“Dərdlərimin dünyasına dəyməyin...”

 

Gülayə

“Şeirimdən, sözümdən acığım gəlir; yaxşı gülə bilmir, ağlaya bilmir” davaçısı idi Səyavuş Sərxanlı... Təpədən-dırnağa hər cür basmaqəlib, totalitar xarakterli qanunların qanadlarını qırmağa hesablanmışdı özünəməxsus xarakteri və poeziyası.

 

Bütün bu düşüncələr, onu əhatə edən həyat gerçəkliklərinə qarşı dirənişinə baxmayaraq, Səyavuş Sərxanlı özünün-özünə qarşı açdığı davanın haqq-hesabını verməyə daha qərarlı idi. O, şeiri özünə tutduğu divan bilirdi.

 

Ta gənclik illərimizin dil əzbəri olan misraları indinin özündə də öz poetik vüsətini, duyğusallığını itirməyib. Ona görə ki, S.Sərxanlının yazdıqları təkcə bir fərdin, bir söz adamının şəxi düşüncələrini yox, daha artıq şəkildə həyatın çox üzünü görmüş, ömrün-günün gərdişi boyunca “bu yolda sevinc də. qəm də yeyən” saysız-hesabsız insanların ürəyindən keçənləri sərgiləyir, şəkilləndirirdi:

 

Ötəri buludtək dolmağa nə var,

Ömür istəyirəm gürşadla yağsın.

Dünyada anasız qalmağa nə var,

Heç kəs məhəbbətdən yetim qalmasın.

 

Ömrünün son günlərinə doğru elə bil ki, Səyavuş Sərxanlı məhəbbət sarı kasadlaşan, Məcnun düşüncəsinə, Leyli sevdasına yabançı olmağa başlayan çağdaş dünyamızın sakini olmaqdan utanırdı. Baxıb görürdü ki, “söyməyi bacaran var addımşbaşı, öyməyi bacaran oğuldan olaq” səslənişi, ərki çox zaman ucuz tutulur, quru yerdə qalır. Məhz belə anlarında yazırdı ki:

 

Dağ dalında meşə var,

Meşədə bənövşə var.

Mənə belə baxmayın,

Köksüm altda şüşə var.

 

Elə o şüşənin qırılması ucbatından da bitdi özünün özüylə olan savaşı. “Yaşıl duyğulara qar ələnməsin” istəklisi, duaçısı olsa da belə sındıranlar oldu qəlb şüşəsini. Heç deyən olmadı bir söz adamı, könül sirdaşıdı başdan-binədən.

 

Özünəməxsus, orijinal və təkrarolunmaz bir yazı texnologiyası var idi Səyavuş Sərxanlının; onun poeziyası nə qədər səmimi, kövrək və duyğusal idisə, bir o qədər də ahıl, görüb-götürmüş, qocafəndi idi:

 

Ömür dedikləri sonsuz xəzinə,

Durub borc almaz ki, adam adamdan.

Nəyi sevirdimsə - sevirəm yenə,

Nəyi sevmirdimsə çıxıb yadımdan.

 

Dərdə çevirməyən hər sözü, gapı,

Dünya yad deyil ki, - sənin evindir.

Gözləmə, hardansa açılar qapı,

Sən özün qapı aç, ürək sevindir.

 

Sizin sağlığınız deyildi həzin,

Sizə üz tuturam, sizə, adamlar:

Özgə taleyinə göz dikilməsin,

Hərənin öz yeri, öz qisməti var.

 

Ömrü boyu gəzib-dolandığı məmləkətlərin hər birində kədəri eyni dərəcədə sağ, diri gördüyünün ağrısı onun şair qəlbinin ən ağır yükü olaraq sinəsindən asıldı. Bu

durum önündə ərki yenə də şeirə, sözə çatırdı, onu da yazdı:

 

Hara dönürsən kələk,

Hara dönürsən hiylə.

Ürəklilər boğulur,

Ürəksizlər əliylə...

 

Bəlkə də səfərə çıxmaq, ölkə-ölkə gəzmək deyildi onunku – keçdiyi məkanlarda, hər addımbaşında diri, sağ-salamat qarşısına çıxan kədərdən qaçmaq, qurtulmaq idi. Heç fərqinə də varmırdı ki, özündən arxada bir kədər ünvanı qoyub da gedir. Lap könül almağa getsə də belə, bilmirdi arxada dərd yeri qalır.

 

Səyavuş Sərxanlı nərgizli, yasəmənli, yəni pak, qudsal bir aləmin, dünyanın şairi idi, bu aləmi o, “mənim nərgizli dünyam” deyə əzizləyir, “Mən də nərgizlərin nəğməkarıyam” deyirdi:

 

Çağırın gözəllik mələklərini,

Mən gərək yaxşını pisdən ayıram.

Gah durna, gah zümrüd lələklərini,

Mən yığıb Nərgizə bağışlayıram.

 

...O həzin çiçəyin başının üstə

Gündüzlər günəşəm,

Gecələr ayam.

Əyləşib dünyanın başının üstə -

Nərgizli bir dünya nəğməkarıyam.

 

Səyavuş Sərxanlı inamlı idi ki, sevgi bir gül kimi gəlir cahana, günəş nərgiz kimi bəzənir hər gün. “Dibçək güllərini ataq bir yana, hər evdə dağlardan bir çiçək olsun” səslənişində israrlı idi. Könül güldürməyin, ürək sevindirməyin savabına bələm-bələm etmişdi ömrünü. Bu xeyirli əməlin savabından barınmağından həzz alır, toxtaqlıq tapır, zərif misralarında ifadə etməyindən belə qalmırdı:

 

Bu gün könlümə dəyməyin,

Gedirəm könül almağa.

 

Yaxşı bilirdi ki. əslində şerin-sözün ən böyük savabı ürək oxşamaqdı, könül olmaqdı. Tikanlı adamları sevmirdi. Təbiətin özü qədər saf və xeyirxah olduğundan həmişə gül kimi açmağı vardı. Harasa tələsən görərdin onu... Elə bil şeirin yürək dilinə yetmək, onunla bir məkanda, bir qanad altında uçmaq, bir gözəl səfərilə yer kürəmizi bütün qapsamıyla qucmaq istəyirdi. Və bu səfərləri boyunca müşahidə etdiyi gerçəkliklərin təəssüfünü, nigarançılıını qələmə almağın ustasıydı Səyavuş:

 

Dünya nədən bazarıydı,

Kimlər kimdən bazarıydı?

Sinə gördüm-gülzar idi,

Altda ürək paslanmışdı.

 

Adətən ədəbi məkanda istedadlı şairin publisistika ilə məşğul olmasını məqbul saymırlar. O səbəbdən ki, əksər hallarda publisistika poetik düşüncənin yönünü dəyişir, şairin romantik fikir dünyasını publisistikanın sakit aləminə ram edir. Hələm-hələm şair publisistik fəaliyyətə keçdikdən sonra ilk şair vüsətini qoruyub saxlaya bilmir. Bu baxımdan Səyavuş Sərxanlı istisna idi. O, şair-publisist fəaliyyətinin keçidlərini elə bil ki, qurulu yay kimi tənzimləmişdi. Səyavuşun şair dünyası publisistik yaradıcılığını, publisistik yaradıcılığı isə şair romantikasını tamamlayırdı. Bir-birinə təkan verir, bir-birini cilalayır və zənıginləşdirirdi. Səyavuşun publisistik yazılarının iç dünyasından onun şair ruhu, şeir yaşamı bütün aydınlığı və zərifliyi ilə boy göstərə bilirdi. Ona görə də bu məqalələr xüsusi bir ovqatla oxunur, yadda qalır və öz müəllifinin orijinal üslubuna xüsusi hörmət hissi oyadırdı. Eyni zamanda, Səyavuş həmişə işıqlı, cəmiyyət üçün xeyirli olan işlərdən yazırdı. Onun zəhmət adamına, insan əməyinə olan ehtiramı gah şerin, gah da publisistikanın diliylə vəsf olunurdu. Hər iki halda bu yazılanların ruhuna dərin ehtiram, vurğunluq eyni peşəkarlıq, eyni sənətkarlıqla öz əksini tapırdı.

 

Ömrü boyu ucalıqlara üz tutdu, ucalığa sığındı. Dağları bu ucalıqların şəkli, simvolu kimi dəyərləndirdi. Həmişə getmək, yürümək həvəsinin, istəyinin əhlət yeri bildi, ucalıq rəmzi kimi dəyərləndirdi dağları. “Yol gedəsən ömür boyu yönü dağlara-dağlara” istəyilə yazdı-yaratdı.

 

Yönü dağlara – yəni, münisliyə...

Yönü dağlara – yəni milli-mənəvi dəyərlərin əlyetməzliyinə...

Yönü dağlara – yəni kişiliyə, əzəmətə, vüqara...

 

Bu yolun yolçuları olan insanları da darınmırdı. Hər kəsin mübarizə, yaşamaq haqqını tanıyırdı. Dinc, qonşu yaşamağın, paralel yol yoldaşlığının aşiqlərindən idi. Bu düşüncələrlə yazdığı misralar ortaq olur, şahidlik edirdi hər kəlməbaşı:

 

Ey məni sevənlər və sevməyənlər,

Sizi düşünürəm,

Qurbanam sizə.

Dalımca yaxşı söz, pis söz deyənlər,

Qəlbimi döşərəm qədəminizə.

 

Nə fərqi var imiş, eyni yoldayıq,

Siz bir az qabaqda, mən bir az dalda.

Nə fərqi var imiş, eyni haldayıq,

Mən bir az qabaqda, siz bir az dalda...

 

Bütün ömrünü bir sevimli ismi-pünhanın aşdığı üfüqə sarı boylana-boylana yaşayıb getdi. Elə bil, o üfüqün arxasında, əlyetməzliyində qalan dünyaya daha inamlı, daha müştaq idi. Həlim xasiyyəti, xoş davranışı ilə yanaşı inadkar bir taleyi, kür yaradıcılıq dünyası vardı. Ömrü boyu bu iki qütbün bir araya gəlməsi, ortaq bir yol bulması qarğaşası çəkdi.

 

Səyavuş Sərxanlı öz şair təbiəti, şair inamı və düşüncəsi ilə unikal, nadir xarakterə malik bir insan idi. Ana təbiətin yaxşı olan (onsuz da qüsuruz olan) bütün tərəfləri, keyfiyyətləri onda bir araya gəlmişdi. Ona urcah olan sehri, qisməti alqışlamağın dilini bilirdi. Dünyanın ən sakit küləklərini kimə və nədən ötrü bağışlamasının fərqində idi. Bütün yer üzünün çiçəklərini sevirdi - ətri bir-birindən qoy təmiz olsun istəyi, düşüncəsi ilə...

 

Və nəhayət, dünya ilə halallaşmağın dilini bilirdi: umu-küsüsüz, minnətsiz, təmənnasız dilini...

Hərdən mənə elə gəlir ki, bu misraları S.Sərxanlı ilə ortaq yazmışam. “Yeri ayrı, göyü bir olan” şairlərin düşüncəsi də bu kökdən gəlir. Elə o səbəbdən, bəlkə də Səyavuş Sərxanlının könlündən keçənlər mənim qələmimlə yazılıb belə:

 

Gözüm arxasınca qalmaz dünyada,

Xoş halım olmusan – xoş halın olsun.

Özündən özünə gedən bu yolda

Nə aldın apardın – halalın olsun.

 

Ömrümün-günümün hər üzündə sən,

Sevdiyim, zərrəsi bu dünya boyda.

Verdiyin həsrətin əvəzində sən,

Apar hər nəyim var, halalın olsun.

 

Pərvanə ömrümün əlindən tutub

Mən sənin başına dolandırmışam.

Sənin atəşində elə yanmışam

Elə bilmişəm ki, şam yandırmışam.

 

Aldın əllərimdən ixtiyarımı,

Həm könül varımı, halalın olsun.

Mənə saxlayıb sən etibarımı,

Məndən nə apardın?.. halalın olsun.

 

Kaspi.-2014.-26-28 iyul.-S.21.