Mənəviyyat və mədəniyyətimizin
QADINLIQ tacı
(esse)
Dərinköklü mədəniyyət və mənəviyyatımızda Qadınlığın hər çağının mötəbər, izzətli məqamı var: Qızlıq – Gəlinlik – Analıq – Nənəlik. Kişi ağsaqqallaşdıqca necə müdrikləşirsə, qadın da ağbirçəkləşdikcə nəsil tərbiyəsində elə bir ali məqama çatır. Nənəlik – günbatarında Qızlığın gündoğarıdır. Qadın həyatının zirvəsi – onun Gəlinliyi, Analıq çağıdır. Tanrının ən çox nur və mərhəmət selinə bələdiyi – hamilə qadındır. Müqəddəs Doqquz Aysa – bəşəriyyətin bütün tarixinə bərabərdir. Həmin günlərdə Ana və bətnindəki balası Kosmosla qırılmaz bağlantıda olur... Doğar qadınla Yaradan Yerüzü Kainatı zinətləndirir, Kosmosa insani məna verir. Buna görə də Yerüzünə İnsan gəldiyinə Kainat sevinir. Kainat biosfer haləsində hamilə qadın – yaradıcı Yerüzü və İnsanla canlı olur, düşünər, duyar olur.
Balasını dünyaya gətirəndən sonra qadının duyduğu ləzzət (doqquz ay öncə duyduğu ləzzətin son güclü akkordu kimi!), rahatlıq və arxayınlıq dünya ləzzətlərinin, rahatlıq və arxayınlıqlarının ən dolusudur. Tanrı dünyanın bu ən böyük ləzzətini dünyanın ən böyük ağrısından sonra göndərir. Ağrı ilə ləzzətin, zülmətlə işığın, xaosla harmoniyanın... bir-birindən doğması, bir-birini belə inadla izləməsilə həyat, yaşarılıq buğumlanır. Muğam içrə rəng kimi. Ona görə də muğam yaradıcılığı tükənmir... Doğar qadınla doğmayan qadının – "süni qısırın" psixologiyası tamam ayrı proyeksiyalarla qurulur. Analıq funksiyasının öldürülməsi, ailənin uşaqsızlaşması, ümumiyyətlə, müqəddəs bir təsisat olan ailədən üz döndərilməsi, onun itirilməsi, qadın-kişi münasibətlərinin qərbsayaq yöndə ailədənkənar, sevgidənxali, yalnız quru seksual əsaslarda qurulması, deməli, insana məxsus ən ilahi-ülvi hisslərin maddi tələbatlar səviyyəsinə endirilməsi – insan cəmiyyətini yalnız getdikcə toxumsuzlaşma – sterilləşmə ilə, bioloji qısırlaşma ilə deyil, həm də mənəvi qısırlaşma ilə və hər iki (bioloji, mənəvi) mənada genotipin deformasiyası ilə təhlükələndirir. Ailə planlaşması əhali artımını tənzimləmək baxımından gərəkli və normaldır. Ancaq bioloji-sosial funksionallıq ilahi qanunlara söykənir və bu qanunlar yenə də bioloji və mənəvi mənada genetikanın təbii ritminin pozulmasını heç kimə bağışlamır. Dünyanın Ritmlə deyil, Layihələrlə idarə olunduğunu güman edənlər yanılırlar. – Son nəticəyə görə.
Qadın və Kişi başlanğıcının vəhdəti, Çin fəlsəfəsinə görə, dünyanın İn və Yan universal duallığındakı vəhdətdə qərar tutur: Onlar canlarını bir-birinə qatarkən, Qadın (İn) qadınlığının şah damarıyla dünyadan min illərcə və öz həyatınca yığıb topladığı nektarı Kişiyə, Kişi (Yan) kişiliyinin şah damarıyla dünyadan min illərcə və öz həyatınca yığıb topladığı nektarı Qadına ötürür – bəxş edir. Buna görə də Kainatda onların Sevgisində mayalanan Eşqdən böyük Eşq yoxdur. Vəhdətin iki axınından gəlib bir Məcrada birləşən Sevgi – özündə dünyanın ən qüdrətli dad-enerjisini (orqazm) daşıyır. Bu Sevgi Okeanından doğulan İnsan – özünün və dünyanın yaradıcısı olur. İnsan-Dünya yaradıcılığının bu tükənməz dad qövsündə əbədi cismani-ruhani dövranı Varlığın ən böyük mənalarındandır.
İlahi qüdrət qadın gözəlliyinin yaradılışı ilə zirvə qatlarını açıb. Hind, İslam və İntibah mədəniyyətlərində qadının üzünün müqəddəs haləsi – əslində çox realist təsvirdir. Üz – qadın ülviyyətinin və əxlaqının tam ifadəsi üçün bəs edir. Qadın üzünün həyalı qızartısından da duyğusal zəriflik, nəcabətli baxarlıq yoxdur. Abırlı geyinmiş qadının həyalı üzünün haləsi qədər onu qoruyan sipər, cangüdən yoxdur. Bu üzün qızartısı çadradan min dəfə etibarlı hifzetmə qüdrətinə malikdir. Qadın üzünün həyalı nurunda ona dürlü münasibətlərin bütün layları açılır. Bu üz sənin ona münasibətini dərhal müəyyən edir. Anicə bilirsən, – kimlə üz-üzəsən: ana ilə, gəlinlə, nişanlı və nişanlanmamış qızla, ərli qadınla, dulla. Maneken sifətinin sahibinə isə, özünü öldürsən də, münasibətini müəyyən edə bilmirsən. Özünü gözə dürtmək üçün o elə ekstravaqant geyinir ki, yanı başından daha "maraqlı" görünür.
Qadın bədəni kişininkindən qat-qat yumşaqdır. Təbii ki, onun aurası da kişininkindən qat-qat zəif, şəffaf və keçirgəndir. Cəlbediciliyini son həddə artırmağa həvəsli qadına endirilən nəzərlər, çırpılan baxışlar, deşən gözlər onun vücudunu sıyırır, gözəlliyini yırtır, qadınlığını yarır...
Kosmetikadan daimi, ifrat istifadə bədənin təbii rayihəsini, dərinin təbii ətirsaçmasını öldürür. Dəri – gönləşir. Elastikliyini, estetik füsunkarlığını yoxaldır. Üzün, dərinin fizioloji özünübərpası funksiyası itirilir... Bəzən kosmetik cəhətdən "zirehlənmiş" qadın özünü o günə qoyur ki, onu vitrində gördüyün uyuqla (manekenlə) çaş salırsan. Kosmetika qadına unutdurub ki, onun sifətinin harası qızarır. Həyası gözəlliyinə tən gələn qadının təbii olaraq yanağı allanır. Üzün ağ, nurlu haləsi içrə bu al qızartı sübhün və qürubun rəng açılışı qədər sehrlə özünə qərar tutur. Manekensifət isə qulağınadək qatı bir boya ilə boyanır. Qaş qırxılır. Yeri ütük, biz-biz qalır. Altı göyərdilir. Dodaqlara boğuq bir rəng yaxılır. Bu sifəti yusan, bir dolça həlməşik boya alınar. Boyalı qadın dodaqlarından dünya kişilərinin damağı ilə çəllək-çəllək rəng sorulur... Bu boya altında Tanrının sevə-sevə yaratdığı üz – ölür. Yəqin bu boyanı yuyub bədənnüma güzgüdə özünə baxan qadın ölü sifətindən, qırxıq vücudundan üşənir, xoflanır. Nekrofil manerası qadınlığı sümürür... Vampircəsinə.
Dünyanın ən modern kosmetikası belə Tanrının yaratdığı rəngləri, ətriyyatı əvəz edə bilməz. Tanrı qadını yaradanda ona bütün bəzək-düzəyini vurub. Tanrı yüz yaşlı qarının qırış-qırış sifətinə də öz nur payını verib. Gərək qadın qədrli duyusu ilə bilə ki, kişilər təbiiliyi sevir, o, kişi üçün min süni rəngindən, zahiri bəzək-düzəyindən çox, bir təbii rəngində min dəfə gözəl və dəyərlidir. Gərək qadın bilə və fəxr edə ki, güllərin ən ətirlisi odur. Süniliyin estetikası heç vaxt təbiiliyin estetikasına üstün gələ bilməz. Gözəlliyi – gözə soxmazlar.
Bunu anlamayanlar indi elə dikdaban – şüşdaban geyirlər ki, yalnız ayaq barmaqlarının ucu qatlanıb yerə dəyir. Bu, fizioloji-tibbi cəhətdən anormallıqdır, yolverilməzdir, öz yerində. Bir də ki, əgər ayaqlar yerə 20-30 faiz qədərində basılırsa, deməli, onların Yerüzü ilə kontaktı da 20-30 faiz qədərindədir. Gərək insanın dabanı yerə dəyə. Həm fiziki, həm də simvolik mənada. Tanrı bizi göydə gedənlərdən qorusun...
Gərək geyim dəbləri insanın təbii-fizioloji xüsusiyyətləri ilə sosial-estetik tələbatının harmoniyasından doğsun. Tibbi kosmetika və plastik əməliyyatların təsiri ilə bir qədər də hədəqəsindən çıxan manekenləşmə isə qadının gözəllik qanunları ilə yaradılmış təbii-ilahi bədən quruluşunu pozur, ayaqların şüşlənib millənməsi, incəbelliyin və beldən aşağının tumarlı sferikliyinin itirilməsi, taxta kimi uzanıb düzlənmə qadın bədəninin həm estetik, həm doğarlıq funksiyasını puça çıxarır.
Müasir, normal Azərbaycan qadınının nəcib görünüşlü geyimi və dürlü manerası ən yüksək estetik meyarlara və milli əxlaqın bütün tələblərinə cavab verir. Bu olan yerdə yabançı mədəniyyətlərin ekstravaqant dəblərinə əyilmək – irəli getmək yox, əksinə, geri getmək, dayazlıq və zövqsüzlükdür.
Cəmiyyətin, özünü "elita" sayan, "kəndçilərdən" seçilmək üçün yaşadığı ölkənin dilində belə danışmayıb hələ də rusca (daha çox da – qarmaqarışıqca!) qonuşan urbanist-meşşan parasının yabançı təsirlər altında sürtülüb estradalaşmış manerası bayağı özgəlik yaratmaqla yanaşı, çaparaq moda xatirinə bu texnosivilizasiyon taxta "inteligentlərə" qazandıqlarının xeyli hissəsini çörəyə deyil, kosmetikaya və dərmana xərclətdirir. Bu da cəhalətin bir formasıdır – modern forması.
Belə bir ziddiyyət də gerçəklikdir: tərbiyəli qadınlar da tez-tez dəyişən urbanist dəblərdən geri qalmamaq, cəmiyyətin ümumi fonunda "kasıb", "geriçi", "mühafizəkar" görünməmək üçün "son modalarla" ayaqlaşmağa məcbur olurlar. Daxili müsəlmanlığı ilə zahiri "müasirliyi" təzad təşkil edən bu qadın qismi gərək mühiti çaşdırmaya.
Azərbaycan milli geyim mədəniyyətinin bənzərsizliyini və rəngarəngliyini yaşatmaq – məhz nəcib qadınlarımızın səbatlı əxlaq, düzgün seçim və mükəmməl zövq nümayiş etdirmələrindən asılıdır. Bu mədəniyyətin üstünlüyünü və yaşarılığını sübut etmək – onların və bütövlükdə Azərbaycan cəmiyyətinin heysiyyəti, ucalığı və qürur məsələsidir.
Türklərin gözəllik estetikasında geyiminə və əxlaqına görə gözəl – kamillikdə tamamlanan vəhdətin örnəyidir. Türkcə "gözəl", "gözəllik" sözü də gözlə görülən, "göz+əl"dir: Gözlə görülüb qəlblə axan "gözəllik!" Buna görə də türk ərəni xanımına belə müraciət edir: "Göz açıban gördüyüm. Könül verib sevdiyim... Qoşa badam sığmayan dar ağızlım... Topuğunda sarmaşanda qara saçlım... Qadınım... Dirəyim... Döləyim..." Bu altun kəlmələrdə türk qadınının qızlığından, gəlinliyindən evdarlığına, analığına, nəsiltörətimliyinəcən hər siminə toxunulub.
Türk kültüründə (ozan sənətində) qız öygüsünün min çalarından bir qırçınlısı: "...Qız nə qız!.. Ürək açan, barfa kəsən, gözün süzən, canlar üzən, düymə düzən, süzgün baxan, gülü-reyhan, qönçə dəhan, gəl məni gör, dərdimdən öl!.."
Türk kültüründə xanım-xatın geyimlər üçün biçilən parçaların təkcə adları qırçın semantikalı, zəngin psixoloji elastikliyi ilə sintaktik metaforalıdır: "oturmasınar", "qonşubağrıçatladan", "küçəmənədargəlir", "yağmayağış", "alışdımyandım..."
Azərbaycanda əksərən kənardan gəlmə paltarlar satıldığından, burada qətiyyət göstərmək olduqca çətindir. Ancaq ölkədə ticarət və yüngül sənaye də bu barədə özgürlük, istehsal və kommersiya marağı ilə düşünməlidir. "Mini yubka" satmaqdan gen-bol xanım-xatın "Gülçöhrə donu" satmaq daha sərfəli deyilmi?! Geyim plastikasında hərəkət rahatlığı, çevikliyi yaradan formalar tapmaq da əlçatmaz deyil... Klassik milli geyim formalarını mütəhərrik həyat şəraitinə uyğun şəkildə müasirləşdirməklə, onların estetik baxımdan daha cazibədar dürlərini praktikaya gətirmək mümkündür.
Mənəviyyat və mədəniyyətimizin Qadınlıq tacı gərək həmişə əxlaq, ismət, həya, nur, zəka, sədaqət, zəriflik və gözəlliklə bərq vursun!
Rahid Ulusel
Fəlsəfə
elmləri doktoru, professor
Kaspi.-2014.-6 iyun.-S.7.