“Məni
bu gecənin əlindən alma”
Gülayə
Ötən əsrin 90-cı illərində
tənqidçi Aydın
Məmmədov özünəməxsus
keyfiyyət dəyişiklikləri
olan müəyyən
bir ədəbi dövrdən, konkret olaraq 60-cı illər ədəbiyyatından bəhs
edərkən göstərirdi
ki, bu dövrdə
Azərbaycan ədəbiyyatında
baş verən keyfiyyət dəyişiklikləri
olduqca rəngarəngdir
və bu rəngarəngliyi bir məqalə, bir tədqiqat çərçivəsində
əhatə etmək mümkün deyil.
Doğrudan da belədi və olsa-olsa bu istiqamətdə bir məqalə çərçivəsində ayrı-ayrı detallar, gəlişmələr üzərində
dayanmaq olar. Eləcə də
bu münasibəti
60-cı illər ədəbiyyatının
gerçəklikləri çevrələyən
aurasının bu sahəyə gətirdiyi yeni ədəbi qüvvələrin yaradıcılıq
müstəvisinə də
şamil etmək olar. Həqiqətən də 60-cı illərin
yenilikçilik, novatorçuluq
duyğusuna hesablanan ab-havası 80-90-cı illərin
yeni ədəbi nəslini əsl ədəbiyyat səhnəsinə
səfərbər edə
bildi.
Bu ədəbi dalğanın
həyata vəsiqə
verdiyi qələm adamlarından biri də şair Məmməd İlqar oldu. Elə ilk qələm təcrübəsindən
ənənəvi Azərbaycan
poeziyasının möhkəm
təməli üzərində
özünəməxsus yazı
texnologiyasını çox
zərif, lirik notlarla ehtiva etməyi bacaran Məmməd İlqar imzasını imzalar içində var edə bildi. O, öz poetik leksikonunu “qədim yazılı abidələrin
və folklor nümunələrinin dil-üslub
xüsusiyyətləri ilə
uzlaşdırmaq, ya da şeirdə “kənd havası” yaradan sözlər hesabına deyil, daha çox məna əlaqələrinin
genişləndirməsi və
dərinləşdirməsi hesabına” dolğunlaşdıra
bildi, daha səmimi, daha lirik və şəffaf
bir ovqatla yazıb-yaratdı. Necə
deyərlər, Füzuli
kədərini, Xətai
nisgilini, Vaqif duyğusunu ənənəvi
poeziya məktəbimizin
çağdaş can köynəyindən
keçirə bildi:
Dərd
oxundan nişangahdı
sinəm də,
Dərd
əlindən ha gizlənəm,
sinəm də...
Nə dərd desən yuvalanıb sinəmdə
-
Bir bala sərçənin dərdindən
belə.
Tapşır gözlərinə, ilqara
gəlsin,
Qıyma
ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd
İlqara gəlsin;
Neynər
dərdi kəsə dərdindən belə!
İlqarın poetik yaddaşında
dərd anlayışının
özü belə bir obrazdı. Bu dərdin ucbatından qara tellərə ələnən ağ dənlərin haqq-hesaba vurulması, nədənliyinə
varılması onun şeirlərinin başlıca
axtarış mövzusudu.
Onun dərdlə həsbi-halı hərdən
dərin bir sadəlövhlüklə Ay işığı
fonunda ulduzları sayıb-sayıb qurtara bilməyən saf bir cocuqun sadəlövhlüyünü
xatırladır. Əsas
olan odur ki, bu sadəlövhlük
ironiya, gülüş
doğurmur, daha çox səmimiyyətə,
ilkinliyə, könül
xoşluğuna, ən
başlıcası qibtə
olunası bir heyrətə hesablanıb.
Məmməd İlqarın
poeziya ruhunda Aşıq Ələsgər
gəlişmələri dipdiridi.
Aşıq Ələsgər
fəhmi, ləngəri,
görüb-götürmüşlüyü
Məmməd İlqar
düşüncəsində sanki öz cavanlığına,
gəncliyinə qayıdır:
Əcəb gündü – günlərin
ən gözəli,
Gördüm səni, əcəb
düşdüm oda mən.
Camalın ki, şölə
verib yandırdı,
Bax o gündən səcdəliyəm
oda mən.
Kəsmə kərəmini, bir
kərəm eylə,
Neylək,
kərəmini bir kərəm eylə.
Gəl yandır məni də, bir Kərəm
eylə,
Neynim, yanmalıdı yəqin od əmən.
Açmadınsa hər yetənə
qəlbi düz!
Məcnundusa, fərqi nədi,
qəlbi düz...
Səndən ötrü əhdi
qayım, qəlbi düz
Məmməd adlı bir şair var, o da mən!
Təəssüflər olsun ki, Məmməd İlqar yaradıcılığı
çox vaxt dar çərçivədə
olan dost-tanış təbliği əhatəsindən
ciddi elmi-ədəbi araşdırma müstəvisinə
çıxa bilmədi,
daha doğrusu, yaxın ətrafı buna imkan vermədi.
Ciddi elmi-bədii müzakirələrin qaynar
müstəvisinə çıxarılmaq
əvəzinə onun
şeirləri daha çox xudmani dost məclislərinin mövzu,
söz konusuna çevrildi. Məmmədin
həlim təbiəti,
abır-həyalı yaşam
tərzi bu amansız münasibətə
yetərincə təpki
göstərə bilmədi,
bu zorən məhkumluğun xumar, məst hücrəsinə
sığınıb qaldı.
Ancaq onun poetik şahanəliyi daha yüksək ənginliklərə qanad
açmağa hesablanırdı.
Onu ciddi cəhdlə öz qapalı hücrəsinə
çəkən xudmani
məclislərin Məmmədin
ədəbi ömründən,
taleyindən kəsdiklərini
hesaba varmağın özü də indi bir ağrı
kimi yaşanır. Ancaq neyləyəsən ki, bəzən yaradıcı insanlar onların öz ürəklərincə olan
yosma bir hücrədən qopub getməkdən də qəribə şəkildə
imtina edir, rahatlıqlarını məhz
həmin məkanda tapırlar. Bu məkanın
poetik obrazı Məmmədin “Qıl körpü” adlı son dərəcə səmimi
şeirdə bütün
əhatəsi ilə əksini tapıb:
Məni
bu gecənin əlindən alma,
Alma bu gecəni mənim əlimdən.
Bu gecə bir daha
əlimə düşməz,
Görüş gecəmizdi lap əvvəlindən.
Ayrı
gələnlərdi bu
qonaqların,
Kefcil dostlarıma oxşamır,
ana.
Bağlama bu gecə pəncərələri,
Bağlama qapını, yaxşımı,
ana?
Bu gecə illərim ələnməlidi,
Ən gözəl ilim də, ən bekarı da!
Axır
ki, bu gecə
bilinməlidi,
Bir belə günahın günahkarı da...
Özlüyündə bu şeir Məmməd İlqarın bir insan, bir şair
və vətəndaş
kimi yaşanmış
ömrünə özünün
qurduğu divan kimidi. Günahsız vaxtların,
duru vaxtların, əsl şeirin, sözün, ilhamın
guru vaxtların xudmani
dost məclislərinin havasında
əriyib gedən ömrünə tutulan yasın ağrısı bu misralar boyunca
dipdiridi. Bu yaşam zorla cəlb edildiyimiz müharibə, döyüş taleyinə
daha çox bənzəyir. Əslində
bu tale tez-tez “yaşlı nəsil, cavan nəsil” deyə ədəbi leksikonda yer alan iki yaş
dövrü arasında
əriyib gedən bütün 70-90-cı illər
ədəbi nəslinin
nəsibi olan bir ağrıdı. Bu ağrı bütöv bir dövr istedadlı
ədəbi nəslin
tale yolunu əsas məqsəddən, yaradıcılıq
istiqamətindən yayındıran,
onu dar hücrələrin
məst, xumar dumanı altına sürükləyən həqiqətin
öz adıdı. Məmməd İlqar bu ağrını öz adıyla qələmə gətirə
bilməyiylə yenə
də orijinal və yenilikçi olaraq qalır:
Bəlkə də, bəlkə
də, nə bilim, ana,
Baxıb
görürlər ki,
ölmüşəm artıq.
Dəfnimə yığışır diri vaxtlarım?
Alma bu gecəni mənim əlimdən,
Məni
bu gecənin əlindən alma.
Bu, bir ərəfədi; yenidən doğulmağa,
yenidən yaşamağa,
arzuların, istedadın
uğrunda yeni mübarizələrə doğru
qalxmaq, dartınmaq, cəhd etmək ərəfəsi. Bu ərəfə
bir şair kimi Məmməd İlqarın özünü
də yenidən dünyaya gətirir, onu özünə qaytarır, duruldur və yeni həyat
yolunu bütün aydınlığı ilə
nişan verir. Qarşıda sonsuz möhnətlərin olması
həqiqətinə sığınmağın
özü bütün
anlamıyla ifadə edir ki, insanı
əymək, ömür
yolunun məcrasını
başqa səmtə yönəltmək olar, ancaq onu sındırmaq,
yox etmək, öz daxili mənindən qopartmaq olmaz...
Məmməd “Kimsən, a gözəgörünməz?”
axtarışında səmimi
və duyğuludu. Məmməd:
Ölən vaxtına tapşırma,
Ən zülümlü dərdə
tapşır.
Bu yiyəsiz yurda tapşır,
İtə tapşır, qurda
tapşır;
Məni
baxtıma tapşırma
–
çabasıyla, səksəkəsi, titrəyişi ilə yaddaqalan, oxunaqlı və yenidi. “Gözəl, dərd diləsən – dərdin özüyəm” misrasıyla
özüdü, təkrarolunmazdı.
Məmməd İlqar
kağız qaralamır,
dəftər korlamır
– sözün həqiqi
mənasında şeir
yazır. Süzülüb
ağ kağızlara
tökülməyin dilini
bilir. Özü də aydınlaşdıra
bilmir ki, “Yağarkən bu qədər ağ kağızlara” necə olub ki, özü
də od tutub yana bilməyib.
Sözlərə çökmüşəm, o illərə yox,
Qəbrimə səpdiyin o güllərə
yox,
Yadına
düşdümsə şəkillərə
yox –
Aç
da bu dəftəri,
bax kağızlara...
Məmməd “Qaratel” poemasında
çağdaşlığımızın
üz qaralıqlarına,
mənəvi aşınmalarına
əsl şair-vətəndaş
mövqeyindən münasibət
bildirməsində son dərəcə
orijinal və yenidi. Bu orijinallığı
hər şeydən əvvəl onun müşahidə, mühakimə
qabiliyyətinin iti olması təmin edir. Şəhidlər xiyabanını paytaxtımızın
üzündə şillə
yeri kimi mənalandıran şair təəssüf hissi ilə yazır ki:
Vaxtında kəlləni kölgəyə
verdik,
Vurmadıq həyəcan təbillərini.
Gültək körpələri gülləyə
verdik,
Güllərə tuturuq qəbirlərini.
Bütün hallarda Məmməd
İlqar öz şair ömrünü sənətin əbədiyaşar
mövqeyinə çıxara
bilməyə həmişə
özündə güc
tapa bilib. Bütün hallarda o, klassik, ənənəvi poeziyamıza yeni çalar, ifadə tərzi gətirməyi bacaran azsaylı çağdaş şairlərimizdən
biri olaraq qalır.
Məmməd
İlqar poeziyasının incəliklərinə varanlar, varmaq
istəyənlər isə daha çox həm də öz ədəbi
zövqlərinin üfüqlərini ifadə etmiş olurlar.
Kaspi.-2014.-31 may.-2 iyun.S.24.