Oxuyan tələbə üçün
imtahan çətin keçmir
Pedaqoji Universitetdən
reportajımız zamanı əmin olduq ki, burada imtahanların
obyektiv və şəffaf keçirilməsi üçün
lazımi şərait yaradılıb
Hazırda ölkəmizin bütün ali təhsil müəssisələrində yay imtahan sessiyası davam etməkdədir. Bu prosesi müşahidə etmək, tələbə-müəllim heyətinin bir günü ilə yaxından tanış olmaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olduq.
Əvvəlcə Tədris-metodika
şöbəsindən universitetdə təhsil alan tələbələrin
sayı, keçirilən imtahanlar barədə maraqlandıq.
Şöbənin böyük inspektoru Dildabə Orucova
söhbət əsnasında bildirdi ki, ali təhsil müəssisəsində
bakalavr səviyyəsində əyani şöbədə 24
ixtisas üzrə 6273 tələbə təhsil alır.
Onlardan 90 nəfəri əcnəbilərdir. Qiyabi şöbədə
isə 9 ixtisas üzrə 1845 nəfər ali təhsil
alır. D.Orucova onu da bildirdi ki, ADPU-da artıq neçə
illərdir tələbələr İKT vasitəsilə, test
üsulu ilə imtahan verir, əyani şöbədəki tələbələrin
hamısı kredit sistemi ilə təhsil alır: “Qiyabi
şöbədə 1, 2, 3, 4-cü kurs tələbələri
çoxballı sistemlə təhsil alırlar. Onlarda qiymətləndirmə
100 baldır. Magistratura pilləsinin əyani və qiyabi
şöbəsindəkilər də kreditlə təhsil
alırlar. Hazırda yaz semestrinin yay imtahan sessiyası gedir.
İmtahanlar iyun ayının 5-də başlayıb və
iyulun 14-də başa çatacaq. Hər gün iki növbədə
və hər növbədə 4 qrup olmaqla gündəlik 8
qrup imtahan verir. Beləliklə də gün ərzində,
haradasa 1300-1400 tələbə imtahan verir. Təhsil
naziri Mikayıl Cabbarovun, universitet rəhbərliyinin
müvafiq əmrlərinə əsasən, ali məktəbdə
ayrıca otaqda “İmtahan qərargahı”, (012) 408-30-29,
498-17-94 telefon nömrəli “Qaynar xətt” yaradılıb.
“İmtahan qərargahı” Universitetin ikinci mərtəbəsində,
204-cü otaqda yerləşir. Qərargaha nüfuzlu alimlər
cəlb olunub. Həmin komissiyanın sədri professor Edil Eyvazov,
müavin professor Rəhim Rzayevdir. Burada məqsəd tələbələrin
ərizə və şikayətlərinə, təkliflərinə
vaxtında reaksiya vermək, onları araşdırmaqdır.
Bundan əlavə, fakültələr üzrə
“Münaqişə komissiyaları” yaradılıb.
Ümumiyyətlə, Universitet rektoru, AMEA-nın müxbir
üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri
doktoru, professor Yusif Məmmədovun əsas amalı budur ki,
imtahan prosesi bütün neqativ hallardan kənar, şəffaf
keçsin, obyektiv olsun. Biz də bu məqsəd
üçün öz əlimizdən gələni əsirgəmirik”.
D.Orucova
qeyd etdi ki, ki, Universitet rəhbərliyi bu ali
məktəb auditoriyalarında təhsil alan tələbənin
daha bilikli, müasir dövrün tələblərinə
uyğun səviyyədə, peşəkar kadr kimi yetişməsinin
tərəfdarıdır. Bunun üçün
zəruri islahatları qaçılmaz sayır. O, 2007-ci
ildə ilk dəfə ADPU-da test yolu ilə, İKT vasitəsilə
imtahan götürülməsinə start verildiyini
vurğulasdı: “Əvvəlcə semestr, ardınca dövlət
imtahanları bu qayda ilə verildi ki, bu da obyektivliyə, şəffaflığa,
ən əsası, tələbənin biliyinin
artırılmasına xidmət edən amildir. Zaman
bir yerdə dayanmır, cəmiyyət daim inkişafa doğru
irəliləyir. Belə olan halda, bu yolun
davamı olaraq bəzi islahatların həyata keçirilməsi
zərurətə çevrilir. Tədris olunan fənnin
tələbələr tərəfindən daha dərindən
mənimsənilməsi üçün test üsulu ilə yanaşı,
yazılı imtahanların keçirilməsi də bu zərurətdən
irəli gəlib. Əslində fənni bilən
tələbə üçün bunun heç bir çətinliyi
yoxdur. Lakin əzbərçil tələbə,
fənni dərindən mənimsəmək istəyində
olmayan üçün bu, belə deyil”.
D.Orucovadan imtahan keçirilən zalların nömrəsini,
yerləşdiyi mərtəbəni öyrənib bir neçə
kompyuter imtahan zalına baş çəkdik. Test üsulu ilə
keçirilən imtahanların gedişi ilə yaxından tanış olduq. İmtahan-nəzarət
qrupunun rəhbəri, dosent Qulaməli Balaşovla söhbət
əsnasında öyrəndik ki, artıq 8-ci ildir keçirilən
bu cür imtahan prosesində hər bir tələbəyə
imtahan verdiyi fəndən 5 cavab variantından ibarət 25 sual
təqdim olunur. Tələbənin düzgün
cavablandırdığı hər bir sual 2 balla qiymətləndirilir.
Beləliklə də, tələbənin imtahan
qabağı topladığı balla imtahanın nəticəsi
cəmlənərək yekun qiymət müəyyənləşdirilir
və bu, dərhal kompyuterin ekranında öz əksini
tapır. Q.Balaşov onu da əlavə etdi ki, tələbələrin
biliyinin düzgün qiymətləndirilməsi, obyektivliyin və
şəffaflığın təmin edilməsi məqsədilə
ADPU-da beş kompyuter imtahan zalı
yaradılıb. Həmin zallarda yerləşdirilmiş
180 kompyuter vasitəsilə gün ərzində 1500-1600 nəfər
tələbə imtahan verə bilir. İmtahanlara
nəzarəti gücləndirmək məqsədilə
bütün zallarda xüsusi kameralar
quraşdırılıb. İmtahan
zalında yanaşı oturan müxtəlif fakültələrin
tələbələri, həm də ayrı-ayrı ixtisaslar
üzrə imtahan verirlər ki, bu da onların bir-birinə
kömək etməsinin qarşısını almaq məqsədi
daşıyır.
İmtahan prosesi ilə tanışlıq zamanı bir
neçə tələbə ilə söhbətləşmək,
imtahanın gedişi barədə tələbələrin səmimi
fikrini öyrənmək imkanımız da oldu. Tarix fakültəsinin
əyani şöbəsinin I kurs tələbəsi Sayad
Quliyeva ilə “Fars dili” fənnindən imtahan verib
çıxarkən həmsöhbət olduq. Universitetə qəbul olunandan bu günə kimi sayca
6-cı imtahan verdiyini bildirən S.Quliyeva imtahanın
gedişindən, qiymətləndirmə prosesindən
narazı olmadığını dilə gətirdi. Dedi
ki, test suallarını və onların cavablarını əvvəlcədən
əldə edib hazırlaşıb. Elə bu
hazırlığına uyğun səviyyədə də
bilik nümayiş etdirib, imtahanın sonunda öz qiymətini
də bilib: “Giriş balım 43 idi. Bundan əvvəl
aralıq imtahanı vermişdim. Orda da
yaxşı nəticə göstərmişdim. Ümumi
davamiyyət balım toplandı və 43 bal
elədi. Hazırda isə 23 bal
topladım. Beləliklə 66 bal
toplayıb “D” kateqoriyada qiymət almış oldum. Bununla imtahandan məqbul almış sayılıram.
Əgər 71 bal toplasaydım, o zaman bunu təsdiqləmək
üçün yazılı imtahan da verməli idim. Əgər
burdakı yaxşı nəticəni orda da göstərə
bilsəydim, “A” yaxud “B” kateqoriya, yəni “4” yaxud “5”
almış olacaqdım”.
Biologiya fakültəsinin əyani şöbəsinin II
kurs tələbəsi Əfsanə Əliyeva sayca 19-cu
imtahanını verdiyini, indi isə “İngilis dili”
imtahanından uğurla çıxdığını
bildirdi. O da
imtahan prosesindən razı qaldığını, test
suallarının isə normal olduğunu bildirdi: “Semestr ərzində
keçdiyimiz proqrama, mətnlərə uyğun suallar tərtib
edilmişdi. Mən onları əvvəlcədən
universitetin saytından əldə etmişdim deyə, çətin
deyildi. Ona görə də imtahana
hazırlıqlı gəlmişdim. Dəqiq
bilirəm ki, 61 baldan yuxarı nəticə göstərmişəm.
Düzdür, bir qədər çətindir,
amma ümumən imtahanın gedişini, həm də
bütünlükdə bu prosesi normal qiymətləndirirəm.
Fikrimcə, oxuyan üçün imtahan
heç zaman çətin keçmir”.
Filologiya fakültəsinin əyani şöbəsinin II
kurs tələbəsi Fatimə Əhmədli isə “Alman
dili” fənnindən imtahan verirdi. O, test imtahanlarının, xüsusən
də kompyuter vasitəsilə verilən imtahanların onun
üçün daha əlverişli olduğunu bildirdi.
İmtahanın nəticəsinə görə normal bal topladığını, bununla da kifayətləndiyini
söylədi.
Universitetdə Riyaziyyat və informatika fakültəsinin
dekanı, riyaziyyat elmləri doktoru, dosent Maqsud Nəcəfovla
da söhbətləşdik. O, 2006-cı ildə ali
təhsil ocağına professor Yusif Məmmədov rektor təyin
olunandan sonra təhsil müəssisəsində köklü
islahatlar aparıldığını diqqətə
çatdırdı. Bildirdi ki, bu islahatlar ilk öncə
özünü imtahan prosesində göstərib: “Əvvəlki
illərdən fərqli olaraq, yeni rektor imtahanların
informasiya kommunikasiya texnologiyalarının müasir
imkanlarından yararlanmaqla, yəni kompyuter vasitəsilə
keçirilməsinə tərəfdar olub. Birinci kursdan sonuncu
kursda təhsil alan tələbələrə
kimi, hər kəs yeni metodla imtahan verməyə
başlayıb. Bu imtahan prosesi əsasən iki mərhələdə
keçirilir. Bəllidir ki, 2005-ci ildən
boloniya sisteminə qoşulmuşuq. Boloniya sisteminin
prinsiplərinə əsasən tələbə imtahan
prosesində 100 bal toplamalıdır. Bunun
yarısını, yəni 50 balı tələbə
imtahana qədərki dərsə davamiyyət, seminarlarda fəallıq
nümayiş etdirmək mərhələsində
toplamalıdır. Ona görə də tələbə
gündəlik çalışmalı, ona verilən
tapşırıqları yerinə yetirməli,
araşdırmalar aparmalı, bir sözlə, daim öz üzərində
işləməlidir. Yerdə qalan 50 balı
isə tələbə imtahan zamanı əldə etməlidir.
Ötən illərin təcrübəsi
göstərir ki, bu metod tələbə üçün əlverişlidir,
özünü doğruldur. Tələbə universitetin
kompyuter mərkəzində imtahan verib müvafiq bal toplayır. Kompyuter mərkəzində
imtahanda 71-100 bal toplayan tələbələr
ardınca yazılı imtahan verməli, birinci mərhələdə
nümayiş etdirdikləri biliyi təsdiqləməli,
doğrultmalıdırlar. Burada əsas məqsəd
tələbənin dərs materialını hansı səviyyədə
mənimsəməsini aşkarlamaqdır. Ola
bilər ki, tələbə kompyuter mərkəzində
imtahana girib, ən yüksək nəticə göstərib.
Amma həmin tələbə yazılı şəkildə
bunu isbatlaya bilmir. Beləliklə, müəyyən
olur ki, həmin tələbə dərs materialını dərindən
dərk etmədən, mənimsəmədən, sadəcə
sualları və cavabları əzbərləyib imtahana girib.
Təbii ki, bu, qənaətbəxş sayıla
bilməz. Çünki bu günün tələbəsi
sabahın müəllimi olacaq. Onlar öz
ixtisasını daha dərindən bilməli, peşəkar
müəllim kimi gələcəkdə bu ölkənin
savadlı vətəndaşlarının yetişməsinə
töhfə verməlidirlər”.
Universitetdə olarkən magistrlərin də imtahan
verdiyini öyrəndik. İmtahan keçirilən zalda koordinator rəhbəri
Adil Vəliyev bizimlə söhbətdə bildirdi ki, birinci və
ikinci kurs magistrlər daxil olmaqla ümumilikdə 128 nəfər
təxminən 28 fəndən imtahan verir. İmtahanda
magistrlərə 2 saat 15 dəqiqə vaxt verilir. Bu vaxt ərzində onlar sualları
cavablandırmalıdırlar. İmtahan
yazılı olduğundan və artıq
başlandığından magistrlərə mane olmayıb
auditoriyanı tərk etdik.
Günorta saatlarına qədər davam edən
müşahidələrimi və götürdüyüm
lazımi qeydləri kifayət sayıb redaksiyaya yollandım. Həm universitetdə
gördüklərim, həm də həmsöhbətlərimin,
xüsusən də tələbələrin söylədikləri
məndə belə qənaət yaratdı ki, ADPU-da
yaradılmış şərait ilk növbədə
imtahanların obyektiv və şəffaf keçirilməsinə
hesablanıb.
Alpər
İSMAYIL
Kaspi.-2014.-6 iyun.-S.8.