«Özümü peşəkar yazıçı saymıram»

 

Azər Abdulla: «Şeiri ilk sevgi kimi sansam da, mənim üçün nəsr daha ciddi məsələdir»

– Həm şeir, həm nəsr yazanları, bəziləri yaxşı şair, bəziləri yaxşı yazıçı hesab edirlər. Bu mənada, siz özünüzü daha çox şairmi, yoxsa yazıçı kimi təqdim edilməyinizi istərdiniz?

– Qələm əhli olanların əksəriyyəti sonsuz, hüdudsuz yazı aləminin qapısından kimisi tərəddüdlə, çəkinərək şair, kimisi nasir, kimisipublisist, yaxud, tənqidçi kimi daxil olur. Mən ədəbiyyata şair kimi gəlmişəm. Mətbuatda işıq üzü görmüş şeirlərim və ilk şeir kitabım nəşr olunandan sonra onlar haqqında nə şifahi bir söz eşitdim, nə də yazılı bir rəy. İllər ötəndən sonra hekayələrim çap olundu, ancaq onlar barəsində zövqünə, səmimiyyətinə inandığım, bəlkə də ədəbiyyat barəsində mənimlə fikir, təsəvvürcə uyğun SÖZ adamlarından tərif, xoş sözlər eşidəndə inamım, cəsarətim artdı. Hekayə, povestlərim haqqında qəzet, jurnalda, sonralar saytlarda məqalələr dərc olundu. İmzam tez-tez görünməyə başlandı. “Səndə hekayə, nəsr yaxşı alınır” dedilər. Qəribəsi budur, ilk kitabımdakı şeirlər barədə son zamanlar bu günün gənclərindən təriflər, xoş sözlər eşitməyə başladım. Bəlkə bu təriflər bir az da nəsrdə qazandığım az-çox uğurla bağlıdır. Şeiri ilk sevgi kimi sansam da, mənim üçün nəsr daha ciddi məsələdir. Bu gün özümü daha çox nasir hesab edirəm.

 

Oğlunuz Alpay Azər də hekayələr yazır. Ancaq ata-övlad kimi heç vaxt sizin haqqınızda dedi-qodu dolanmayıb ki, Alpayın hekayələrini A.Abdulla yazır. Oğlunuzun belə müstəqil görünməsi üçün nələrsə eləmisinizmi?

            İldə iki hekayə, uzaq başı, birbir povest yazmağa mənim gücüm çatır. Alpayın da əvəzinə hekayə yazmağa gücüm, enerjim hardandı? Alpaysa, gözə gəlməsin, bəzən həftədə bir hekayə yazır. Bəzən yazdığını mənə göstərir, bəyəndiyim, bəyənmədiyim məqamları deyirəm, fikrimlə bəzən razılaşır, bəzən də razılaşmır. Alpayın yazdıqlarına diqqətlə fikir verən olsa, istər mövzu, təsvir elədiyi məkan, mühit, istərsə də cümlənin strukturu baxımdan mənim yazılarımdan yerlə göy qədər seçilir.

 

– Yazdıqca yazıçıya elə gəlir ki, o peşəkarlaşır. Siz peşəkarlıq meyarını necə müəyyənləşdirirsiniz, yaxud oxuduğunuz əsərin professional qələm məhsulu olduğunu necə bilirsiniz?

– Səmimiyyətlə deyirəm, mən özümü peşəkar yazıçı saymıram. Peşəkar yazıçının romanları, cildlərlə hekayə, povest, esseləri olmalıdır. Dünya ədəbiyyatında tək birDon Kixot” romanıyla da Servantes peşəkar yazıçıdır, bu başqa möcüzədi. Yazıda peşəkarlıq məsələsi geniş anlayışdı. Mövzunu seçmək, cümləni yazanda artıq, yersiz söz işlətməmək, fikri az sözlə ifadə etmək, obrazın, tipin psixologiyasını bitkin verə bilmək, obrazın durumuyla bağlı danışığını-dialoqunu dəqiq-dürüst ifadə etmək, məqamında lirik, poetik duyğuları vermək, bəzən çağdaş zamanın, bəzənsə hər zamanın qlobal problemini duyub yazıya gətirməyi bacarmaq peşəkarlığın atributlarındandır.

 

– Azər müəllim, şeirlərinizi oxudum, Rəsul Rzadan gəlmə sərbəst şeir ənənəsi sizin şeirlərinizdə də görünür. Ümumiyyətlə, həmin ənənəni istər şeir sistemi baxımdan, istərsə də poeziyanın başqa tərəflərində labüd edən nədir?

– Keçən yüz ilin 60-ıncı illərində Rəsul Rza mənim sevdiyim, çox oxuduğum, öyrəndiyim şairlərdən olub. Nazımdan da öncə mən və mənim bəzi yaşıdlarım (o dövrün bəzi gəncləri, daha doğrusu, gənc şairləri) Rəsul Rza şeirlərinin vurğunuydu. Ədəbi aləmdə qoşma, gəraylı tərəfdarlarıyla yeni yaranmış sərbəst şeir mücahidləri arasındakı alovlu dartışmalar bəzən bir-birlərini aşağılamaq, hətta dava-dalaşla bitirdi. Nazım hələ Bakıya gəlməmiş onun şeirləri iyirmi ikinci ildən başlayaraq bəzən orijinalda olduğu kimi, bəzən də Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahimin, Azərbaycan türkcəsinə uyğunlaşdırdığı haldaİnqilab və mədəniyyət”, “Maarif və mədəniyyət” jurnallarında, qəzetlərdə çap edilirdi.

Bir sözlə, şeirlərim oxunanda, Rəsul Rzadan başqa Nazım Hikmət, Orxan Vəli, Fazil Hüsnü Dağlarca, canım sənə desin, Pablo Nerudo, Yevtuşenko, Voznesenski, Nezval, Jak Prever, lap Uitmen, Pobert Frost da yada düşə, anıla bilər. Ancaq bir məsələni xatırlatmaq istərdim, insan bədənində yod, dəmir, su elementləri olsa da, insan ayrılıqda onların heç biri deyil, sadəcə insandı...

 

– Nəsr əsərlərinizdə dil çox aydındır və çox rahat oxunur. “Şəftəli qoxusu” povestinizdə isə daha çox dil keyfiyyətinə nail olmusunuz. Sizcə, yazı dili, düşünülmüş şəkildə yaranır, yoxsa bu elə ideyanın dilidir?

– Yazıçı mənsub olduğu xalqın dilindən başqa, yaşadığı bölgənin ləhcəsini, şivəsini, insanların hal-xasiyyətini də gözəl bilməlidir. Ədəbi dili zənginləşdirmək, anlaşılmayan, dilə yatmayan, dodağı, dili, damağı, boğazı və qulağı dalayan yabançı ifadələri yeri gəldikcə ana dilimizdəki təmiz, aydın öz sözlərimizlə əvəzləmək yazıya şirinlik, doğmalıq gətirərək, söz xəzinəmizi, leksikonumuzu zənginləşdirir. Ancaq yeri gəldi, gəlmədi yazını ləhcə sözləriylə doldurmaq da uğurlu hal deyil.

Sualın sonu barədə onu deyə bilərəm, məncə, hər mövzu, hər mətn doğal – təbii axarıyla öz üslubunu yaradır. Bununla belə, yazar, ağlına gəlib tələsik yazdığı hər bir cümləni, sözü ayıq-sayıq gözətçi kimi redəktə zamanı süzgəcdən keçirməli, düzəlişini etməlidir.

 

– “Qəmərlidən keçən qatar" povestinizlə Mopassanın "Gonbul" hekayəsi arasındakı yaxınlığı hiss etmisinizmi? “Gonbul” hekayəsində bir qadının timsalında fransız xalqının təhqir olunması var, sizin əsərinizdə də bir kişinin timsalında azərbaycanlıların.

Dünyaca görkəmlilərdən tutmuş az tanınan sənətçilərəcən bu sual kimə verilibsə, ünvanlanıbsa, bir yaradıcının - yazıçı, bəstəçi, yaxud, memar, rəssam... olsun, bu vaxtacan kimdənsə təsirləndiyini boynuna aldığını, etiraf elədiyini görməmişəm. Fərid bəy, kimdənsə bəhrələnmək, təsirlənmək, yaxud faydalanmaq məsələsinə hərə bir cür baxır. Birincisi onu deyim, haqqında danışdığımız povestimi yazanda «Gombul» hekayəsindən xəbərim olmayıb. İkincisi də mənim qələmə aldığım hadisə qardaşımın başına gəlmiş acınacaqlı və kədərli hadisənin bədii həllidir. Oxşarlıqla bağlı indicə yaddaşımda oyanan bəzi şeyləri demək istərdim. Təbi, yaxud, selikonla şişirdilmiş bəyaz dərili xanımın dodağı zil qara zənci xanımını yada sala bilər. Bunlar da oxşarlığın, bənzərliyin bir növüdü. Mopassanın “Gonbul” əsərindəki fransız xanımının təhqir olunmasıyla “Qəmərlidən keçən qatar”dakı qocanın aşağılanmasındakı oxşarlıq, məncə, soyuqdan titrəyən adamın zəlzələdən silkələnib titrəyən tikilinin oxşarlığı qədərdir.

 

– Hekayələrinizdə çox dəqiq təsvirlər var. Hekayələriniz necə yaranır, bir təsvirin xəyalınızda canlanmasından, yoxsa ideyalardan?

– Hekayədə, romanda bir ərazini, məkanı, tikilini, yaxud çayı, dənizi, meşəni, tarlanı təsvir edəndə yazıçıya nə şəhərin meri, nə bələdiyyəsi, fövqələdə halların əməkdaşı, nə də polisi mane ola bilər. Burda sənətçi azaddır, ixtiyar sahibi olduğu qədər də ayıq, ehtiyatlı olub uyarlığı, harmoniyanı, dəqiqliyi pozmamalıdı. Sözsüz, əgər gerçəkliyi, reallığı təsvir etmək istəyirsə. Təkcə gördüyün bir ağacın, tanıdığın bir insanın natural, gerçək varlığını, obrazını təsvir etməklə bəzən istədiyinə nail olmaya da bilərsən. Yəni sənətçi bir mənfi obraz yaratmaq istəyəndə, bəzən ayrı-ayrı adamlarda gördüyü bir-birinə bənzəməyən qüsurları bir obrazın üstünə yükləməli olur. Biz hardan bilə bilərik Mirzə Cəlilin yaratdığı Xudayar bəyin görkəmindəki və xarakter-xasiyyətindəki normal insana xas olmayan çatışmazlıqlar ayrı-ayrı adamlardan alınıb yüksək səriştəylə bir tipajda birləşdirilib. Yaxud Balzakın Qopseki, Viktor Hüqonun Javeri, Janval-Janı, QoqolunBurun” əsərindəki bəlli obrazı. Sözün qısası, dediyin təsvir məsələsi xəyali də ola bilər, ideyadan da doğa bilər.

 

Sovet dövründə ədəbiyyata gəlmisiniz, ancaq 20 ildən çoxdur, müstəqilik və siz yazmağa başlayanda yəqin ki, müstəqil olacağımız xəyal kimi görünürdü. İki reallıq və iki dövr arasında yazıçı kimi, sizcə, ən uyğun adaptasiya necə olmalıdır?

– Mən və mənim bəzi yaşıdlarım müstəqil olacağımıza inanmasaydıq, tələbəlik illərində azadlığımız uğrunda gizli dərnək yaratmazdıq. Söhbət keçən yüzilin altmışıncı ilin əvvəllərindən gedir. Düzdü, dərnəyin ikicə yığıncağından sonra fəaliyyətimiz yarımçıq qaldı. Bu barədə Rəhmətlik Tofiq Abdinin “Dövlət çevrilişi” povestində ətraflı yazılıb. Bəzən altmışıncıları, sovetlər dövründə yaşayanların hamısını ucdantutma o rejimə qulluq edən, “sovet düşüncəli adamkimi qınayırlar. Axı, belə yanaşma ən azından ədalətsizlikdi. İstər şeirlərimdə, istər hekayə, povestlərimdə sovet rejimini, ideologiyasını, yaxud, rəhbərini öyən, onlara yarınıb yaltaqlanan, təqdir edən bir misra, bir cümlə tapmaq olmaz. Ancaq dissertasiya işim hazır olsa da avtoreferatıma dövrün tələbiylə sosializm, kommunizm ideolaqlarından inad edib sitat salmadığımdan, aylarla müdafiəyə buraxılmadığımı görəndə, öz aləmimdə acıq edərək Marks, Engels, Lenindən yox, Brejnevdən sitat əlavə etdim. Öz aləmimdə bu, mənim rejimə kinayəm-ironiyam idi.

Deməzdim mən adaptasiya olunmuşam. Düşüncəmə görə, namuslu sənətçi istənilən dövrdə, istədiyini yazmalı, yaşadığı zamanın müxalifi olmalıdı.

 

– Elə kənara çəkilmisiniz ki, sizi hansısa ədəbi nəslə aid etmək olmur. Ədəbiyyatda belə mövqe seçməyinizə səbəb nədir?

– Məndən iki-üç yaş böyük, yaxud, balaca olmağımın fərqinə varmasaq, altmışıncılar ədəbi nəslindən sayıla bilərəm. Altmışıncılardan söz düşəndə adımın çəkilməməsinin nədəni o dövrdə müxtəlif səbəblərdən az çap olunmağımla bağlıdır. Az çap olunmağımın səbəbini - günahının hamısını başqalarına ünvanlamaq ədalətsizlik olardı. Ancaq özümlə bağlı iki qüsuru- dağınaqlığımı, enerjimi yazıçılıqdan başqa gərəksiz işlərə sərf eləməyimi, bir də tənbəlliyimi deyə bilərəm. Bu, təkcə seçimlə deyil, həm də tale ilə bağlı məsələdi.

 

– Sizcə, gündəlik həyat hadisələri bədii ədəbiyyatda necə əks etdirilməlidir ki, indiki dövrdə maraqlı olsun?

– Hadisələr, baş verən olaylar bədii və səmimi yazılarsa, boyalardan, onların çalarlarından yerində, düzgün istifadə olunarsa, bunlardan başqa heç kimin, hətta sənətçinin özünün belə ağlına gəlməyən bədahətdən doğan sehirli hissi, qanıyla enerjisi yazıya qatılanda mətnin cazibəsi, çəkiciliyi arta bilər.

 

– Yazıda həqiqəti əks etdirmək sizinçün nə dərəcədə önəmlidir?

– Ədəbiyyatın vəzifəsi təkcə olmuş, baş vermiş olayları, yalnız görünənləri, deyilənləri dəqiqliklə təsvir-ifadə etmək deyil. Quru, çılpaq həqiqəti aşkarlayıb üzə çıxartmaq daha çox tarix, hüquq, məntiq elminin işidir. Ədəbiyyatın, sənətçinin misiyası, olmuşdan, görünənlərdən başqa, ola biləcəklərin, gözlə görünməyənlərin, yəni insanın dünyasında baş verən sarsıntıların, psixoloji gərginliklərin, gözlənilmədən baş verən uçqunların, sarsıntıların bir neçə versiyasını duyub ustalıqla əks etdirməkdir.

 

– Yazıçılığın hansı prosesi əsasdır, yazıyaqədərki, yazan zaman, yazılandan sonrakı rahatlıq?

– Fərid bəy, sualdakı “əsasdır” sözünü, icazənlə “maraqlıdır” sözüylə əvəz edəndən sonra sorğuna cavab verə bilərəm. Mənim üçün yazıya başlamaq uca-uca qarlı dağları aşmaq, minalanmış, yaxud, qadağan olunmuş sərhəddi keçmək, bilmədiyim mövzu barəsində səviyyəli, intellektlə dolu auditoriya qarşısında çıxış etmək kimi çətin, gərgin, həyəcanlı bir işdir.

 

Yazacağım bir mövzu barəsində günlərlə, bəzən aylarla düşünüb nədən yazacağımı bilsəm də, yazı masama yaxınlaşa bilmirəm. Sanki sehirli bir qüvvə məni minalanmış sahədən adlayıb masanın qarşısında əyləşib işləməyə qoymur. Ömrümü yazı yazmağa həsr eləsəm də, bu halımı peşəkar yazıçı olmamağımla əlaqələndirirəm. O müəmmalı sərhəddi istədiyim an aşa bilməməyimlə çox şey uduzmuşam.

 

Elə ki ürəyincə olan ilk cümləni yazdın, yazı prosesində gözləmədiyin ağlına gələn gözəl fikirlər qələmdən axıb kağaza düzülməyə başladı, sevgi-məhəbbət duyğusu kimi şirin, dadlı hisslər keçirirsən. Bu gözəl hissin bitib qurtaracağından qorxduğum üçün, o ali anları uzatmaqdan ötrü bəzən qələmi yazdığım vərəqin üstünə qoyur, qalxıb həyəcan, sevinc içində otaqda bir neçə yol var-gəl edirəm. Yeriməkdən çox, özümü uçuş vəziyyətində hiss edirəm. Bu, xoşbəxtlik anlarıdı...

 

Yazı bitəndən sonra, özü də yazdığın ürəyincə olanda, necə deyim, adamda bir rahatlıq, arxayınlıq, özündən razılıq hissi yaranır. Çətinə, dara düşmüş adama göstərdiyin yaxşılıq zamanı yaşanılan anlara da bənzətmək olar bu sevinci, məmnunluğu, arxayınlığı.

 

Fərid Hüseyn

Kaspi.-2014.-31 may-2 iyun.-S.20.