Gəncləşən sahibkarlıq...

 

Azərbaycanda gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq üçün tədbirlər intensivləşib

 

İki gün öncə Xaçmazda İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans keçirilib. Konfransda gənclərlə bağlı dövlət siyasəti, gənc sahibkarlara göstərilən diqqət və qayğı, bu istiqamətdə atılan addımlar haqda məlumat verilib, göstəricilər açıqlanıb. Bildirilib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Hazırda aidiyyəti dövlət qurumları tərəfindən dövlət proqramının icrası istiqamətində tədbirlər həyata keçirilir.

 

Qeyd edilib ki, ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə ölkəmizdə 917 gənc sahibkara 62,8 milyon manat və 2014-cü ilin I rübü ərzində isə 226 gənc sahibkara 12,5 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 2700-ə yaxın yeni iş yerinin yaradılması imkanı yaradılıb. Bu göstəricilər bir daha gənclərin ölkə iqtisadiyyatında və məşğulluğun təmin edilməsində fəal rol oynadıqlarını göstərir.

 

Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etməkdə yardımçı olub. Prezident İlham Əliyevin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədidir. Həmin Dövlət Proqramının icrası nəticəsində gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və müəyyən uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilib, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilib. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirirlər.

 

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvər, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların potensiallarından istifadə önəmli məsələ olaraq qalırdı. Elə gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlandı və təsdiqləndi.

 

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

 

Ölkə əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyini nəzərə alsaq, dövlətin gənclərlə bağlı yürütdüyü siyasəti, onlara sahibkarlıqla məşğul olmaları üçün yaradılan şəraitin əhəmiyyətini daha gözəl anlayarıq. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni, özəl sahibkarlığı əhatə edən sahələrdə fəal iştirak edir. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına, özəl sahibkarlığın inkişafına töhfələrini verir. Ölkədə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Son vaxtlar Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir.

 

Təcrübə göstərir ki, cəmiyyətdə heçbütün gənclər yaradıcı sahəyə, elmə meyl etmir. Gənclərin sahibkarlıqla məşğul olması, onların biznesdə uğur qazanması dövlət üçün xüsusi önəm daşıyır. Gənclər üçün yaradılan sahibkarlıq şəraitinin yaxşı olmasının onların milli şüurunun, vətənpərvərlik hisslərinin artmasına, milli məfkurəyə bağlı olan adamları kimi yetişməsinə güclü təsiri olur. Bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilib. 1996-2002-ci illərdə qəbul olunan “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçünxüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial-iqtisadis. problemlərinin həllinə yönəlmiş, onların özqabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu qəbildəndir. Bütün bu qanun, fərman, sərəncam və dövlət proqramları gənc nəslin formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi.

 

Həbibə ABDULLA

Kaspi.-2014.-12 iyun.-S.10.