O dövrün mətbuatı
bizə kimlərdən və nələrdən xəbər verir?
“Sovet
ədəbiyyatı” və “Sovet mətbuatı”
kimi tarixə düşən dövrdə
yazılanların əksəriyyətinin lazımsız
kağız yığını olduğunu
zaman sübut etdi
Doğrusunu deyim ki, hər dəfə arxivlərdə 1920-80-ci illər arasında (xüsusən də 1920-50-ci illər) fəaliyyət göstərən mətbu orqanlarında çap edilən müxtəlif məzmunlu yazılarla tanış olarkən dahi Mirzə Cəlilin “Dəli yığıncağı” əsəri yadıma düşür. Hakim partiyanın mətbuata və ədəbiyyata nəzarətinin nəticəsində cəmiyyət o dərəcədə dəyişmişdir ki, “dəlilər”lə ağıllıların yeri dəyişik düşmüşdür. Hakim qüvvələrin əleyhinə çıxan, həqiqəti, haqqı görən və deyənlər dəli adlandırılırdı...
Lakin bu da danılmaz bir faktdır ki, yola saldığımız 20-ci yüzillik xalqımız üçün yalnız “siyasi cəhətdən deyil, ədəbi, mədəni, kulturoloji cəhətdən də yeni bir mərhələ” olmuşdur. Doğrudur bu yeni mərhələ də ədəbiyyatımız, mətbuatımız çox ziddiyyətli, çətin bir yol keçməsinə baxmayaraq forma, məzmun, ideya baxımından da zənginləşmişdir. Amma bu zənginləşmə xalqa çox baha başa gəlmişdir. Çünki, mətbuatımız, ədəbiyyatımız məhz bu illər ərzində olduğu kimi heç zaman hakim sinfin, partiyanın ideologiyasının ruporuna çevrilməmişdir.
“Sovet ədəbiyyatı” və “Sovet mətbuatı” kimi tarixə düşən bu dövrdə marksizm-leninzm metodologiyası əsasında Marks, Engelis, Lenin, Stalin sonra da Brejnev “babalarımıza” vəsf edilən şerlərin, poemaların, məqalələrin bir sözlə minlərlə əsərlərin bu gün lazımsız və məzmunsuz bir kağız yığını olduğunu zaman sübut etdi. (Dövrü mətbuatı araşdırarkən və arxiv sənədləri ilə tanış olarkən bu qənaətə gəldim ki, heç bir millətin yazarları məhz bizim qədər bu “babalara” əsərlər vəsf etməyiblər).
Dəhşətli 37-inin ziyalılarımızı, ziyamızı əlimizdən alıb faciələrə, qaranlıqlara düçar etdiyi və tarixdə ilk dəfə Azərbaycan ziyalısının (əsasən də alim, şair, yazıçı, jurnalist, tənqidçi, elm və maarif adamları) kütləvi həbsi, məhvi ilə nəticələndiyi bir zamanda saysız-hesabsız “Dahi rəhbərə salam”lar yazılırdı. “Hücum”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat cəbhəsi”, “Kommunist”, “Ədəbiyyat”, “Gənc işçi”, “Şərq qadını”, “Oktyabr günləri”, “Vətən uğrunda”, “Qırmızı şəfəq” və s. qəzet və jurnallarımızda yeri gəldi-gəlmədi mərkəzin hegemonluğu ilə bolşevizmin təbliği adı altında bu “babalarımız” millətin xilaskarı kimi təbliğ edilirdi.
Bu məddahlığın əleyhinə çıxanlar isə əksinqilabçı, xalq düşməni, millətçi adı ilə həbs edildi, güllələndi və ya Solovki adalarına sürgünə, güdər-gəlməzə göndərildi... Amma bolşevizmin, proletar ədəbiyyatının əleyhinə qarşı çıxanlar elə mərkəzin özündə də var idi. “Sənət öz yollarını özü yaratmalıdır. Marksizm metodları sənətin metodları deyil. Sənət sahəsi partiyanın komanda edə biləcəyi bir sahə deyil” deyə etirazını bildirən Trotski ədəbiyyatın, mətbuatın ümumiyyətlə sənətin öz axarı ilə hərəkət etməsinin tərəfdarı idi.
Onu da qeyd edim ki, proletariat diktaturası qurulduqdan sonra da “bolşeviklərin ədəbiyyata (eləcə də mətbuata, sənətə!) baxışları dəyişmir. Əksinə, ədəbiyyatı, mətbuatı hakim ideologiyanın daimi ruporuna çevirmək üçün çox ciddi işlər görülürdü”. Partiyanın qərarı ilə proletar cəmiyyətləri yaradılır və “Oktyabr”çılar meydana gəlir. Bəzi tədqiqatçılar bu dövrü “Oktyabr”çılıq və proletar ədəbiyyatına keçid dövrü” də adlandırırlar. Bunlar isə proletar ədəbiyyatına gedən yolda müxtəlif ədəbi cərəyanların (simvolizm, klassizm, emosiyonalizm, kubizm və s.) çoxluğu nəticədə proletar ədəbiyyatına baxışın müxtəlifliyini doğurdu.
Beləliklə, bütün Sovetlər birliyində “ədəbi məfkurələrin müxtəlifliyi və ədəbi kriteriyaların dəyişməsi, sənət nəzəriyyələrinin zorən əvəzlənməsi yeni bir ədəbi şəraitin yetişməsini şərtləndirirdi”. Ölkədə hər şeyi marksizim-leninizim nəzəriyyəsinə uyğunlaşdırmaq istər-istəməz daxildə ədəbi müxalifətin yaranmasına imkan açırdı.
Mərkəzdə siyasi müxalifətin ən fəal nümayəndəsi Trotski bolşeviklərin siyasi proseslərdə olduğu kimi ədəbi-mədəni həyatdakı müdaxiləsinə də qarşı çıxırdı. O, məqalələrinin əksəriyyətində dönə-dönə vurğulayırdı ki: “Proletar ədəbiyyatı müvəqqəti olduğu kimi, həm də keçicidir. Burjua mədəniyyətini və burjua sənətini proletar mədəniyyəti və proletar sənətinə qarşı qoymaq kökündən doğru deyil”.
Trotskinin bu fikri ilə ilk razılaşan A.K.Voronski oldu. O, “Krasnaya nov” jurnalında məqalə yazaraq burjua ideologiyasına qarşı çıxan proletariatın səhv yolda olduğunu elmi-nəzəri arqumetlərlə isbat etməyə çalışaraq istedadın və qabiliyyətin zorlanması əleyhinə çıxırdı. Voronskiyə görə, sənətkar varlığa siyasi nöqteyi-nəzərdən yanaşmamalıdır.
Əlbəttə, həm Voronskinin, həm də Trotskinin fikirləri ilə razılaşanlarla yanaşı razılaşmayanlarda olub. Razılaşmayanlar proletar ədəbiyyatının nümayəndələri yaratdıqları ədəbiyyatın gələcəyinə inanır, ya da ki, özlərini inandırmağa çalişırdılar. “Ədəbiyyatımızı, mətbuatımızı bolşevikləşdirmək, onu həqiqi proletar ədəbiyyatı etmək üçün bütün bu yollarda və cəbhələrdə amansız, şiddətli, rəhimsiz bir mübarizə və mücadilə aparmalıyıq” prinsipini irəli sürən hakim partiya mübarizəyə başladı. Bolşevik diktaturasının yaratdığı xof, qorxu, təzyiq bütün yaradıcı sahələrə öz təsirini göstərdi.
1923-cü ildə bir başa mərkəzin diktəsi ilə AK (b) P və Bakı MK-də təbliğat şöbəsi təşkil edildi. Şöbə Azərbaycanda olan bütün təbliğata nəzarəti öz əlinə aldı. Təbliğatda daha çox fəallıq göstərən MK orqanı olan “Kommunist” qəzeti oldu. 1927-ci ildə isə Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti yaradıldı və bir başa cəmiyyətin orqanı olan “Maarif və mədəniyyət”, “Ədəbiyyat cəbhəsində”, “Ədəbiyyat”, “Hücum”, “İnqilab və mədəniyyət” və s. qəzet və jurnallar fəaliyyətə başladı. Bu mətbu orqanları ədəbiyyatın həyatla əlaqəsində bir vasitəçi rolunu oynayaraq və ədəbi prosesə geniş yer ayıraraq yalnız mərkəzin strategiyasını kor-koranə, mexaniki surətdə həyata keçirməklə məşğul idi. Həmin mətbu orqanlarının yazarları proletar mətbuatının kriteriyalarını Azərbaycan ədəbi mühitinə uyğunlaşdırmaqla kök-soyundan uzaqlaşaraq, dünəninə qənim kəsilərək, “Şura inqilabı”na xidmət edirdilər.
Buradakı məqalələri oxuyarkən müəlliflərin “prokuror ədalı” çıxışları açıq-aydın sezilir. Bu “prokuror ədalı” çıxışların müəllifləri isə əsasən dövrün gənc ədəbi tənqidçiləri Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Kazım Ələkbərli, Süleyman Rüstəm, Məmməd Rahim, Məmməd Cəfər, Məmməd Səid Ordubadi, Əli Nazim, Mustafa Quliyev, Hənəfi Zeynallı, Cəfər Xəndan və Əli Vəliyevdir. Haqsız tənqid hədəfinə çevrilənlər isə Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn kimi Azərbaycan ədəbiyyatının və mətbuatının dahi söz ustadları...
H.Cavid kimi dahi bir filosof şairi mütaliəsizlikdə günahlandıran Mehdi Hüseyn (Bax: “İnqilab və mədəniyyət” jurnalı, 1934, mart-aprel, N-3-4) “...Cavid bir qədər Marks, Engels, Lenin şah əsərlərini oxumalı və həyata açıq gözlə baxmalıdır” deməklə H.Cavid kimi bir mütəfəkkir söz sahibinə məsləhət verirdi.
Və yaxud ədibi “əhəmiyyətsiz addımlar atan şair” adlandıran M.K.Ələkbərli (Bax: “Kommunist” qəzeti, 13 iyun 1934) “Eski yazıçılarımızdan şüurlu və ya şüursuz surətdə inad ilə yenidən qurulma məsələsinə soyuq baxan və bu uğurda əhəmiyyətsiz addımlar atan Hüseyn Cavidir” deməklə bir daha sübut edirdi ki, dövrün tənqidçiləri H.Cavidə qarşı haqsız idilər.
Bax budur ki, sovet dövründə mətbuat, ədəbiyyat hakim partiyanın əlində ideya, fikir mübarizəsi yolunda kəskin silaha çevrilmişdi. Bu haqsız və amansız mübarizəni gücləndirmək üçün ədəbi-bədii təşkilatlar “rekonstruksiya” dövrünü yaşayaraq “zamanına uyğun, layiq və sadiq” qələm əhli yetişdirməkdə idi.
Amma sonradan Mərkəzin bu “sadiq və layiqli” qələm qulları olan Əliheydər Qarayev, Ruhulla Axundov, Həmid Sultanov, Ayna Sultanova, Dadaş Bünyatzadə, Sultan Məcid Qənizadə, Mustafa Quliyev kimi Azərbaycanda sovet hakimiyyətinin yaradılmasında “müstəsna” xidmətləri olanlar “xalq düşmənləri”nə çevrildilər. Niyə? Nə baş verirdi? Axı onlar bütün varlığı ilə hakim partiyanın sadiq nökərləri idi!
Çünki onların əksəriyyəti bir necə il sonra səhv yolda olduqlarını anladılar. Məsələn, Əli Nazim kimi dövrün ən tanınmış proletar yazarı “Hüseyn Cavid olduqca böyük bir sənətkar və söz sahibidir” (Bax: “Hücum” jurnalı, may-iyun, N-5-6, 1932) deməklə hakim partiyanın qəzəbinə düçar oldu. Və yaxud Mustafa Quliyev Moskvada Kreml Meydanında çıxış edərkən H.Cavidi “dahi sənətkar, böyük qələm sahibi” adlandırmışdı.
Lakin bu səhv yolda böyük qardaşlarına sadiq qalan nökərlər də oldu ki, onlar da hakim partiya tərəfindən yüksək qiymətləndirildi. “Xalq şairi”, “Xalq yazıçısı”, adlarına layiq görülərək Azərbaycan Mərkəzi Komitəsində böyük vəzifələrə irəli çəkildilər. Amma unutdular ki, “Yağı-yağ, ayranı-ayran edən” zaman gec-tez hər şeyi faş edəcək, kimin, kim olduğunu üzə çıxaracaq! Allah sənə rəhmət eləsin dahi Sabir. Belələri üçün nə gözəl demisən:
Millət necə tarac olur olsun, nə
işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum
özgələri ilə
nədir karım,
Dünyavü cahan ac olur olsun
nə işim var?!
Qərənfil Dünyamin qızı,
Filologiya
üzrə fəlsəfə
doktoru
Kaspi.-2014.-12 iyun.-S.14.