Biz bir durna qatarıydıq...

 

Bilmirəm, bu hansı hisslərin təsiridir, Xalidə Hasilova haqqında düşünəndə nəzərimə səmada qatarlanan durnalar gəlir. Elə bil ki, o anda xəyalımdan Molla Pənah Vaqifin məşhur “Durnalar”ı keçir. Dilim isə basqa bir niskili pıçıldayır: biz bir durna qatarıydıq, öncülümüzü itirdik. Əlbəttə, bu kövrək duyğuların ahəngindəki həqiqət gün kimi aydındır. Unudulmaz yazıçımız Xalidə Hasilova yaradıcılıqla, xüsusilə jurnalistika ilə məşğul olan qadınların həqiqətən öncülü, əsil lideri idi. Mən gözəl bilirəm ki, çoxumuzun boynunda bu mehriban, qayğıkeş xanımın danılmaz haqqı var.

 

Xalidə Hasilovanı yaxından tanıyanlar təsdiqləyərlər ki, o, necə həssas və alicənab insan kimi seçilirdi. Bu kübar xanımın bütün məziyyətləri özünəməxsus idi. Kövrəkliyi ilə sərtliyi, yumşaqlığı ilə qətiyyəti arasında məsafənin azlığı onu çoxundan fərqləndirirdi. Bir arxasız, amma istedadlının yolunda hər əziyyətə qatlaşardı. Yüz yerdən qahmarı çıxanın, qələmsiz bəxtəvərin yazısını min ələkdən keçirərdi. Onun sevgisini qazanmaq həm asan, həm də çox çətin idi. Xalidə xanım mənim xeyirxahım, mənəvi müəllimim, dostum və analoqu tapılmayan qəlb sirdaşım idi. Onlu günləri yada salanda kövrəlsəmdə, qürur hissi də keçirirəm ki, istər ədəbiyyatımızın, istərsə də mətbuatımızın belə görkəmli nümayəndəsi olub. Örnək idi Xalidə Hasilova. İstedadlı qələm sahiblərinə, xüsusilə də qızlara diqqətlə yanaşar, onların ədəbi aləmdə imzalarının təsdiqi üçün əlindən gələn köməyi göstərərdi. Xalidə Hasilova gənclərlə işləməyi, onlarla təmasda olmğgı çox sevərdi. Həmişə zarafatla deyərdi ki, sizinlə çalışmaq mənə xoşdur. Çünki özüm də cavanlaşıram. Əslində Xalidə Hasilova zahirən də çox gözəl və yaraşıqlı xanım idi. 70 yaşında da qıvraq və gümrah götünürdü. Qocalıq heç vaxt onun həndəvərinə yaxın gəlməmişdi. Bircə bu qəfil ölüm olmasaydı...

 

O, 1920-ci ilin aprel ayında Zaqatala şəhərində anadan olmuşdu. Bu yerlərin füsunkar təbiəti, zəhmətkeş insanları onun xatirəsində dərin iz salmışdır. İlk və orta təhsilini doğma rayonda alan Xalidə Hasilova əvvəlcə Zaqatala Pedaqoji Texnikumunu bitirmiş, bir müddət Qımır kəndində müəllim işləməşişdir. Sonra isə ali təhsil almaq üçün Bakıya üz tutmuşdu. Tale elə gətirmişdi ki, o, 1939-cu ildə Leninqrad Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu. 1941-ci ildə başlanan müharibə azərbaycanlı qızın bu şəhərdə oxumasına mane olmuşdur. O, Bakıya qayıtmış, təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. Ali məktəbi bitirdikdən sonra yenidən Zaqatalaya dönən Xalidə Hasilova bir müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Xatirələrində yazırdı ki, o, lap uşaqlıqdan yaradıcılığa meyl göstərmişdir. Hətta Xalidə xanım əvvəllər şeirlər yazarmış. Nədənsə sonralar bu işdən əl götürmüş, ancaq nəsrlə məşğul olmağa başlamışdır. Müharibədən sonrakı illərdə Moskvada xarici dillər kursunda türk şöbəsinin dinləyicisi olan Xalidə Hasilova 1948-ci ildə Bakıya qayıdıb. İlk mətbu əsəri ( “Kiçik hekayələr” kitabçası) 1950-ci ildə çap edilmişdir. Müxtəlif nəşriyyatlarda redaktor vəzifəsində çalışan Xalidə xanımın 20-dən artıq kitabı işıq üzü görmüşdü. “ Sular durulur”, “Onun taleyi”, “Kaman”, “Atlas yarpaqlar”, “ Nəğməli könül”, “Xatirə”, “ Ana fəryadı” və s.

 

Hər sənətkarın öz taleyində yetdiyi və yetəcəyi bir zirvə olur. Hansısa bir sənətkar barəsində fikirləşəndə, təbii ki, onun bütün yaradıcılıq bioqrafiyasına elə öz zirvəsində baxmalı olursan. Bu mənada unudulmaz yazıçımız Xalidə Hasilovanın “ Çəhrayı rəng” povestini dönə-dönə xatırlayırıq. Bu povest Xalidə xanımın bir yazıçı kimi ədəbi aləmdəki zirvəsi idi. Qürbətdəki qəriblərimizin vətən həsrəti, oğul gözləməkdən gözləri nurdan düşmüş ananın niskili, jurnalist qızın vətəndaşlıq borcu, fədakarlığı çox təbii və təsirli qələmə alınıb. Bu povest oxucunun ürəyində özünə yer tapan, maraqla qarşılanan nəsr nümunələrindən biri oldu. Təsadüfi deyil ki, respublikanın bir çox dövlət və xalq teatrları bu əsərə səhnə həyatı verdilər.

 

XX əsr Azərbaycan nəsrində və publisistikasında Xalidə Hasilovanın özünəməxsus yeri var. Ədəbiyyata xidmət müəllifin kimliyi ilə deyil, ədəbi əsərin uğuru ilə qiymətləndirilir. Amma bir məsələdə həssaslıq gərək əldən verilməyə ki, qadın ürəyi daha kövrək, qələmi daha zərifdir. Bu duyğuların önündə hər kəs diqqətini itirməməlidir. Bəlkə də bu hisslərdən doğan təsirdir ki, oxucular haqlı olaraq Xalidə xanımın yaradıcılığında həmişə çəhrayı rəng görüblər. Bu rəngdə duyulan həyatilik, xeyirxahlıq, insanları sevməyə çağırış biz nəsil jurnalistlərin taleyindən izsiz keçməyib. Xalidə xanımın təbiətində elə bir böyüklük var idi ki, gənc jurnalistlərlə dostluq etməyi, onlara arxa durmağı sevərdi. Hərdən ötənləri yada salanda qəlbimdən bir göynərti keçir. O zaman nə indiki qəzet bolluğu var idi, nə də bu qədər “yazan”. Jurnalist yerində və nüfuzunda idi. Bu mənada gənclər Xalidə xanımı daha çox sevirdilər. Sevimli yazıçımız Azərbaycan milli mətbuatının inkişafında xüsusi mövqeyi və xidməti olan “Azərbaycan qadını” ( 1923-cü ildən çıxmağa başlayıb) jurnalına 25 il baş redaktorluq etmişdir. Ondan əvvəl isə 6 il “Göyərçin” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Deməyim odur ki, Xalidə Hasilova gözəl yazıçı olmaqla bərabər, həm də peşəkar jurnalist, bacarıqlı rəhbər işçi idi. Onun redaktəsi ilə çıxmış jurnalları indi vərəqləyəndə heyrətlənməyə bilmirsən. Azərbaycan qadının həyatı, mübarizəsi, müdrikliyi, fədakarlığı bu jurnalın səhifələrində olduqca dolğun və bitkin işıqlandırılıb. Xalidə Hasilovanın redaktoru olduğu “ Azərbaycan qadını” jurnalı Azərbaycan xanımlarının sözlə yaradılmış portreti idi.

 

Mərd, sözübütöv, etibarlı insan olduğundan xətrini hamı istəyirdi Xaliqdə xanımı. Onda orta mövqe yox idi. Kimdənsə, nədənsə xoşu gəlməsəydi, sözü incik düşdüyü adamın gözünün içinə deyərdi. Qeybəti sevməzdi. Sözünün yerini bilərdi. Qəribə bir müqayisəsi vardı. “Çörək yerə düşərsə, öpüb göz üstə qoyarsan. Quranı da eləcə qaldırıb ucalardan ucalarda tutarsan. Vay o gündən ki, sözün yerə düşə...” Xalidə Hasilova məhz sözünün qədrini bilən, onu yerində-yatağında işlədən, bunun da nəticəsində gözəl əsərlər yaradan və oxucularının qəlbində həmişəlik yaşayan unudulmaz bir insana çevrildi. Xalidə xanım yazıçı kimi çox sevilərdi. Hansı görüşdə, tədbirdə olsaydı ona xüsusi ehtiram və hörmət göstərərdilər. Həmkarlarının yubiley gecələrində Xalidə Hasilova hamıdan fərqli, səmimi, təsirli nitq söyləyərdi. İlahi təkcə onun daxilini zəngin yaratmamışdı. Xalidə xanım əvvəldə dediyim kimi zahirən də son dərəcədə gözəl, sevimli, əsil Şərq qadını idi. Qocalıq ona öz hökmünü həqiqətən oxuya bilmədi. Səliqəsi-sahmanı həmişə yerində idi. Daxili gözəlliyilə zahiri cazibəsi bir-birini elə təbii tamamlayırdı ki... Həssaslıqla, kövrəliklə bərabər qəribə zabitəsi vardı. Dara düşəndə dərhal yanına qaça bilərdin. Səndən ötrü haralara getməz, kimlərə ağız açmazdı. Amma vay o gündən ki, səndən inciyərdi...

 

Xalidə Hasilova həm xalqın, həm də dövlətin dəyərləndirdiyi, qiymətləndirdiyi nasirlərimizdən idi. Ötən əsrin 70-ci illərində 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə iştirak edən milli lider Heydər Əliyev Xalidə Hasilovanın ünvanına xoş sözlər deyərək onu “Azərbaycan qadın yazıçılarının ən gözəli” adlandırmışdı. O zaman “Şərəf nişanı” ordeninə layiq görülən Xalidə Hasilova 60 illik yubileyində də ulu öndərin qayğısı ilə “ Qırmızı əmək bayrağı” (1980) ordeni ilə təltif olundu. Ədibin 70 yaşında isə - 1990-cı illərdə ölkədə baş verən xaos Xalidə Hasilovanı çox sarsıtdı. Onun dolmuş gözləri, ağlar səsi hələ də yadımdan çıxmayıb: “ Heydər Əliyevin yeri görünür...” 90 illik yubileyini isə Mədəniyyət və turizm nazirliyi yüksək səviyyədə qeyd etdi. Bu da bir tale yazısı idi ki, tədbirin aparıcısı mən oldum. Mənəvi borcumu nə qədər ciddi-cəhdlə qaytarmağa çalışsam da yenə o böyük insanın xatirəsi önündə deyilən bütün minnətdarlıqlar, xoş sözlər mənə kifayət etmədi. Xalidə xanımın elə özəl məziyyətləri vardı ki, yoxluğu könlümüzə köz kimi sıxıldı. Mənə təskilik verən bir fakt qəlbimə sakitlik gətirdi. Həmin gün məclisdə unudulmaz nasirimizin nəvəsi- Xalidə Hasilova iştirak edirdi. Yenə də həmişə dediyim bir fikiri təkrar edirəm: bəli, ömür itmir, bitmir, davam edir.

 

Teatr rejissorları da tez-tez Xalidə xanımın yaradıcılığına müraciət edərdilər. Müəllifin “Həsrət”, “Həyat özü bir nəğmədir”, “ Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli Könül” pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmuşdur.

 

Yeganə qızı Rəna ilə tələbə yoldaşı olmuşuq. Gözəl-göyçək nəvələri, nəticəsi var Xalidə xanımın. Rəfimdə öz dəsti-xətti ilə avtoqraf yazdığı kitablar sıralanıb. İndi də adı çəkiləndə hamı onun yoxluğuna təəssüflənərək yeri behişt olsun söyləyir. Xalidə Hasilovanı çox sevən söz adamı kimi içimdə daim bir narahatlıq var: görəsən, bizlər onun vəsiyyətinə tamamilə əməl etdikmi? Ruhu bizdən incik deyil ki?!

 

Çoxumuzun mənəvi müəllimi olmuş Xalidə Hasilovanın qəlbimizdə elə bir abidəsi var ki, heç bir zaman bizlər onu unuda bilmərik. Bir vaxt o bizdən çox öndə idi. Yandırdığı söz işığının başına pərvanələr kimi qanadlanırdıq. Bu ocaqdan biz də pay alırdıq. Ondan öyrəndiklərimiz indi də dadımıza yetir. Sevinirik ki, bizdən sonra da gələnlər var. Ömür davam edir...

 

Yenə də qulağıma durna səsi gəldi. Uşaq vaxtı kəndimizdə görmüşdüm. Qatarından ayrı düşmüş zavallının qəlb göynədən naləsi hələ də qulaqlarımdan çəkilməyib. Ondan fərqli olaraq biz öncülümüzü itirmişik. Ruhun şad olsun, Xalidə xanım!..

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

Kaspi.-2014.-7 iyun .-S.17.