Biz hamımız tarixin labirintindəyik
Yunus Oğuz:
“Tarixin əsirinə çevrilməmişəm”
Yunus Oğuz 1960-cı ildə Şirvan şəhərində anadan olub. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasına yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib. 1991-1992-cı illərdə «Ordu» qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri olub. 1994-cü ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Y.Oğuz “Nadir Şah”, “Təhmasib Şah, “Əimir Teymur zirvəyə doğru” və s. tarixi romanların müəllifidir. Onunla görüşüb əsərləri və tarixi roman janrı haqqında söhbətləşdik.
– Atilla, Topal
Teymur, Təhmasib, Nadir Şah haqqında tarixi romanlar
yazmısınız. Adətən, ardıcıl tarixi roman
yazan müəlliflər daha çox bir-birlərinə
yaxın dövrlərin tarixinə müraciət edirlər,
sizdə isə fərqlidir. Tarixə bu cür geniş miqyasda
müraciət etməyinizin səbəbi nədir?
–Tarix yazıçı üçün bir məkandır,
tarixi dövrlərə ayırmıram. Mənim üçün
millətin tarixi əsas amildir. Onun yazılması,
ora qayıdış prosesi həmişə davam etməlidir.
Hazırda Səlcuqlar haqqında roman yazıram,
o dövr də tamam ayrı bir dövrdür. Tarixi roman müəllifi üçün əsas
olan məqsəddir. Yəni
yazıçı əsərləri ilə oxuculara
çatdırmalıdır ki, sənin xalqın bir millət
olaraq kimdir, haradan gəlib, hara gedir. Bunları
biləndən, qarşına məqsəd qoyandan sonra
artıq o sənin dediyin dövr məsələsi aradan
çıxır. Tarixi roman müəllifi
kimi mənim üçün dövr əsas deyil, əsas olan
milli kimliyin dərkidir.
– Tədqiqatçıların dediyinə
görə Nizaminin əsərlərinin Firdovsinin “Şahnaməs”sindən
fərqi o idi ki, Nizami oxuyub öyrəndiyi tarixi yenidən dəyərləndirərək
yazırdı, ona görə də Nizamiyə nazim, Firdovsiyə
dastançı deyirdilər. Siz tarixi əsər yazanda, tarixi
yenidən dəyərləndirməyə, onu fərqli formada
təqdim etməyə çalışırsınız,
yoxsa tarixi faktların dəqiqliyinə üstünlük
verirsiniz?
–
Düşünmürəm ki, Firdovsi tarixi olduğu kimi əks
etdirib. “İran” sözünü siyasi arenaya
Firdovsi gətirib. Əslində, İran
coğrafi cəhətdən Əfqanıstan tərəfdə
yerləşən kiçik bir yerdir. Amma
həmin dövrdə Turan böyük bir ərazi idi. Məhz
ona görə də Sultan Səncər Firdovsinin “Şahnaməsi”sinin
hər misrasına bir qızıl verməmişdi, oxuyandan
sonra anladı ki, bu əsərdə türk tarixi təhrif
olunub. Mən isə yalnız mənbələrlə
işləyirəm, özü də ilkin mənbələrlə.
Müasir araşdırmaçıların da
kitablarını oxuyuram, amma bədii kitabları çox
mütaliə etmirəm.
– Tarixi faktları olduğu kimi vermək
bir az məntiqsiz çıxır axı,
çünki onsuz da o faktlar mənbələrdə var.
–
Çalışmaq lazımdır ki, mənbələrdəki
sətirlərarası oxuyasan, biləsən. Məsələn,
Əmir Teymurla bağlı mənbələrdə
yazılır ki, Teymur 100.000 qulu öldürdü. Bəs buna səbəb nə idi? Yaxud Şirazda 70.000 insanın kəlləsindən
minarə qurdurdu. Niyə? 35 illik hakimiyyəti dövründə bir dəfə
də olsun məğlub olmayan bu hökmdar dəli idi? Xeyr. Yaxud 4000 ermənini
Şirazda diri-diri basdırtdı. Səbəbi
nə idi, məhz bunları görmək, anlamaq və oxucuya
doğru çatdırmaq lazımdır. Bunun
üçün də yazıçı tarixi mənbələrdəki
sətirlərarası mətləbi bilməli və oxucuya
çatdırmalıdır.
– Sətirlər
arasında gizlənən faktları oxucuya necə
çatdırırsınız?
– Sətirlərarası
faktların açılışını, izahını
verirəm. Məsələn, Əmir Teymur
Şirazı tutanda şəhər təslim oldu. Şirazda bircə nəfərin də burnu
qanamamışdı. Teymur ora 300 nəfərlik
qoşun qoyub getdi başqa bir şəhəri tutmağa.
Sonra ona xəbər gətirdilər ki, Şiraz
əhalisi üsyan edib və qoşunun hamısını
qırıb. Yaxud Dehliyə gedəndə
100.000 qulu var idi, ona xəbər çatdırırlar ki,
arxadan ona hücum etmək istəyirlər. O bir sərkərdə
kimi neyləməli idi, icazə verməli idi ki, qoşununu
qırıb dövlətini dağıtsınlar? Bütün bunları bilmək üçün sətirlərarası
oxumaq lazımdır. Onda hökmdarların
əməllərindəki məntiqi anlamaq olur.
Özü də mən tarixi romanlarımda Əmir Teymuru,
Nadir şahı yeni bir obrazda təqdim etmişəm, orta və
ali təhsil məktəblərində
onları heç nə izah etmədən qaniçən,
başkəsən kimi göstərirlər. Amma
onlar böyük hökmdarlar olublar.
–
Bir yazıçı kimi ayrı-ayrı tarixi şəxsiyyətlər
haqqında yazmağa ehtiyac olduğunu, boşluğun
mövcudluğunu necə hiss edirsiniz?
– Sadəcə həmin
zamanı yaşamaq, o dövrü duymaq lazımdır. Yazıçı yaza-yaza həmin tarixi dövrü
yaşayır, içindən keçirir. Əgər o dövrü öz içində
yaşaya bilməsən, o zamanın iqtisadi, siyasi, mədəni
sferasının incəliklərinə vaqif olmasan, bir dövlətin
başqa qonşu dövlətlərlə münasibətlərinə
bələd olmasan, xalqın düşüncəsini,
psixologiyasını, yaşayış tərzini bilməsən
tarixi roman yaza bilməzsən. Biz öz
tariximizi yazmamışıq. İndiyə
qədər Səlcuqlar dövrü haqqında əsərlər
yazılmayıb. Mən həmin
boşluğu gördüm və yazmaq ehtiyacı duydum.
– Sizcə,
başqa hansı dövrlər barədə ədəbi əsərlərin
yazılmasına ehtiyac var?
– Məsələn, saklar və
skiflər haqqında demək olar heç nə
yazılmayıb, elə bil heç onlar bizim deyil. Yaxud Tomris ana haqqında çox səthi
yazılıb. Xəzər dövləti haqqında az yazılıb. Halbuki Azərbaycanın
formalaşmasında xəzərlərin böyük rolu olub.
Yaxud Qaraqoyunlu haqqında az yazılıb. Yaxud Babək haqqında çox zəif əsərlər
qələmə alınıb. Amma get-gedə
tarixi əsərlərə müraciət edən müəlliflər
çoxalır. Bu çox sevindirici
haldır. Mən yazandan sonra Nadir şah
haqqında üç əsər yazılıb. Onlardan ikisi elmi-publisistik əsərdir, biri isə bədii.
Bu onun göstəricisidir ki, Nadir şaha
insanlarda maraq oyada bilmişəm.
– Nəriman
Nərimanovun da Nadir şah haqqında əsəri var. Sizin əsərinizlə onun əsəri
arasında fərq nədir?
– Mən Nadir
şahı daha geniş planda əks etdirmişəm. N.Nərimanov 1902-ci ildə
çap olunan məqalələrinin birində yazırdı:
“Nadir şahı elə öldürdüm ki, onu bir daha diriltmək
olmayacaq”. Mən Nadir şah obrazını sovet
dövrünün maraqları ilə
canlandırmamışam, Azərbaycanın hökmdarı kimi
əks etdirmişəm.
–
Deyilənlərə görə Əmir Teymurun qəbri açılandan
sonra II Dünya Müharibəsi baş verdi.
Bəs siz Əmir Teymur haqqında roman yazandan
sonra həyatınızda hanısasa mistik bir hadisə baş
verdimi?
– Tarixi roman müəlliflərinin
həyatında mistik hadisələr həmişə olur. Çünki sən yaşamadığın bir
dövrə daxil olursan, oranın sakininə çevrilirsən.
Əgər o mistika ilə yaşamasan həmin
dövrü canlandıra bilməzsən.
– Adətən, Şah
İsmayıl Xətai barədə daha çox romanlar
yazırlar, sizsə Təhmasib dövrünü qələmə
almısınız. Maraqlıdır...
– Azərbaycanı
bütöv vəziyyətə gətirən, vahid Azərbaycanı
yaradan Təhmasib şah olub, Şah İsmayıl Xətai
olmayıb. Xətai dövləti yaradıb sadəcə.
Hakimiyyətə gələndən sonra Təhmasib
Şəki hakimliyini ləğv elədi,
Şirvanşahları Səfəvilərə birləşdirdi.
Şah İsmayılın Avropa ilə əlaqələri
çox möhkəm idi, amma Təhmasibin yox. Venesiya kralı Təhmasibə məktub
yazmışdı ki, sənə nə qədər istəsən
tüfəng verirəm, Sultan Süleymanla vuruş. Təhmasibsə
ona belə bir cavab verib: "Əgər müsəlman kafirlərə
qarşı vuruşursa, mən ona qarşı ola
bilmərəm, Allah bunu götürməz”. Təbii
ki, Avropa ölkələrin marağından
çıxış etmədiyinə görə də Avropa
üçün Təhmasib maraqlı tarixi şəxsiyyət
deyil, ona görə də Avropanı düşünüb
yazanlar üçün Təhmasib uğurlu tarixi şəxsiyyət
deyil.
–
Daha çox dövlətlərdən, xalqlardan yox, hökmdarlardan
yazmağınıza səbəb nədir?
– Bir var dövlətlərin
tarixi, bir də var hökmdarların tarixi. Qədim
zamanlarda bir hökmdar bir dövlətin aqibətini müəyyən
edirdi. Millət, xalq öz tarixini müəyyənləşdirmir,
yaratmır, onların tarixini hökmdarlar yaradır. Uluqbəyin rəsədxanası haqqında əsrlərlə
Avropada dərs keçilib, əgər Uluqbəy Səmərqəndin
hakimi olmasaydı, o rəsədxana da açmazdı. Yaxud, Hülaki xan olmasaydı, heç Nəsrəddin
Tusidən bir səhifəlik yazı da gəlib
günümüzə çıxmazdı, nə də
Marağa rəsədxanası tikilməzdi. Gəl sənə maraqlı bir hadisə
danışım. Deməli, bir gün
Hülaki şahla Nəsrəddin Tusi söhbət edir,
qoşunsa dağın ətəyində olur. Nəsrəddin Tusi ona rəsədxana
açmağın vacibliyindən danışır. Hülaki razılaşmır. Deyir
ulduzları saymaq nəyimə lazımdır. Nəsrəddin Tusi deyir ki, gəl belə bir təcrübə
aparaq. Böyük bir qazanın içinə
bir-iki daş atıb dağdan diyirləyək, görək
qoşun nə edəcək, ancaq ikimizdən başqa heç
kəs bilməsin. Dağdan diyirlənən
qazanın səsinə qoşun tam döyüş vəziyyəti
alır, elə bilirlər ki, düşmən gəlir. Qoşununu sakitləşdirirlər. Nəsrəddin Tusi deyir ki, gördün onlar
yuxarıdan gələn səsin hardan gəldiyini bilmədilər
deyə bu cür həyəcanlandılar, təşvişə
düşdülər. Eyni ilə ulduzlar
da belədir; onların hərəkətini bilməsək, biz
də daim narahatlıq içində olacağıq. Bununla da Hülaki şah əmr verir ki, Marağa rəsədxanası
tikilsin. Özün fikir ver, bu məsələni
xalq fikirləşmədi ki? Yox. Xalq elm haqqında fikirləşmir, yaşamaq barədə
düşünür. Elmi də, dövləti
də yaradanlar hökmdarlar və aqil adamlar, fərdlərdir.
– Ardıcıl
olaraq tarixi əsərlər yazırsınız. Sizcə, tarixin labirintinə düşüb onun əsirinə
çevrilməmisiniz ki?
– Yox, tarixin əsirinə
çevrilməmişəm, amma biz hamımız tarixin
labirintindəyik.
– 2003-cü ildə prezident
seçkilərinə namizədliyinizi vermişdiniz. Xəyal eləyək ki, seçilmişdiniz, onda da
belə romanlar yazacaqdınızmı? Hə,
bir də ən əsası, onda görüşümüz
bugünkü kimi asan olacaqdımı? (gülürük)
– Yox, onda romanlar yaza bilməyəcəkdim.
Çünki siyasət insanın bədiiliyini,
bədii düşüncəsini əlindən alır, tamam
başqa şeylər düşündürür səni.
Xalqının yüksəlişi
üçün o kürsüdə gecə-gündüz
düşünməli olursan. Həm də
siyasətdə tarixi yaradırsan, yazmırsan.
– Bunun nəyi pisdir ki, onda da “hökmdar” kimi sizdən yazacaqdılar... (gülürük)
– Mənim haqqımda onsuz da yazırlar və yazacaqlar da...
Fərid
Hüseyn
Kaspi.-2014.-19-21 iyul.-S.11.