İstedad + zəhmət = ...

 

Yubiley

Bu yaxınlarda kitabxanada oturub köhnə qəzetləri vərəqləyirdim. Qəzetlərin birində maraqlı yazıya rast gəldim. Məqalə ömrünün yarısından çoxunu milli kino sənətinə həsr etmiş, istedadlı jurnalist, respublikamızda ssenarist, “mozalan”çı kimi tanınan Azərbaycan mədəniyyət işçisi Vaqif Məmmədova həsr olunmuşdu.

 

Qəzetdə 60 illik yubileyi ilə bağlı dərc edilmiş təbrik məktubunda deyilirdi: “...Taleyini kinoya bağlamış, uzun müddət sizinlə çiyin-çiyinə işləmiş məsləkdaşlar Sizi həmişə doğma sənətinə sadiq və onun gələcəyinə nikbinliklə yanaşan istedadlı bir kinematoqrafçı kimi tanıyırlar.

 

“Mozalan” satirik kinojurnalının ərsəyə çatmasında, geniş ictimaiyyətin rəğbətini qazanmasında və jurnalın uzunillik uğurlarında Sizin böyük xidmətiniz var...”

 

Onun istər “Mozalan” satirik kinojurnalı üçün yazdığı süjetlər, istərsə də müxtəlif qəzet və jurnallarda çap olunmuş məqalələri “Vaqif Hümbətoğlu” imzası ilə gedirdi. Mənim hesablamama görə bu günlərdə Vaqif Məmmədovun 75 yaşı tamam olmalı idi. Onunla görüşmək məqsədilə evinə gedəndə mənzildə yaşlı bir kişi ilə qarşılaşdım. Bu, Vaqif müəllim idi. Onu qocaldan yaşı deyildi. Bir ay koma vəziyyətində qalması və insult keçirməsi bu gözəl insanı yatağa salmış, xarici görünüşünü xeyli dəyişdirmişdi.

 

1967-ci ildə ilk dəfə gördüyüm uca boylu, sarışın saçlı, mehriban, mavi gözlü, yaraşıqlı bir gəncin – Vaqifin surəti gözümün önündən çəkilmirdi ki, çəkilmirdi. Biz oturub söhbət etdikcə olub keçənləri xatırlayır, xəyalımda isə V.Məmmədovun portreti yaranırdı.

 

Müəllim, yoxsa jurnalist?

 

Vaqif Hümbət oğlu Məmmədov 1939-cu ildə Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy rayonunun Düzrəsullu kəndində dünyaya göz açmış, orta məktəbi də burada bitirmişdir. Həmyerlisi , jurnalist – yazıçı N.Hacızadənin dediyinə görə, Vaqif uşaqlıqdan ədəbiyyat vurğunu idi. Gecə-gündüz kitab əlindən düşmürdü. Görünür elə buna görə də o, sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verir və qəbul olunur.

 

İnstitutu bitirdikdən sonra az müddət Saatlıda dərs deyir. Lakin gənc müəllim özü də başa düşür ki, bu seçim heç də onun seçimi deyil. Jurnalistikaya olan həvəs Vaqifi bir an belə rahat buraxmırdı. Fikri qəti idi: “Mən jurnalist olmalıyam.”

 

V.Məmmədov yenidən parta arxasına əyləşdi. Jurnalistikanın sirlərini öyrənməyə başladı. Hələ tələbə ikən onun məqalələri müxtəlif qəzetlərdə çap olunurdu. Universiteti bitirəndən sonra biz indiki “Azərbaycan” nəşriyyatında tez-tez rastlaşardıq. Mən “Kino” qəzetində ədəbi işçi, Vaqif isə “İnşaatçı” qəzetində buraxıcı, sonradan “Neft kadrları uğrunda” qəzetində məsul redaktor işləyirdik.

 

Xoş bir təsadüf Vaqifi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına gətirib çıxarır. O vaxtı kinostudiyanın direktoru, rejissor və aktyor A.İsgəndərov idi.

 

Adil İsgəndərovun xeyir-duası ilə

 

Adil müəllimin dediklərindən: “Vaqif duru adamdır. Duru adamların işi də, sənəti də duru olur. Onun sənədlərini hazırlayıb yanıma söhbətə gətirmişdilər. Diqqət verdim, gördüm dupduru, aydın baxışları var. Suallara cavabı da ürəyimdən oldu. Alıb ərizəsinin üstünü yazdım və dedim ki, əmr hazırlayın.

 

Xronika şöbəsinin məsul işçilərindən biri qayıtdı ki, bəlkə iki-üç ay gedib-gəlsin yoxlayaq, görək ki... Onun sözünü ağzında qoydum. Dedim ki, indi onun çalışan vaxtıdır. Sabah 9-da gəlib otursun redaktor stolunun arxasında.

 

Aradan xeyli keçdi. Bir gün həmin məsul işçidən soruşdum: “Təzə əməkdaşımız necə işləyir?” Dedi: “Adil müəllim, sağ olun ki, bizə belə işçi verdiniz, bu oğlan kinostudiya üçün əsl tapıntıdır. Yaxşı gələcəyi var.”

 

Sonralar Vaqifə ev verdik, vəzifəsi də yüksəldi. Çox yerlər gəzdi, çox filmlər çəkdi, çox da mükafatlar aldı. Bunlar nəyin hesabınadı? Əlbəttə, zəhmətin, istedadın! İndi mən Vaqifi sənədli kinomuzun sütunlarından biri sayıram. Azərbaycan kinosu belə sütunlar üstündə ucalıb, şöhrətlənib.”

 

V. Məmmədov kinostudiyanın Xronikal-sənədli, elmi- kütləvi və tədris filmləri studiyasında işlədiyi dövrdə 40-dan artıq sənədli filmin ssenarisini yazmış, “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarını redaktə etmiş, eyni zamanda bu jurnallar üçün müxtəlif mövzularda süjetlər üçün yüzlərlə mətn yazmışdır.

 

Böyük həyat məktəbi

 

V.Hümbətoğlundan aldığım müsahibədən: “Mənə elə gəlir ki, sənədli kino sahəsində işləmək jurnalist üçün böyük həyat məktəbidir. Birincisi, həmişə həyatın axarına düşürsən, əmək adamları arasında olursan, onların qayğıları, istək və arzuları ilə yaşayırsan. “Kəndimizin qəhrəmanı”, “İlisu kəndinin camaatı”, “Poçtalyon Həcər”, “Nəsrimizin ağsaqqalı” və s. filmlərin ssenarisi bu istəklə yaradılmışdır. İkincisi, öz bacarığını, qələmini sınaqdan çıxarırsan, nəyə qabil olduğunu özün üçün aydınlaşdırırsan.”

 

Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuş “Nəsrimizin ağsaqqalı” sənədli filmində (1970) yazıçıya ilham verən doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir.

 

Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır.

 

Filmdə yazıçının sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə “Mehman” və “Su ərizəsi” əsərləri əsasında çəkilmiş kinolentlərdən fraqmentlər də daxil edilmişdir.

 

Jurnalist-yazıçı N.Hacıyevin dediklərindən: “Neçə illər qabaq “Nəsrimizin ağsaqqalı” filminə keçirilən baxışı xatırlayıram. Film çox bəyənilmişdi. Onun qəhrəmanı da sevinirdi, yaradıcıları da!

 

Süleyman Rəhimov neçə vaxtdan bəri tanıdığı, ülfət bağladığı Vaqif Hümbətoğluya xüsusi təşəkkürünü bildirdi və üzünü ona tutub dedi: “Mən bu filmə baxarkən qanadlı qartala döndüm. Sən bu gün, necə deyərlər, məni tarixə saldın. Biz köçüb gedəcəyik, sənin bu filmin gələcəyə üz tutacaq, yeni nəsillər Süleyman Rəhimovu sənin bu filmində canlı olaraq görəcəklər. Qoy mənim – bu qocaman Süleymanın qəlbindən qopub gələn təşəkkürlər sənin üçün bir xeyir-dua olsun, sənə uğur dalınca uğur gətirsin!”

 

Bu anlar bəlkə də Vaqifin həyatında ən xoşbəxt anlar idi. Bəli, Süleyman Rəhimov kimi söz nəhəngi onun haqqında ürəkdən gələn səmimi sözlər deyir, fikirlər söyləyirdi.”

 

1971-ci ildə istehsal olunmuş “Kəndimizin qəhrəmanı” rəngli sənədli filmində isə Qax rayonu Sarıbaş kənd sakini, kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Həsən Mirzəliyevin keçdiyi mənalı həyat yolundan söhbət açılır.

 

Film hünərli, cəsarətli, əməksevər kolxoz sədrinin kənd təsərrüfatı məhsulları istehsalının inkişafına, dövlətə əkinçilik və heyvandarlıq məhsulları satışına dair beşillik planın yerinə yetirilməsində qazandığı nailiyyətlərə görə Əmək Qəhrəmanı adına layiq görülməsindən, onun iş təcrübəsindən danışır. Eyni zamanda filmdə kolxozçuların fədakar əməyi, onların kəndi abadlaşdırmaq üçün gördükləri tədbirlər öz əksini tapmışdır.

 

Yuxusuz gecələrin bəhrəsi

 

Hər bir iş böyük zəhmət hesabına başa gəlir. Vaqif də “Qəhrəmanlar ölmürlər”, “İki məktəbin dostluğu – ürək dostluğu”, “Sibir sınaqları” sənədli filmlərinin bütün epizodlarının çəkilişlərində həm ssenarist, həm də redaktor kimi iştirak etmişdir. Bu filmlərin istehsalı ilə əlaqədar BAM-a, Ukraynaya gedib çıxmışdı. Hətta qışın şaxtasına düşüb, yayın qızmar günlərində saatlarla günün altında qalıb, nə qədər yuxusuz gecələr keçirmişdir.

 

1969-cu ildə çəkilmiş “Qəhrəmanlar ölmürlər” sənədli filmində 1969-cu ildə SSRİ-nin Çin Xalq Respublikası ilə həmsərhəd olan Damansk adasında baş vermiş faciəli hadisələrdən, həmyerlilərimiz, igid döyüşçülər – polkovnik Demokrat Leonov və sıravi əsgər Tofiq Abbasovun göstərdikləri qəhrəmanlıqlardan bəhs olunur. Göstərdikləri hünər filmdə gənc nəslə örnək kimi səslənir.

 

Bu hadisə baş verəndən az sonra xronika birliyinin yaradıcı heyəti, o cümlədən ssenarist V.Hümmətoğlu Damansk adasında olmuş və burada çəkilişlər aparmışlar.

 

V.Hümbətoğlunun dediklərindən: “Biz Damansk adasının yaxınlığında yerləşən İman şəhərinə gələndə burada bakılı D.Leonovun məzarını ziyarət etdik. Onun anası ilə görüşdük. Ertəsi günü Kamennı Rıbalov qəsəbəsinə gəldik. Digər həmyerlimiz T.Abbasov burada qardaş məzarında torpağa tapşırılıb. Burada olarkən Tofiqi tanıyan adamlarla – komandirlər, siyasi işçilər və sərhədçilərlə söhbət etdik. Onların hamısı həmyerlimizin ancaq yaxşılığına danışdılar, “Tofiq bölməmizin fəxri idi – yaxşı döyüşçü, qayğıkeş yoldaş idi” – dedilər. Bəli, Tofiq əsil qəhrəmanlar kimi vuruşurdu. O, bir qəhrəman kimi də həlak oldu.

 

İndi doğma yurdu Dəvəçidə adına küçə var – Tofiq Abbasov küçəsi. İndi orada adına məktəb var – Tofiq Abbasov adına məktəb! Mənim ən çox yadımda qalan filmlərimdən biri “Qəhrəmanlar ölmürlər” kinolentidir.”

 

“Sibir sınaqları” da çox maraqlı və baxımlı kinolentdir. Bu sənədli film 1975-ci ildə Azərbaycanda çəkilməsə də burada respublikamızın elçilərinin uzaq diyarda göstərdikləri hünərdən söhbət gedir.

 

Kinooçerkdə BAM üçün tayqada qəsəbə salan Azərbaycan imşaatçılarının fədakar əməyindən bəhs olunur. Onlar 15 nəfərdir, aralarında üç qız var: Nüşabə, Nazilə, İrina. Briqadaya Həsənağa Zeynalov rəhbərlik edir. Uşaqlar meşə qırır, yol salırlar. Buradan uzunluğu 3200 kilometr olan dəmiryol xətti keçəcək. Vaxt gələcək bu yerlərdə Ulkan (Uluxan – A. K.) stansiyası tikiləcək.

 

“Sizi deyib gəlmişəm...”

 

Haqında danışdığımız əhvalatlar, filmlər Vaqif Məmmədovun həyat və yaradıcılığının birinci dövrünü əhatə edir. Onun həyat və yaradıcılığının ikinci dövrü əsasən “Mozalan” respublika satirik kinojurnalındakı gərgin və məhsuldar fəaliyyəti ilə bağlıdır.

 

Bu jurnalın ilk nömrəsi 1971-ci ildə buraxılmışdır. Əvvəllər kinojurnal kinostudiyanın bir bölməsi kimi fəaliyyət göstərirdi. Jurnalın redaksiyası 1980-ci il yanvarın 1-dən “Azərbaycanfilm” kinostudiyasının tərkibindən ayrılıb, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin orqanına-respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrildi. Məhz həmin vaxt jurnalın rəhbərliyi V.Məmmədovu redaksiyaya işləməyə dəvət etdi. Vaqif müəllim “Mozalan”da 1980-2002 ci illərdə böyük redaktor, sonradan məsul katib işləmişdir. “Mozalan”ın bir çox süjetlərinin redaktoru olmuşdur. Ara-sıra özü də “Mozalan” üçün süjetlər yazmışdı. Onun ssenari müəllifi olduğu “Narazılıq”, “Bir məktubun izi ilə”, “Sən saydığını say”, “Nəticə”, “Örtülü bazar”, “Belə getsə...” və sairə süjetlər tənqid hədəflərinin kəsərliliyi ilə diqqəti cəlb edir.

 

V.Məmmədovun dediklərindən: “Əgər “Molla Nəsrəddin” dörünün cəhalət və avamlıq girdabında əzilən, avam, geridə qalmış, dini mövhumatın, zorakılığın və ədalətsizliyin qurbanı olan, adamların halına acıyıb, onları bu kökə salan ictimai quruluşu mətbu sözün kəsəri ilə tənqid atəşinə tuturdusa, “Mozalan” öz dövrünün yetirməsi kimi cəhalət və avamlıq daşını atıb, artıq savadlanmış, ağı-qaradan ayırmağı bacaran, öz mənafeyini güdən, cilddən-cildə girən, dövlətin və xalqın malını yeməkdən utanıb qızarmayan, çox ustalıqla gözdən pərdə asan müxtəlif təbəqədən olan adamları, hər cür antipodları ifşa edirdi. Rəngli ekran vasitəsi ilə tamaşaçı kinodramın “qəhrəmanlarını” əyani şəkildə, canlı formada görür, onlara gülür, nifrət edirdi.

 

Mən hər dəfə “qəhrəmanlarımızla” görüşə gələndə “Molla Nəsrəddin” babanın məşhur kəlamını yada salırdım: “Sizi deyib gəlmişəm...”

 

90-cı illərin əvvəllərində ölkəmiz başsız qalanda, necə deyərlər, ara qarışıb, məzhəb itəndə, bütün sahələrdə olduğu kimi, kino sahəsində də durğunluq əmələ gəldi. Vaxtilə 1200 işçisi olan kinostudiyada demək olar ki, adam qalmamışdı.

 

Jurnalist-yazıçı N.Hacıyevin dediklərindən: “Bir zaman arı pətəyi kimi qaynayan çəkiliş pavilyonları, montaj otaqları necə də kimsəsiz idi, suyu sovrulmuş dəyirmana bənzəyirdi. Qəhər məni boğdu. Soruşdum:

- Vaqif, nə əcəb sən də çıxıb bir yerə getmirsən?

Tutulan kimi oldu:

- Hara gedim, - dedi. - Bütün ömrüm burada keçib. Kinostudiya mənim iknci ailəmdi. Ad-sanım, şöhrətim hamısı bura ilə bağlıdır. Buradan ayrıla bilmərəm. İnanıram ki, belə getməz. Yenə kinostudiyamız öz qaynar həyatına qayıdar.”

 

1993-cü ildən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tədricən öz əvvəlki məcrasına düşməyə başladı. V.Məmmədov 2002-ci ildən kinostudiyada redaktor işlədi, bədii şuranın üzvü oldu. 2009-cu ildə təqaüdə göndərildi. Bir ildən sonra... Vaqif müəllim ağır xəstələndi, yatağa düşdü. Olub keçənləri qələmə aldığı, “Yaşadığım ömür, keçdiyim yol” xatirələr kitabı yarımçıq qaldı.

 

Bu gün 75 yaşı tamam olan yubiliyara – Azərbaycan kinopublisistikasının inkişafında xidmətləri olan həmkarımız Vaqif Məmmədova tezliklə sağalıb ayağa qalxmasını və xatirələr kitabını yazıb başa çatdırmasını arzu edirik.

 

Aydın Kazımzadə

Kaspi.-2014.-19-21 iyul.-S.22.