“Bu da
mənim sirrim olsun...”
Gənc aktrisa Səbinə
Məmmədzadə: “Bəzən
hədsiz dərəcədə
hərəkəti sözə
çevirmək istəyirdim...”
Gənc Tamaşaçılar Teatrının
səhnəsində tamaşa
oynanılır. Bütün diqqətim balaca
bir qızın üzərinə yönəlib.
Arada ətrafıma boylanıram.
Deyəsən onun oyununa heyran qalan sadəcə
mən deyiləm.
Bütün məsumiyyətilə Səbinə Məmmədzadə
səhnədədir. Xərçəng xəstəsi bir qızı canlandırır.
Özümdən ixtiyarsız fikrim
bundan 7-8 il
əvvələ gedir.
Kənddəki evimiz, yay tətilində bizə qonaq olan müəlliməm və onun həyətdə
dəli-dəli rəqs
edən dünyalar gözəli bir qızı…
Allah, necə də
şirindi. Onun səmimiliyi kəndin
təbiiliyilə bütünləşib
və heyrətamiz ahəng yaranıb. Bu qız evimizə
şənlik gətirib.
Bir də gül sevməyi var onun. Sarı gül.
Evin ortasında
“dədə, nənə”
deyə-deyə dolanır,
hərənin başına
bir oyun açır. Bizdən keçib qonşular
da sevir onu. Bu qız
bizim dünyamızda qəfil açan bir sarı güldü,
illər keçdikdən
sonra bizim evin o balaca qonağı
efirlərdən boylandı
kəndimizə.
Tamaşaya qayıdıram. Səbinə yaradır. Həm balacadı,
həm də böyüyüb. O hamını
özünə heyran
qoyan məsumluğunu
roluna elə gözəl əxz elətdirir ki, zalda hər kəs susub.
İndi
onu sizinlə də tanış
eləməkçün tələsirəm.
Müsahibim Gənc Tamaşaçılar
Teatrının aktrisası
Səbinə Məmmədzadədir.
Oxuyun, tanıyın və onu mütləq
səhnədə izləyin:
- Səbinə
Məmmədzadə özünü
oxucularımıza necə
təqdim edərdi?
- Sadəcə Səbinə.
- İlk addımlar... Sənətə gedən yolda ailənin, ailə fərdlərinin rolu...
- 1997-ci Bakı Xoreoqrafiya Məktəbinə qəbul
olduğum gün ilk addımım hesab oluna bilər. Anam məni Xoreoqrafiya məktəbinə aparıb.
Onlara elə gəlirmiş ki, mən bir neçə
il oxuyub
məktəbi atacam. Belə olmadı. Bir də əsas
faktor anamın ədəbiyyatçı, atamın
da Polis Akademiyasından
əvvəl oxuduğu
Mədəni-Maarif texnikumuydu.
Yaxşı yadımdadır,
mən balaca uşaq olanda atam tar çalardı, anam da mahnı
oxuyub, şeir deyərdi...
- Rəqs, aktrisalıq və s... Çətin deyil ki?
- Rəqs məktəbində
on iki nəfər qız idik. Cəmi üç nəfərə
təyinat verdilər.
İmtahanda gəlib üç
qızın hərəsini
bir rəqs ansamblına seçdilər.
O üç qızdan
biri də məniydim. Getdikcə hiss
elədim ki, rəqs məni doyurmur. Bəzən hədsiz dərəcədə
hərəkəti sözə
çevirmək istəyirdim.
Hətta
ayaqlarımı unudurdum,
mimikalar qabarırdı.
Və qərar verdim ki, rejissorluq fakültəsinə qəbul
olub, rəqsi tamamən buraxım.
İndi hərdən özüm də çaşıram.
Axı mən əslində harda olmalıyam?!
- Doğrudan da əslində harda olmalısan? Qərar verə bildinmi buna?
- İndi olduğum yerdə…
-Haradı o yer? Səhnəmi? Serialların çəkiliş meydançalarımı? Klipdəki "qonşu qız"ımı?
Hara?!
-Məni belə dolaşdırmayın xanım,
mən hələ çox böyüməmişəm…
- Sən bu dünyaya
böyük gəlmisən,
ən azından mənim bundan xəbərim var və rollarındakı səmimiyyətinlə tamaşaçılar
da xəbərdar olur. Xahiş edirəm, suallardan yayınmayaq! Ciddi səhnələrdə rol alırsan, ciddi aktyorlarla. Nurəddin Mehdixanlı, Həmidə xanım Ömərova... İzlədiyimə görə, onlar
da səndən məmnundular. Həm balaca
qalmağı, həm
səmimi olmağı,
həm də böyük rolların öhdəsindən gəlməyi
necə bacarırsan?
- Şükür ki,
razı qalırlar. Mən buna
görə sənət
müəllimim Bəhram
Osmanov və teatrımızın direktoru
Mübariz Həmidova minnətdaram ki, mənə belə şans verdilər. Həm kiçik, həm böyük qalmağı
isə doğru dediniz. Bunu hələ heç kim deməmişdi
mənə. Bu da mənim sirrim
olsun.
- Ən böyük mənəvi dayağın kimdir?
- Allahım və onun mənə anam kimi böyük
lütfü…
-Bəs idealın?
- Bəlkə də oxuculara qəribə gələcək, çünki
mənim siyasətlə
heç bir bağlılığım yoxdur.
Amma idealım rəhmətlik Heydər Əliyev olub. İndi də onun ideyaları yol göstəricimdir.
- Yolun sonunda nə var? Sən başlayanda
nə vardı, bitəndə nə olacaq?
- Mən səbəb və nəticə arasında sərbəstəm.
Nəticə Allaha məxsusdur.
Sadəcə niyyətimə uyğun
nəticə olacaq deyə təxmin edirəm, çünki hər zaman belə olub. İnanıram ki, sənət
yolumda doğru addımlarla irəliləsəm,
peşman olmayacam.
- Hardasa hiss edirsənmi ki, nəsə çatmır?
Və o "nəsə"nin nə olduğunu bilmədən gözlərin, ruhun onu axtarır?
- Əgər söhbət
sosial problemlərdən
gedirsə, o “nəsə”lər
hər zaman çatmır. Amma iş prosesi elədir ki, səhhətində belə
bir çatışmazlıq
varsa, işləyəndə
hamısı yaddan çıxır.
- Bir az da yeniliklərdən bəhs
edək, nələr var yaxın gələcəkdəki planlarda?
- Bəhram Osmanovun
quruluşunda "Sarıköynək
və Valehin nağılı" tamaşası
nümayiş olunacaq. Orada kiçik,
amma maraqlı bir rolum var,
Sənubər obrazı.
Eyni zamanda, bir neçə
yeni çəkiləcək
seriallardan da dəvət almışam.
İcazənizlə hələ açıqlamayım.
Yeri gəlmişkən,
onu da qeyd
edim ki, keçən gün Telli xanım Pənahqızının kitab
təqdimatında dörd
nəfər aktyor çıxış edirdi
ki, onlardan biri də mən
idim. Müxtəlif mövzülarda şeir
dedik. Gördüm ki, şeir deməyim də varmış.
- Təsəvvür edə bilirəm. Səni tanıyan biri olaraq niyəsə mənə elə gəlir ki, o böyük mənəvi dünyanı qoyacaq yer yoxdu səninçün. Ümid eləmək istəyirəm ki, səhv edirəm. Və mənəvi dünyası geniş olan adamlarla işləmək xüsusilə sənət adamları üçün həm çox asan, həm çox çətindir. Azərbaycanda sənin "bax bu adamla işləyə bilərəm" deyə biləcəyin kim var? Rejissor baxımından…
- Ümumiyyətlə mən əgər aktrisayamsa, deməli rejissorun canlı robotuyam. Və o necə görmək istəyirsə, elə olmalıyam. İstər kinoda, istərsə də teatrda - fərqi yoxdur, bu, qanundur. Sadəcə mənim üçün teatr rejissorları içində ən çox sevdiyim və işlərini izlədiyim öz sənət müəllimim Bəhram Osmanovdur. Qeyd edim ki, həqiqətən mənəvi dünyası geniş olan insanlar özündən başqalarına çox müsbət enerji verə bilirlər. Müxtəlif truppalarda müxtəlif insanlarla çalışmalı oluram. Peşəkarlıq və mənəvi zənginlik bir araya gələndə, o işə qarşı məndə böyük həvəs yaranır. “Qanun naminə” çox seriyalı bədii filmində rejissor işləyirdim. Orada peşəkar aktyorlar əksəriyyət təşkil edirdi. Ayşad Məmmədov, Əbdülqəni Əliyev, Əjdər Zeynalov, Qurban İsmayılov, quruluşçu rejissorumuz Xanlar Ağayev…
Bu komandayla yenidən işləmək mənim üçün çox xoş olardı.
- Tamaşaçı
reaksiyası səni narahat eləmir ki?
- Hələ yeniyəm. Amma hiss edirəm ki, tamaşaçı rekasiyası nə qədər çox olarsa, o qədər maraqlı olar.
- Oxucularımıza sözünüz…
- Teatr sizin güzgünüzdür.
Gəlin
və müxtəlif mövzülarda peşəkar
aktyorlarımız tərəfindən
daxilinizdən keçənləri,
amma özünüzə
deyə bilmədiklərinizi
görün.
Nigar İsfəndiyarqızı
Kaspi.-2014.-10 iyun.-S.12.