“İnsan gərək plan üzrə həmişə məşğul
olsun” – Mən gənc olarkən
Adilə Namazova: ““Darıxmaq”
sözünün nə olduğunu indiyə qədər
başa düşmürəm”
İndiyə qədər bir çoxlarının şikayət etdiyi “darıxıram” sözünün nə olduğunu başa düşmədiyini deyir. Çünki ömür boyu işləyib, ömür boyu aktiv həyat tərzi sürüb. Onun fikrincə, insan gərək plan üzrə həmişə məşğul olsun. 88 yaşında gümrah qalmağının da sirrini daim işləməyində görür. Deyir ki, zəhmət bədənin cövhəridir. Həmsöhbətimiz Adilə Namazova Yaxın Şərqdə pediatriya üzrə ilk qadın elmlər doktoru, professordur. O, SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü olub, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli pediatrdır. A.Namazovanın uşaqlıq, tələbəlik, gənclik illərinə nəzər salaq...
“Çoxuşaqlı
ailələrdəki xoş ab-hava bizdə də var idi”
Anası evdar qadın olub, atası isə Azərbaycanın müxtəlif bölgələrində sovet idarələrində rayon icra hakimiyyətinin sədr müavinindən tutmuş sədrinə qədər vəzifələrdə çalışıb. Adilə xanım uşaqkən atasını Bakıya işə dəvət ediblər, ailəsi ilə birlikdə paytaxta gedib və Şəhər Milis İdarəsində rəis müavini işləyib, podpolkovnik rütbəsinə qədər qalxıb: “Atam təmiz, vicdanlı, inanılmış adam olduğuna, dövlət tərəfindən onun təmizliyinə, saflığına etibar edildiyinə görə Ağdamda İkinci Dünya Müharibəsi illərində o vaxtkı dövr üçün strateji əhəmiyyətə malik olan çörək bişirilən böyük zavoda rəhbər təyin etmişdilər. Müharibə qurtarandan sonra isə ömrünün sonuna kimi rayon sosial müdafiə şöbəsinə rəhbərlik etdi”.
Çoxuşaqlı ailədə dünyaya gələn A.Namazova ailənin ikinci uşağı olub. Deyir, ki, çoxuşaqlı ailələrdə olan xoş ab-hava onların da ailəsində həmişə hiss edilib. Belə ki, böyüklər özlərindən kiçiklərin qayğısını çəkib və onların hər işinə dəstək olub. Uşaqlıqda sakitliyi, sözəbaxanlığı ilə seçilən həmsöhbətimiz bunu valideynlərinin tərbiyəsi, ailələrindəki yüksək nizam-intizamla əlaqələndirir: “Düşünürəm ki, ailədəki tərbiyədən çox şey asılıdır. Bu yaxınlarda yeni çəkilmiş bir Azərbaycan filminə baxdım. Orada mövzu belə idi ki, hər uşaq öz ailəsini əks etdirir. Uşağı dinləməklə, uşaqla təmasda olmaqla ailənin vəziyyətini bilmək çox asandır. Məsələn, mənim yanıma uşaq gələndə o uşağın özünü aparmasından başa düşürəm ki, bu ailənin ab-havası necədir. Çünki uşaq öz valideynlərini əks etdirən güzgüdür”.
“1-ci sinifdə
keçdiklərim hələ də yadımdadır”
Yeddinci sinfi bitirənə kimi Bakı Şəhər 1 saylı məktəbdə Azərbaycan bölməsində oxuyur. Deyir ki, ibtidai sinifdə dərs deyən Nağı müəllimin keçdiyi dərslər indiyədək yadındadı. Yeddinci sinfi bitirəndə hər il olduğu kimi, yenə yayda tətillərini keçirmək üçün Ağdama doğulduğu Seyidli kəndinə gedir. Bu zaman İkinci Dünya Müharibəsi başladığından Bakıya geri dönə bilmir və Ağdamda 1 saylı məktəbdə təhsilini davam etdirir. Ağır müharibə şəraitinə baxmayaraq, məktəbi əla qiymətlərlə bitirərək arzuladığı indiki Tibb Universitetinin pediatriya fakültəsinə qəbul olur: “Bəlkə də ailədə ikinci uşaq olduğum, digər qardaş-bacılarıma qayğıkeşlik etməyi öyrəndiyim üçün uşaq xəstəlikləri fakültəsini seçdim və uşaq həkimi oldum”.
A.Namazovanın sözlərinə görə, orta məktəbdə istər fizika, istər kimya və digər fənlərdən müəllimlərinin keçdiyi dərslər institutda ona çox kömək edib: “Onların tədris etdikləri mənim biliyimin bazasını təşkil edirdi. Hesab edirəm ki, insan əsas təhsilini orta məktəbdə alır, bünövrəsi məhz burada qoyulur və digər bilikləri bu bazanın əsasında qurur”.
“Gecə 12-yə
qədər Anatomiya Muzeyində olurduq”
A.Namazova tələbəlik illərinin heç də rəvan, rahat, deyə-gülə keçmədiyini bildirir. O, 1944-cü ildə, müharibənin qızğın vaxtında orta məktəbi bitirib tələbə adını qazanır. Birinci kursda oxuyarkən müharibə hələ bitmədiyindən o illərdə çox çətinliklər çəkir: “Bütün şəhər axşam düşən kimi qaranlığa bürünmüş olurdu. Hazırda Bakı şəhəri dünyanın ən çilçıraqlı şəhəri olduğundan şəhərə çıxanda hamının ürəyi açılır. Mən oxuyanda bütün küçələr zülmət qaranlıq idi. Həm idarələrin, həm də yaşayış binalarının pəncərələrindən qara parçadan pərdələr asılmışdı. Gecələr işıq bayıra düşməməli idi. Yoxsa Bakının üstündən keçən alman təyyarələri burada yaşayış yerinin olduğunu bilib şəhəri bombardıman edərdilər. Aclıq dövrü olduğundan tələbələrə hər gün kartla yarım kiloqram qara çörək verilirdi. Günün birinci yarısında fasilə vaxtı isə kömək məqsədilə hər tələbəyə bir qutu deyil, bircə dənə peçenye verilirdi. İndiki kimi geyimlər, maşınlar, dəbdəbə yox idi. Qənd də, çörək də tapılmırdı. İndi oxumağa nə var ki…”.
Bütün bu çətinliklərə baxmayaraq oxumağa davam etdiklərini deyir: “Gecə saat 11-12-yə kimi Anatomiya Muzeyində oturub insan anatomiyasının sümüklərini, əzələlərini öyrənirdik. Bayıra çıxanda qaranlıqdan göz-gözü görmürdü. Müharibədən sonrakı illər isə bərpa illəri olduğu üçün yenə də çətinlik çəkirdik. Arpa ununa möhtac idik, tapanda sevinirdik”.
“Gördüm
ki, aldığım bilik
o qədər də kömək etmir”
Aclıq, səfalətin hökm sürdüyü bir dövrdə institutu əla qiymətlərlə bitirən müsahibimiz Ağdamda uşaq məsləhətxanasının rəhbəri kimi çalışmağa başlayır: “İşləyəndən sonra gördüm ki, institutda aldığım bilik təcrübədə mənə o qədər də köməklik etmir və biliyimi daha da artırmalıyam. Qəzetdə bir elan oxudum. Elanda yazılırdı ki, Moskvada pediatriya üzrə aspiranturaya qəbul olacaq. Baxmayaraq ki, orta və ali məktəb təhsilini Azərbaycan dilində almışdı, rus dilini o qədər də səlis bilmirdi, sənədlərimi aspiranturaya verməyi qərara aldım. Dörd imtahandan sonra yeddi nəfər namizədin içərisində aspiranturaya qəbul oldum. 3 ildən sonra namizədlik dissertasiyasını, daha sonra doktorluq dissertasiyasımı müdafiə etdim. Atamın arzusu idi ki, mən alim olum. Hələ uşaq vaxtından dərslərimi yaxşı oxuduğuma görə həmişə həvəslənirdi ki, “qızım alim olacaq”. Mən də onun arzusunu o, həyatdan gedəndən sonra da yerinə yetirməyi özümə borc bildim”.
Qeyd edək ki, A.Namazova Yaxın Şərqdə pediatriya üzrə ilk qadın pediatr elmlər doktoru, professor, iki dövlət akademiyasının akademiki adını qazanır.
Moskvada aspiranturada oxuduğu dövrlər müharibədən çox sonralara təsadüf etsə də, yenə də tələbəliyini kasıbçılıqla başa vurur: “Tələbəlik illəri nə qədər çətin olsa da, xoş və yaddaqalan olur. Moskvada Həkimlərin Təkmilləşdirmə Mərkəzi İnstitutunda təhsil alırdım. Sözügedən institutun pediatriya kafedrası məşhur idi. Kafedranın rəhbəri dünya pediatrlarının atası Speranski soyadlı akademik idi. Buna görə mən orada elmi işimi hazırlamaq istəyirdim. Speranskinin məktəbi təkcə SSRİ-də deyil, bütün dünyada məşhur idi”.
Moskvada oxuduğu universitetin yataqxanası olmadığından kirayədə qalır: “Təxminən 54-55 rubl təqaüd alırdım və bu pulla dolanırdım. Onun da 18,5 rublunu yaşlı rus qadının evində kirayədə qalırdım. Yol pulu olmadığından elə olurdu 3 il Moskvadan Bakıya doğmalarımın yanına gələ bilmirdim”.
“İş
bədənin cövhəridir”
Gənclik dövründə boş vaxtlarında nə etdiyinə gəlincə, müsahibimiz ömründə boş vaxtının olmadığını deyir: “Bir də görürsən insanlar deyir ki, darıxıram. Mən bu “darıxmaq” sözünün nə olduğunu indiyə qədər başa düşmürəm. Çünki daim məşğul olmuşam. İnsan gərək plan üzrə həmişə məşğul olsun”.
A.Namazova 88 yaşında gümrah qalmağın səbəbini də daim işləməyində görür: “İş bədənin cövhəridir”.
“Zərif
Əliyeva ilə birlikdə işləməli olurduq”
Tələbəlik illərində oftalmoloq, tibb elmləri doktoru Zərifə Əliyeva və Zəhra Quliyeva ilə də tez-tez rastlaşdığını deyir: “Onlar məndən yuxarı kursda oxuyurdular. Amma tez-tez rastlaşır və eyni institutun tələbələri kimi görüşür, hal-əhval tuturduq, yığıncaqlarda, mühazirələrdə bir yerdə olurduq. Mən müdafiə edib Moskvadan qayıdandan sonra yenə də rastlaşırdıq. Mən bir vaxt Səhiyyə Nazirliyində Elmi Tibbi Şuranın sədri, Zərifə xanım isə Problem Komissiyasının sədri idi. Buna görə birlikdə işləməli olurduq. Zərifə xanım həmişə diqqəti cəlb edirdi. O, müxtəlif peşələrin göz xəstəliklərinin yaranmasına təsirini öyrənirdi. Bu, SSRİ-də aparılan ilk araşdırma idi”.
Arzu və zəhmətin nəticəsi
Karyerasında uğur qazanmasının səbəblərindən də söz aşan həmsöhbətimizin dediyinə görə, insanın arzusu və zəhməti istədiyinə çatmaq üçün bir açardır: “Əgər istiqamətli yolla öz arzusunun arxasınca gedirsə, bu yolda hər zəhmətə qatlanırsa, deməli, istədiyinə nail olmalıdır. Buna görə bütün gənclər gərək qarşısına məqsəd qoysun və o məqsədə çatmaq üçün heç bir çətinlikdən qorxmasın. Nə dil baryerindən, nə maddi sıxıntıdan çəkinməsinlər. İndi dəb düşüb ki, dindirəndə deyirlər, “imkanım yoxdur”. Söhbət insanın arzusundan gedir. Əgər o, qarşısına məqsəd qoyub inadla bu məqsədə doğru gedirsə, ona heç nə mane ola bilməz. Necə ki, asfaltın çatlaq yerindən göy ot qalxır və onun inkişafının qarşısını almaq qeyri-mümkündür”.
“Belə oxumağa nə var ki...”
Əvvəlki dövrün tələbələri ilə indiki tələbələri fərqləndirən pediatr deyir ki, aralarında o qədər də fərq yoxdur: “Çünki əvvəllər olduğu kimi, indikilərin də içərisində çalışqanları da, tənbəlləri də var. Sadəcə 30-40 il əvvəlki tələbələrlə indikiləri müqayisə edəndə indikilərin şəraiti daha yaxşı, imkanları daha genişdi. İndi dünyaya çıxmaq daha asandır. Çoxsaylı dil kursları, İnternetdə dil öyrədən saytlar var ki... Ümumilikdə götürəndə, mən tələbələrimdən razıyam. İnkişaf etmiş tələbələrimiz də, oxumağa cəhd edən tələbələrimiz də çoxdur. Amma içərilərində əfsus ki, passivləri də var. Biz onları məcbur etməliyik ki, passiv olmasınlar. Elə tələbələrim var ki, xaricdə təhsil almaq üçün məndən tövsiyyə məktubu alırlar. İndi dövlət tərəfindən də tələbələrimizin yaxşı təhsil alması üçün hər cür şərait yaradılıb. Belə oxumağa nə var ki…”.
Lalə MUSAQIZI
Kaspi.-2014.-6-8 iyun.-S.21.