Beynəlxalq əlaqələrin
etibarlı ünvanı
Aslan Aslanov: «Beynəlxalq
əlaqələrinin genişlənməsi AzərTAc-ın dəqiq
və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini artırır»
Bu il iyunun 2-də Bakıda AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib. 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədi daşıyan iclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Bu fakt bir daha sübut edir ki, son illər Azərbaycanın dünyada nüfuzunun daha da artması, mövqelərinin möhkəmlənməsi qlobal informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsinə əhəmiyyətli təsir göstərib. Məhz bunun nəticəsində dünyanın aparıcı xəbər agentlikləri AzərTAc ilə əməkdaşlığa maraq göstərir, agentlik media ilə bağlı ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunur, həmçinin regional və beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov “Kaspi” qəzetinə müsahibəsində rəhbərlik etdiyi agentliyin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlardan danışıb.
Dünya informasiya məkanına daha sürətlə inteqrasiya
- Aslan müəllim, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresinə Azərbaycanın ev sahibliyi etməsi və bu quruma AzərTAc-ın sədrliyi haqqında qərarın qəbul olunmasını necə qiymətləndirirsiniz?
- AzərTAc-ın beynəlxalq əlaqələr sahəsində qazandığı diqqətəlayiq uğurlardan biri 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin IV Konqresində əldə edilib. Dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA, ULAN xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Konqresdə səsvermə nəticəsində 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresinə Azərbaycanın ev sahibliyi etməsi və 2016-2019-cu illərdə bu quruma AzərTAc-ın sədrliyi haqqında qərar qəbul olunub. Bu, Azərbaycana və onun milli agentliyinə qlobal media məkanında yüksək etimad kimi qiymətləndirilə bilər.
Bu il iyunun 2-də isə Bakıda AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib. İclas 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədi daşıyıb.
İclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasda növbəti Konqresin keçiriləcəyi vaxtın, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
Qeyd edim ki, Şura Konqresin əsas idarəedici orqanıdır və Dünya Xəbər Agentlikləri Konqresinə ev sahibliyi edən agentliklə birgə növbəti Konqresin strukturu və proqramı üçün məsuliyyət daşıyır. Şuranın rəhbər orqanı olan büronun üzvləri Konqresin fəaliyyətdə olan prezidenti, iki keçmiş prezident, baş katib və növbəti Konqresin təşkilat komitəsinin sədridir.
Bütün xəbər agentlikləri Şurada üzv olduqları regional təşkilatlarla, hazırda FANA, EANA, OANA, ULAN və MDB Xəbər Agentlikləri Alyansı vasitəsilə təmsil olunurlar. Associated Press və Thomson Reuters kimi dünya agentlikləri isə Şurada müstəqil şəkildə təmsil oluna bilərlər.
Dünya Xəbər Agentliklərinin birinci Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü 2010-cu ildə Argentinanın Buenos-Ayres, dördüncüsü isə 2013-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərlərində keçirilib. Ər-Riyad Konqresindən iki ay əvvəl - 2013-cü il sentyabrın 20-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) Moskvada keçirilən XV Baş Assambleyasında AzərTAc daha bir mühüm uğur qazanıb.
Mən agentliyin baş direktoru kimi XV Baş Assambleyada səsvermə nəticəsində OANA-nın vitse-prezidenti və ardıcıl olaraq üçüncü dəfə Büro üzvü seçilib. Tədbirdə OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma AzərTAc-ın sədrliyi barədə qərar qəbul olunub. Bu qərar da gərgin rəqabət şəraitində keçən səsvermə nəticəsində qəbul edilib.
Beləliklə, beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun – OANA-nın XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarlar agentliyin dünya media məkanında uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirilə bilər. Bu nailiyyətlər AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsi, dünya informasiya məkanına daha sürətlə inteqrasiyası baxımından yeni imkanlar açır.
AzərTAc – ev sahibi kimi
- Agentliyin uğurlara aparan yolu nə
zamandan başlayır?
- AzərTAc-ı bu uğurlara aparan yol 2004-cü ildən başlayıb. Həmin il AzərTAc
nüfuzlu informasiya agentliklərini özündə
birləşdirən OANA-ya
üzv olub. Bunun sayəsində agentliyin informasiyaları OANA-nın
xüsusi saytında yerləşdirilir və onlardan 35 ölkənin 44 informasiya agentliyi istifadə edir. AzərTAc-ın OANA-nın
saytında il
ərzində orta hesabla 12 minə yaxın xəbəri, 1300-dən
artıq fotosu və 800-ə qədər
videosu yer alır. Hazırda OANA-nın saytında
yerləşdirilən informasiyaların,
foto və videoların sayına görə AzərTAc liderlik edir. 2007-ci il dekabrın
12-də OANA-nın İndoneziyanın
paytaxtı Cakartada keçirilən iclasında
AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin
büro üzvü seçilib.
2008-ci ildə AzərTAc-ın
Avropa Xəbər Agentlikləri Alyansına
(EANA) üzv qəbul olunması agentliyin həyatında ən mühüm hadisələrdən
biridir. EANA Baş
Assambleyasının Estoniyanın
paytaxtı Tallində
keçirilən iclasında
təşkilatın tədbirdə
təmsil olunan 29 üzvündən 26-sı AzərTAc-ın
namizədliyini dəstəkləyib.
Beləliklə, AzərTAc postsovet
məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul
edilən üçünncü
informasiya agentliyi olub.
2010-cu ildə AzərTAc daha bir beynəlxalq
quruma – İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin
40-dan çzox xəbər
agentliyini özündə
birləşdirən Beynəlxalq
İslam Xəbərlər
Agentliyinə (İİNA) qəbul
olunub və qurumun iclaslarında, məsələlərin müzakirəsində,
qərarların qəbulunda
fəal iştirak edir. Hazırda AzərTAc Türkdilli
Xəbər Agentlikləri
Birliyinə sədrlik
edir. 2011-2013-cü illərdə isə Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü
olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasına
sədrlik edib.
AzərTAc, eyni zamanda, Müstəqil Dövlətlər
Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının
(ANİA), Türkdilli Xəbər
Agentlikləri Birliyinin
(TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü
olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasının
(PANİA) təsisçilərindən biridir. Agentliyin baş direktoru
kimi mən həm də PANİA-nın büro üzvüyəm.
Bu təşkilatların saytlarında yerləşdirilən
xəbərlərin, videoların
və fotoların sayına görə də AzərTAc ön sıradadır. İl ərzində
PANİA-nın saytında
agentliyimizin 7 mindən
artıq, ANİA-nın
saytında isə 13 mindən çox informasiyası yerləşdirilir.
Bundan başqa, AzərTAc-ın rus dilindəki informasiyaları Çin Xalq Respublikasının Sinxua Agentliyinin internet səhifəsində də
yer alır. Nəhəng
auditoriyaya malik Sinxuanın saytında hər ay agentliyin 50-dən
artıq materialı yayılır. Ümumiyyətlə,
AzərTAc-ın üzvü
olduğu beynəlxalq
və regional qurumların
elektron resurslarında
il ərzində 40 minə yaxın xəbəri, 3 minə qədər fotosu və mindən artıq videosu yerləşdirilir.
Artıq
regional və beynəlxalq
əhəmiyyətli tədbirlərə
uğurla ev sahibliyi edən AzərTAc-ın təşkilatçılığı
ilə 2008-ci il aprelin 30-u - mayın 3-də
Bakıda Türkdilli Xəbər Agentlikləri
Birliyi (TKA) Baş Məclisinin VII iclası, həmin il sentyabrın
1-4-də isə OANA İcraiyyə
Komitəsinin “Qloballaşan
dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası
keçirilib. İlk dəfə
olaraq dünyanın
20-dən çox ölkəsindən
ən nüfuzlu xəbər agentliklərinin
rəhbərləri və
yüksək vəzifəli
təmsilçiləri AzərTAc-ın
təşəbbüsü ilə respublikamıza gəlmişdilər. Azərbaycanın ictimai həyatında mühüm hadisə olan bu toplantının
əhəmiyyəti həm
də onda idi ki, OANA və
EANA-nın tarixində
ilk dəfə olaraq bu qurumların rəhbərləri tədbirə
birgə qatılmışdılar.
Şərq və Qərb
ölkələrinin aparıcı
informasiya agentliklərinin
rəhbərlərini bir
araya gətirmək sahəsində AzərTAc-ın
uğurla nəticələnib,
bu təcrübəsi
iclas iştirakçıları
tərəfindən rəğbətlə
qarşılanıb.
Bu siyahıya 2013-cü il fevralın 25-də Müstəqil
Dövlətlər Birliyinin
üzvü olan ölkələrin Dövlət
İnformasiya Agentliklərinin
Rəhbərləri Şurasının
Bakıda AzərTAc-ın
ev sahibliyi ilə keçirilmiş
XVI iclasını da əlavə etmək olar.
Ən etibarlı mənbə
- Agentliyin xarici ölkələrdəki müxbir
məntəqələrinin fəaliyyəti barədə
nə deyə bilərsiniz?
- AzərTAc-ın xarici ölkələrdəki müxbir
şəbəkələrinin coğrafiyası da ildən-ilə genişlənir.
Hazırda agentliyin 21 ölkədə - ABŞ, Böyük
Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya,
Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda müxbir
məntəqələri fəaliyyət
göstərir. Hazırda dünyanın
tanınmış xəbər
agentlikləri AzərTAc
ilə əməkdaşlığa
böyük maraq göstərir. AzərTAc 100-ə qədər ölkənin
informasiya agentlikləri
ilə çox səmərəli əlaqələr
qurub və 30-dan artıq ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb.
Daha bir neçə ölkənin
informasiya agentlikləri
ilə müqavilələrin
imzalanması istiqamətində
fəal iş aparılır.
Beynəlxalq əlaqələrinin genişlənməsi,
eyni zamanda, təbii olaraq AzərTAc-ın dəqiq və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini artırır. Vaşinqtonda fəaliyyət göstərən
Vudro Vilson Beynəlxalq Elmi-Tədqiqat
Mərkəzinin Qlobal
Avropa proqramının
mərhum müşaviri
Aleksandros Pitersonun ötən il
AzərTAc-da olarkən
dediklərini xatırlamaq
yerinə düşür:
“ABŞ-da siyasətçilər
və elmi tədqiqatçılar Azərbaycan
həqiqətləri haqqında
xəbərləri ən
etibarlı mənbə
kimi AzərTAc-dan əldə edirlər”.
Etibarlı mənbə məsələsinə
dair ən yeni bir misal
da çəkmək olar: Dünya Xəbər Agentlikləri
Konqresi Şurasının
Bakıda keçirilən
iclası çərçivəsində
mayın 30-da AzərTAc
ilə Səudiyyə
Ərəbistanı Krallığının
Səudiyyə Press Agentliyi
(SPA) arasında informasiya
mübadiləsi sahəsində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumu imzalanıb. Dünya Xəbər Agentlikləri
Konqresinin sədri,
SPA-nın prezidenti
Abdullah bin Fəhd əl-Hüseyn
sənədi imzalayarkən:
“Bu sənəd agentliklərimiz
arasında informasiyanın
bütün kontentləri
üzrə daha fəal mübadilə aparmağa imkan verəcəkdir. Bizim agentlik Azərbaycan
haqqında xəbərləri
təkcə Səudiyyə
Ərəbistanında deyil,
bütün ərəb
dünyasında yayacaqdır.
Bu işdə AzərTAc Səudiyyə
Press Agentliyi üçün
əsas və ən etibarlı istinad mənbəyi olacaqdır”- deyə bildirib.
Argentinanın “TELAM” Agentliyinin institusional əlaqələrin inkişafı
üzrə meneceri, Latın Amerikası Ölkələri İnformasiya
Agentlikləri Birliyinin
(ULAN) sədri Jan Manuel Fonruj
isə iyunun 3-də AzərTAc-da keçirilən
görüşdə xüsusi
vurğulayıb: “Bu yaxınlarda
“TELAM” Agentliyinin yeni
“ANSUR” informasiya portalı
fəaliyyətə başlayacaqdır. Portalda Azərbaycan
bölməsi də fəaliyyət göstərəcəkdir.
Bölmədə Azərbaycan ilə
bağlı ən son
yeniliklər ispan, ingilis və portuqal dillərində veriləcəkdir. Hətta xəbərlərin
Azərbaycan dilində
də verilməsi nəzərdə tutulur.
Biz etibarlı mənbə
kimi AzərTAc-a inanırıq”.
Təranə Məhərrəmova
Kaspi.-2014.-6 iyun.-S.6.