Kinosalnaməçi
M.Dadaşov, N.Bədəlov kimi sənətkarlar özlərinin yaradıcılıq talelərindən şikayət edə bilməzlər. Onlar şərəflə işləmişlər. Bu sənətkarlarla yanaşı və onların sayəsində gənc sənətkarların nəsli yetişmişdir.
Mark Peyzel,
jurnalist
Şəxsiyyət nə qədər parlaq olursa onun tarixlə, zamanla, ölkənin taleyi ilə qovuşması bir o qədər aydın nəzərə çarpır. XX əsrin birinci çərəyində anadan olmuş ziyalı nəsli məhz belə olmuşdur. Niyazi Mustafa oğlu Bədəlov da həmin dövrdə - 1909-cu il iyulun 10-da Şəkidə dünyaya göz açmışdır...
Niyazi Bədəlovun həyat və yaradıcılığı nəinki Azərbaycan kinosunun, həm də Sovetlər Birliyinin kino tarixi ilə bağlıdır. Çünki ötən illər ərzində o, şəxsən baş vermiş bir çox hadisələrin canlı şahidi və iştirakçısı olmuşdur. Niyazi müəllimlə bağlı sənədləri və məktubları araşdırarkən, çəkdiyi filmlərə baxarkən bu sənətkarın bioqrafiyasında bütöv bir nəslin tərcümeyi-halını görürsən.
O, kinoya işləməyə gələndə hələ çox cavan idi, cəmi 17 yaşı vardı. Gənclik illərində Şəkidə hamı onu “Kino Niyazi” kimi tanıyırdı. Çünki Şəkidə hər bir adamın təxəllüsü var idi. Bu gün isə tanınmış Azərbaycan kinorejissorunun özü aramızda olmasa da, sənədli kino ustasının adı kinomuzun tarixinə əbədi həkk edilmişdir.
Kinorejissor N.Bədəlov ömrünün düz 60 ilini sevdiyi kino sənətinə həsr etmiş, respublikamızda sənədli kinonun təşəkkül tapmasında və inkişafında böyük xidmətləri olmuşdur. O, 1927-ci ildə Şəkidə “Yeni yol”” kinoteatrında kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. 1931-1936-cı illərdə Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almışdır. N.Bədəlov həmin institutu bitirmiş ilk şəkili tələbə olmuşdur.
O, birinci filmini - “Komsomol nəsli” ni 1938-ci ildə, axırıncı filmi - “Xəzər üzərində körpü””nü isə 1988-ci ildə çəkmişdir. Niyazi müəllim Kinematoqrafiya institutunun rejissorluq fakültəsində, kinorejissor S.Eyzenşteynin emalatxanasında təhsil almış, sonralar məşhur rejissor kimi tanınacaq H.Seyidzadə ilə birgə bu görkəmli sənətkardan kino sənətinin sirlərinə yiyələnmişdir. N.Bədəlov təhsilini başa vurub Bakıya qayıdandan sonra 1938-ci ildə “Azərfilm””də bir-birinin ardınca “Komsomol nəsli”” və “Azərbaycan aşıqları”” sənədli filmlərini çəkmişdir.
Azərbaycan kinosunda ümumən gənclik mövzusunda çəkilmiş ilk sənədli film olan “Komsomol nəsli”” görkəmli şair Səməd Vurğunun “Komsomol poeması”” nın təsiri ilə yaradılmışdır. Burada respublika gənclərinin 30-cu illər həyatı öz əksini tapmışdır. Ekranda idmançılar öz məharətlərini göstərir, əməklə bağlı səhnələr: mədənlər, “qara qızıl”” çıxaran gənclər, “ağ qızıl”” ustaları, məşhur pambıqçı Manya Kərimova təsvir olunmuşdur. Gənclərin sevimli şairi Səməd Vurğun “Komsomol poeması””ndan parçalar oxuyur, gənclik mahnıları, marşlar səslənir. Oçerk ordu sıralarına yenicə çağırılmış gənc əsgərlərin rəsmi-keçidi ilə bitir.
“Azərbaycan aşıqları”” filmi isə aşıqların I qurultayından bəhs edir. Burada aşıqların çıxışları ilə yanaşı dahi bəstəkar Ü.Hacıbəylinin və məşhur müğənni - aktyor Bülbülün aşıq yaradıcılığı ilə əlaqədar maraqlı söhbətləri də lentə alınmışdır.
1941-1945-ci illər müharibəsindən bir qədər əvvəl yazıçı Ə.Məmmədxanlı kinostudiyaya “Ayna” ” adlı kinossenari təqdim eləmişdi. Lirik planda yazılmış çox maraqlı ssenari idi. Mövzusu müasir həyatdan alınmışdı. Burada sadə bir xalçaçı kəndli qızının tanınmış ustalığa qədər keçdiyi həyat yolundan danışılırdı.
Ssenarinin müzakirəsinə N.Bədəlov və H.Seyidzadə də dəvət olunmuşdular. Çünki filmin çəkilişi onlara tapşırılmışdı. Müzakirədə Azərbaycan KP MK-nın, hökumətin, Yazıçılar İttifaqının nümayəndələri ilə yanaşı Bakı kinostudiyasının işçilərindən M.Mikayılov, A.Quliyev, Q.Braginski, Torosyan, Qasparyan, Petrosyan, Ter-Stepanova və başqaları iştirak edirdilər. Müzakirə zamanı tənqidi fikirlər söylənildi, mübahisələr oldu. Bundan sonra rejissor ssenarisi yazıldı, təsdiq olunmaq üçün Moskvaya göndərildi. Moskva rejissor ssenarisini təsdiq etsə də, filmin xarici kinolentdə çəkilməsinə rədd cavabı verdi. Bu, gənc rejissorları heç də həvəsdən salmadı. Onlar filmin çəkilişinə hazırlıq işlərinə başladılar. O vaxt sovet kinosunun tanınmış rejissorlarından hesab olunan M.Çiaureli filmin bədii rəhbəri, Seyfulla Bədəlov və İ.Şahnəzərov operator, M.Əlili rejissor assistenti təyin edildilər. Rejissorların təkidi ilə Şahnəzərov ÜDKİ-nin məzunu Əsgər İsmayılovla əvəz edildi. Sonradan Moskvada baş idarədə çəkilmiş materiallara baxılarkən guya operatorların işi bəyənilmədiyinə görə hər iki operator yenisi ilə əvəz olundu. Bu, gələcəkdə məşhur kinooperator və kinorejissor kimi tanınacaq Əlisəttar Atakişiyev idi.
Tanınmış kinorejissor S.Yutkeviç “Tüfəngli adam”” filminə Azərbaycan dilində baxandan sonra azərbaycanlı həmkarının bu sahədəki işini yüksək qiymətləndirərək kinostudiyaya göndərdiyi məktubda yazmışdır: “Tüfəngli adam”” filminin Azərbaycan dilinə dublyajını uğurlu və vicdanlı iş hesab edirəm...” ”
Yazıçı-alim G.Hüseynoğlu “Füzuli” haqqında film” resenziyasında yazmışdır: “Film həcm etibarilə kiçik olsa da, məzmun və ideyaca dolğundur... Filmdə xalqın sevimli şairə bəslədiyi böyük sevgiyə geniş yer verilmişdir. Film “Azərbaycanfilm”” studiyasının bədii-sənədli filmlər sahəsində əldə etdiyi yeni nailiyyətlərdəndir.”
“Tarix Füzuli haqqında az məlumat qoymayıb. Ancaq hamısından yaxşısı onun parlaq poetik irsidir. Bu irsdə həyata vurğun olan, ehtiyac içində yaşayan, ədalətsizliyi və özbaşınalığı görüb narahat olan müdrik şairin obrazı canlanır. Füzuli yaradıcılığı filmin meydana gəlməsi üçün əsas oldu...” ”
Bu sətirlər R.Əbdülzadənin “Füzuli haqqında film”” məqaləsindən götürülmüşdür. Məqalənin sonunda yazılmışdır: “Bütövlükdə kinofilm həyatı, məhəbbəti, ədaləti tərənnüm edən şairə himn kimi, maraqlı bədii əsər kimi qəbul olunur”.”
Azərbaycanın xalq artisti, kinorejissor və kinooperator M.Dadaşov həmkarı haqqında demişdir: “ Niyazi Bədəlov bədii film rejissoru olmalı idi, amma o, böyük həvəslə sənədli filmlər üzərində işlədi, yaradıcılıq axtarışları apardı və yadda qalan bir çox filmlər üzərində işlədi: o filmlər indi də bizi uzaq keçmişimizə qaytarır və öz aktuallığını qoruyub saxlayır.
Dahi Füzulinin vəfatının 400 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli” sənədli filmi buna misal ola bilər. 1958-ci ildə çəkilmiş bu film şairə və bütün Azərbaycan xalqına həsr olunmuş bir sənət əsəridir”
“Sənədli ekranın gözü ilə”” məqaləsində oxuyuruq: “...Rejissor N.Bədəlovun filmləri mənalı, təravətli və baxımlıdır. Rejissor gələcək filmi öz xəyalında canlandırır, onu aydın görür. Nə çəkəcəyini və necə çəkəcəyini yaxşı bilir. N.Bədəlov “Məhəmməd Füzuli””, “Onu Serafino çağırırdılar” ”, “Hanı mənim övladlarım?”” sənədli filmlərində az sözlə, yığcam montajla böyük fikirlər ifadə etmiş, fəlsəfi və bədii ümumiləşdirmələr verə bilmişdir”.”
“Hanı mənim övladlarım?” tammetrajlı sənədli filmi şah diktaturası dövründə Təbrizdə Güney Azərbaycan Demokrat Partiyasının rəhbərlik etdiyi xalq hakimiyyəti süqut etdikdən sonra öz ev-eşiklərini tərk edib Sovet İttifaqında, o cümlədən Quzey Azərbaycanda məskunlaşmağa məcbur olmuş İran mühacirlərinin - demokratların taleyindən bəhs edir.
Niyazi müəllimi bir insan kimi, bir sənətkar kimi xalqın taleyi, Azərbaycanın dünəni, bu günü və sabahı həmişə düşündürmüş, narahat etmişdir: istər kinostudiyada fəaliyyət göstərdiyi illərdə, istərsə də təqaüdə çıxandan sonra. Təqaüdə çıxandan sonra kinostudiyanın rəhbərliyi ona təbrik ünvanı təqdim etmişdi. Təbrikdə bu sözlər yazılmışdı: “Yaradıcı işçinin tərcümeyi-halı onun layiqli istirahətə getməsi ilə bitmir...””
Bu, doğrudan da belədir. Niyazi müəllim təqaüdə çıxandan sonra respublikamızda “kiçik kino”” - həvəskarlar kinosunun inkişafı üçün xeyli zəhmət çəkmiş, bu sahə üzrə onlarla şagird hazırlamışdır. Onun şagirdlərinə bu gün Bakıda, Qubada, Naxçıvanda, Saatlıda və respublikanın digər bölgələrində rast gəlmək olar. Onların arasında “təcili yardım”” işçisi və usta-modelyer də var, müəllim də. Niyazi müəllimin xeyirxah və təmənnasız köməkliyi, məsləhət və tövsiyələri bu insanlara həmişə lazım olub. Elə bunun nəticəsidir ki, Azərbaycan kino həvəskarlarının filmləri dəfələrlə ümumittifaq və respublika müsabiqələrinin mükafatlarına layiq görülüb.
1978-ci ildə Ümumdünya kino həvəskarlarının Bakıda keçirilən festivalında Niyazi müəllimin bədii rəhbəri olduğu E.Məmmədovun “Uzunömürlülər”” sənədli filmi qızıl medala layiq görüldü. O vaxt N.Bədəlov nə qədər çalışdısa Eldarı bizim kinostudiyaya işə düzəldə bilmədi. Daşkənd Sənədli Filmlər Studiyasının rəhbəri M.Qəyyumov “Uzunömürlülər””i görəndən sonra tərəddüd etmədən E.Məmmədovu öz yanına apardı. Eldar ali kino təhsili aldı. İndi Özbəkistanda işləyir, neçə-neçə filmin müəllifidir.
N.Bədəlov təqaüddə ikən C.Cabbarlı adına “Azərbaycanfilm”” kinostudiyasında üç sənədli filmi çəkmişdir: “Əbədi iz”” (C.Zeynallı ilə birgə) filmi II Dünya müharibəsində Qələbənin 40 illiyinə, “Estafet” nəsillərin əlaqəsinə, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə, “Xəzər üzərində körpü”” Xəzər dənizində bərə xidmətinin bu gününə və sabahına həsr olunmuşdur.
Kino veteranı təqaüdə çıxıb filmlər çəkəndən sonra da evdə bekar qala bilmirdi. Bir gün qışın oğlan çağında Mehdi Hüseyn küçəsindən burulub Bakı Soveti metrosuna tərəf addımlayanda Niyazi müəllimə rast gəldim. Yer buz bağladığı üçün Niyazi müəllim çox ehtiyatla hərəkət edirdi. Hara getdiyini soruşdum. Dedi ki, Bakı veteranlar şurasının iclasına. Öz-özümə fikirləşirdim ki, belə havada heç cavanlar da bayıra çıxmırlar ki, yıxılıb qol-qabırğaları sınar. Amma sən bu ağsaqqaldakı hünərə bir bax...
Sonralar Niyazi müəllimgilə gedəndə hər dəfə onun bir işlə məşğul olduğunu görürdüm. Bir gün “Mədəniyyət”” qəzetində N.Bədəlov haqqında “Ömür vəfa etsə...”” məqaləsini oxudum. Niyazi müəllimin müxbirlə söhbətindən belə aydın olurdu ki, o, xalqımızın nisgili - Güney və Quzey Azərbaycanda yaşayan eyni xalqın bir-birinə qovuşmaq həsrəti barədə film çəkmək istəyir, hətta film üçün başlıq da seçib: “Ayrılıq””. Növbəti görüşümüz zamanı bunun nə qədər dəqiq olub olmadığını ondan soruşdum. Dedi ki, inan mənə, gecənin bir aləmində yuxudan ayılanda da böyük şairimiz Şəhriyar gəlir durur gözlərimin qabağında. Filmi elə qurmaq istəyirəm ki, onun özəyini şairin məşhur “Heydərbabaya salam” poeması təşkil etsin. Amma “bilmirəm” dedi - buna ömür çatacaqmı?”
Bunu eşidəndə qulaqlarıma inanmadım. Ona görə yox ki, Niyazi müəllimin ssenari yazmaq qabiliyyətinə şübhə edirdim. Xeyr, “Dağlıq Qarabağ””ı o, M.Adıgözəlov və B.Seytlinlə, “Məhəmməd Füzuli””ni, “Yeddilliyin qabaqcılları””nı S.Vəliyevlə, “Kirov Azərbaycanda”n”ı M.Bağırovla, “Neft akademiyası””nı Ə.Qafarov və S.Vəliyevlə, “Əbədi iz” filminin ssenarisini X.Rüstəmovla birgə yazmışdı. Bu sahədə kifayət qədər təcrübəli idi. Məni təəccübləndirən N.Bədəlovun yaşının ötməsinə baxmayaraq, hələ də gənclik həvəsi ilə yaşaması, qəlbinin yazıb-yaratmaq eşqilə döyünməsi, bədbinliyə qapılmaması idi.
Azərbaycanın xəritəsində elə bil şəhər, elə bir kənd tapmaq çətindir ki, Niyazi müəllimin ayağı ora dəyməsin, orada çəkiliş aparmasın. O, kinooperatorlardan M.Mustafayev, C.Məmmədov, S.Bədəlov, V.Zbudski, V.Konyaginlə ölkəmizi qarış-qarış gəzmiş, Böyük və Kiçik Qafqaz sıra dağlarında, Neft Daşlarında, Mingəçevir SES-də, Mil düzündə, qoruqlarda, Ümumittifaq spartakiadalarında və mədəniyyət ongünlüklərində çoxlu süjetlər çəkmişdir. O cümlədən dünyada tayı-bərabəri olmayan Xınalıq haqqında. Həmin film belə adlanır: “Dağlarda ada””.
Gözəl insan və gözəl sənətkar Niyazi Bədəlov 90 yaşına iki il qalmış, yəni 1997-ci il noyabrın 2-də, 88 yaşında vəfat etmişdir. Niyazi müəllimdən bizə və gələcək nəsillərə gördüyü işlər, bir də sadə insanın timsalında prinsipiallıq, cəsarətli olmaq nümunəsi yadigar qalmışdır.
Bu gün gənc nəslin beynəlxalq kino aləmində qazandığı uğurlar bir daha deməyə əsas verir ki, yaşlı nəslin çəkdiyi zəhmət hədər getməmişdir, estafet möhkəm əllərdədir.
Aydın
Kazımzadə
Kaspi.-2014.-31 may-2 iyun.-S.14.