«İlk»lərin müəllifi
Tutayuqlar ailəsinin
sonbeşiyi
Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın alim, biologiya elmləri doktoru, professor Validə xanım Tutayuqun adı elmi ictimaiyyətə yaxşı bəllidir. Ötən əsrin ortalarında bu xanımın fəaliyyəti nəinki Azərbaycanda, yurdumuzdan kənarda da məşhurlaşmışdı. Görkəmli alim dəfələrlə beynəlxalq elmi konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdi. Ölkə prezdenti cənab İlham Əliyev bu günlərdə görkəmli alimin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb. Orada deyilir: “Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhvələr vermiş və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir”.
Validə Tutayuq 23 sentyabr 1914-cü ildə Şuşada
anadan olub. Burada doqquz illik məktəbi bitirdikdən sonra Gəncə
Kənd Təsərrüfatı İnstitutunun
bağçılıq və bostançılıq fakültəsinə
daxil olub. Onun bu sahəyə maraq göstərməsi
atası Xaspoladdan gəlib.
İnstitutu
başa vurduqdan sonra Validə Tutayuq aspiranturaya daxil olmuş və
1935-ci ildə V.A.Timiryazev adına Moskva Kənd
Təsərrüfatı Akademiyasına dəyişilmişdir.
Burada dünya şöhrətli akademik
T.M.Jukovskinin rəhbərliyi altında müxtəlif tədqiqat
işləri apararaq dissertasiya yazmış, bitkilərin
xüsusiyyətlərini əsaslı şəkildə tədqiq
etmişdi. 1939-cu ildə dissertasiya müdafiə edərək
biologiya elmləri namizədi alimlik dərəcəsi alan Validə Tutayuq Azərbaycana
qayıtmışdı. O, bir müddət Gəncə Kənd
Təsərrüfatı İnstitutunda kafedra müdiri işləmişdi.
1949-cu ildə Leninqradda V.L.Komarov adına
Botanika İnstitutunun elmi şurasında doktorluq
dissertasiyası müdafiə edərək biologiya və kənd
təsərrüfatı sahəsində nəinki Azərbaycanda,
ittifaqda ilk qadın elmlər doktorlarından və
professorlarından biri olmuşdur.
1959-cu ildə Kanadanın Monreal şəhərində
dünyanın 72 ölkəsindən gəlmiş 6 mindən
çox alimin iştirak etdiyi botaniklərin IX beynəlxalq
konqresi keçirilmişdi. Həmin ərəfədə
Validə Tutayuqun "Çoxləçəkli
çiçəklərin quruluşu" monoqrafiyası təzəcə
çap edilmişdi. Bu nəşr təkcə
keçmiş sovetlər birliyində deyil, həm də bir
çox xarici ölkələrdə böyük əks-səda
doğurmuşdu. Konqresdə də bu məsələ
gündəmə gətirilərək Validə Tutayuqun bu sahədəki
xidmətləri yüksək dəyərləndirilmiş və
bununla da onun təcrübəsi dünyanın 20-dən
çox ölkəsində öyrənilməyə
başlanılmışdı.
Alimin elmi fəaliyyəti əsasən iki istiqamətdə
inkişaf edirdi. O, həm bəzək, bağçılıq və
yaşıllaşdırma sahəsində mütəxəssis
idi, həm də respublikanın müxtəlif rayonlarında
bir sıra ekspedisiyalar həyata keçirərək anatomik tədqiqatlar
aparırdı. Validə Tutayuqun rəhbərliyi ilə ötən
əsrin 70-ci illərində respublika otlaqlarının
geobotanik cəhətdən öyrənilməsi dövlət əhəmiyyətli
iş kimi dəyərləndirilirdi. Onun rəhbərliyi ilə
təşkil olunan ekspedisiyalarda 100-dən artıq adam iştirak edirdi.
Validə Tutayuqun təşəbbüsü ilə
Ümumittifaq Botanika Cəmiyyətinin Gəncə şöbəsi
yaradılmış və özü də həmin quruma sədr
seçilmişdi. Vətənpərvər alim bir çox
tanınmış mütəxəssislərlə birlikdə respublikanın
yaşıllaşdırılması layihəsinin
hazırlanmasında fəal iştirak edirdi. O, 1958-ci ildə
Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü, 1968-ci ildə isə həqiqi üzvü
seçilib. Elmdə göstərdiyi səmərəli
xidmətə görə müxtəlif orden və medallara
layiq görülmüşdü. 1974-cü
ildə respublikanın elmi ictimaiyyəti bu məşhur alimin
anadan olmasının 60 illiyini yüksək səviyyədə
qeyd etdi. Elə həmin günlərdə Validə
Tutayuq əməkdar elm xadimi adına layiq
görüldü.
Azərbaycanın
florasına aid 130-dan çox elmi məqalənin, 6 monoqrafiya və
6 dərsliyin müəllifi idi. Validə Tutayuqun ali məktəb
və texnikum tələbələri üçün dərslik
kimi istifadə olunan "Bitki anatomiyası və
morfologiyası", "Azərbaycanın
yaşıllaşdırılması", "Bitki
teratologiyası" kitablarına təkcə keçmiş
SSRİ-də deyil, dünyada məşhur olan akademiklərdən
T.M.Jukovski və N.İ.Vavilov yüksək qiymət verərək
onları biologiya elmi sahəsində yeni nailiyyət
adlandırıblar.
Validə Tutayuq elmi sahədə çalışmaqla, dərin
tədqiqatlar aparmaqla bərabər yeni mütəxəssislərin
də hazırlanmasında fəal iştirak edirdi. Məhz onun rəhbərliyi
ilə onlarca elmlər doktoru və namizədi
yetişmişdi. Validə Tutayuqun əməyi
müxtəlif orden və medallarla təltif edilmişdi.
Cəmi 66 il ömür sürən Validə
Tutayuqun xatirəsi bu gün də ehtiramla anılır. Akademik
Həsən Əliyev onun haqqında yazırdı: "Əgər
repressiya zamanı Validə xanımın ailəsi -
bacı-qardaşları haqsızlığa məruz
qalmasaydı, o, bizi belə tez tərk etməzdi. Validə Tutayuq çox istedadlı bioloq alim və mən
deyərdim ki, misilsiz təbiətşünas idi. Heyf
ondan..."
Dünya şöhrətli Validə Tutayuqun həyat və
elmi fəaliyyətini araşdıranda maraqlı faktlarla
üzləşdik. Onun məxsus olduğu nəslin Azərbaycan
tarixində, pedaqogikasında, səhiyyəsində
böyük xidməti olduğu aydınlaşdı.
...Onlar
ailədə beş uşaq idilər: bir
qardaş, dörd bacı. Ataları Xaspolad
Tutayuq Şuşanın məşhur və nüfuzlu şəxsiyyətlərindən
biri olub. 1892-ci ildə Peterburq Universitetinin
təbiət-riyaziyyat fakültəsini bitirərək bioloq
ixtisasına yiyələnib. Bir müddət
Rusiyanın müxtəlif şəhərlərində
çalışıb. Sonradan xəstələnib.
Həkimlər ona dağlıq yerdə
yaşamağı məsləhət görüblər.
Bu səbəbdən də XX əsrin əvvəllərində
Şuşaya qayıdan Xaspolad Tutayuq ömürlük burada
qalmalı olub. Uzun illər həm
Şuşada, həm də müxtəlif vaxtlarda Gorusda və
Qazaxda meşəbəyi işləyib.
Görünür ki, ali təhsilli bir
şəxsin meşəbəyi işləməsi sadə məsələ
deyildi. O zaman bu vəzifənin yüksək statusu və
nüfuzu vardı. Validə xanımın ana tərəfi
məşhur Qacarlar və Mirzəyevlər nəslindən
idi. Südabə xanımla Xaspolad Tutayuq adları tariximizə
həmişəlik yazılan beş
övlad böyütdülər.
Ailənin ilki Murad olub. O, 1920-ci ildə Şuşa
Realnı Məktəbini bitirdikdən sonra şəhərdəki
ibtidai təhsil ocaqlarında hesab və rus dili müəllimi
işləmişdir. Sonradan Azərbaycan Ali Pedaqoji
İnstitutunun fizika-riyaziyyat şöbəsində təhsil alan Murad Tutayuq təyinatla Naxçıvan
Müəllimlər Seminariyasına göndərilmişdir. Uzun müddət Naxçıvan şəhərində
müəllim işləyən Murad Tutayuq qabaqcıl maarif
xadimi, Naxçıvanın əməkdar müəllimi kimi fəxri
adlara layiq görülmüşdür.
Murad 1931-ci ildə Şuşada yay istirahətində
olarkən antisovet fəaliyyətinə görə həbs
edilib. Lakin günahı sübut olunmadığından
müvəqqəti azadlığa buraxılıb. Bir daha repressiyanın caynaqlarına ilişməmək
üçün Murad Şahbuza gedib. O, kənd
Şahbuzda fizika müəllimi işləyib. Az
keçməmiş onu Naxçıvan Dövlət
İkillik Müəllimlər İnstitutuna dəvət ediblər.
O, burada müəllim, tədris işləri üzrə
direktor müavini olmuşdur. Sonra Azərbaycan
Elmlər Akademiyasının Naxçıvanda yaradılan elmi
bazasının direktoru təyin edilib. Demək
olar ki, ömrünün sonuna kimi Naxçıvanda
yaşayıb və burada da vəfat edib. Dövrün
ziddiyyətlərinə bax ki, repressiyadan canını zorla
xilas edən Murad Tutayuq sonralar Lenin, "Qırmızı
Əmək Bayrağı" ordenləri və bir neçə
medalla təltif edilmişdir. Naxçıvan
pedaqoji tarixinin unudulmaz simalarından biri olan Murad Tutayuqu şəxsən
tanıyanlar, ondan dərs alanlar bu gün də onu ehtiram və
hörmətlə yad edərək son dərəcə mədəni,
mehriban, savadlı və geniş dünyagörüşə
malik şəxs kimi xatırlayırlar.
Muraddan
iki yaş kiçik bacısı Fatma Tutayuq isə
respublikamızın ilk ali təhsilli
qadın pedaqoqlarından biri olub. O, ilk təhsilini
Şuşada almış, elə pedaqoji fəaliyyətə də
doğma şəhərdə başlamışdır. 1922-ci
ildə Şuşa qəza maarif
şöbəsi tərəfindən Bakıda yeni
açılan Azərbaycan Ali Pedaqoji Qızlar İnstitutuna
oxumağa göndərilmişdir. Təhsilini
başa çatdırdıqdan sonra yenidən Şuşaya
qayıdaraq vaxtilə işlədiyi məktəbə
müdir təyin edilmişdir. Gənc pedaqoq 1926-cı
ildə həyat yoldaşı Haşım Feyzullayevin iş
yerinin dəyişilməsi ilə əlaqədar Salyana
köçmüş və əri ilə birlikdə
pambıqçılıq texnikumunda müəllim işləmişdir.
1927-ci ildə Haşım Feyzullayev Müsavat təşkilatının üzvü kimi həbs edilib və ona on il iş kəsiblər. Haşım Feyzullayev Solovki adalarına sürgün olunmuşdu. Təzyiqlərə, təqiblərə məruz qalan Fatma Tutayuq ailəsini zillətdən xilas etmək üçün 1929-cu ildə ərindən boşanmağa məcbur olub. Buna görə də ərinin arxasınca Solovkiyə gedərək Haşım Feyzullayevdən rəsmən ayrılmışdır. Təbii ki, bu ayrılıq kağız üzərində idi. Qaniçənləri aldatmaq mümkün deyildi. 1931-ci ildə Fatma Tutayuq həbs edilib və bir müddətdən sonra azadlığa buraxılıb. Sinəsinə vurulmuş ağır dərdi unutmasa da, özünü tox tutmağı, təmkinli aparmağı bacaran Fatma Tutayuq müəllimliyi ilə məşğul olmuşdur.
Tutayuqlar ailəsinin üçüncü övladı Zinyət xanım Azərbaycanın tanınmış səhiyyə təşkilatçısı və əməkdar həkim olub. O, ibtidai təhsilini Şuşada alıb, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Ağdam rayonunun Muradbəyli kənd məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Hətta bir müddət bu məktəbin direktoru olub. Sonralar ailə vəziyyəti ilə əlaqədar Göyçaya köçüb, bir müddət pambıq tədarükü birliyində çalışıb. 1932-1933-cü illərdə Quba şəhərindəki bir nömrəli uşaq evinin direktoru olub.
Zinyət Tutayuq ali təhsil almaq haqqında fikirləşirdi. O dövrdə həkimə böyük ehtiyac vardı. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Təhsili başa çatdıqdan sonra təyinatla doğma Şuşaya qayıdıb. O, rayon mərkəzi xəstəxanasında həkim, səhiyyə şöbəsinin müdiri, baş həkim işləmişdir. İkinci Dünya müharibəsi illərində göstərdiyi fədakarlığa görə medallar, "Səhiyyə əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1980-ci ildə 79 yaşında Şuşada vəfat etmişdir.
Ailənin dördüncü övladı - taleyi gətirməmiş, dövrün repressiyalarına tuş gəlmiş Ənvər Xaspolad qızı Tutayuq idi. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib. Ənvər Tutayuq tutulan vaxt hamilə olduğundan sürgün yerinə çatmazdan əvvəl - 1938-ci ilin may ayında Moskva vilayəti Potma rayonunun Yavaş qəsəbəsindəki 15 nömrəli həbs düşərgəsində saxlanılıb. Burada onun oğlu dünyaya gəlib. Lakin zalımlar iki aylıq körpəni onun əlindən alaraq uşaq evinə göndəriblər, özünü də sürgünə. Başına gələn bu haqsızlığa və zülmə dözə bilməyən Ənvər Tutayuqun 28 yaşında ürəyi partlayıb.
Tutayuqlar ailəsinin sonbeşiyi Validə xanım isə əvvəldə qeyd etdiyimiz kimi, biologiya sahəsində ilk azərbaycanlı qadın alimdir. Təəssüf ki, bu görkəmli alim cəmi 66 il ömür sürmüşdür. Amma elmə verdiyi töhfə, xalqa göstərdiyi xidmət onun ölümsüzlüyünü şərtləndirdi.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
kaspi.-2014.-31 iyul.-S.10.