Zümrüd Yağmurun «Yağış
qadın» romanı
Vaqif Yusifli
Müasir ədəbiyyat
«Müharibənin nə milliyyəti var, nə də ədalətlisi ...Müharibə yıxımdır, insanın öz içindəki insanlığı qətlə yetirib öldürməsidir. Müharibələrin öldürdüyü insan deyil, insanlıqdır. Müharibənin həqiqəti də yoxdur, onda nə vardısa yalandı. Bu müharibənin də «həqiqəti» ermənilərin bu torpaqları özününkü sayması idi. Amma bu da bəhanə idi…Torpaq deyildi bunların dərdi, bizi daha çox öldürməkdi. Bizi ölməli zənn edirlər. «Bizə olan nifrətlərini tökmək üçün torpaq bəhanədir. Zəhərlənib bunların beyni, indi o zəhəri qaytarırlar».
Zümrüd Yağmurun «Yağış qadın» romanında müharibənin insanlığın taleyindəki müdhiş rolu bütün çılpaqlığı ilə, bir-birini əvəz edən faciəvi səhnələrlə, çox təsirli, ürək ağrıdan lövhələrlə təqdim edilir və oxucu əsərin ilk səhifəsindən sonuncuya qədər adi müşahidəçi və mütaliəçi kimi qalmır, sanki özü təsvir olunan hadisələrin iştirakçısına çevrilir. Əsərdə demək olar ki, heç bir döyüş səhnəsi, qaliblərin və məğlubların qarşıdurması ilə rastlaşmırıq, müharibə insanların ürəyində, beynində, şüurunda və sonra onların fərdi talelərində başlanır və davam edir. Pisixoloji effekt doğuran səhnələr, obrazların düşdüyü çıxılmaz situasiyalar bir-birini əvəz etdikjə fikirləşirsən ki, doğrudan da, biz necə bir təzadlı əsrdə yaşayırıq. Torpaqlarımızın iyirmi faizinin işğal olunduğu və beynəlxalq aləmin, dünya dövlətlərinin hələ də diplomatik söz oyunu ilə başımızı qatdığı zaman müharibə haqqında əsl həqiqətləri bədii, sənədli və həm də bütün reallığı ilə açıqlamağın vaxtı deyilmi? «Yox, qoy illər keçsin, müharibənin mahiyyəti fəlsəfi şəkildə dərk olunsun, heç bir fakt gizli qalmasın, üzə çıxsın, o zaman əsl müharibə romanı yaranar. Necə ki, qoca Tolstoy yazdı». Təbii ki, belə bir fikir mübahisəlidir. Tolstoy rus-fransız müharibəsi başlananda hələ heç doğulmamışdı. O, «Hərb və sülh»ü, 37-41 yaşı aralığında yazıb və əlbəttə, bu müharibənin bütün təfərrüatını qələmə almağa çalışıb. Yazırlar ki, Tolstoy 1812-ci ilin vətən müharibəsini bir çox mütəxəssis tarixçilərdən daha gözəl, daha dərin, daha ətraflı təsvir etmişdir. Ancaq həmin əsər təkcə müharibə romanı deyil, həm də insan qəlbinin, insanın içindəki duyğuların romanıdır və akademik Tarle yazırdı ki, Lev Tolstoyu Peterburq salonlarında gedən diplomatik söhbətlər deyil, bəlkə Nataşa Rostovanın könlündəki həyəcanlar maraqlandırırdı.
Müharibə və onun insanların taleyində silinməz izlər buraxması haqda bizim müasir nəsrimiz də öz sözünü deməkdədir - Aqil Abbasın «Dolu» romanını misal gətirə bilərik. Zümrüd Yağmurun «Yağış qadın» romanı da müharibə haqqında romandır. Biz bu romanları müqayisə etmək fikrində deyilik, amma deyə bilərik ki, «Dolu» romanı kişilərin –döyüşçülərin romanıdır və bu əsərdə yazıçı müharibənin özündən çox onun fiziki-mənəvi dəhşətlərinə məruz qalmış insanların taleyi izlənilir, «Yağış qadın» isə qadınların-müharibənin təhqir etdiyi, faciələrə sürüklədiyi bədbəxt insanların romanıdır və bu əsərdə də təkcə müharibənin deyil, sosial mühitin, ictimai ədalətsizliyin qurbanı olan insanların həyatı bədii təhlil hədəfinə çevrilir.
«O zaman müharibə idi. Niyə, nə səbəbə başlandığını hələ kimsənin tam başa düşmədiyi, adamların eləcə ordan-bura, burdan ora qaçıb nə olduğunu aydın anlaya bilmədiyi zamanlar». Roman Leylanın - müharibənnin dəhşətlərini öz taleyində yaşamış bir insanın taleyindən söz açır və səhifələr çevrildikcə onun nənəsinin, anasının, yaxın adamlarının taleləri də bu acılıqlara qarışır. Beləcə, neçə qadının işgəncə, əzabla dolu həyatı romanın süjet xəttini təyin edir.
Romanda retrospektiv ifadə üsulu çox güclüdür və deyərdik ki, ötən günlərin təsviri ilə bu günün reallıqları elə bir-birinə qaynayıb-qovuşur ki, zaman-məkan sərhəddi də bilinmir. «Onun hafizəsi «ağır» dediyi günlərə əsir düşmüş, olanlar, hər şey xatirəsindən, yaddaşından daş kimi asılıb qalmışdı. Amma zaman keçdikcə hər şey adiləşib mənasını itirsə də, bir küncə sıxılıb qalan xatirələri canlı qaldı. Onun xatirələri ölmürdü, keçmişə dönmürdü, canlı, diri qalırdı və Leyla bununla barışmalı olurdu. ...Hərdən ona elə gəlirdi ki, əslində, xatirə dedikləri xatirəlikdən çıxıb elə onun özünə çevrilib». Məsələ burasındadır ki, keçmişlə və bu günlə bağlı hadisələr eyni məzmun daşıyır. Gülsüm də, bacısı Leyla da, nəvəsi Leyla da eyni aqibəti yaşayırlar, əsirliyin onların həyatının, sevgisinin, qadınlığının məhv etdiyinin bəlasını çəkirlər.
Müharibə haqqında, onun faciələri, həm qalib tərəfi, həm də məğlub tərəfi maddi və mənəvi itkilərə düçar etdiyi barədə istər bədii, istərsə də publisistik yazılar az deyil. Ancaq bu müharibənin insan talelərindən necə keçməsi, onu hansı təbəddülata uğratması barədə düşünəndə M.Şoloxovun «İnsanın taleyi» hekayəsi yada düşür. Zümrüd Yağmurun romanında da təxminən eyni model nəzərə çarpır. Təbii ki, milli xüsusiyyətlər və müharibələrin xarakteri baxımından fərqlər nəzərə alınmalıdır.
Romanda didərginlik, qaçqınlıq, sərgərdənlik (bu sözlərin hər biri həm fərqlidir, həm də bir-birilə «qohum»dur) həyatının canlı lövhələri ilə qarşılaşırıq və hiss olunur ki, müəllifin həyat müşahidəsi güclüdür. Roman elə bir janrdır ki, burada təsvir olunan hadisələr, obrazların mühiti və əlbəttə, məkan, zaman dəqiqliyi dürüstlüyülə verilməlidir. Burada yazıçı təxəyyülü necə işləyirsə, dəxli yoxdur, reallığın əksinə getmək olmaz. Xüsusilə bir əsrdən artıq davam edən erməni-Azərbaycan münaqişəsinin konkret detalları təhrifə uğramamalıdır. Və Zümrüdün romanında da məlum münaqişə haqqında yanlış təsəvvürlə rastlaşmırıq. Ancaq biz müharibənin özündən çox, onun ayrı-ayrı fərdlərin həyatında necə qərar tutmasına diqqət kəsilirik. Bu baxımdan həyatındı üçüncü didərginliyini yaşayan Gülsümün taleyi bütün roman boyu oxucunu kədərləndirir. Biganə qalmaq mümkün deyil. Xüsusilə, əsirlik səhnələri, Gülsümün keçirdiyi hisslər oxucunu həyəcanlandırmaya bilməz. Zümrüd Yağmur təsvirlərində sərt boyalarla işləməyi sevir. O, qəlbin dərinliklərinə nüfuz edəndə zərif, incə, akvarel boyalara müraciət edir, sərt boyalar isə ona düşmən vəhşətini canlandırmaq, məkrin, hiylənin, alçaqlığın, duz-çörəyi tapdalamağın erməni obrazında necə əks etdirmək üçün lazımdır. «Uşaqların hamısı qışqırırdı, qadınlar onları sinəsinə sıxıb sakitləşdirməyə çalışırdı, amma olmurdu, əksinə, gələn atlılar ətrafda fırlanıb bağırdıqca daha dəhşətlə çığırıb ağlayır, daha çox analarının ağuşuna sığınırdılar. İndiyə qədər onları hər şeydən. Qorxduqları hər nədirsə, kimdirsə, analarının qucağı qorumuşdu, indi də onları analarının qoruyacağını zənn edirdilər. Amma bu dəfə belə olmadı, çünki anaların özünü kimsə qurtara bilməzdi və bir az əvvəl güclü hesab etdiyi atasının yerə yıxıldığını görəndə Gülsüm ağlamağını kəsib dəhşətlə ona baxdı. Atasının başından qan axırdı, o, anasının qolları arasından sıyrılıb çıxdı, atasına doğru qaçıb onun üstünə yıxıldı…Balaca əlləri ilə atasının başından axan qanı təmizləməyə çalışır, amma o təmizlədikcə də qan dayanmır, elə hey axır, axırdı».
Romanda Gülsüm-Əli-Qurban xətti də maraqlıdır. Əli Gülsümün əridir və müharibədən qayıtmayıb, qara xəbəri gəlib, amma sən demə o, sağ imiş və qayıdır. Ancaq Qurban Gülsümün təmiz adını ləkələyir. Nə etmək? Əli bu söz-söhbətdən sonra kənddə qala bilməz və o gedir…Qurban isə günlər keçdikcə suçlu olduğunun əzabını yaşayır. Və günlərin bir günü Gülsümün qapısı ağzında günahını boynuna alır və sonra... bir bədbəxt hadisə zamanı özü o dünyalıq olur. Deməli, dünyada hər kəs öz pisliyinin cəzasını çəkməlidir.
Öncə qeyd etdik ki, «Yağış qadın»da Leyla obrazı daha çox diqqət mərkəzindədir və romanda bu bədbəxt qadının həyatı son dərəcə real cizgilərlə rəsm edilib. Hərdən düşünürsən ki, axı, bütün qaçqın, köçkün qadınların taleyi belə olmayıb, sağ qalanlar, dəhşətdən, vəhşətdən qurtulanlar daha çoxdur. Ancaq onu da fikirləşirsən ki, əsir qadınların başına bundan da dəhşətli hadisələr gəlib və Z.Yağmur bir qadının timsalında bunları ümumiləşdirir, görk edir, bizlərə çatdırır. Leyla doğrudan da talesiz qadındır. O biri Leyla kimi. Başına gələnlər onu sındırıb, məhvə sürükləyib, bircə yolu qalıb-ölüm, intihar. Heç kimi yoxdur, əsrin o başından sonuna soyadından bircə o gəlib çıxıb. İş burasındadır ki, o, heç nə edə bilmir, oğlu öləndə də, özünü yaşadanda da…Gözəl olsa da, insan görkəmində deyil və müəllif boyaları bilə-bilə daha da qatılaşdıraraq sübut edir ki, nə qədər ölkədə biganə, rüşvətxor, insana insan kimi yanaşmayan məmur sürüsü var, o zaman Leylaların normal yaşaması mümkün deyil. Leylanın üsyanı elə o məmur səddinə qarşıdır: «Mənim oğlum öldü deyirəm, öldü, niyə kömək etmədiz, gətirmişdim də sənəd…O böyüyünüzü, başda oturub mənim pulumla özünü kişi hesab edən böyüyünüzü görəcəm mən. Mən qaçqınam, hardan, niyə qaçdım ki, mən. Sizin ermənidən fərqiniz yoxdu. Hanı o başçınız… Bura mənim vətənimdi, hə, vətənimdi…»
Romanda erməni qızı Asya, onun anası Zeyno ilə bağlı xətt də var. Çox incəliklə, kövrək notlarla işlənən bu xətti xüsusi incələmək lazımdır. Təbii ki, erməni deyəndə vəhşilik, alçaqlıq, Puşkinin söylədiyi onlara layiq sözlər başa düşülür, amma nadir hallarda olsa da, istisnalar var. Uşaqlıqdan Gülsümlə dostluq edən Asya atasının qadağalarına baxmayaraq Gülsümə rəğbətini gizlətmir. Zeyno isə əsir qadınlara ərindən gizli yemək aparır. Asya ölür, ölümünə bir səbəb də Gülsümdən ayrı düşməyidir. Və Zeyno türkün qənimi olan ərini özü güllələyir. Burada qeyri-təbii heç nə yox. Söhbət millətindən asılı olmayaraq insanların məhrəm münasibətlərindən gedir. Və roman boyu Asya tez-tez xatırlanır.
Zümrüd Yağmurun romanında sevgi xətti də var və bu xətt süjetdə önəmli rol oynayır. Rəssam Cavidlə Leylanın münasibəti hiss olunmadan sevgiyə çevrilir. Qadının-artıq bütün mənəvi enerjisi tükənməkdə olan bir insanın onu əhatə edən insanlardan fərqli bir adamın istiliyi, qayğısı ilə qəlbən canlanması təbiidir. «Sanki daxili bir savaşın içində idi Leyla... O, bu dünyanı tanıya bilməmişdi deyəsən, içində nələr, hansı arzular vardı, bunu belə bilmirdi... Leyla insanlara güvənə bilmədiyi kimi, onları sevə də bilməmişdi». Ancaq Cavid bu bədbəxt qadını içindəki ölməyən sevgini görür: « Sənin həyatında hər şey yarımçıq qalmış, bunu anladım, amma sənin dediyin kimi adamın ölməyən bir hissəsində bəzən nəsə olur, məsələn, sevgi sən bilmədən səni alıb götürür, o da canlı qalan hissəni ölməyə qoymur… Sənin də bir hissəndə sevgi var».
Cavidlə Leylanın sevgisi, onların bir-birlərinin «mən»inə qovuşması və nejə deyərlər, platonik hissdən real münasibətə çevrilməsi baş verir…Ancaq Leyla bu sevgi üçün hazır deyil. Çünki onun içində «ölməyən sevgi» varsa da, bu, onun xilas etməyəcək. Leyla təkcə öz taleyinin, faciəli həyatının qurbanı deyil, həm də müharibə adlı bir vəhşətin qurbanıdır. Müharibə isə insanı təkcə fiziki cəhətdən deyil, mənən də öldürür, sındırır, ürəyini parçalayır. Zümrüd Yağmur bütün roman boyu məhz bu həqiqəti oxucuya çatdırır.
Leyla dərk edir ki, Cavidlə xoşbəxt ola
bilməyəcək, çünki xoşbəxt olmaq
potensialı bitib. Və
roman simvolik bir sonluqla bitir. Leyla evdən çıxır.
«Hava soyuqdu. Yağış yağırdı... Qadın
soyuqdan büzüşüb ani dayandı, sonra ilk
addımını atdı və yağışa
qarışdı».
Rəmzi
belə düşünmək olar: yağış
yağır, torpağa qarışır və itir...
Leylanın həyatı yağış kimiydi. Yağdı və
torpağa qarışdı. Başqa yol vardımı? Zənnimizcə,
yox!
«Əgər
insanlar milli kimlik davalarını bir yana qoyub ona xərclədiyi
savaşın az hissəsini insan kimliyi üçün xərcləsəydilər,
onda dünya bambaşqa olardı... İnsanlar başqa yoldan
getdi, «biz kimi» demədi, «mən kiməm» dedi. «Biz» ola bilmədi,
hamı «mən» üçün savaşdı»- roman həm də
bu fikrin reallığını təsdiq edir.
Roman
«düşüncələr axarı» - daxili monoloqlar
formasında yazılıb və görünür, təhkiyənin
bu tərzdə davam etməsi psixoloji gərginliyi, «daxili səs»in
tembrini artırır. Qüvvətləndirir.
Romanla
bağlı bir qüsuru nəzərə çarpdırmaq
istəyirəm. Birincisi: Zümrüd xanım bu romanda
yığcamlıq deyilən bir xüsusiyyəti sanki
unutmuşdur. Təsvirlər bəzən uzunçuluq deyilən
bir mərəzə tuş gəlir. Halbuki, 408 səhifəlik
bir roman yığcamlıq deyilən bədii məziyyətə
tabe tutulsaydı, təxminən dörddə biri ixtisar
olunardı.
Bu qədər. Zümrüd xanıma
yaradıcılıq uğurları arzulayırıq!
Kaspi.-2014.-31 may-2 iyun.-S.16.