genişlənməsini sıxlaşdırır.
Ancaq keyfiyyət baxımından 2 il əziyyət
çəkmək olar. Mən özüm də
şəxsən o fikirdəyəm ki, keçid balını
dəyişmədən abituriyentləri qəbul etmək və
sonra nəticəsinə baxmaq lazımdır. Təcrübə göstərir ki, zəif
uşaqlar zəif də oxuyurlar. Tutaq ki, mən ali məktəbdə pedaqogikadan dərs verirəm.
Estetik tərbiyədən danışanda «Süleyman Ələsgərovun
əsərləri» deyirəmsə qrupdakı bütün tələbələr
«O kimdir?» deyə soruşurlar. Az qala Səməd Vurğunu tanımayan tələbələr
var. Əgər onlar mədəniyyətimizi, bəstəkarlarımızı,
incəsənətimizi tanımırlarsa, necə vətəndaşdırlar?
Kim onları bu günə qoyub? Şagirdin hazırlığı sinifdənkənar
tədbirlərdir. İndi məktəblərdə
bu yoxdur, ona görə də uşaqlar
yarımçıqdır. Şagirdlər test
imtahanlarını əzbərləməklə daxil olurlar. Öz ixtisaslarını az-çox bilsələr də,
geniş dünyagörüşə malik olmurlar. Kurikulum 7 ildir tətbiq olunur, ancaq hələ də
bu proqramı normal anlayan yoxdur. Hər
şey kağızlardadır, ancaq bu, həyatdan gəlməlidir.
Bu da ümumi səviyyəni endirir. Bu problemlər gərək peşəkarlıqla həllini
tapsın. Bütün bunlar Təhsil
Strategiyasında yer alıb. Ancaq bunun həyata
keçirilməsi üçün mexanizm lazımdır.
Əgər strategiya real və şəffaf
olaraq həyata keçiriləcəksə, yəqin ki, bu
qüsurlar tədricən aradan qalxacaq.
Təranə Məhərrəmova
Kaspi.-2014.-17 iyul.-S.9.