“Dramaturqlarımız var,
amma onların teatr
dramaturgiyasından xəbəri yoxdur”
“Bu
gün komediya əsərini səhnələşdirə bilən
rejissorumuz yoxdur”
Teatr elə bir aləmdir ki, orada fəaliyyət göstərən, el dilində desək can qoyan insanlar sənət fədailəri hesab olunurlar. Elə müsahibimiz, Əməkdar artist Novruz Cəfərov da o şəxslərdəndir. Ömrünün 40 ilini teatra həsr edən Novruz müəllim, bu yolda yoruldum demədən gecəli-gündüzlü çalışıb. 1975-1997-ci illərdə Şəki Dövlət Dram teatrında işləyən aktyor, 1997-ci ildən Gəncə Dövlət Dram teatrında və eyni zamanda Gəncə Dövlət Nizami Poeziya teatrında fəaliyyət göstərir.
Müsahibimiz aktyor işlədiyi bu illər ərzində 130 dan çox rolda oynayıb. O, teatrla yanaşı, kinofilmlərdə də maraqlı rollar ifa edib. N.Cəfərov həm də “qələm əhlidir”. Onun qələmindən çıxan bir neçə pyes müxtəlif teatrlarda uğurla tamaşaya qoyulub, bəzi pyeslərinə isə özü rejissorluq edib.
Geniş yaradıcılıq imkanlarına malik olan aktyor, teatrda baş verən ən maraqlı hadisələri, aktyorların səhnə arxasında başlarına gələn komik əhvalatları da qələmə alır, onları gələcək nəsil üçün özündən bir xatirə kimi saxlamağı düşünür. N.Cəfərov bizimlə söhbətində yaradıcılığının ən gözəl anında Gəncəyə gəlməyinin səbəblərindən danışdı.
Aktyorlarımız yüngül obrazlara meyllidirlər
- Sizin yaradıcılığınıza nəzər saldıqda görürük ki, həm aktyor, həm dramaturq, həm də rejissorsunuz. Bu sənətlərin hansı sizin iç dünyanıza daha yaxındır?
- Əlbəttə ki, aktyorluq. Ona görə ki, mən aktyorluq ixtisasını bitirmişəm. Aktyorluq mənim iç dünyama ən yaxın olan bir sənətdir. Bu sənəti nə rejissorluğa, nə də başqa bir sənətə dəyişmərəm. Heç zaman rejissorluq etmək fikrində də olmamışam. Ancaq zəif rejissorların quruluşunu görəndə səhnəyə çıxıb, rejissorluq etməyə məcbur olmuşam. Yəni rejissorluq sənətini tələbata görə etmişəm. Bəzən elə hallarla rastlaşmışam ki, rejissorun əsərimi lazımi səviyyədə təqdim edə bilmədiyini görüb, yazdığım əsəri daha yaxşı səhnələşdirdiyimi düşündüyüm üçün rejissorluq etmişəm. Mən sırf komediya janrında yazıram. Ümumiyyətlə, komediyanı səhnələşdirmək dram əsərlərindən daha çətindir. Komediyada hər şey saat dəqiqliyi ilə olmalıdır. Saat necə dəqiq işləyirsə, burada da səhnə nizamları, bütün texniki işlər dəqiqliklə hazırlanmalıdır. Orada hər şey öz yerində olmalıdır ki, komediya gözəl alınsın. Bu janrın çətinliyindən aktyorlarımız komik obrazlardan kənar gəzməyə çalışırlar. Onlar yüngül obrazlara daha meyllidirlər.
- Komediyanın ən çətin janr olduğu halda belə bir janra müraciət etməyinizin səbəbi nə idi?
- Görünür mənim içimdə də komediyaya meyllilik çoxdur. Ümumiyyətlə, mən komik obrazları da çox canlandırmışam. Sabit Rəhmanın əsərlərində komik rolları rəhmətlik Fərman Abdullayevlə birlikdə oynayırdıq. Hüseynağa Atakişiyevin, Cahangir Novruzovun komediya janrında qurduğu tamaşalarda baş rolları ifa etmişəm. Komediya janrına qarşı içimdə bir doğmalıq var. Düzdür, faciəvi rollarım, tamaşalarım da olub. Misal üçün, “Aydın” tamaşasında Aydın, “İblis”də Arif obrazını canlandırmışam. Yaradıcılığımın zirvəsi daha çox keçid dövrünə düşdü. Həmin ərəfələrdə ölkədə vəziyyət yaxşı deyildi. Müharibə dövrü idi, acınacaqlı bir vəziyyət yaranmışdı. Yadımdadır o zaman “Şəkili+ayrım=şoutamaşa” komediyasını yazdım və o teatrın səhnəsində təqdim olundu.
- Eşitdiyimizə görə siz teatr lətifələri toplayırsınız. İş nə yerdədir?
- Bəli, mən məhz aktyorların başına gələn maraqlı, sonu komik sonluqla bitən hadisələri toplayıram. Artıq 100-dən çox lətifələrim var. Bir müddət sosial şəbəkələrdə onları paylaşırdım. Ancaq indi onları saxlayıram, yeni işıq üzü görəcək kitabımda həmin lətifələr yer alacaq. O kitabda lətifələrlə bərabər komediyalarım da olacaq.
İndiyə kimi aktyorların başına gələn maraqlı hadisələr, lətifələr bu şəkildə yığılmayıb. Əvvəllər yazıçıların arasında belə bir şey olurdu. Ancaq aktyor, teatr lətifələri haqqında heç bir məlumat yoxdur.
Komediyaya baxanda adam ürpənir
- Novruz müəllim, bu gün səhnə əsərləri haqqında narazı fikirlər səslənir. Deyirlər ki, səhnələrə yol tapan əsərlər səhnə tələbatını ödəmir. Real mənzərəni siz necə təsvir edərdiniz?
- Elə əsərlər var ki, onlar nəinki tələbatı ödəmir, hətta heç nəyə yaramır. Nə tamaşaçının zövqünü oxşamır, nə də aktuallıq baxımından heç bir tələbatı ödəmir. Teatrdan anlayışı olmayan yazarlarımız da çoxdur. Deyirlər ki, Azərbaycanda dramaturq yoxdur ki, onların əsərləri teatr səhnəsində öz həllini tapsın. Əslində dramaturqlarımız var, amma onların teatr dramaturgiyasından xəbəri yoxdur. Səhnənin cümləsi necə qurulmalıdır, səhnədə münasibətlər necə olmalıdır, orada nə artıqdır, nə əskikdir, bunları səhnə adamları bilir. Yazıçılıq tək səhnəni, orada baş verən hadisələri bilməklə deyil, bu gərək insanın içində olsun. Sənin dünya görüşün, intellektin çatsın ki, teatr üçün səhnə əsəri yaza biləsən. Ortaya bir məsələ qoyub, həmin məsələ üzərində konflikt qurmaq, onu müzakirə etmək dram əsəri yazmaq deyil. Mənim yazılarımın eləsi var ki, həyatda onu etmək mümkün deyil. O, mənim fantaziyamın məhsuludur. Ancaq orada olan hadisələri real həyatla o qədər əlaqədar etmişəm ki, onu real həyatdan ayırmaq olmur. “Şəkili+ayrım=şoutamaşa” 250 dəfədən çox nümayiş olundu. Tamaşaçılar məndən tələb etdi ki, bunun davamını yazım. Ondan sonra “Elçilik” komediyasını yazdım ki, bu da həmin tamaşanın davamıdır.
Yazdığım əsərlər uzunömürlü olub. “Buna da şükür” və “Kədərli zarafat” əsərlərim Gəncə teatrının repertuarında yer alan ən uzunömürlü əsərlərdəndir.
- Teatrda səhnələşdirilən komediyalar zamanın nəbzini tuta bilmir. Tamaşaçı daha çox “Bozbash pictures”-ə, Rafael və Coşquna baxmağı üstün tutur. Bu barədə nə düşünürsünüz?
- Teatrda komediyanın tələblərinə uyğun olmayan tamaşalar hazırlanır. O, da tamaşaçını özünə cəlb edə bilmir. Komediyanı səhnələşdirmək rejissor üçün ən çətin işdir. Rejissorun komediyaya yanaşması düzgün olmalıdır. Orada artıq şeylər olmamalıdır. Komediyanı olduğu şəkildə səhnələşdirən rejissorlarımız çox azdır. Bu gün komediya əsərini səhnələşdirə bilən rejissorumuz yoxdur. Bir Cahangir Novruzov var, o da hazırda Türkiyədədir. Onun hazırladığı komediyalar çox səlis və dəqiqdir. Komediyada sözün nöqtəsi, vergülü nəzərə alınmalıdır. Lətifə sonuncu sözünə görə daha çox gülməli olur. Əgər son cümləni düz deməsən, onu lazımi səviyyədə qiymətləndirməsən, onun nəticəsi heç də gülməli olmayacaq. Komediyada məntiq düzgün verilməyəndə tamaşanın başı, ayağı bilinmir. Belə komediyaya baxanda adam ürpənir. Hoqqabazlıq komediya hesab olunmur. Komediya insanları güldürmək üçün hazırlanmalı deyil, onu düzgün şəkildə hazırlasan tamaşaçı özü istər-istəməz güləcək. Komediyada “bu hərəkəti edim, insanları güldürüm” kimi sözlər olmamalıdır. Orada hər şey ciddi olmalıdır. İndi bizim komediyalarımızı pis günə döndəriblər. Bu gün komediyalara baxmaq mümkün deyil. Biz Şəki teatrında “Gecə yarıdan sonra elçilik” komediyasını nümayiş etdirəndə tamaşaçıların gülüşündən sözlərimizi deyə bilmirdik. Onun üçün ortada pauzalar verməyə məcbur olurduq. Komediya janrında tamaşa hazırlayan rejissorun da daxilində komediyaya sevgi olmalıdır. Hər adam komediyanı duya bilməz.
- Gəncə tamaşaçılarını teatral tamaşaçı hesab etmək olarmı?
- Azərbaycan xalqı teatral xalqdır. Əgər tamaşaçı teatra gəlib orada öz tələbatını ödəyə bilmirsə, o teatrdan küsür və bir daha həmin məkana üz tutmur. Tamaşaçı görmüşük ki, gülməkdən stoldan yıxılıb yerdə qıvrılıb. Elə tamaşalarımız da olub ki, tamaşa bitdikdən sonra tamaşaçıların xahişi ilə həmin tamaşanı ikinci dəfə oynamışıq. Xalqımız teatral olmasaydı, bizi ikinci dəfə oynamağa məcbur edərdilərmi? Hər yerdə bizim tamaşalarımız gözəl qarşılanır. Bizim xalqın səviyyəsinə uyğun tamaşa təqdim etmək lazımdır. Əsas məsələ tamaşaçının tələbatına uyğun tamaşa hazırlanmasıdır.
- Zənnimcə problem həm də eyni dramaturqların əsərlərinin dəfələrlə tamaşaya qoyulmasıdır. Misal üçün “Varlı qadın”, “Qatil” və sair kimi pyeslər əksər teatrlarda səhnəyə qoyulub. Sanki ölkədə mövzu qıtlığı yaşanır.
- Fikrinizlə tamamilə razıyam. “Varlı qadın” tamaşasını Gəncə teatrının səhnəsində Bəhram Osmanovun quruluşunda mən də oynamışam. Həmin əsərdə qoyulan mövzu Avropada 60 il bundan qabaq baş verib. Orada baş verən problemlər uzun illər bundan öncə olan hadisələrdir. Mənim xalqım 60 il bundan qabaqkı insanların təfəkkürü ilə düşünmür axı. Həmin tamaşada varlı qadının ərini hələ analiz edib tapa bilmədim ki, bu insan nakişidir, yoxsa professordur. Bu tamaşada oynaya-oynaya mən bunu edə bilmədim. Bu xarakterin nəyə qulluq etdiyini mən indiyə kimi müəyyən edə bilməmişəm. Hansı ki, o, iki baş roldan biridir.
- Şəki teatrının yenidən canlandığı, sənətin təzədən yüksəldiyi bir vaxtda siz Gəncə teatrına gəldiniz. Düşünmürsünüz ki, sizin bir hissəniz Şəki teatrında qalıb?
- Şəki teatrında 21 il işlədim. Mənim əslim Gəncəyə yaxın olan Şəmkirin Könüllü kəndindəndir. Elə bir şərait yarandı ki, ya mən gərək Şəki teatrında qocalaydım, ya da Gəncəyə gələydim. Ona görə də mən Gəncəyə gəlməyi üstün tutdum. Həyat yoldaşım Şəkili olduğu üçün tez-tez Şəkiyə səfərlərimiz olur. Şəki teatrı məni dəvət edir, gedib orada tamaşa hazırlayıram. Bir ildir məni dəvət edirlər tamaşa hazırlamaq üçün, ancaq işlərimin çoxluğundan gedə bilmirəm. Mən burada olsam da, Şəki teatrı ilə yaxşı əlaqələrimiz var. Son məkan olaraq uşaqlarımın gələcəyi üçün mən Gəncəni seçdim.
Xəyalə Rəis
Kaspi.-2014.-6 iyun.-S.11.