Regionun nəhəng cütlüyü
Azərbaycanın
Türkiyədə ən böyük investora çevrilməsi hər iki ölkənin maraqlarına uyğundur
Azərbaycan Türkiyəyə investisiya yatırımını artırır. Xəbər verildiyi kimi, bir neçə gün öncə ARDNŞ-nin Türkiyədə həyata keçirdiyi “STAR” neft emalı zavodu layihəsinin maliyyələşdirilməsi məqsədi ilə 3,29 milyard dollar məbləğində kredit müqaviləsi imzalanıb. İmzalanmış müqavilə Türkiyənin bu günə qədər ən böyük və uzun müddətli kredit anlaşması, eyni zamanda hazırda Avropa, Yaxın Şərq və Afrika bölgəsində həyata keçirilən ən böyük neft-qaz layihələrindən birinin maliyyələşdirilməsi prosesinin başlanğıcıdır. Bununla Türkiyənin ən böyük sənaye yatırımı olan “STAR” neft emalı zavodu layihəsinin reallaşmasında mühüm addım atılıb. İmzalanma mərasimində çıxış edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, “SOCAR Türkiyədə ən böyük investordur: “Petkim yarımadasında Türkiyənin ilk kimya sənayesi parkı olan “Value-Site” layihəsi, TANAP layihəsi çərçivəsində həyata keçirilən investisiyalarla Türkiyədə ən böyük investor olmaqdan böyük sevinc duyuruq”. R.Abdullayev qeyd edib ki, “SOCAR Türkiyə” Türkiyənin ən böyük sənaye şirkəti səviyyəsinə yüksəlmək niyyətindədir.
Təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan “STAR” Türkiyə tarixində özəl sektor tərəfindən inşa edilən ilk emal zavodudur. Layihə ölkə sənayesinin rəqabət gücünü artıracaq, ixracat və iş yerlərinin yaradılması imkanlarını genişləndirəcək.
Qeyd edək ki, 2018-ci ilə qədər Türkiyənin neft sektoruna 120 mlrd. dollarlıq sərmayə qoyulacaq ki, bunun da 20 mlrd. dolları Azərbaycanın payına düşür. Ümumilikdə isə 2023-cü ilədək Azərbaycanın Türkiyəyə yatıracağı investisiyanın həcmi 35 milyard dollar dəyərində hesablanır. Bunun təkcə 20 milyard dollardan çoxu SOCAR-ın payına düşür. SOCAR-ın 2015-ci ilədək Türkiyədəki layihələrə 5 milyard dollar vəsait yatıracağı proqnozlaşdırılır.
Azərbaycanın illər öncəylə müqayisədə investisiyaya ehtiyacı olan yox, investisiya yatıran ölkəyə çevrilməsi Türkiyənin timsalında daha çox görünür. Bəli, bu gün Azərbaycan artıq borc alan yox, borc verən ölkədir. Maliyyə imkanlarının genişlənməsi, valyuta ehtiyatlarının dəfələrlə artması Azərbaycana imkan verir ki, öz strateji maraqlarının təmin olunması şərti ilə tərəfdaş xarici ölkələrə irihəcmli investisiyalar yatırsın. İlk belə vəsait Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun çəkilişi üçün 2007-ci ildə kredit şəklində Gürcüstana verilib. Aşağı faizlə ilkin olaraq verilmiş 220 milyon dollar kredit sonrakı mərhələlərdə 775 milyon dollara çatıb. Bakı-Tbilisi-Qars dəmiryolunun ölkəmiz üçün əhəmiyyətinə gəldikdə isə qeyd olunmalıdır ki, bu layihənin təşəbbüskarı və onu əsas maliyyələşdirən tərəf məhz Azərbaycandır. Hazırda inşası yekunlaşmaqda olan bu yol istifadəyə verildikdən sonra regiondan Türkiyəyə, o cümlədən Avropaya daşınan yüklərin həcmi xeyli artacaq.
Xaricə qoyulan sərmayələrin həm ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsinə imkan verdiyi, həm də uzunmüddətli strateji maraqlarını təmin etdiyi danılmaz faktdır. Bu cəhətdən Azərbaycanın investisiyalarına dünyada artan marağı çox əhəmiyyətli fakt kimi qəbul etmək lazımdır. Xüsusən də dünyanın nüfuzlu maliyyə institutlarının qarşıdakı dövr ərzində Azərbaycanın investisiya potensialının artacağı barədə nikbin proqnozlar verdiyi indiki vaxtda. Yeri gəlmişkən, Dünya Bankının proqnozlarına görə, Azərbaycan ortamüddətli perspektivdə sırf xarici investor ölkəyə çevriləcək.
Nəzərə alsaq ki, Türkiyə və Azərbaycan arasında indiyədək kifayət qədər ciddi müqavilələr imzalanıb, hər iki ölkənin iş adamlarının bundan sonra daha asan və yüngül şərtlərlə fəaliyyət göstərəcəyi aydındır. Üstəlik, iki ölkə arasındakı əlaqələr bundan sonra daha da möhkəmlənəcək. Türkiyə Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli ölkə olmaqla yanaşı, həmçinin tranzit ölkəyə çevrilib. Birmənalı şəkildə bu gün Türkiyənin regionda və bölgədə rolunun artması onun Azərbaycanla əməkdaşlığının mövcudluğu ilə bağlıdır. Azərbaycan regionda Türkiyənin mövqeyinə xidmət edən bir ölkədir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, mövcud əməkdaşlıqlar iki ölkə arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, onların Avropa bazarına çıxmasına əhəmiyyətli dərəcədə şərait yaradacaq: “Nəzərə alsaq ki, TAP və TANAP layihələrinin reallaşması 2018-ci ilə təsadüf edəcək və bu illər ərzində Azərbaycan Türkiyə iqtisadiyyatına kifayət qədər böyük məbləğdə investisiya qoyacaq. Təsəvvür edin ki, yalnız TAP layihəsinin reallaşması üçün tələb olunan məbləğ 45 min milyard dollardır. Sözügedən məbləğ “Şahdəniz” layihəsinin ikinci hissəsinin istifadəsi üçün lazımdır. Bu investisiyanın əhəmiyyətli hissəsi Azərbaycan tərəfindən ödəniləcək. Təbii ki, həmin investisiyalardan qazanan tərəflərdən biri də Türkiyə olacaq. Eyni zamanda Azərbaycan da özünəməxsus mavi yanacağını Avropa bazarında əlverişli məbləğdə satma imkanına sahib olacaq. Azərbaycan birinci mərhələdə TAP layihəsi vasitəsi ilə Türkiyə üzərindən Avropa bazarına 10 milyard kub metr mavi yanacaq nəql etmək niyyətindədir. İkinci mərhələdə isə Azərbaycan mavi qaz nəqlini 20 milyard kub metrə qədər artıracaq. Azərbaycan Dövlət Neft Şirkəti sözügedən layihənin ötürmə qabiliyyətini 60 milyard kub metrə qədər artırılmasını nəzərdə tutur”.
Ekspertin sözlərinə görə, Azərbaycan artıq investisiya cəlb edən ölkədən daha çox investisiya yönəldən ölkəyə çevrilib: “Azərbaycan Mərkəzi və Şərqi Avropada kifayət qədər investisiyalar həyata keçirib. Bildiyiniz kimi, Azərbaycan Çexiya, Xorvatiya, Polşa və digər ölkələrin iqtisadiyyatına böyük məbləğdə investisiya yönəldib. Ölkəmiz nəinki inkişaf etməkdə olan ölkələrin, o cümlədən inkişaf etmiş ölkələrin iqtisadiyyatına investisiya qoyur. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan digər ölkələrdən daha çox Türkiyənin iqtisadiyyatına investisiya qoymağa maraqlıdır. Buna səbəb də Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətinə sahib olmasıdır”.
V.Bayramovun fikrincə, Azərbaycanla Türkiyə arasında mövcud olan iqtisadi əlaqələr regionda ölkəmizə təhlükəsizliyə təminat baxımdan yaxşı vədlər verir: “İki ölkə arasında mövcud olan əlaqələr bunu deməyə əsas verir. Bu münasibət regionda sülhün və təhlükəsizliyin təminatı üçün olduqca zəruridir. Regionda mövcud olan əməkdaşlığa eyni zamanda Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı da daxildir. Bu əməkdaşlığın regionda vacibliyi haqda Gürcüstan tərəfi də dəfələrlə fikir bildirib. Hesab edirəm ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Onu da nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Gürcüstanda ən çox vergi ödəyən şirkətlərdəndir. Bu kimi strateji əhəmiyyətli münasibətlər regionda olduqca zəruridir. Eyni zamanda regionda dondurulmuş bir sıra münaqişələrin həllində yardımçı olacaq. Təəssüflər olsun ki, Ermənistanın işğalçı mövqeyi regionda tam olaraq sülhün yaranmasına imkan vermir”.
Həbibə
ABDULLA
Kaspi.-2014.-10 iyun.-S.10.