Şeir atəşində möcüzələşən
şair bacımız
Fərqanə Mehdiyeva. Bu adı, yanılmıramsa, ilk dəfə, bir vaxtlar saz-söz əhlinin hörmətlə izlədiyi “Aşıq Pəri” məclisində – rəhmətlik el şairi Narınc Xatunun yaratdığı (1984) və rəhbərlik etdiyi aşıq və şairə qızların məclisində eşitmişdim. Tam səmimiyyətlə deyim ki, orada şeir deyən qızların içində niyəsə Fərqanəni daha maraqla dinləyirdim: Poetik dili lakonik və tutumlu idi. Şeirdə qəribə söz oynatmaları, eyni sözü müxtəlif çalarlarda işlətməyi xoşuma gəlirdi, daha doğrusu, həmən şeirlər ürəyə su kimi çilənirdi. Şeirlərindəki məntiqli, hikmətli fikirlər, məna yükü dərin ifadələr insanın diqqətini özünə çəkirdi. Ruhu tərpədəcək məqamları misralara mirvaritək düzürdü, adama elə gəlirdi ki, Fərqanə “Aşıq Pəri”nin səhnəsinə çıxanda fikrində tutduğu şeiri yox, elə oradaca bədahətən başqa bir şeir oxudu, bəlkə də belə deyildi. Amma sonralar ədəbi məclislərdə yaxından müşahidə edəndə, dinləyəndə, onun həqiqətən bədahətən şeir demə qabiliyyətini bildim. Çox təəssüf ki, şeir yaddaşım olmadığından indi o şeirləri xatırlaya bilmirəm, amma dəqiq bilirəm ki, bircə dəfə rastıma çıxsa, tanıyaram həmin şeirləri.
Hətta dünyanın məşhur şeir – poeziya ustadları şairliyin nə qədər ağır yük olduğunu, əzablı, əziyyətli bir sənət olduğunu etiraf edirlər, yazırlar, amma bu etiraflarla yanaşı yazmaqdan da əl çəkmirlər, əl çəkə də bilməzlər. Çünki bu sənət ilahi bir vergi, şirin bir ağrı - əzabdır, nəhayət, hər kəsin qəlbinə hakim ola biləcək məsələ deyil. Fərqanə anadır, ürəyini, duyğularını bütünlüklə balalarına verə bilmir, içindəki şahə qalxan şairlik fırtınasının cəngindən qopmaq istəsə də qopa bilmir -
Bacarın içimdən çıxarın məni,
Bir az da incidib çıxarın məni.
Girdiyim küncümdən çıxarın məni,
Siz məni qoymayın şair olmağa.
Bu sətirlər müəllifin içindəki dünyayla mübarizəsidirmi, yoxsa şairliyin əzabından qürtarmaq üçün insanlardan kömək umacağıdır, ya da insanı özünü-özündən alan şairliyin poetik cizgisini çəkmək, xarakterini vərəqləməkdir –
Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar,
Şair
balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa.
Şair bu şeiri övladlarına həsr edib. Ana və
şair taleyi arasında “dolaşdığı dünya”dan
sıyrılıb çıxa bilmədiyindən yazır.
Yalnız balalarına məxsus olan məhəbbətini
özü də bilmədən içində
yuvalaşdırdığı şeir dünyası ilə
böldüyündən danışır, sanki
“günahları”nı boynuna alır və
övladlarına üz tutub, özü bacara bilmədiyindən,
ana haqqını şair təbinin əlindən qoparmağa
çağırır. Əslində bu sətirlər
şairlərin qısaca tərcümeyi-halıdır.
“Fərqanə
imzasını eşidincə oxucunun ağlına ilk olaraq
hansı misralarının gəldiyini” soruşmuşdum:
Yağar ağ yağışlar görünməz
sonu,
Büllur çəmənlərin üstü zər
olar.
Hardasa
olacaq ilk görüşlərin,
Çoxu
bu yağışda ixtisar olar...
- cavabını almışdım. Məndən
olsa, elə birnəfəsə “Təndir” şeirini deyərdim,
özü də başdan ayağacan (hərçənd ki,
uzun şeiri sevmirəm, bəndlər uzandıqca elə bilirəm
fikir yayınır, mövzu dağılır, nəhayət adam darıxır).
Təndirin
közü ilə “içəridə” baş-başa
çatılan ana obrazına fikir verək –
Başını
bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.
- uğurlu deyimdir. Ananın əyildiyi nöqtədə
ruzi - bərəkət var, od - ocaq var, dünya fəlsəfəsi
– hikməti var, gəlimli – gedimli dünyanın pünhan sirləri
var, axtarsan və indi sadalamalı olsan orada hər şey var.
Ana mərdi-mərdanə odla əlbəyaxamı olur, ya
sirdaş olaraq onunla qol-boyun olur? Ana təndirə
o fəlsəfələri oxumaq üçün baş əymir,
əksinə qadının - ananın sirrini bölüşə
biləcəyi tək sirdaşı elə təndirdir.
O, balalarını kiridə biləcək neməti
qızarmış közün gözündən qoparır. “Quran”dan ucada dayanan əppəyə baş əymək
anaların hünəridir.
“Yaradıcılığımda vətənpərvərlik,
zaman mövzularına üstünlük verirəm” deyən
şairin şeirləri içində daha çox ictimai
xarakterli şeirləri adamı ovsunlayır. Yenə də
onun “Təndir” şeirini nəzərdən keçirək.
Əvvəla onu da deyim ki, Fərqanənin “Təndir”ini
oxuduqca 37-ci ilin qara gecələrinin qurbanı “kəndli
şairi” Hacı Kərim Sanılının 1924-cü ildə
qələmə aldığı “Aran köçü”nü
xatırladım. Bu şeirlə heç əlaqəsi
yoxdur. Sadəcə “Aran köçü”ndə müəllif
kənd həyatını bircə-bircə
“xırdaladığı” kimi, “Təndir”də də
ananın möcüzəvi və müdrik təndirlə
baş-başa çatılaraq “dərdləşmə
anının incəlikləri” xırdalanır və
onları eyni anda eynimə gətirən də məhz həmin
özünəxas elementlərin sadalanmasıdır.
Fərqanə təsadüfi olaraq anasına sirdaş təndir
obrazını seçməyib. Təndir
qızarmış bağrında çox
ağrı-acıları, çox sirli-soraqlı dərdləri
qovurur, külə döndərir. Ötən
əsrin 1988-89-cu illəri idi. Uzaq bir dağ kəndində
didərginlik köçünü əyləndirmiş bir
neçə qadının təndir başındakı
söhbətlərinə bir də indi Fərqanənin “Təndir”ində
dinşək kəsilirəm –
Evin
dalındakı qərib təndirə
Gör neçə zamandı çörək
yapılmır.
Didərgin qadınlar qərib təndir başında
urva əvəzi kündələrini dərdləri ilə
sığallayır, sonra yerə basdırılmış təndirə
yapırdılar. “Təndir başındakı söhbətlər”
həm onları öz içlərində qovuran dərdlərindən
qurtarır, həm də sanki didərginlik dəhşətini
yaşadıqları zaman başlarına gələnləri
kösöv edib ocağa atırdılar. Dərddən
dodaqları, bağırları cadar - cadar olmuş analar
kündələri yastılayıb təndirin badına zərblə
“yapışdırdıqca” sanki, içlərində divə
dönmüş dərdlərini kündə əvəzi
ocağın bağrına saplayırdılar. Hətta çörəkləri küt gedəndə
də heç heyfsilənmirdilər, əksinə,
“yaxşı ki, o kündə küt oldu, onu təndirə
aparanda ən ağır günümü sanki təndirin
badına yapışdırdığımı hiss etdim”.
Təndirə “əyilib- qalxma” hardasa bir dəqiqə
çəkir, ya çəkmir. O ani müddətdə
“ağır dağlar aşan” analar özləri möcüzəyə
dönürlər. Fərqanənin təndir
başında misraladığı sətirlərdə də
həmən dərdli anaların oxşar izlər
gördüm. Fərqanənin anasına
yazdığı sözlər elə onların da taleyinə
biçilmiş kimi görünür –
Təndirin
tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Çox
güman, o vaxtlar Fərqanənin bu şeirini əzbər bilsəydim
(və ya o vaxt yazılsaydı) qərib təndirin
başındakı didərgin analara üz tutub deyərdim ki,
indi sizin də yurd yerlərinizdə
qalamadığınız “təndirin sinəsi
çat-çat olubdu”, ya da “bir zaman təndirdə qovrulan əllər”iniz,
“indi yurd ehtiyacından, qəribçilik həsrətindən
alışıb yanır”.
Bu şeirdəki hər iki obraz - ana və təndir
obrazları Fərqanənin duyğularının “sarı
sim”idir. Qələmə aldığı detalların poetik
“bəzəyində” öz analarmızın taleyini
görürük, ya da bütövlükdə, kənd həyatında
yaşayan türk qadınının ümumiləşmiş
obrazıdır.
Ümumiyyətlə, “lirik mən”in şeirlərində
Ana obrazı da çox təsirlidir. Fərqanə “Hayana
gedib anam” ağrısı ilə Ana elegiyası yazıb.
Qələminin ucu ilə dünyasını məhvərindən
qoparan yoxluğun “şəklini çəkib”:
Damdan əskiltməyin
un kisəsini.
Amanın
günüdü, anamdan qabaq
Həyətdə
təndirin bağrı çatlayar!
Müəllifin
anaya həsrət bir anına da diqqət yetirək -
Gəzirəm qərib-qərib, nə ümid var, nə
inam.
Adam qalmır soruşum – hayana gedib anam.
Uşaqları
yanında canını qoyub gedib;
Atam təzə aldığı donunu qoyub gedib.
Bu gen
dünyada özünə yer tapmayıb göylərə
uçan Anaya yazılan ağı, oxşama. Fərqanə
bu sətirləri ilə oxucusunun qəlbini çox
amansızcasına “param-parça” edir, dərdinə hay verəcək
insanların qəlbini “söküb-dağıdanda” insaf
heç yadına düşmür.
Qaranlıqda
itənim, işığa oxşayırdı;
Elə qocalmışdı ki, uşağa
oxşayırdı.
“Lirik mən”in
Anaya həsrət bir başqa anına da fikir verək - “Dindirəndə
can deyən, adımı qoyub gedib”. Maraqlı
deyimdir. Əslində şeirdə bu
tapıntıdır. Ana bağrında qopub gələn
“can” sözünün şirinliyini adama heç kəs ana səsindəki
ahəng kimi daddıra bilməz.
“Klassiklərdən tutmuş müasir ədəbiyyat
nümayəndələrini özümə ustad
sanmışam. Məmməd Araz, Əliağa Kürçaylı, Fikrət
Qoca, Bəxtiyar Vahabzadə, Musa Yaqub və başqa şairləri
sevə-sevə oxumuşam. Poetik ruhumun mayası
anamın laylası və 41-45 dən bəri
boxçasında qalan doyunca geyinmədiyi qırmızı
donu, yaylığı olub”. Bu qeydlər Fərqanənin
şeir yolundakı ustad kimi gördüyü şairlər və
poetik ruhunun mayasıdır.
Fərqanə ədəbiyyatımızın 90-cı
illərini təmsil edir. İctimai tarixi formasiyanın dəyişdiyi zaman, milli
hisslərin tufan qopardığı tarix, Azərbaycanda
demokratiya və milli müstəqillik uğrunda mübarizədə
qan su yerinə axdığı ağrılı günlər-aylar-illər,
elə bu səbəbdən də imperiya şinellilərinin
torpaqlarımızı işğal etdiyi qara günlər,
şəhid dərdi, əsir üzqaralığı,
yaralı iniltilərinin içimizdəki səksəkəli
günlərində şeir dünyasına ayaq açaraq
özünü tapıb, ya da təsdiqlədib. Təbii ki, bütün bunlar, bu
sadaladığım ictimai – siyasi motivlər Fərqanə
şeirlərinin tən ortasından şırımlayıb
keçib. “Vərəqlər
üstündə bitən dərdimi. Yazıram
el-oba, Vətən dərdimi”. Özü də
o şeirlərin ağrısı elə mövzunun
özü qədər dözülməzdir, təsirlidir.
Bağrının
başında yara dağ kimi,
Dolanır
boynuna qara bağ kimi,
Neyləsin,
dərdi var Qarabağ kimi,
Qırmızı geyinə bilməyir Anam.
Məni də geyməyə qoymayır Anam.
Fərqanə
gerçək hadisələrin, adi məsələlərin
sadə cizgilərini ustalıqla nəzmə çəkə
bilir -
Qəbrimin üstə qoymaya,
Başıma düşən daş bəsdi!
və ya
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.
– deyimləri yuxarıdakı fikrimin təsdiqidir. “Daşyonanla söhbət” şeirindəndir. “Başa düşən daş”ı başdaşı əvəzi heykəlləşdirmək, ancaq şair xəyalı ola bilər, özü də sözü əlində mum kimi oynatmağı bacaran şair, Fərqanə kimi.
Fərqanə bü günkü şeirimizdə yeri olan, söz deyən, poetik dünyası aydın görünən, misraları ilə həmən tanınan, sayılıb-seçilən şairlərimizdəndir. Və buna çox sevinirəm. Azərbaycan qadını yuxa qəlbi ilə şeir deyirsə, şeir yazırsa, demək, o, sevir, sevilir. Fərqanənin poeziya dünyasında ən uca taxtı isə oxucusunun ürəyidir.
Bü günkü şeirimizin istedadlı (həm də ən istedadlısı!) nümayəndəsi Fərqanə Mehdiyevanın cəmi üç şeirinin - məni tutub özündə saxlayan üç şeirinin üstündə dayandım. Bir də şeir atəşində möcüzələşən şair bacımızın bir-iki xarakterik cizgisindən söz açdım, deməyə söz isə lap çoxdur –
Şeirlə bölürəm bu tən dərdimi,
Vərəqlər üstündə bitən dərdimi.
Almaz ÜLVİ,
filologiya elmləri
doktoru
Kaspi.-2014.-23 iyul.-S.14.