“Xalqın şairi”nin “XOŞBAXTLIĞ”ı
Valeh Kərimov - 70
Azərbaycanın Xalq artisti, ömrünün 45 ilini H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına həsr edərək, Azərbaycan və dünya dramaturqlarının müasir və klassik əsərləri əsasında hazırlanmış tamaşalarda bir-birindən maraqlı 100-dən artıq obrazlar qalereyası yaratmış, milyonlarla tamaşaçının sevimlisinə çevrilmiş Valeh Kərimovun bu il 70 yaşı tamam olur.
O, ağır müharibə ilində - 1944-cü ildə (...ayı, günü dəqiq bilinmir) Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakül¬təsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik ola¬raq Sum¬qayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə "Azərbayca¬nın Əmək¬dar artisti", 2000-ci ildə isə “Xalq artisti" fəxri adına, həmçinin Prezident mükafatına layiq gö¬rülüb. Hazırda Prezident təqaüdçüsüdür.
Böyük ustalıqla yaratdığı “şair” Moşu Göyəzənli "uşaqların anası" Söylü bacıya nə qədər vəfalı, sədaqətlidirsə və "başqasında gözü yoxdursa", Valeh Kərimov da Sumqayıta, onun teatrına, 45 ildir ki səhnəsində çalışdığı, oradan tamaşaçılara gərgin və həyəcanlı, həm də sevincli anlar yaşatdığı, doğma evi qədər doğma-əziz bildiyi teatrın səhnəsinə bir o qədər vəfalı, sədaqətlidir və başqa heç bir teatrda gözü yoxdur.
Özünün də hərdən yarıciddi, yarızarafat dediyi kimi, Sumqayıt Teatrı onun üçün "Bolşoy Teatr"dan da "bolşoy teatr"dır. Axı, o, burada həm Azərbaycan, həm də digər dünya klassiklərinin tama¬şaya hazırlanmış əsərlərinin baş qəhrəmanlarının yaddaqalan silsilə ob¬raz¬larını yaratmış, bir sənətkar kimi burada püxtələşmiş, burada şöhrət tapmışdır.
Valeh Kərimov
45 il əvvəl
və sonralar
Sumqayıt Dövlət Gənclər
Dram Teatrının fəaliyyətə
başladığı 1969-cu ildə o, bir o qədər də gözə çarpmayan adi aktyorlardan biri idi, lakin
çox keçmədən
rejissorların diqqəti
ona yönəldi.
Hələ tələbəlik illərindən
onun ən çox sevdiyi, dilindən-sözündən düşməyən,
dühaları qarşısında
səcdə etdiyi dramaturqlar C.Cabbarlı, H.Cavid, C.Məmmədquluzadə
və Nazim Hikmət olmuşdu. Sumqayıt Teatrına
gəldiyi ilk gündən
ən böyük arzusu-istəyi həmin sənət korifeylərinin
əsərlərində baş
rolları oynamaq olub. Ancaq kim deyə
bilərdi ki, yenicə açılmış
Sumqayıt Teatrına
gələn digər gənc aktyorlar bu istəklə yaşamırdılar?
İndi əsrin o tayında qalmış uzaq illərdə Azərbaycanın
görkəmli teatr xadimlərindən sənətə,
teatra böyük, aşiqanə vurğunluq dərsi almış Sumqayıt aktyorlarının
hər biri tamaşaçıya özünü
tanıda biləcək
rollar arzusunda idilər. Valeh Kərimov da
bu istəklə hər gün teatrın qapılarını
açsa da, düşündüklərinin hələ xülyadan başqa bir şey olmadığını,
təbii ki, çox gözəl bilirdi. Odur ki, o zamanlar sıravi aktyor olan dostları Hacı İsmayılov, Hicran Hüseynov, Qurban Ələkbərov, Rafiq Hüseynov, Sevil Məhərrəmova və digərləri ilə hər gün baş rejissor Nəsir Sadıqzadənin məşqlərinə
gedər, ancaq yol boyu ürəyində
H.Cavid, C.Cabbarlı, N.Hikmətlə, onların
qəhrəmanları ilə
“dərdləşərdi”...
Ona əvvəlcə
o qədər də nəzərə çarpmayan
kiçik rollar verilirdi. Ancaq Valeh həmin rolları elə xarakterik, qabarıq, yaddaqalan cizgilərlə yarada bilmişdi ki, bu da onun
rejissor tərəfindən
tezliklə “gözaltı”
olunaraq, “sıravilər”
cərgəsindən çıxarılmasına
səbəb olmuşdu.
Onun Fəxrəddini (N.B.Vəzirov - “Müsibəti-Fəxrəddin”),
Zauru (Altay Məmmədov
- “Yadındamı?”), Balaşı
(C.Cabbarlı - “Sevil”),
Müsyö Jordanı
(M.F.Axundov - “Müsyö
Jordan və Dərviş
Məstəli şah”),
Xudayar bəyi («Danabaş kəndinin əhvalatları»), Balaşı
(«Sevil»), Gəray bəyi («Komsomol poeması»), Xlestakovu («Müfəttiş»), Yedigeyi
(«Əsrə bərabər
gün»), Əzizi
(«Duel»), Hamleti («Hamlet») və
digər rolları aktyoru Sumqayıt tamaşaçılarının sevimlisinə çevirmişdir.
Yüksək sənətkarlıqla, milli koloritdə yaratdığı Moşu
(Vaqif Səmədoğlu
- «Bəxt üzüyü»)
obrazı isə onu nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da tanıtdırıb-sevdirmiş,
aktyora böyük populyarlıq və şöhrət gətirmişdir.
Ancaq indi çoxlarının onu daha çox
komik aktyor kimi tanımasına baxmayaraq, unutmaq olmaz ki, Valeh
Kərimov həm də ciddi rollar
aktyorudur. Onun Fəxrəddinini, Zaurunu, Hamletini görənlər
Valeh müəllimin öz qəhrəmanlarının
nakam, bəxtsiz talelərini necə böyük ustalıqla, dərin ürək ağrısı ilə “özününküləşdirdiyinin”, obrazların həyəcan
və duyğularını,
onların daxili narahatlıqlarını tamaşaçıya
sirayət edəcək
dərəcədə təsirli,
ürək ağrısı
ilə çatdıra
bilməsinin şahidi
olmuşlar.
Və günlərin bir günü...
KƏRİMOVun KƏRƏMOVa “Toy”da
toy tutması
Bir gün aktyor dostlarımız o zaman Teatrın “oğlanlı-qızlı”
bütün kollektivinin
və eləcə də mənim Sumqayıtda “lövbər”
saldığımız 12 ¹-li yataqxanaya (Valeh müəllimlə dostluğumuz elə oradan başlayıb) “lo xəbər”lə gəldilər:
tamaşası hazırlanmaqda
olan “”Toy” komediyasında
Valehə heç bir rol verilməyib.
Yenicə tanınmağa, sevilməyə
başlayan aktyora görkəmli dramaturq Sabit Rəhmanın bu populyar əsərində
rol verilməməsi hamını məyus etmişdi. Məsələ onda idi ki, baş rol
olan Kərəmov üçün xalqımızın
sevimli aktyoru Əliağa Ağayev xüsusi olaraq Teatra dəvət edilmişdi və digər aparıcı rollar da atrıq
bölünmüşdü. Valeh Kərimova nəinki heç epizodik bir rol da
verilməmiş, hətta
kütləvi səhnələrdə
də o, nəzərə
alınmamışdı. Şübhəsiz ki, ən çox sevdiyi bir tamaşada
rol ala bilməməsi,
bunu açıq-aşkar
büruzə vermək
istəməsə də,
bir aktyor kimi ona çox
ağır gəlirdi
və buna təkcə o yox, yarı-ciddi, yarı-zarafat
hamı təəssüf
edirdi...
Bir gün axşam üstü tamaşanın
məşqindən qayıdan
dostumuz, istedadlı aktyor Hidayət Ələkbərov (Allah ona
rəhmət eləsin,
bir həkimin səhvi ucbatından həyatdan çox tez getdi...) gülə-gülə
mənə dedi ki, “sabah məşqə
gəl, gör Valeh qardaşın orda nə həngamə
qoparır”. Sabahısı
günü məşqə
baxanda Valehin böyük istedada malik yaradıcı aktyor olduğunun bir daha şahidi
olaraq, onun əsərə pyesdən
kənar daxil etdiyi, lakin tamaşanı
daha yaddaqalan edən “roluna” böyük maraqla, heyranlıqla baxdım.
Sən demə, tamaşadan kənarda, rolsuz qalmış Valeh müəllim bunu özünə bağışlaya
bilməyərək, çox
götür-qoy etdikdən
sonra tamaşaya “daxil olmaq” üçün
maraqlı bir çıxış yolu tapır. Rejissordan xahiş eləyir ki, ona kütləvi
səhnələrdə, rolsuz
iştirak etməyə
isazə versin. “Axı, bu sənə nə verəcək?” sualına
“səhnədə görəcəksiniz”
cavabını verir.
Səhərisi gün artıq
bütün yaradıcı
heyət Kərəmovdan
daha çox Kərimovdan - Valehdən danışırdı... Hər halda
o zaman səhnədə
iki aktyorun - xalq artisti Əliağa
Ağayevin və gənc aktyor, tamaşada... heç bir rolu olmayan
Valeh Kərimovun oyunu daha böyük
marağa səbəb
olmuşdu. Bəli, “Toy”da
onun konkret bir rolu olmasa
da, tamaşanın böyük uğur qazanmasında, bəzən
gündə iki dəfə olmaqla həm teatrda, həm də məktəblərdə və
zavodlarda anşlaqla göstərilməsində rolu
şəksiz idi.
Bəs,
Valeh müəllim neyləyə bilmişdi ki, tamaşaçılar onun oyununu (daha
doğrusu, səhnədə
“oyun açmağını”)
görmək üçün
axın-axın tamaşaya
baxmağa can atırdılar?
...Qaldığımız yataqxanada həyatda rastlaşdığımız qəribə adamlar barədə bir dəfə söz düşərkən, onların gələcək rollar üçün maraqlı prototiplər ola biləcəyi fikrini söyləyərək, mən Valeh müəllimə Şəki rayonunun Sarıca kəndindən qonşu kəndə - dəllək Həsənin “hüzuruna” başımı qırxdırmağa gedəndə onun başımıza gətirdiyi oyunlardan, qəribəliklərindən söhbət açmışdım. Həsən dayı əslində çox yaxşı adam idi, ancaq eyni zamanda qəribə xasiyyətli, baməzə bir kişi idi. Çox zəif bir damarı vardı - nərd-taxta oyununun dəlisi idi, bütün günü oynasaydı da, “yoruldum” deməzdi. Hətta bu oyunun o dərəcədə aludəsi idi ki, bərbərxananın yaxınlığından keçən (lap işə tələsən olsun, - onun üçün fərqi yox idi) bir “oyunçu”nu gördümü, pəncərədən əl eyləyib, içəri çağırar, başını qırxdığı adamın işini yarımçıq qoyaraq, tələm-tələsik “şaqha-şaq”la oyuna başlardı. Özü də elə həvəslə, elə səs-küylə oynayardı ki, başının və ya üzünün qırxılması yarımçıq qalmış müştəri Həsən kişini həvəslə oynadığı oyundan ayırmağa “ürək eləməzdi”. O isə rəqibini bir-iki “tas” udmamış, onun “dərsini” verməmiş əl çəkməz, sakit olmazdı. Vay o günə ki, rəqib də güclü ola, ona udmaq şansı verməyə. Onda “haqq-hesab” müştərinin işi yarımçıq qalmış “başında çatlayardı” - müştəri ya üzü sabunlu, ya da başı yarı qırxılmış halda gözləyə-gözləyə qalardı, kişinin heç vecinə də olmazdı.
Mən bunu Valeh müəllimə danışmışdım, ancaq onun bu obrazı bir prototip kimi səhnəyə bu cür məharətlə və belə tezliklə gətirəcəyini gözləmirdim. Tamaşada kolxozçuların kütləvi səhnəsində meydan açan Valeh Kərimov dəllək Həsənin obrazını özünəməxsus qabarıq ştrixlərlə, elə məharətlə verə bilmişdi ki, tamaşaçılar onu yorulmadan alqışlayır, gülüşləri az qala zalı titrədirdi. O, dəllək Həsəni həyatda görməsə də, onun obrazını çox böyük bir ustalıqla, kamilliklə yaratmışdı – üzünü yarımçıq qırxdığı, tələsdiyindvn başını ülgüclə yaralayaraq, yerinə tüpürcəkləyib pambıq yapışdırdığı müştərini vecinə də almadan “şeş-beş” atmağında davam edirdi ki, bu da zalı başına götürən gülüş doğururdu, tamaşaçılar gözləri yaşarınca gülürdülər.
Tamaşa elə böyük uğur və populyarlıq qazanmışdı ki, uzun müddət Teatrın repertuarında qalmaqda davam etdi. Maraqlı idi ki, həmin dövrdə Sumqayıtda uşaqdan-böyüyə kim Valeh müəllimi küçədə görürdüsə, barmaqla göstərib deyirdi: ”dəllək, dəllək!..” Və yəqin ki, Sabit Rəhman Valehin bu oyununu görsəydi, əsərə hökmən “bir balaca” əl gəzdirərdi.
Bəli, Moşu Göyəzənli “dünyaya gələnə” qədər Valeh müəllim bu dünyada ilk öncə dəllək kimi tanınmışdı. “Altı aylığından dədəsi ilə meşəyə odun qırmağa gedən” Kərəmovun gözü qabağında “meydan sulayan” dəllək kimi!
***
P.S. “Xalqın şairi” Moşu Göyəzənli nə qədər çalışsa da, “istedadına” nə qədər güc versə də, “xoşbaxtlığ”ın qafiyəsini tapa bilmədi ki, bilmədi. Valeh Kərimov isə Sumqayıtda, teatr səhnəsində “xoşbaxtlığ”in özünü – aktyor xoşbəxtliyini tapmışdır. Arzu edirik ki, onun bu sənət xoşbəxtliyi hələ uzun illər, heç olmasa, 100 yaşınadək davam etsin!
Hələlik isə, cavanlığınızın müdrik çağı – 70 yaşınız mübarək, Valeh müəllim!
Rəhman ORXAN,
Osman Mirzəyev adına Respublika mükafatı laureatı.
e-mail: rahman_orxan@mail.ru
Kaspi.-2014.-31 may.-2 iyun.-S.6.