«Arazbarı» İranda

 

Ana dili, qədim yazı, doğma ölkə, yeni nəşr

Filologiya elmləri üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər toplusu İranda ərəb qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunub. Kitabın bu əlifbada nəşrinin mahiyyəti barədə danışarkən böyük mütəfəkkir Yunis İmrənin “Gəlin tanış olaq!” ifadəsini xatırlatmaya bilmərəm. Əvvəla, Azərbaycan ədəbiyyatının korifeyləri - dünya şöhrətli ədib Hüseyn Cavid, satirik şairimiz Mirzə Ələkbər Sabir, hətta Azərbaycanın yeni əlifbaya keçməsi istiqamətində mübarizə aparan Mirzə Fətəli Axundov və onlar kimi digər dahilərimiz məhz bu əlifbada yazıb yaratmışlar. Bizə tarixi doğmalığının ən mühüm məqamı isə Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi İstiqlal bəyanatının mətninin məhz bu əlifbada tərtib olunmasıdır. Deməli əski əlifba ilə nəşr olunan hər bir kitab əski əlifba ilə mövcud olan tarixi ədəbiyyat xəzinəmizi daha da zənginləşdirir.

 

İran Mədəniyyət və İslami İrşad Nazirliyinin icazəsi ilə “Arazbarı”nın ərəb qrafikalı Azərbaycan əlifbasında və farsca nəşr olunması bir tərəfdən müasir Azərbaycan ədəbiyyatının aparıcı simalarından birinin yaradıcılıq nümunələrini qonşu ölkədə tanıdırsa, digər tərəfdən də İranın məşhur “Avayi Münci” nəşriyyatının yüksək poliqrafiya və nəfs dizayn üslubunu Azərbaycanda təbliğ edir. İranda, tarixin bütün dövrlərində poeziya yaradıcılığının yüksək səviyyədə olduğunu və maraqla təhlil edildiyini nəzərə alaraq bəribaşdan demək olar ki, “Arazbarı” bu ölkənin ədəbiyyat mühitində ciddi müzakirələrə yol açacaqdır.

 

Bu vaxtadək Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə elm-ədəbiyyat əsərləri sahibləri Məslək Birliyinin üzvü, şairə Gülayə Rzayeva, urmiyalı ədəbi tədqiqatçılardan – şair Əkbər Əlyar Həmidi, təbrizli tənqidçi - şairə Süsən Nəvadeh Rəzi, siyasi elmlər fəlsəfə üzrə doktoru, yazıçı-publisist Sabir Şahtaxtı və başqaları şairənin bədii yaradıcılığı barədə rəngarəng təhlillərlə çıxış etmişlər.

 

“Arazbarı” şeirlər toplusu müasir dünya ədəbiyyatında Azərbaycanı tərənnüm edən parlaq bir nümunədir. Çünki Sona xanım Vəliyevanın müraciət etdiyi mövzuların ümumiləşdirilmiş adı Azərbaycan və bəşəri dəyərlərdir. Kitabdakı bütün şeirlər dərin məna kəsb etməklə bərabər, özündə böyük fəlsəfi çalar, poeziya estetikasının cizgilərini əks etdirir. Təsadüfi deyildir ki, kitabdakı şeirlərin ədəbi məzmunu barədə fikir və düşüncələrini bölüşən ədəbiyyat adamları toplumdakı məhz ayrı-ayrı şerlərə müraciət edərək təhlil aparmışlar.

 

İranın Urmiya şəhərində dərc olunan «Dəniz» qəzetində “Arazbarı” barədə yayılmış məlumatda oxuyuruq: “Sona xanım Vəliyev Azərbaycan ədəbiyyatında nadir yaradıcılıq üslubu ilə seçilən, poetik düşüncələrini lirik-fəlsəfi biçimdə oxucuyla bölüşməyi bacaran şairədir. Özünəməxsus deyim tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşmaq, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbəti aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək şairənin ədəbi aləmdəki nadir üslubunu ortaya qoymuşdur”.

 

Xalq şairi, yazıçı-publisist Sabir Rüstəmxanlı yazır: “Sona xanımın şeirləri ürəyimizdə Vətən havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir, yenidən tərk edilmiş ocaqlara qayıdırıq...”. İstənilən haqsızlığa və ədalətsizliyə qarşı çıxan şairənin bu mövzudakı poetik mövqeyini S.Rüstəmxanlı belə dəyərləndirir: “...tarixi torpaqlarımızdan deportasiya, Qarabağın işğalı, beynəlxalq miqyas almış ədalətsizliklər, müharibənin ağrıları və bütün bunların qadınlarımızın, analarımızın ürəyində açdığı yaralar Sona xanımın şeirlərindən keçən əsas xətlərdən biridir.”

 

İçimiz boşaldı torpaqdan öncə,

Sonra can göründü Vətən yerinə,

“Öncə can sağlığı!” deyən kəslərə,

Yurdu qurban verdi Vətən yerinə.

 

Xalq şairinin fikirlərinin davam etdirilməsi məqsədi ilə kiçik bir arayışa ehtiyac duyuruq.

 

...Tut müqəddəs olmasa da, Azərbaycanda xüsusi sevgi ilə əzizlənən bir ağacdır. Böyük tut, əyri tut, qoca tut, qara tut, tut, xar tut (Naxçıvan tutu), şax tut, xaki tut, cır tut və s. adlarla həyatını başa vurmuş və yaxud ömrün yaşamaqda olan tut ağaclarına Azərbaycanın bütün bölgələrində rastlaşa bilərik. Tarixi mənbələrdə yazılır ki, Azərbaycanın ən qədim insan məskənlərindən sayılan, Naxçıvanın Şahtaxtı kəndinin adını qoyulması usta Musa tərəfindən Şah Abbas üçün qara tut ağacından düzəldilmiş, heç bir boya ilə rənglənməyən, sürtülərək qırmızı rəng almış taxtla bağlıdır. Başqa bir rəvayətə görə, Əmir Teymur Təbrizi viran qoyandan sonra tökdüyü qandan dəhşətə gəlmiş və üç gün yemək yeməmişdir. Əmir Teymur üç günün aclığından sonra böyük bir qabda tut yemiş və onun Azərbaycandan daşınması barədə fitva vermişdir:

 

Teymur dadan kimi, bedana tutdan,

Dedi, son tingədək daşıyın burdan,

Səmərqənd olacaq tutun məskəni,

Öldürün o tutu burda əkəni.

 

Uşaq yaşlarımda mərhum ana nənəm Zinyət xanımın dilindən tut barədə eşitdiyim bir kuplet:

Tut, tut, tut qurdu,

Bəzək verir tut qurdu.

Tutdan oyun siz udu,

Tanıdacaq o yurdu.

 

Tutun Azərbaycan məişətində və folklorundakı yeri və roluna nisbətən geniş müraciətimiz təsadüfi deyil. Yaradıcılığı haqqında bəhs etdiyim Sona Vəliyeva hələ orta məktəb illərində tut və Vətən barədə qəti mühakiməsini yürütmüşdür. “Mənim üçün Vətən həyətimizdəki tut ağacının altından başlayır”, - ifadəsi yuxarıda qeyd etdiyim məqamlarla ciddi mütənasiblik təşkil edir.

 

Təbrizli tənqidçi, tənqidçi - şairə Susən Nəvadeh Rəzi yazır: “Şairə miflərlə tanışdır, el biliminə dərin əhatəsi var, bu üzdən də düşündüklərini olumlu biçimləndirərək söz-söylərini qat-qat daha gücləndirir”.

 

Sona Vəliyevanın “Arazbarı”da cəmləşdirilmiş şeirləri orijinal üslubda oxucunun görüşünə gəlmişdir. Bu orijinallığı yaradan şairənin rəvan yazı dili, fəlsəfi düşüncəsi ilə şeirlərin məzumundakı uyğunluq və bağlılıqdır. “Arazbarı”dakı şeirlərin dərin məzmununda ana məhəbbəti, vətəndaş məsuliyyəti, insan duyğuları, bəşəri dəyərlərin qorunması arzusunu vahid bir xətt üzrə izləyə bilirik. Burada inkaredici fikir və ifadəyə rast gəlinmir. Bunları nəzərə alaraq deyə bilərik ki, əslində şairə poeziya yaradıcılığında özünün, özü kimi görmək istədiklərinin, özünə, xalqına, ölkəsinə, dövlətinə aid olanların ümumiləşdirilmiş obrazını yaratmışdır.

 

Urmiyalı tədqiqatçı, şair və tərcüməçi Əkbər Həmidi Əlyar kitabın İran nəşrinə əlavə etdiyi girişdə yazır: “Həkimə Billuri və Mədinə Gülgünə¬dən sonra belə bir qadın şairə ilə rastlaşmaq olduqca maraqlı və şaşırdıcı¬dır, çünki onlar müşəxxəs (bəlli) bir dövrdə müəyyən səbəblərə görə, təbii olaraq nisgil və həsrət şeiri¬nin bayraqçıları olmuşlar, ancaq Sona Vəliyeva tam fərqli bir şəraitdə, özü də təkcə nisgil yox, bəlkə yarı nisgil, yarı epik bir yaradıcılığın sahibi¬dir”.

 

Türkiyənin oxunaqlı www.gazetekars.com saytında “Arazbarı” haqqında yayılmış məlumatda yazılır: «Təhlillərdən də göründüyü kimi, Sona xanım Vəliyeva Vətənini sevməklə, humanizm carçısı olmaqla kifayətlənmir. Tariximizi və tarixi şəxsiyyətlərimizi tədqiq edir, milli varlığımızla, soykokümüzlə öyünür, bu yolda mübariz olmaq çağırışları səsləndirir».

 

...Yaradıcılığının ayrı-ayrı istiqamətlərində ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini tədqiq edən şairə təkcə ulu öndərin dühasının bəşəri dəyərlərin qorunması yolundakı yeri və yolunu araşdırmır, o, həm də uğurla bitirdiyi monoqrafiya ilə türk dünyasının tarixşünasları qarşısında problem qaldırır, yeni bir tədqiqat mövzusunun başlanğıc yolunu göstərir. Türk dünyasının fatehlərindən Şah İsmayıl Xətai, Sultan Səlim, Əmir Teymur və Çingiz xan kimi şəxsiyyətləri ucaldan başlıca amil onların ayrı-ayrılıqda böyük imperiyalar yaratması və qurduqları dövlətləri yaşatmaq üçün ortaya milli ideologiya çıxara bilmək bacarıqlarıdır. Şah İsmayıl Xətai şiəlik – Məhəmməd peyğəmbər nəslindən olmaq, Sultan Səlim islamın təəssübkeşliyi anlayışı, Əmir Teymur Peyğəmbərin elçisi iddiası, Çingiz xan isə Allahın döyüşçüsü imici ilə ətrafa nüfuz edirdi. Onlar imperiya qurdular, Heydər Əliyev isə imperiyaların parçalamaq istədiyi Azərbaycanı xilas etdi və azərbaycançılıq ideologiyasını əbədi həyata qaytardı.

 

Sona xanım Vəliyevanın müraciət etdiyi mövzularda ət və dırnaq, torpaq və Vətən, şəhid və qazi, valideyn və övlad, ürək və qan, sümük və ilik qədər bağlılıq müşahidə edirik. Alimin filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası “Milli dövlətçi¬lik hərəkatı¬nın yüksəlişi və Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançı¬lıq ideyası” mövzusuna, hazırda üzərində işlədiyi doktorluq dissertasiyası isə «Hüseyn Cavid yaradıcılığının poetikası» mövzusuna həsr olunub. Elmi yaradıcılığında azərbaycançılıq ideologiyasının banisi ulu öndər Heydər Əliyevin fəaliyyətinin tədqiqinə geniş yer verən Sona xanımın Hüseyn Cavid poetikasının fəlsəfi əsaslarını öyrənmək kimi miqyaslı işə girişməklə Azərbaycan xalqının iki böyük oğluna olan tükənməz məhəbbətini nümayiş etdirir. Heydər Əliyevin 14 yaşı olanda uzaq Sibirdə dünyasını dəyişən Cavid əfəndi, sanki böyük bir uzaqgörənliklə, yaxud da ruhlar arasındakı mənəvi körpünün üstündəki mələklərin hökmüylə Heydər Əliyev şəxsiyyətini tərənnüm edən fəlsəfi ifadəsini yazmışdır:

 

Kəssə hər kəs tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

 

Təbii ki, Heydər Əliyev Hüseyn Cavid şəxsiyyətinin ucalığına dəyər verməklə, onun həm cismani, həm mənəvi, həm də ədəbi varlığını Azərbaycan qaytarmaq barədə qərar verib, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsini təmin edərək ədibin adını əbədiləşdirəndə bilmirdi ki, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi baş verəcək, ölkə parçalanmaq, dövlətimiz məhv olmaq təhlükəsi ilə üzləşəcək və Ulu Öndər Azərbaycanı yenidən özümüzə qaytarıb xilaskarlıq missiyası qazanmaqla Hüseyn Cavidin yuxarıda xatırlatdığımız ifadəsinindəki özünə aid olan paya sahib çıxacaqdır.

 

Yeri gəlmişkən Sona xanımın təsisçi və rəhbəri olduğu “Kaspi” Təhsil Mərkəzi tərəfindən görkəmli Azərbaycan şairi və dramaturqu, dünya şöhrətli ədib və ictimai xadim Hüseyn Cavidin əsərləri ilk dəfə olaraq Türkiyədə nəşr olunmuşdur. Kitabın İstanbul Universitetində keçirilmiş təqdimatı və şairin yaradıcılığına həsr olunmuş elmi konfransdakı çıxışında Hüseyn Cavidin tarixi şəxsiyyət, yenilməzlik və mübarizlik nümunəsi olduğunu diqqətə çatdıran Sova Vəliyeva bildirmişdir ki, şair öz əsərlərini orijinal üslubda yaratmaqla bərabər, türkçülük və turançılıq ideyalarının yaşamasına nail olmuş, diqqəti bəşəri dəyərlərin mahiyyətinin dərk edilməsinə yönəldə bilmişdir. Cavidin əsərləri həmişə müasirliyini saxlayacaq və sevilə-sevilə oxunacaqdır. Cavid bəşəri sənətkardır. Onun əsərlərinin başqa dillərə tərcümə etdirilməsi Cavid irsinin dünyada yayılmasına şərait yaradacaqdır. Göründüyü kimi Hüseyn Cavid şəxsiyyətinə, onun əsərlərinin geniş yayılması, tanıtdırılması məsələsində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yol Sona xanım üçün bir örnək, vətəndaşlıq borcudur.

 

Böyük bir ehtiram və səmimiyyətlə qələmə aldığım fikir və mülahizələrin sonunda yazı işlərinin mahiyyətinə dair bir bəndlə son vermək istərdim:

 

Hərb bir ayaq izi, hər qarşı yeri,

Həyatda olanlar yaradır sirri,

Yazılmaz qalanda olub keçənlər,

Ən ali məqamlar silinib gedər.

 

Sabir Şahtaxtı,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist

Kaspi.-2014.-19-21 iyul.-S.16.