“İş həyat tərzimə
çevrilib” – Uğur hekayəsi
Vəfa
Səfərli: “5-10 il sonra özümü auditoriyada, müəllim
olaraq sınamaq istəyirəm”
İş tapmağın ən rahat yolunun universitet, hətta məktəb illərindən müxtəlif dərnəklər və təşkilatlara qoşularaq, onların işində aktiv iştirak etmək olduğunu düşünür. Gənclərə məsləhət görür ki, könüllü işlərdən, başqa sözlə, pul almadan işləməkdən, təcrübə proqramlarında iştirak etməkdən imtina etməsinlər. Deyir ki, universiteti bitirəndən sonra hər hansı gənc işsiz qalırsa, bu, bir çox hallarda tələbənin öz günahı olur. Çünki gənclər iş axtarmağa diplomalarını əldə etdikdən sonra deyil, tələbəykən başlamalıdırlar. Həmsöhbətimiz Azərbaycan Diplomatiya Akademiyasının Kommunikasiya departamentinin rəhbəri Vəfa Səfərlidir.
- Orta məktəbin
son sinfini – 12-ci sinfi Amerikada təhsil almısınız. Necə
oldu ki, Amerikada oxumağa qərar verdiniz?
- Orta məktəbin 11-ci sinfində oxuduğum zaman qəzetlərin birində Amerika Birləşmiş Ştatlarında bir illik mübadilə proqramı çərçivəsində oxuya bilmək imkanının olduğunu qeyd edən bir elan gördüm. O zamanlar orta məktəbdə, xüsusilə orta məktəb təhsilinin son pillələrində gənclərin beynində bir fikir olur: hazırlıqlar və universitetə qəbul. Belə bir vaxtda Amerikada təhsil almaq kimi fikrim olmasa da, ingilis dili bacarıqlarıma güvəndiyim üçün özümü sınamağa qərar verdim. İmtahanda 800-dən artıq şagirdin namizəd olduğunu gördükdə, bir qədər tərəddüd etdim. Bu qədər namizədin içərisində seçilmək şansımın yüksək olmadığını düşündüm. Amma son nəticə yaxşı oldu və Azərbaycandan ABŞ-ın müxtəlif ştatlarında tələbə mübadiləsində iştirak edən 50 tələbədən biri oldum.
- Amerikada oxumaq sizə nə verdi, nəyi öyrətdi?
- Amerikada keçirdiyim bir il ərzində
insanlar və onların gündəlik həyatlarının, dəyər
və inanclarının, maraq dairələrinin tamamilə fərqli
ola biləcəyini və bu fərqliliklərin,
uyğunsuzluqların əslində çox gözəl
olduğunu öyrəncim. ABŞ müxtəlif, fərqli
millətlərin bir arada vəhdət şəklində
yaşadığı bir ölkə hesab edilir. Bu ölkə
həm də tolerantlığın beşiyi sayılır. Mənim
birgə yaşadığım ailədə bu müxtəliflik
çox gözəl əks olunmuşdu. Alman əsilli amerikan valideynlər
Hindistandan olan bir qızı övladlığa götürmüşdülər. Ata fermer, ana
isə həkim idi. Bütün bunlar
insanın dünyaya baxışını, yeni mədəniyyətlərin
öyrənilməsi baxımından çox önəmlidir.
ABŞ-da aldığım təhsil, təhsil məfhumuna
qarşı fikrilərimi də köklü şəkildə
dəyişdi. Təhsilin və öyrənilmiş
yeni bacarıqların digərləri ilə
paylaşılmadıqca, insanın yaşadığı
icmaya faydalı olmadıqca heç bir əhəmiyyət
daşımadığını öyrəndim.
- Bakalavr
pilləsini Qafqaz Universitetində bitirəndən sonra
magistraturada oxumaq üçün ADA-ya qəbul olundunuz. Nəyə görə məhz ADA? Xaricdə də təhsil almaq imkanı əldə
edə bilərdiniz.
- Qafqaz
Universitetində təhsilimi bitirdikdən sonra, dərhal
magistarturaya sənəd vermək yerinə işləmək,
təcrübə qazanmaq və əsl marağımı, gələcəyimi
təsəvvür etdiyim iş sahəsini tapmaq istədim. Bu, çox önəmlidir. Təəssüf
ki, bizdə gənclər bir çox hallarda təhsil
seçimlərini edərkən öz istədikləri sahə
üzrə deyil, ailəsinin, yaxud yaxınların seçdiyi
sahələr üzrə təhsil alır, daha sonra kayera
yolunda özlərini bu sahədə tapa bilmirlər. İctimaiyyətlə əlaqələr, PR,
kommunikasiya və marketinq sahəsinə marağımı və
bu sahə üzrə bacarıqlarımı özümdə
işlədiyim müddətdə kəşf etdim. ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə
birgə həyata keçirdiyi, karyeralarında müəyyən
yerə gəlmiş insanlar üçün həyata
keçirdiyi ikili dərəcə proqramı haqqında məlumat
aldığım zaman proqramın tam mənə uyğun
olduğunu düşündüm. İşdən
ayrılmadan, karyera yolunda hec bir fasilə vermədən MBA dərəcəsinə
sahib olmaq çoxdankı arzum idi. Bilirsiniz
ki, ADA Universiteti hazırda verdiyi keyfiyyətli təhsil,
professor və müəllim heyəti, kampus və tələbə
həyatının rəngarəngliyi baxımından Qərb
universitetləri ilə rəqabət apara biləcək səviyyədədir.
Dərslərin həm ADA, həm də MSM
professorları tərəfindən tədris edilməsi, təhsilin
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə dövlət
proqramı tərəfindən dəstəklənməsi də
qərarıma müsbət təsir etdi. Şadam ki,
ADA-nın bu proqramı üzrə təhsil alan
ilk 30 tələbədən biriyəm.
-İlk işə tələbəykən
layihə meneceri kimi başlamısınız. Necə oldu tələbə hansısa
layihəyə rəhbərlik etdi?
- Əvvəldə
qeyd etdiyim ki, ABŞ-da olduğum bir il ərzində
öyrəndiyim ən böyük dərs bilik və
bacarıqların bölüşülməsinin,
yaşadığın cəmiyyətin, oxuduğun universitetin
həyatında aktiv şəkildə iştirak etməyin
vacibliyi idi. Döndüyüm zaman istər
Amerika Təhsilli Azərbaycanlılar Birliyi nəzdində, istər
Qafqaz Universitetin daxilində tələbə klubları vasitəsi
ilə, istərsə də Bakıda fəaliyyət göstərən
gənclər təşkilatlarında işə
başladım. Belə təşkilatların
birində layihələr üzrə menecer kimi fəaliyyət
göstərdim. Mindən çox gəncin üzv
olduğu bu təşkilat daxilində mən və digər
aktiv üzvlər təhsil, ətraf mühit, maariflənmə,
mədəni müxtəlifliyin təbliği və s. bu kimi
mövzular ətrafında gənclər arasında təbliğat
aparır, müxtəlif layihələr və proqramlar həyata
keçirirdik. Bu kimi layihələrin
çapı o qədər geniş olmasa da, zənnimcə, hər
bir tələbə mütləq universitet illərində belə
təşkilatlarda aktiv şəkildə iştirak etməlidir.
Çünki belə məkanlarda gənclər gündəlik
ev-universitet həyatından uzaqlaşır, yeniliklərlə
tanış olur, özlərini inkişaf
etdirirlər.
- Uzun
müddət BMT-də çalışmısınız. Hazırda gənclər təcrübə toplamaq
üçün belə pulsuz işləməyi sevmirlər.
Amma siz bir çox gənclərdən fərqli
olaraq, diplomunuzu aldıqdan sonra işə təcrübəçi
kimi başlamısınız.
- BMT-nin
Azərbaycandakı ofisində, İctimai İnformasiya
Departamentində dörd il fəaliyyət
göstərmişəm. Burada da fəaliyyətə ilk
növbədə təcrübəçi kimi başlasam da,
iki il ərzində əvvəlcə
assistent, daha sonra isə müavin vəzifəsinə qədər
qalxmağı bacardım. Təbii ki, burada
könüllü kimi fəaliyyət göstərdiyim layihələr,
iştirak etdiyim konfranslar, o cümlədən
aldığım təhsil böyük rol oynadı.
- Gənclərin əksəriyyətinin
arzuladığı beynəlxalq təşkilatdakı iş
yerinizi - BMT-ni Azərbaycan Diplomatiya Akademiyasına dəyişdiniz.
Necə oldu, belə bir qərar verdiniz?
- Mənim
üçün universitetlər sadəcə dərslərin
keçildiyi, təhsil verilən bir məkan kimi deyil, ölkənin
gələcəyinin formalaşmasında birbaşa iştirak
edəcək insanların fərd kimi yetişdirildiyi bir məkan
olub. Tələbələrin bu inkişafına
yaxından şahid olmaq, onların hər gün daha da
inkişaf etdiyini görmək əvəzedilməz bir hissdir.
Məhz belə bir mühitdə işləmək,
gəncliyin nəbzinin atdığı və sürətlə
inkişaf edən bir yerdə olmaq xüsusi bir qürurdur.
Məhz bu səbəblərə görə, ADA Universitetindən
iş təklifi aldığım zaman, tərəddüd etmədən
qəbul etdim və seçimimdən çox razıyam. ADA-da
yaradılmış işçi mühiti hətta bir
çox beynəlxalq iş mühitlərinə də örnək
ola bilər.
- Sizin üçün iş nə
deməkdir?
- Bu
gün mən və karyera quran bir çox gənclər
üçün iş artıq həyat tərzinə
çevrilmişdir. Günümüzün minimum səkkiz
saatını işdə keçirir, daha sonra iş
görüşləri və müzakirələrdə
iştirak edirik. Hətta dostlarımızın bir çoxu ilə
iş əsnasında tanış
olmuşuq. Bütün bunlara görə işləmək
mənim üçün daima çevrənlə əlaqəni
qorumaq, dəyişikliklərin mərkəzində olmaq deməkdir.
İş həmçinin azadlıq,
arzuları, ətrafında görmək istədiyin dəyişiklikləri
həyata keçirmək üçün hər gün bizə
verilən bir imkandır. Təbii ki,
bütün bunları necə və hansı səviyyədə
həyata keçirmək hər insanın şəxsi
ambisiyasından aslıdır.
- Bir çox gənc işsizlikdən
şikayət edir. Amma sizin CV-nizə nəzər saldıqda
görürük ki, 3-cü kursdan bu yana
bir gün də işsiz qalmamısınız. İşsizlikdən
şikayət edən gənclərə nə məsləhət
görərdiniz?
- Hazırda Azərbaycanda əmək bazarında rəqabət
çox güclüdür və bu, artan sürətlə
davam edir. Universiteti bitirəndən sonra hər-hansı gənc
işsiz qalırsa, bu, bir çox hallarda tələbənin
öz günahı olur. Məhz buna görə də gənclər
iş axtarmağa diplomalarını əldə etdikdən
sonra başlamasınlar. Universitet, hətta məktəb
illərindən müxtəlif dərnəklər və təşkilatlara
üzv olaraq, onların işində aktiv iştirak etsinlər.
Ən önəmlisi isə könüllü
işlərdən, başqa sözlə desək, pul almadan
işləməkdən, təcrübə proqramlarında
iştirak etməkdən imtina etməsinlər. Təbii ki, günün tələbləri olan dil
bacarıqlarının inkişaf etdirilməsi, texnolgiyadan
istifadə, mütailə də özünü
inkişafın ayrılmaz hissəsi olmalıdır. Bütün bu sadaladığım fəaliyyətlər,
onların birbaşa gələcəklərinə etdikləri
yatırımdır.
- İş
otağınızda divara
yapışdırdığınız qeydlərdən biri də
“Xoşbəxt olmağın 5 yolu”dur. Bu yollar barədə oxucularımıza da
məlumat verərdiniz. Sizcə, həqiqətənmi
bu 5 bəndə riayət etməklə insan özünü
xoşbəxt hiss edə bilər?
- Xoşbəxtlik
haqqında həddən artıq çox şeylər deyilib,
yazılıb, xüsusilə son vaxtlar bu kimi mövzular
çox dəbdədir. Lakin fikrimcə, hər
kəs individual olduğu kimi, onları xoşbəxt edən nəsnələr
də fərqlidir, yəni bu yolda ümumiləşdirmə
aparmaq çox çətindir. İş masamın
yanında duran bu qeyddə “ürəyinizdə nifrətə
yer olmasın,” “daha çox sevin”, “daha çox töhfələr
verin”, “başqalarından daha az şey gözləyin”,
“boş yerə narahatçılıq keçirməyin” kimi
qısa, hər kəsin bildiyi, lakin həyata keçirmək
çox vaxt imkansız olan məsləhətlər
yazılıb. Mən də hər kəsin bildiyi bu universal
qaydaları bir xatırlatma kimi iş masamda saxlayır və
maksimum əməl etməyə çalışıram. Bunlara əməl etməklə insan özünü
özü ilə, öz şəxsi ilə tam, bütün
hiss edə bilər, həyatına harmoniya gətirə bilər.
Bu isə xoşbəxtliyə gedən ən
qısa yoldur.
- Sizin üçün karyeranın
zirvəsi haradır? Harada işləməyi
arzulayırsınız?
- Məhz
buna görə də gələcək planlarımda təhsilimi
davam etdirmək və akademik sahə üzrə fəaliyyət
göstərmək var. Beş, yaxud on ildən sonra
özümü auditoriyada, müəllim olaraq sınamaq istəyirəm.
Lalə MUSAQIZI
Kaspi.-2014.-6 iyun.-S.15.