Ömrünü əbəs
yaşamadı
Xatirə dəftərindən
Birindən soruşurlar ki, qardaşın necə adamdı, cavab verir ki, onunla səfərə çıxmamışam. Keçən əsrin 80-ci illərində Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin təşəbbüsü ilə keçmiş Sovet İttifaqının müxtəlif şəhər və vilayətlərində Azərbaycan kinosu günləri keçirilirdi. Hər dəfə bu tədbirlərdə kino işçilərimizin böyük bir dəstəsi iştirak edirdi. O cümlədən respublikanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, istedadlı kinorejissor Arif Babayev də belə səfərlərdə dəfələrlə olmuşdu.
Mən A. Babayevi sənətdə öz yeri, yaradıcılıqda öz dəst-xətti olan sənətkar kimi tanıyırdım. Səfərlər zamanı, elə Bakının özündə də müəyyən tədbirlərlə əlaqədar bir yerdə olarkən onu həm də gözəl bir insan kimi özüm üçün kəşf etdim: ağır təbiətli, az danışan, yoldaşlarına qarşı çox diqqətli, açıq ürəkli bir insan kimi.
Görkəmli sənətkar A. Babayev yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 1983-cü ildə, 55 yaşında dünyasını dəyişdi. Bununla əlaqədar mətbuatda dərc edilmiş nekroloqda yazılmışdı: “Vətənpərvərlik, vətəndaşlıq kinorejissor Arif Babayevin ən yaxşı işlərini fərqləndirirdi. Həssas yoldaş, vicdanlı, təvazökar, xeyirxah insan-dostları və həmkarları onu həmişə belə tanımışlar. Özünə qarşı tələbkar, incəsənətə sonsuz sədaqətli olan sənətkar, dövrün tələblərinə diqqətlə yanaşan Arif Babayev istedadlı ekran ustası və gözəl insan kimi qəlbimizdə həmişə qalacaqdır.”
A. Babayev aramızdan çox tez getsə də gələcək nəsillərə ondan filmlər və xatirələr yadigar qaldı. Çox doğru deyiblər ki, ömür müvəqqətidir, sənət daimi.
Beləliklə, ...
* * *
Heç
hənanın yeridir
80-ci illərin ortalarında Arxangelsk vilayətində (Rusiya) keçirilən Azərbaycan kino günlərində böyük nümayəndə heyətimiz də iştirak edirdi. Vilayətin şəhərlərində tamaşaçılarla çoxlu görüşlərimiz olurdu. Görüşlər zamanı A. Babayev tamaşaçılar qarşısına çıxsa da nadir hallarda danışardı, danışanda da bir-iki kəlmə söz deyərdi. Burda bir haşiyə çıxım ki, hətta getdiyimiz yerlərdə yadigar qalsın deyə kollektiv şəkil çəkdirəndə də Arif müəllim ya hamıdan kənarda durardı, ya da ikinci sırada dayanardı. Onu ortaya dəvət edəndə də deyərdi ki, işinizdə olun, mənim üçün elə bura da yaxşıdır. Hər dəfə kinoteatrlarda seanslardan əvvəl çıxış edənlərin siyahısı tutulanda o, mənə yaxınlaşıb deyərdi:
- Mənim adımı siyahıya salma. Danışmağa nə həvəsim var, nə də hövsələm.
Bir gün növbəti görüşə hazırlaşarkən mehmanxanada qısa istirahət zamanı A. Babayevin qaldığı otağa gəlib ona dedim:
- Arif müəllim, axşam sizin “Birisigün, gecəyarısı” filminizə baxış olacaq. Siz mütləq tamaşaçılar qarşısında çıxış edib film haqqında söz deməlisiniz.
O, əlini çiynimə qoyub heç kəsin eşitməyəcəyi bir səslə astadan dedi:
- Mən ölüm, incimə, hərənin bir cürə xasiyyəti olur də. Məni də anam belə doğub: qaradinməz, adamayovuşmaz. Neyləyim, başqa cürə ola bilmirəm də. Bir də ki, sənətdə indiyə kimi nə etmişəmsə, hamısı göz qabağındadır. Təzədən durub camaata tarix-nadiri danışmayacağam ki. Baş rolun ifaçısı Həsən Məmmədov burdadır. O, əntiqə danışır. Tapşır, qoy o danışsın. İncimə, mən ölüm, incimə, özün görürsən də, danışmaqla heç aram yoxdur...
Arif müəllim həqiqətən qaradinməz idi. Amma bununla belə hər şeyə fikir verərdi, hamıya diqqət yetirərdi. Növbəti görüşümüz vilayətin Severodvinsk şəhərində keçirilməli idi. Biz nahar edəndən sonra “Raf” markalı avtomaşına əyləşib yola düşdük. Bizi bu səfərdə Arxangelsk şəhər kinolaşdırma idarəsinin məsul işçisi Natalya İvanovna müşayiət edirdi. Yol uzun və darıxdırıcı olduğu üçün hərə bir əhvalat danışır, başımızı söhbətə qatırdıq. Arif müəllim arxada pəncərə tərəfdə oturub dinməzcə ətrafı seyr edirdi. Həmişə olduğu kimi yenə də öz aləminə qapılmışdı. Birdən heç kəsin gözləmədiyi bir halda o, əlini bizə tərəf uzadıb əsəbi halda dedi:
- Ay uşaqlar, ayıbdır axı, yarım saatdır yol gedirik, siz də özünüz üçün söhbət edirsiz, qəhqəhə çəkib gülürsüz, amma heç kim fikir vermir ki, yanımızda qeyri-millətin nümayəndəsi oturub. Özü də bizdən ötəri o boyda yol gedir. Elə eyləyin ki, o da söhbətə qoşulsun, danışmaqlarınızı başa düşsün, ayıbdır axı. Sonra bizim haqqımızda nə fikirləşər.
Ani olaraq araya sükut çökdü. Çünki irad haqlı idi. Arif üzünü qəflətən Nataşaya tutub mülayim, bir qədər də boğuq səslə dedi:
- Natalya İvanovna, u vas qatovyat vkusnıye qotletı (günorta yeməyini nəzərdə tutrdu – A. K.).
Onun bu gözlənilməz sözünə hamı gülüşdü. Hətta Arif özü də gülümsündü. Nataşa deyilən sözlərdən xoşhallanıb cavab verdi:
- Srazu vidno çto, Arif Qadjiyeviç ne tolko xoroşiy rejissor, no on vidimo i otliçno razbirayetsya v yedax. Takix mujçin ne çasto vstreçiş.
Yoldaşlardan kimsə qadının sözünə qüvvət verib rusca dedi:
- Nataşa xanım, düz buyurursunuz. Bizim Arif müəllim nəinki xörəklərdən yaxşı baş çıxarır, o həm də özü əla xörəklər bişirir. Onun bişirdiyi xörəklərə söz ola bilməz. Bakıya gələrsiz, allah qoysa, özünüz bunun şahidi olarsınız.
Nataşa dilləndi:
- Bunu elə burada da təşkil edə bilərik. Qoy bizim rejissorumuz milli xörəklərdən birini hazırlasın.
A. Babayev məsələnin ciddiliyini görüb dodaqaltı deyindi:
- Əcəb işə düşmədik. Adə, bu qotlet haradan gəldi düşdü yadıma. Heç hənanın yeridir...
Arxangelsk hədiyyəsi
Arxangelskdə Azərbaycan kinosu günləri başa çatmaq üzrə idi. Burada keçirdiyimiz bir neçə gün ərzində bir-birimizə elə öyrəşmişdik ki, nümayəndə heyətimiz bizə böyük bir ailənin üzvlərini xatırladırdı, hərə öz xasiyyəti, hərə öz istəyi ilə. Amma mehribançılığımıza söz ola bilməzdi.
Yerli sakinlər filmlərimizə həvəslə baxırdılar, kinoteatrlarda kinematoqrafçılarımızla görüşlərimizə çoxlu tamaşaçı toplaşırdı. Kino bayramının axırıncı günü ev sahibləri bizi şəhərin kənarında açıq səma altında salınmış muzeyə apardılar. Burada, bir neçə kvadrat kilometr sahədə taxtadan müxtəlif ölçüdə binalar inşa edilmişdi. Həmin taxta binalar pomorlar diyarının qədim şəhər və kəndlərində tikilmiş kilsələrin, dövlətli və kasıb evlərinin nümunələri idi.
Muzeylə tanışlıqdan sonra A. Babayev təəssüf hissi ilə dedi:
- Siz bir fikir verin. Arxangelskin ən ucqar kəndlərində tikilmiş qədim evlərin nümunələrini bu muzeydə toplayıblar ki, gəlib gedən görsün, bunlara əhsən desin. Amma dünyada tayı-bərabəri olmayan mənim İçəri Şəhərimin uçulan evlərini pərpa etmək əvəzinə, söküb müasir binalar tikirlər ki, nə var, nə var, abadlıq işləri aparırıq...
Sonra yoldaşlardan kimsə təklif etdi ki, yaxınlıqdakı mağazaya gedək və özümüz üçün Arxangelskdən yadigar bir hədiyyə alaq. Biz elə də etdik. Mağazadan çıxanda hərənin əlində kiçik də olsa bir hədiyyə vardı. Təkcə aramızda A. Babayev görünmürdü. Bir az keçmiş gördük ki, Arif müəllim əlində ... iri bir aliminium qazan və böyük kəfkir gəlir bizə tərəf. Hamımız çaşıb qalmışdıq. O, bunu hiss edib halını pozmadan dedi:
- Niyə çaşıb qalmısınız. Subay adamın Arxangelsk hədiyyəsi elə qazanla kəfkir olar də.
Hə, necədür səninçün
Kinorejissor A. Babayevin “Alma almaya bənzər” filmini yəqin ki, tamaşaçılar xatırlayırlar. O vaxtı rejissor filmdə epizodik rollardan birini ifa etmək üçün görkəmli rus komik aktyoru Sergey Filippovu dəvət etmişdi. Kinoda epizodik rolların mahir ifaçısı kimi tanınan Sergey Nikolayeviç həqiqətən azərbaycanlı rejissorun ümidlərini doğrultmuş, bir filmdə kiçik, lakin birdən–birə üç surət yaratmışdı. Sonralar bu aktyordan söhbət düşəndə Arif müəllim deyirdi: “Belə bir görkəmli aktyorun mənim filmimdə çəkilməsi ilə fəxr edirəm. Belə sənətkarlardan öyrənmək heç vaxtı gec deyil.”
Azərbaycanda “Lenfilm” kinostudiyası günlərinin keçirilməsi ilə əlaqədar respublikamıza gələcək nümayəndə heyətinin tərkibində kinoaktyor S. Filippovun da olduğunu eşitcək A. Babayevə zəng vurdum. Çox sevindi. “Qonaqları qarşılamağa mən də gedəcəyəm” – dedi.
Onlar təyyarə limanında köhnə dostlar kimi qucaqlaşıb görüşdülər. Sergey Nikolayeviç mənə dedi ki, “Alma almaya bənzər” filmində çəkilməklə Bakıda özünə Arif kimi sədaqətli dost tapıb. O, A. Babayevin insan psixologiyasını yaxşı bilən, çəkiliş vaxtı yaradıcı qrupun fikrini bir məqsəd ətrafında cəmləşdirməyi, ən başlıcası isə aktyorla işləməyi bacaran kino ustası olduğunu bildirdi. Qocaman sənətkarın dediyinə görə bunlar hər bir kinorejissor üçün çox vacib şərtlərdəndir.
Azərbaycanda keçirilən “Lenfilm” kinostudiyası günləri uğurla başa çatdı. Qonaqları yola salmaq üçün təyyarə limanına xeyli kino işçisi gəlmişdi. S. Filippov nəsə çox narahat görünürdü. Elə hey o yana-bu yana boylanırdı. Mən ona yaxınlaşıb “bəlkə sizə bir şey lazımdır” deyə ona müraciət etdim. Bildirdi ki, Arif onu ötürəcəyini deyibmiş. Gəlib çıxmadığına görə nigaran qalıb. Elə bu vaxt Arif müəllim əlində iri bağlama tələm-tələsik gözləmə salonuna daxil oldu. Bağlamanı Sergey Nikolayeviçə uzadıb dedi:
- Xahiş edirəm, bunu mənim adımdan verəsiniz xanımınıza.
Sən demə hədiyyə ilə əlaqədar A. Babayev bir qədər gecikibmiş.
- Yaman
diqqətlisiniz ha, Arif müəllim.
Mən elə
bunu demişdim ki, o, mənə tərəf çevrilib,
özünəməxsus boğuq səslə dedi:
- Çinlilər bilirsən nə
deyiblər? Deyiblər ki, hər bir kəs gün ərzində
bircə xoş söz eşidirsə, bir insan adama rast gəlirsə,
ya da yaxşı bir iş görürsə, deməli, həmin
günü boş yerə yaşamayıb. Hə, necədür
səninçün...
Qohumları
və həmkarları Arif Babayev haqqında
Vasif
BABAYEV, Arifin qardaşı – Biz beş
qardaş idik. Ailəmizdə incəsənət
işçisi olmasa da, bu sahəyə maraq böyük idi.
Valideynlərim tez-tez teatra gedərdilər.
Arif isə uşaqlıqdan incəsənətlə
maraqlanırdı. O vaxtlar caz musiqisinə cavanlarda
böyük həvəs vardı. Arif də
trubada çalırdı. Sonradan teatr
institutunda oxudu. Azərbaycan televiziyası
fəaliyyətə başlayanda ora işə düzəldi.
Öz zəhməti sayəsində
televiziyanın tanınmış rejissorlarından biri oldu.
O vaxtlar verilişlər canlı olurdu. Bu iş mürəkkəb
olsa da onun verilişləri tamaşaçılarda maraq
doğururdu. 60-cı illər televiziyası tədricən
Arif Babayev sənətinin güzgüsü oldu. Bir qədərdən sonra onu kinostudiyaya dəvət
etdilər. Mən televiziyada fəaliyyətimi
davam etdirdim. Arif televiziyanı həmişə
minnətdarlıqla yad edir, deyirdi ki, uğurlarına görə
televiziyaya borcludur. Azərbaycan kinosuna gəldikdə
isə Arif ona romantiklik, sadəlik və reallıq gətirdi.
ANAR, yazıçı, dramaturq, kinorejissor – Arif Babayev gənclik
dostumuz idi. Gəncliyimizdə də qaldı. Gün keçdi, illər ötdü, biz – onun nəsildaşları
yaşa dolduq. Arif isə xatirələrimizdə,
anımlarımızda həmişə cavan qaldı.
Çox məmnunam ki, Arif ən yaxşı əsərlərindən
olan “Gün keçdi” filmini mənim ssenarim əsasında
çəkib.
Bu filmdə ədəbi ssenaridə yazılmamış
epizodlar var: səhərin ala-toranlığında Malakan
bağında heykəllərin yuyulması, hələ yuxudan
oyanmamış adamsız küçələrlə sirk
atlarının aramla aparılması – bütün bunlar Arifin
öz müşahidələri idi. Yuxusuz gecələrində
küçələrini dolaşdığı şəhəri,
səhəri diri gözlə açdığı zaman
qarşısına çıxan mənzərələri
canlandırmaq istəyirdi Arif. Gördüklərini,
duyduqlarını yalnız əks etdirmirdi, poetikləşdirirdi,
ekran şeirinə çevirirdi. Arif
Bakının ekran şairi idi. Ekranda şəhərin
lirik atmosferini, ab-havasını yaratmaqda Arifin tayı-bərabəri
yoxdu.
Kamil NƏCƏFZADƏ,
kino rəssamı – Kinoda çalışdığım uzun
illər demək olar ki, bütün rejissorlarla işləmişəm,
o cümlədən Arif Babayevlə. O, istər xasiyyətinə,
təbiətinə, istərsə də yaradıcılıq
dəst-xəttinə, işləmək qabiliyyətinə
görə başqalarından fərqlənirdi. Onu 1962-ci ildən tanıyırdım. O vaxt
Arif televiziyada işləyirdi. Mənim
haqqımda 30 dəqiqəlik sənədli film də çəkmişdi.
Filmə baxanda aydın görürdün ki, onu
professional çəkib, əsər sənətkar əlindən
çıxıb. O, kinostudiyaya dəvət olunandan sonra
daha böyük həvəslə işə girişdi. Elə bil kino onun canına hopmuşdu. Film çəkməkdən savayı onun
gözünə heç nə görünmürdü.
“Birisigün, gecəyarısı” filminin çəkilişinə
hazırlaşanda onu elə hey kinostudiyanın dəhlizində
durub siqaret çəkən görürdüm. Filmin
quruluşçu rəssamı kimi işin gedişatı ilə
maraqlanırdım. Bir gün ona yaxınlaşıb
dedim:
- Ay Arif, gəl oturaq, baxaq, görək
nə edəcəyik.
O,
gülümsünüb cavab verdi:
- Sən
heç narahat olma, hər şey qaydasında gedir.
Sonra barmağını
alnına tutub əlavə etdi:
- Nə
fikirləşmişəmsə hamısını
yığmışam bura.
Arif Babayev kamil sənətkar olmaqla yanaşı, həm
də gözəl insan idi. Çox təmiz
ürəyi var idi. Elə vaxt olurdu ki,
özünün pulu qurtarırdı, gedib kimdənsə borc
alırdı, həmin pulu başqası üçün xərcləyirdi.
Sonra da gördüyü işdən ləzzət
alırdı. Dostluqda da möhkəm və
etibarlı idi. Qəlp adamlardan zəhləsi
gedərdi. Sözü üzə deməkdən
çəkinməzdi. Quruluşçu rəssam
kimi onunla işləyəndə bir sözümü iki eləməzdi.
Çünki mənə çox
inanırdı, etibar edirdi. Mən də
işi elə yüksək səviyyədə görməyə
çalışırdım ki, onu pis vəziyyətdə
qoymayım.
Valeri KƏRİMOV, kinooperator – Mən Arif Babayevlə iki filmdə - “Arxadan vurulan zərbə” və “Alma almaya bənzər” kinolentlərində işləmişəm. Apardığım müşahidələrə görə cəsarətlə deyə bilərəm ki, o, filmin plastikasını, stilistikasını, ruhunu, təsviri incəliklərinə qədər hiss edən rejissor idi. Ona görə də bu sənətkarın filmlərinə baxanda görürsən ki, həmin kino əsərləri təsvir baxımından yüksək səviyyədə çəkilib. Arif professional rejissor idi. Operatorun işinə yaradıcılıqla yanaşırdı. Heç vaxt öz taxsırını operatorun üstünə yıxmazdı. Əksinə iş prosesində biz bir-birimizi əla başa düşürdük. Çəkiliş meydançasına çıxanda bəzən elə olurdu ki, Arif nəyi isə götür-qoy edir, elə hey vurnuxur, amma çəkilişə başlamırdı. Mən başa düşürdüm ki, o çəkəcəyi səhnəni görmədiyi üçün vaxtı uzadır. Həmin səhnənin həllini tapan kimi lap gecəyarısı olsa da çəkilişə başlayırdı. Bu rejissor işində vacib cəhətlərdəndir.
A. Babayev İçəri Şəhərdə anadan olub böyüdüyünə görə şəhərin ab-havasına, adamların əhval-ruhiyyəsinə yaxşı bələd idi. Ona görə də o, şəhər atmosferini ekrana çox bacarıqla köçürə bilirdi. Həm də kor-koranə yox, yaradıcılıqla. Buna görə də onun filmlərinə hər vaxt həvəslə baxırsan, elə bir qəhrəmanlarla birgə sən də şəhərin küçələrində addımlayırsan, o dar, ensiz dalanlardan keçib gedirsən, məşhur Bakı bulvarında gəzirsən. Arifin filmlərinə baxanda Xəzərin sahilində, Bakı kimi gözəl bir şəhərdə yaşadığına görə iftixar hissi keçirirsən. Onun filmləri tamaşaçıları, xüsusilə gəncləri vətəni sevməyə, yaşayıb yaratmağa çağırır.
Pərviz QULİYEV, fotoqraf – rəssam – Rəhmətlik Arif Babayevlə mən kinostudiyanın evində, bir blokda yaşayırdıq. Bir qonşu kimi aramızdan su keçmirdi. O, subay idi. Bişirib düşürmək, evi səliqəyə salmaq, təmiz saxlamaq onun öhdəsinə düşürdü. Adətən subay adamların evi tör-töküntülü olur. Amma mənim qonşum çox səliqə-səhmanlı idi. Özünə də baxardı, evinə də. Təmiz geyinməyi xoşlayırdı. Evdə xörək bişirəndə önlük geyərdi ki, paltarına ləkə düşməsin. Xörək bişirəndə oturub onun soğan, göyərti, kələm doğramasına, kartof soymasına tamaşa edərdim. Bir dəfə ondan soruşdum ki, bu cür dadlı yeməkləri bişirməyi harada öyrənmisən, dedi ki, anamdan. Anamın hazırladığı xörəklərin iyi məni məst edərdi. Bir də axı insan zülmə tabedir. Məcburiyyət qarşısında hər şeyi öyrənirsən. Bütün bakılıların sevdikləri xörəklərdən düşbərəni, qutabı və bozbaşı çox xoşlardı. Çörək yeyəndə istərdi ki, stolunun üstü dolu olsun. Amma çox az yeyən idi. Siqareti isə bir-birinə calayardı. Axır vaxtlar film çəkmirdi, maaş da almırdı. Nəyi vardısa onu da xərcləyirdi. “Yaman günün ömrü az olar” deyirdi. Heç vaxt ruhdan düşmürdü. Xəstəxana adı gələndə əlini yelləyib deyirdi: “Apar qeytər”. Xəstəliyi ilə əlaqədar həkim ona məsləhət görmüşdü ki, mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. “Baş üstə” deyib həkimi yola salandan sonra mənə qayıtdı ki, bu nə deyir, mənim xəstəxanada nə işim var.
Səhhəti isə günü-gündən ağırlaşrdı. Qardaşı Vasif onu zorla aparıb xəstəxanada yatırtdı. Bir neçə gündən sonra baxıb gördük ki, Arif xəstəxanadan qaçıb. Qardaşı onu dübarə xəstəxanaya apardı. Bir gün bəstəkar Xəyyam Mirzəzadə ilə birgə xəstəxanya getdik. Səhhəti yaxşı deyildi. Artıq özü də dərdini bilirdi. Bilirdi ki, o, bir daha ayağa qalxmayacaq. Ancaq özünü o yerə qoymurdu, ah-uf eləmirdi, zarafatından da qalmırdı. Möhkəm adam idi Arif. Bu həyatda mərdi-mərdanə yaşadı, heç kəslə işi olmadı, heç kəsə pislik eləmədi, dünyasını dəyişəndə də ölümdən qorxmadı, ölümün gözünün içinə dik baxdı, mərdi-mərdanə. Amma onun yeri həmişə görünür. Çünki belə adamlar unudulmurlar, sənətdə, insanların qəlbində yaşayırlar.
Aydın
Kazımzadə
Kaspi.-2014.-26-28 iyul.-S.22-23.