Dəbə uyğun
olanı, yoxsa yaraşanı geyinək?
Modelyerlər bu yay hakim
olacaq geyim formaları
və rəngləri açıqlayır
Gözəllik dünyanı xilas edəcək deyillər. Gözəl görünmək üçün isə ilk mərhələ geyimdən başlayır. Bu, xüsusilə xanımlara aiddir. Dəblə, səliqəli geyinən hər xanım gözəl hesab olunur. Necə deyərlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Xanımlarımızın daha da baxımlı olmaları, dəblə geyinmələri üçün modelyerlərdən isti yay günlərinin dəbi haqda xəbər aldıq. Öyrəndik ki, indi dəbi sevən xanımlarımız daha çox əlvan rənglər geyinirlər. Bu isti havada əsasən sərin sarafanlara üstünlük verilir. Mütəxəssislər hazırda bədənə yapışan geyimlərdən imtina etmək lazım olduğunu qeyd edir.
“Əlvan geyinən xanımlar xoşbəxt və cavan görünürlər”
Tanınmış modelyer Fəxriyyə Xələfova bu il romantik, avanqard konsepsiyalı geyim tərzlərinin üstünlük təşkil edəcəyini qeyd etdi: “Bu mövsüm üst geyimi kimi dəbdə olan çox yüngül, astarsız trençlər əlvan rənglərdə olsa, daha gözəl görünər. Müxtəlif şərflərdən də istifadə etmək olar. Həmçinin trikotaj geyimlər həm nazik olduğuna, həm də isti saxladığına görə çox əlverişlidir”.
Naxışlar arasında böyük həcmli çiçək şəkillərinin və həndəsi fiqurların aktual olacağını deyən F.Xələfova bir paltarda bir neçə zolağın ola biləcəyini vurğuladı: “Nadir hallarda istifadə olunan şlyapalar bu mövsüm dəbdə olacaq və iri həcmdə gözlüklərlə harmoniya təşkil edəcək”.
İmici ilə maraq doğuran stilist Samiraldo bizimlə söhbətində ilin dəbindən və xanımlarımızın modaya münasibətindən danışdı. Qeyd etdi ki, “dəblə deyil, mənə yaraşanı geyinirəm” deyən xanımlarımız dolayı yolla da olsa dəbi izləyib, onun arxasınca gedirlər: “Uzun müddətdir ki, modanı insanlara diktə edirəm və təcrübəmə əsaslanıb deyə bilərəm ki, 5 il bundan qabaq xanımlarımız qara rəngə üstünlük verirdilərsə, indi mənim tövsiyəmdən sonra qara rəngi sevən xanımlar belə, güllü geyimlərə daha çox müraciət edirlər. Artıq yalnız paytaxtda yaşayan xanımlarımız deyil, hətta bölgələrdə yaşayan xanımlarımız da moda ilə ayaqlaşmağa çalışır. Belə ki, rayonlarımızda yaşayan xanımlarda da güllü, al-əlvan rəngli geyimlərə rast gəlmək mümkündür. Bu da o deməkdir ki, Azərbaycan xanımları dəbə uyğun geyinir və stilistlərin sözlərinə qulaq asırlar. Onlar modanı izləyirlər ki, bu gün dəblə ayaqlaşa bilirlər. Ancaq 5-6 il bundan qabaq xanımlarımızın 90 faizi qara rəngə üstünlük verirdi. Onlar düşünürdülər ki, qara rəng xanımların bütün eyiblərini örtür. Hər zaman xanımlarımıza komplekslərini kənara atmalarını tövsiyə edirəm. Qara rəng insanlara mənfi enerji ötürür. Həmin o qaranlıq insanın həyatına da təsir edir. Mən insanları daha al-əlvan və rəngli geyinməyə dəvət edirəm. Qoy əlvan geyimlər də sizə təsir etsin. Qara geyimli insanlarda aqressiya çox olur. İnsan zövqsüz ola bilər, amma onlar üçün moda jurnalları, mətbuat və televiziyalar, ən əsası da biz modelyerlər varıq. Əlvan geyinən insanlar çox xoşbəxt və cavan qalırlar”.
Dəb gözəllikdir
Yayın dəbindən danışan Samiraldo açıq rənglərin dəbdə olduğunu deyir: “Bu isti yay günlərində xanımlarımıza rəngli sarafanlardan istifadə etməyi məsləhət görürəm. Hazırda sarı, yaşıl, mavi rənglərə daha çox müraciət olunur. 80-ci illərin sarafanları daha çox dəbdədir. Sarafanların üzərində gül elementlərinin olması onu daha da baxımlı edir”.
Əvvəllər xanımlarımızın modelyer məsləhətini dinləmədiklərini deyən stilist bunu imkansızlıq ilə əlaqələndirir: “Bir neçə il bundan öncə stilistlər olmadığı üçün xanımlarımız Hollivud ulduzlarının geyimlərinə baxırdılar və onların geyimlərini gündəlikdə istifadə edirdilər. Elə olurdu ki, axşam qiyafəsini gündəlik geyimdə istifadə edirdilər. Bu da insanların zövqsüz olmasından irəli gəlirdi. Neçə illərdir ki, modanı Azərbaycanda insanlara düzgün şəkildə təbliğ etmək üçün çalışıram. Tövsiyə etdiyim dəb daha çox dünyada yayılan modadır. İnsanlarımız yeni dəbdən ilk olaraq qorxaraq istifadə edirlər. Bir-iki nəfər bundan istifadə etdikdən sonra onu təkrarlamağa başlayırlar. Çünki bu dəbdir, dəb isə gözəllikdir. Ancaq təəssüflər olsun ki, xanımlarımız qınaq obyektinə çevrilməmək üçün ilk addımı atmaq istəmirlər. Onlar gözləyirlər ki, bunu kimsə birinci etsin, sonra həmin insana baxıb geyinsinlər ki, özlərini normal hiss etsinlər. Mən Azərbaycanda hər şeyi birinci edirəm. Hər bir modanı ilk olaraq Azərbaycana gətirirəm. Buna görə də üzərimə çox böyük məsuliyyət düşür və belə olan halda qınaq obyektinə çevrilirəm. Ancaq onu da deyim ki, əl işlərim heç zaman təkrarlanmayıb. Mənim əl işlərim iki ildən sonra Azərbaycanda dəbə gəlir. O iki ilə qədər isə həmin geyim tərzini topa tuturlar. Məni qınayan insanlar əl işlərimdən istifadə edirlər və bundan da zövq alırlar”.
Məşhur moda təlimçisi Əhməd Özceyhanın Türkiyə mətbuatına verdiyi açıqlamalara görə, bu ilin yay trendleri ilə bağlı etnik naxışlar, 3D bəzəmələr, çiçək və qotazlar üstünlük təşkil edəcək: “Hər kəs özünə uyğun modellərdən modanın xaricinə çıxmadan istifadə imkanı tapacaq. Tropik çiçək naxışları hər yerdə gözə çarpacaq. Hər yerdə çiçək naxışları görünəcək. Düz bir paltar seçim etsəniz belə, çiçəkli bir boyunbağı tamamilə geyimin havasını dəyişdirəcək. Eləcə də, pastel tonlar və yüngül parçalar, havada uçuşan uzun yubkalar dəbdədir. Forma baxımından bu il fərqlilik daha yaxşı nəzərə çarpacaq. Belə ki, mövsümün ən dəbli geyimlərindən biri assimetrik ətəklər olacaq”.
Türk moda mütəxsissləri qayıqyaxa paltarların çiyinlərin gözəlliyini göstərmək üçün yaxşı vasitə olduğunu qeyd edərək bu mövsümdə bütün qadınların qarderobunda belə geyimlərin olmasının vacibliyini vurğulayırlar. Yayda qadınların ən çox üstünlük verəcəyi paltarlar arasında şifonun da özünəməxsus yerinin olmasını bildirirlər. Bundan əlavə, tüllər, gipürlər də bu mövsümün hitləri arasında yer alacaq. Geyimlərdə daha çox güllü, çiçəkli dizaynlar fərqlənəcək.
İlin trend rənglərinə gəldikdə isə, modelyerlər bu sahədə bizə əlvanlıq söz verirlər. Bu yayda günəş tonlarında olan rənglər - sarı, narıncı, qırmızı diqqət mərkəzində olacaq.
“90-60-90 ölçüsü dəbdən düşüb”
Modelyer Elyanə Məmmədovanın sözlərinə görə, 1970-1975-ci illərin dəb küləyi əsəcək: “Klassik stil dəbdədir. Amma geyimlər nə qədər klassik üslubda tikilsə də, rənglərinin al-əlvan olmağı bu ab-havaya özünəməxsusluq gətirir. Həmin illərin dəbinin qayıdışının modada yaxşı mənada böyük dəyişikliklər etməsi gözlənilir. Belə ki, bu yaydan etibarən dəb aləmində kök qadınların bədən ölçüsü hakimlik edəcək və artıq arıq 90-60-90 ölçüsü dəbdən çıxıb. Nisbətən dolu bədənli, 1970-1975-ci illərdəki kimi ölçülü qadın bədən modeli bu fəslin dəbi hesab olunur. Bu il klassikanın dəbdə olması idman stilli geyimləri sıradan çıxaracaq. Sport köynəklər, şalvarlar, yubkalar, ayaqqabılar, çantalar artıq dəb deyil. Klassik və sadə köynəklər isə çox uğurlu seçimdir. Köynəklərin sadə olması proqnoz edilsə də, qadın köynəklərini bəzi bəzəklər və bantlar bəzəyəcək. Yaxalı, düyməli və ya sadə düyməsiz köynəklər arasında seçim edilə bilər, amma bu yay köynəklərin əksəriyyəti rəngarəngliyi ilə fərqlənəcək”.
Elyanə qeyd edir ki, fəslin dəbi klassika olsa da, rənglər al-əlvanlığı ilə bu yay bir çox zövqləri oxşayır. Bu yayın ən dəbli rəngləri ağ, çəhrayı (xüsusilə də açıq tonları), qırmızı, sarı, yaşıldır. Amma qara rəngin bütün fəsillərdə və hər il dəbdə olması faktı bu yay da dəyişməyəcək: “Çox təəssüflər olsun ki, bəzi xanımlarımız sarı rəngdən düzgün istifadə etməyi bacarmadıqları üçün o, çox bayağı və vulqar sayılmağa başlayıb. Modelyerlər isə bu yay sarının dəbdə olacağını bildirəndə, proqnoz bəzi xanımlarda, xüsusilə də kişilərdə fobiya yaradıb, xoşagəlməz təəssüratlar oyatdı. Əgər sarı rəng dəbə gəlirsə, bu o demək deyil ki, sizin bütün geyimləriniz ancaq sarı rəngdə olmalıdır. Zövqlü geyinməyin ilk şərtlərindən biri də rənglərin epoxasını qorumaq və düzgün miks etməyi bacarmaqdır. Əgər siz sarı çanta götürmüsünüzsə, ayaqqabınızı da, geyiminizi də həmin rəngə uyğun, məsələn, yaşıl və ya ağ rəngin tonlarında seçməlisiniz. Əlvan rənglərlə sönük rənglərin qarışığı çox uğurlu sayılır. Rəng seçimində onların uyğunluğu mütləq nəzərə alınmalıdır”.
Yay fəslində havanın istiliyini və günəşin xanımların dərisinə təsirini nəzərə alan modelyerlər bu yay ən çox istifadə olunacaq parça növləri kimi çit və kətanı proqnoz veriblər.
Əziz xanımlarımız, nə geyinirsiniz-geyinin, əsas odur ki, geyiminiz sizə yaraşsın. Necə deyiblər, “Gözəllik ondur doqquzu dondur”.
Xəyalə Rəis
Kaspi.-2014.-4 iyun.-S.12.