Müsəlman dövlətlərində
hökmdar qadınlar
Bacılar
IX yazı
Flora XƏLİLZADƏ
əməkdar jurnalist
Adlarını hökmdar xanımların tarixi
siyahısına həkk etdirmiş qadınların tale yolunu
araşdırdıqca həm maraqlı, həm də heyrət
doğuran faktlarla rastlaşdıq. Təsəvvürə gətirin ki,
XIV əsrdə Maldiv sultanlığı taxtında 42 il ərzində dalbadal üç qadın
hökmdarlıq etmişdir. Ən
maraqlısı da odur ki, bu xanımlar bacı olublar. Onların hakimiyyəti zamanında Maldiv adalarında
insanlar çox sakit həyat sürüblər, azad, müstəqil
yaşayıblar. Qanunların yumşaq
olması əhali arasında sultanlıq taxtında əyləşənə
qarşı inam və rəğbət hissləri yaradıb.
Bu səbəbdən də üç
bacının hökmdarlıq dövrünü Maldiv
adalarının “xoşbəxtlik və firavanlıq illəri”
adlandırıblar. Əsrlər
ötüb keçsə də onların xatirəsi ürəklərdə
yaşamaqdadır. Xalq arasında bu bacılar haqqında
o qədər əfsanələr yaranıb ki... Zamanın və
ayrı-ayrı insanların arzu-istəklərinin aynası
olan bu nümunələrdə çox vaxt faktlar, illər,
söyləmələr, hətta adlar, bioqrafiyalar belə
üst-üstə düşməsə də onların
hamısının ruhunda bir məsələ aydın duyulur:
sultan bacılara olan məhəbbət, inam və böyük
hörmət hissi! Hökmdarın
sağlığında sadə adamlar, eləcə də əyanlar
tərəfindən hörmətlə qarşılnması, təzimlərin
olması, qulların baş əyməsi, əsgərlərin
farağat komandasında düzülməsi təbidir,
çox halda da protokol qaydalarıdır ki, icrası məcburidir.
Amma dünyasını dəyişmələrindən
əsrlər ötsə də yaddaşlardan silinməmək,
ehtiramla xatırlanmaq, yad edilmək, haqqında rəvayət
dolu dastanlar yaratmaq qədirbilməyin, unutmamağın, ən
başlıcası da ehtiramın əlamətidir.
Maldiv respublikası Hindistanın cənub qərbində
yerləşir. Qədim səyyahların qeydlərində
bu adaların 2000-ə qədər olduğu və yalnız
17-də insan yaşadığı bildirilib. Son zamanlar təsdiqlənib ki, həqiqətdə
300-ə qədərində yaşayış var. Bu
adaların ortasında yerləşən Male bütün
Maldiv adalarının hökumət mərkəzidir. Kənd təsərrüfatı və
balıqçılıqla məşğul olan maldivlilərin
hamısı namaz qılan, oruc tutan, ibadətlə məşğul
olan, zərif duyğulu, ruh və bədənləri təmiz
insanlardır. Kindən-küdurətdən
uzaq olan adalılar yaxşılıq və nəcibliyi
unutmayan, onu nəsildən-nəsilə ötürən mərd
təbiətli məziyyətlərə malikdirlər.
Bir mənbədə göstərilir ki, hökmdar Məhəmməd
əl –Adilin zamanında-1153-cü ildə maldivlilər
islamı qəbul ediblər. Maldivlilər
arasında geniş yayılmış bir əfsanəyə
görə islamı qəbul edən ilk maldivli hökmdar
Əhməd Şənurazə olub. Başqa
bir mənbədə isə maldivlilər Əbul-Bərəkat
adlı məqribli bir bərbərin yardım və təşviqi
ilə müsəlman olduqları üçün ona
qarşı duyduqları hörmətin bir simvolu olaraq Bərəkatın
Maliki məzhəbini qəbul etmişdilər. Əlbəttə, maldivlilərin kimin dövründə,
kimin təşəbbüsü ilə müsəlmançılığı
qəbul edərək İslam hümməti olublar –tarixini
araşdırmaq niyyətində deyilik. Əsas
odur ki, maldivlilər islama sidq-ürəklə
bağlandılar.
Orta əsrlərdə on üç vilayətə
ayrılmış olan adalar qazılıq vəzifəsini
aparan vali tərəfindən idarə edilirdi. Hökmdarın
adından hərəkət edən bir böyük vəzirdən
başqa, hökmləri böyük əhəmiyyət
daşıyan və Fəndiyar Kalu adlanan bir qazi də
vardı ki, məhkəmə işlərini o idarə edirdi.
Bu baş qazi ilk müsəlman Maldiv
hökmdarı Əhməd Şənurazədən bəri adət
halına gəlmiş olduğu üçün üç
adanın gəlirini özü alırdı.
Maldiv adalarının 19-cu hökmdarı qadın
olmuşdur. Sultan Xədicə adlanan bu xanımın da taxta
sahiblik etməsinin maraqlı tarixcəsi var. Atası-
hökmdar Sultan Cəlaləddinin ölümündən sonra əvvəlcə
taxta qardaşı Şihabəddin çıxdı.
Yaşının az olduğuna görə
tədbirli və Cəlalədinin yaxın adamı Abdullah ibn
Hadramuni ona vəzir təyin edildi. Demək olar
ki, taxt-tacın bütün işlərini vəzir həll
edirdi. Şihabəddin yetkinləşəndən
sonra köləsi Əli Kələkini özünə vəzir
təyin etdi. Gənc hökmdarı hakimiyyət
deyil, eyş-işrət məclisləri və yüngül əxlaqlı
qadınlar daha çox maraqlandırırdı. Demək olar ki, ayıq günü olmurdu. Elə
əyyaşlığı da onun edam
etdirilməsilə nəticələndi.
Bu
sülalənin taxta varis ola biləcək
nümayəndələrinin üçü də qadın
idi. Onlar da növbə ilə hakimiyyəti
uğurla idarə edərək atalarının əsil
davamçıları oldular və qardaşlarının xalq
arasında yaranmış mənfi obrazını unutdurdular.
1347-ci ildə Sultan Xədicə xalqın arzusu ilə
taxta çıxdı. Əri Cəlaləddin isə vəziri təyin
edildi. Bütün əmrlər Məlikə
Xədicənin adı ilə verilirdi. O, hökmdar olsa da
başının üstündə həmişə Allahı
görən, özünü onun qulu sayan bir bəndə kimi
hamıya qarşı ədalətli və mehriban idi. Cümə
xütbələrində Sultan Xədicənin adı bu şəkildə
oxunurdu: “İlahi, insanlara bilərək başçı
seçdiyin qulunun işlərini xeyirli et.
O bütün müsəlmanlara rəhm göstərərək
başçı təyin etdiyin Sultan Xədicə binti Sultan
Cəlaləddin Ömər İbn Sultan Səlahəddindir”.
Məlikə Xədicə vəzir əri ilə birlikdə
xaricdən gələn qonaqları “Dar” adlı otaqda qəbul
edərdi. Qoltuğunda ən azı iki hədiyyə gətirən
ziyarətçi əvvəlcə Məlikəni salamlayaraq hədiyyənin
birini yerə qoyar, sonra da vəzirə təzim edərək
ikinci hədiyyəni eyni cür sahibinə
çatdırardı. Sultan Xədicənin yerli və əcnəbilərdən
təşkil olunmuş min nəfərdən ibarət hərbi
qvardiyaçı əsgəri hər gün Dara gəlib rəsmi
salam mərasimini yerinə yetirərdi.
Adalarda pulu dəniz heyvanının qabığı olan
muncuqlar əvəz edirdi. Bütün ticarət
və alış-verişlər bu muncuqlarla olardı. Onu da ümmanların dibindən
sultanlığın xüsusi-daha doğrusu
inanılmış qəvvasları tapıb gətirərdilər.
Çox güman ki, bu muncuqlar indi bizim mirvari
adlandırdığımız incilər olub. Qvardiyaçı əsgərlərin
aylıqları isə düyü ilə ödənilirdi.
Maldiv adalarında düyü çox qiymətli
və müqəddəs nemət sayılırdı. Evində düyüsü çox olan şəxs
varlı və imkanlı hesab edilirdi. Çünki
düyünü hər şeylə dəyişmək və
rahat şəkildə satmaq mümkün idi.
Sultan Xədicə
bütün ziyarətçilərini- fərq etməzdi, kişi, ya qadın olsun, üzü və
başı açıq qəbul edərdi. İslamın
örtünməklə əlaqədar qanunlarını Sultan
Xədicə adalarda tətbiq etməmişdir. Məlumdur ki, XIV əsrin ortalarında Maldivdə
qadınların çoxu bellərindən
aşağını örtür, yuxarı hissəsini ekvator
şəraitinə uyğun olaraq tamamilə açıq
qoyurdular. Bir il yarım bu adalarda
qazilik etmiş İbn Battüta nə qədər
şalışa da qadınları geyindirə bilmədiyini
etiraf etmişdir. Sultan Xədicə də bu sahədə
heç bir ciddi tədbir görməmiş, hər şeyi
qadınların öz ixtiyarına vermişdir. Amma
özü bir xanım olaraq geyiminə xüsusi diqqətlə-abırla
yanaşdığından çoxuna örnək ola bilmişdir. Tarixçilər
onun bu həssas və ağıllı hərəkətini həmişə
dəyərləndirirlər. Həqiqətən də
zorən yox, nümunə ilə qalib gəlmək
mümkündür!
Sultan Xədicə
düz 33 il Maldiv adalarında hakimlik etdi. Onun hökmdarlığı dövründə
adalarda heç bir qanqaraldıçı hadisə baş vermədi.
İnsanlar çox rahat və sülh şəraitində
yaşadılar
1379-80-ci ildə vəfat edən Xədicənin yerinə
bacısı Sultan Məryəm keçdi. Sanki artıq ənənə
almışdı. Onun da vəziri əri Məhəmməd
ibn Məhəmməd Cəmaləddin oldu.
Bacısının işini eyni şəkildə davam etdirən
Sultan Məryəmin hökmdarlığı 3 il
çəkib. Onun vəfatından sonra səltənəti
idarə etmək Sultan Fatmaya qismət olub. Doğrudur, bəzi tarixçilər onun Sultan Məryəmin
qızı olduğunu iddia edirlər. Amma
mənbələrin əksəriyyətində onların məhz
bacı olduqları yazılıb. Məlikə
Fatmanın sultanlığı 1388-ci ildə sona
çatmışdır. Beləliklə də, Maldiv sultanlığı
taxtında 42 il ərzində dalbadal 3
qadın hökmdarlıq etmişdir. Onlar Sultan Cəlaləddin
Ömərin qızları- Xədicə, Məryəm və
Fatma bacıları idi...
Adaların
dördüncü sultanı
Maldiv adalarının şimalında təxminən 50
kv.km. ərazisi olan Malikut əvvəllər Maldiv
sultanlığına daxil idi. Sultanlardan biri
Malikutu öz qardaşına bağışladıqdan sonra
bura müstəqil kiçik bir dövlətə
çevrilmişdir. Adaların müsəlman
qadın hökmdarlarının dördüncüsü də
məhz Malikutda olmuşdur.
Səyyah Fransua Pirardın “Səyahətnamə”
kitabında görüşüb söhbət etdiyi
kraliçadan geniş söhbət açsa da adını
çəkmir. “XVII əsrin əvvəllərində
Malikutun hökmdarı bir müsəlman qadın olmuşdur”
yazan Pirard bildirib ki, bu qadının hökmranlığı
dövründə Maldiv adətləri tamam dəyişmişdir.
Müsəlman maldivli qadınlar
başlarını örtmədən çölə
çıxmırlar. Ancaq kraliçə və
prinsessaların yanında başı açiq ola
bilirlər. Təəsüf ki, bu hökmdar
qadının kimliyi ilə bağlı
apardığımız araşdırmalar heç bir nəticə
vermədi. Hətta türkiyəli ilahiyyatçı
alimlər də onu “ naməlum hökmdar
qadın” adlandırıblar. Məlum olan budur
ki, islamın bütün qaydalarına nəinki özü
ciddi əməl edirmiş, bütün maldivli qadınlara da
müsəlman fərzlərini yerinə yetirməyə hökm
veribmiş.
Tarixin də həyat kimi qəribəlikləri
var. Adını heç bir səyyah yazmayıb, amma var
olmasından, hökmlərindən qeydlər ediblər. Bəlkə
də Malikutda yaşayanlar heç fərqinə də
varmayıblar ki, onların XVII əsrdə bir qadın
hökmdarları olub...
Kaspi.-2014.-4 iyun.-S.14.