Birinci kurslar üçün
şans: “SABAH” qrupları – Təhsil
Sülhəddin
Gözəlov: “Məzunlarımızın işə
götürülmə ilə bağlı problemi olmayacaq”
Ölkəmizdə
təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə
uyğun kadr hazırlığının təmin edilməsi
və ali təhsil sistemində yeni
mühitin yaradılması məqsədilə Təhsil
Nazirliyinin qərarı ilə ali təhsil müəssisələrində
növbəti tədris ilindən başlayaraq savadlı,
bacarıqlı və hazırlıqlı tələbələrdən
ibarət “SABAH” qrupları yaradılacaq. Qrupların
yaradılma məqsədi, seçim qaydaları və digər
məsələlər haqqında “Kaspi”nin
suallarını Təhsil Nazirliyinin Elm və ali təhsil
şöbəsi tələbələrə dəstək və
mübadilə proqramları sektor müdiri Sülhəddin
Gözəlov cavablandırdı.
- Sülhəddin
bəy, “SABAH” qrupları hansı zərurətdən
yarandı?
- “SABAH” qrupları “savadlı”, “bacarıqlı”,
“hazırlıqlı” sözlərinin
qısaldılmış variantıdır. Birinci kursda təhsil alan ali təhsil müəssisələrinin tələbələri
arasından ən savadlı, bacarıqlı və
hazırlıqlı tələbələri müsabiqə
yolu ilə seçib müəyyən ixtisaslar üzrə
“SABAH” qrupları formalaşdırılacaq. Sözügedən
qrupların yaradılmasının bir neçə səbəbi
var. Məlumdur ki, Azərbaycanın iqtisadi inkişafı ilə
ali təhsil müəssisələrindəki kadr
hazırlığının mövcud keyfiyyəti arasında
müəyyən qədər uyğunsuzluqlar var.
Açıq etiraf etmək lazımdır ki, sənayenin
müxtəlif sahələri üzrə kadr təminatında
kəmiyyət etibarı ilə deyil, keyfiyyət və struktur
etibarı ilə çatışmazlıq var. Sənayedəki
yeni texnologiyaların tətbiqi göstərir ki, bizim ali təhsil
müəssisələrinin hazırladığı kadrlar
keyfiyyət baxımından bu tələbləri tam dolğun
yerinə yetirə bilmirlər. Bu tələbin
ödənilməsini təmin etmək üçün
dövlət səviyyəsində xaricdə təhsil dövlət
proqramı var. Amma gəlin razılaşaq ki, bu, çox
böyük vəsait tələb edən məsələdir.
Digər tərəfdən, öz ölkəmizdə olan ali təhsil müəssisələrində niyə
biz yüksək keyfiyyətli kadr hazırlamayaq? Sadaladığım bu aspektlər, xüsusilə
iqtisadiyyatın mövcud tələbləri “SABAH”
qruplarının yaradılması zəruriliyini ortaya
çıxarır.
- Bu
qruplara seçim necə aparılır?
- Qruplara
seçim 1-ci kurs tələbələri arasında
müsabiqə yolu ilə aparılacaq. 148
mövcud ixtisasdan 53 ixtisas üzrə “SABAH” qrupları
yaradılacaq. Müsabiqədə iştirak edəcək
tələbələr Azərbaycanda fəaliyyət göstərən
34 ali təhsil müəssisələrini əhatə
edəcək. Bütövlükdə layihə 34 ali təhsil müəssisəsi, 53 ixtisas, 20
minə qədər birinci kurs tələbəsini əhatə
edir. Hazırda “SABAH” qruplarına elektron ərizələrin
qəbulu prosesi gedir. Qruplara tələbələrin
qəbul olunması üç mərhələdən ibarətdir.
Birinci mərhələ, elektron ərizələrin
qəbulu, ikinci mərhələ müsabiqə-test
imtahanı, üçüncü isə müsahibə mərhələsidir.
Elektron ərizələrin qəbulu iyunun 12-nə
qədər davam edəcək. İyulun
1-dən 15-nə qədər isə müsabiqə və
müsahibə mərhələləri keçiriləcək.
İmtahanda elektron ərizə ilə müraciət
etmiş tələbələrimiz iki fənn üzrə -
xarici dil və məntiqdən imtahan verəcəklər.
Tələbələr hər bir fənn üzrə 25 sual
olmaqla, cəmi 50 test sualını cavablandıracaqlar. Bir test
sualı bir balla qiymətləndiriləcək və imtahana
saat yarım vaxt ayrılacaq. Müsabiqədə ən
çox bal yığan tələbələr
müsahibə mərhələsinə buraxılacaq. Tələbə
bir il adi qrupda təhsil aldığı
üçün “SABAH” qrupunda 2-ci kursdan təhsilini davam etdirəcək.
Yəni təhsil müddəti 3 il olacaq. Qəbul qaydaları haqqında geniş məlumat
almaq istəyən tələbələr “SABAH”ın rəsmi
internet saytı www.sabah.edu.az saytına daxil olmaqla bütün
suallara cavab tapa bilərlər. Xüsusilə,
birinci kursda oxuyan tələbələrimiz sayta müraciət
etsin və gələcək karyeralarını “SABAH”la
qursunlar.
- “SABAH” qruplarına qəbul olan tələbələr
hansı universitetlərdə təhsil alacaqlar?
-
Müsahibədən sonra hər bir ixtisas üzrə 15-25 nəfər
tələbə olmaqla qruplar formalaşdırılacaq. 34 ali təhsil müəssisələrindən
seçilən tələbələr 53 ixtisas üzrə
öz təhsilini ikinci kursdan etibarən 8 baza ali təhsil
müəssisəsində davam etdirəcəklər. Bu baza
ali təhsil müəssisələri Bakı Dövlət,
Dövlət İqtisad, Texniki, Memarlıq və İnşaat,
Dövlət Pedaqoji, Dillər Universiteti və Bakı Slavyan
universitetləri, Azərbaycan Dövlət Neft
Akademiyasıdır. Müsabiqədən keçərək
“SABAH” qrupuna daxil olan tələbələr bu
sadaladığım baza ali təhsil
müəssisələrinə mərkəzləşdirilmiş
şəkildə köçürüləcək və təhsillərini
ikinci kursdan davam etdirəcəklər.
- Sülhəddin
bəy, “SABAH” qruplarında təhsil almağın
üstünlükləri nələrdir?
- “SABAH”
qruplarında təhsil alan tələbələrimiz
ilk olaraq mükəmməl şəkildə xarici dilə yiyələnəcəklər.
Həmçinin yeni texnologiyaları, peşə
ixtisasını daha dərindən mənimsəyəcəklər.
Eyni zamanda, tələbələr
üçün müxtəlif mübadilə proqramları da
nəzərdə tutulur. Xaricdə təcrübə,
Azərbaycanda böyük şirkətlər, komitələr,
nazirliklərlə sıx əlaqələr yaradılacaq.
Tələbələrə tədris həm
yerli professor-müəllim heyəti, həm də xaricdən dəvət
olunmuş müəllimlər tərəfindən
aparılacaq. Təbii ki, müəllimlər
də müəyyən seçim şərti ilə
seçiləcəklər. Bundan başqa
təhsil müddəti ərzində tələbələrimiz
istər yerli, istərsə də dünyada məşhur olan
elm, təhsil, biznes, istehsalat sahəsinin tanınmış
adamları ilə görüşlər keçirəcəklər.
Bunlarla yanaşı, “SABAH” qrupuna qəbul olan tələbələrə
ödənişli və ya dövlət hesabına
oxumasından asılı olmayaraq “SABAH”ın təqaüdləri
veriləcək. Eyni zamanda, bölgələrdən
olan aztəminatlı tələbələr həm pulsuz
yataqxana, həm də yeməklə təmin ediləcəklər.
Ən böyük üstünlük isə
ondan ibarətdir ki, “SABAH” qrupunun məzunları əmək
bazarının bu gün tələb etdiyi akademik biliklərə,
təcrübi bacarıqlara və vərdişlərə yiyələnəcəklər.
Bütün bunları bildikləri halda təbii
ki, məzunlarımızın işə götürülmə
ilə bağlı problemi olmayacaq. Onlar böyük
şirkətlərdə, müəssisələrdə
asanlıqla iş tapa biləcəklər.
- “SABAH” qrupunda dərs deyən müəllimlərin
maaşında fərq olacaqmı?
- Bu qrupda
tələbələr kimi, tədris aparan müəllimlərimiz
üçün də stimullaşdırıcı tədbirlər
müəyyənləşdirmişik. Müəllimlərimiz
normal qruplarda dərs deyən müəllimlərdən fərqli
əmək haqqı alacaq. Onlara əsas əmək
haqları ilə yanaşı, “SABAH” qruplarında keçdikləri
dərslərin saatından asılı olaraq əlavə əmək
haqqı da veriləcək. Bu məbləğ
kifayət qədər yüksəkdir.
-
“SABAH”ı bitirən tələbələrin diplomları ilə
ənənəvi ali təhsil alan tələbələrin
diplomları arasında fərq olacaq?
-
“SABAH”ı bitirən tələbələrin diplomları adi
qrupda təhsil alan tələbələrin
diplomlarından fərqlənməyəcək. Burada
yalnız diploma əlavələr fərqli olacaq. Bu əlavədə “SABAH”ın loqotipi yer tutacaq.
Təbii ki, bu qrupda tədris olunan fənlər
müəyyən qədər fərqlənəcək. Bu fənlərin fərqliliyi diploma verilən əlavələrdə
göstəriləcək. “SABAH” qrupunun məzunları
üçün diplomun hansı rəngdə, hansı formada
olması önəmli deyil. Çünki
işə qəbul olmaq üçün önəmli olan məzunun
savadı, biliyi, bacarığıdır. Tələbələr
üçün diplomun rəngi yox, onun aldığı təhsilin
keyfiyyəti önəmli olmalıdır.
- Sülhəddin
bəy, özəl ali məktəblərin
tələbələri də “SABAH” qruplarında təhsil
almaq üçün müraciət edə bilərmi?
- “SABAH”
ın rəsmi saytında göstərilən 34 ali təhsil müəssisəsi içərisində
həm Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələri,
həm digər nazirlik və komitələrin tabeliyində
olan ali təhsil müəssisələri, həm də özəl
ali təhsil müəssisələri var.
- Belə
bir qrup “Xüsusi İstedadlar Qrupu” (XİQ) adı altında
İqtisad Universitetində də yaradılıb. “SABAH” qrupları ilə onların arasında
hansı fərqlər var?
- “SABAH” qrupları Azərbaycan Dövlət İqtisad
Universitetində indiyə qədər mövcud olan XİQ
qrupunun yeni bir variantıdır. Məlum olduğu kimi, “SABAH”
qruplarının təşkil ediləcəyi 8 baza ali təhsil müəssisəsindən biri də
İqtisad Universitetidir. Bu universitetdə “SABAH”
qrupları yaradıldıqdan sonra “XİQ” tədricən
öz fəaliyyətini praktiki olaraq tamamlayacaq və “SABAH”la əvəzlənəcək.
- Adi qruplarda
ödənişli əsaslarla oxuyan tələbələrin
“SABAH” qruplarında ödənişsiz təhsil alma imkanı varmı?
- Adi
qruplarda ödənişli əsaslarla qəbul olan tələbələr
“SABAH” qrupunda da ödəmnişli əsaslarla təhsilinə
davame dəcək. Amma o, bu dəfə təhsil
aldığı universitetin illik təhsil haqqını deyil,
baza universitetinin təyin etdiyi təhsil haqqını ödəyəcək.
Burada üstün məqam ondan ibarətdir ki, özəl ali məktəblərdə təhsil alan tələbə
baza universitetinə keçdikdə ödədiyi məbləğdən
dəfələrlə az təhsil haqqı ödəyəcək.
Bir fərq də ondan ibarətdir ki, “SABAH” qruplarında ödənişli
təhsil alan tələbələr də
təqaüd alacaqlar.
- “SABAH” qruplarının aztəminatlı tələbələri
üçün yataqxana tikilməsi
planlaşdırılırmı, yoxsa mövcud yataqxanalardan
istifadə ediləcək?
- Hazırda tələbələri yerləşdirəcəyimiz yataqxanalar mövcud yataqxanalardır. Bunun sayı təbii ki, məhduddur. Ümumilikdə tələbələr üçün 300 yer nəzərdə tutulub. Amma gələcəkdə genişləndirmə imkanları nəzərə alınacaq.
Aygün
ƏZİZ
Kaspi.-2014.-6 iyun.-S.19.