Hamlet Xanızadə, yaşasaydı
73 yaşı olacaqdı
Dünən Hamlet Xanızadənin doğum günü idi. Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini həmin qəsəbədə alan Hamletin valideynləri onun aktyor görmək istəməyiblər. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəlib. Uşaqlıqdan teatra meylli olan Hamlet kinoya da maraq göstərirdi. Çox keçmir ki, gənc Hamlet İncəsənət Universitetinə qəbul olur. 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlir. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim edir.
Onun yaratdığı obrazlar bu gün də hər kəsin dilindədir. Belə ki, "Dəli yığıncağı", "İblis", "Ölülər" və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə yaratdığı nə qədər qəhrəmanlar olub. Dostlarının sözlərinə görə, hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi.
Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağın"da Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında Doktoru böyük sənətkar məharəti ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynamışdı. Aktyorun eyniadlı televiziya tamaşasında yaratdığı Topal Teymur obrazı həm tamaşaçıların, həm də mütəxəssislərin yüksək sənət nümunəsi hesab etdiyi obraz kimi bu gün də sevilə-sevilə baxılır.
1970-ci illərdə kinoya gələn aktyor Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazı ilə hər kəsin sevgisini qazanır. Hamlet yüksək ifaçılığı sayəsində qəhrəmanının daxili xüsusiyyətlərini qabartmaqla, onu filmin yaddaqalan obrazlarından birinə çevirir.
Hamlet ömrünün son illərində kinoya daha çox meyllənmişdi.
Onun ən uğurlu ekran qəhrəmanlarından biri də "Arxadan vurulan zərbə" filmindəki İmaş obrazıdır. İmaş da baş qəhrəman deyil, ancaq aktyor öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırır. Hamletin “Babək” filmindəki Xəlifə Mötəsim obrazı isə tamaşaçıların xatirində xüsusi yer tutur. Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradaraq, tamaşaçılara sevdirməyi bacarıb. Və nəhayət, "Qətl günü" filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. O, digər obrazları kimi bu obrazının öhdəsindən məharətlə gəlib.
Ümumiyyətlə, Hamlet Xanızadə istər teatrda, istərsə də kinoda hansı rolda oynamasından asılı olmayaraq rolun məsuliyyətini dərindən dərk edirdi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.
Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyirdi. Özü də həvəslə, yorulmadan işləyirdi. 1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu... Həmin il.., fevralın 22-də...
Onu Şəhidlər Xiyabanında dəfn etmədilər, doğma kəndlərinin qəbiristanlığında torpağa tapşırdılar...
Ruhun şad olsun, SƏNƏTKAR!
Xəyalə Rəis
Kaspi.-2014.-6 iyun.-S..12.