Qoyun otara-otara kitab oxuyardım” – Mən gənc olarkən

 

Tənzilə Rüstəmxanlı: “Yaman demoqoq qız idim”

 

Dərslərini yaxşı oxumaqla bərabər, orta məktəb vaxtı dəcəlliyindən də qalmayıb. Oğlan kimi olduğundan uşaqlar məktəbdə əlindən qan ağlayarmış. Onun ucbatından atasını tez-tez məktəbə çağırarmışlar. Atası da deyinirmiş ki, camaatı oğlu üçün, onu qızı üçün məktəbə çağırırlar. Ancaq bacı-qardaşlarımın hamısından yaxşı oxuduğu üçün atası çox vaxt dəcəlliklərimə dözürdü. Həmsöhbətimiz Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır.

 

“Nə tapsaydıq, onu da yeyərdik”

 

Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Qaraçanta kəndində doğulub boya-başa çatıb. Ailədə 6 uşaq olublar. Uşaqlığının çox gözəl keçdiyini deyən T.Rüstəmxanlının sözlərinə görə, o dövr indiki kimi gözlərinin qarşısında canlanır: Amasyada qış çox sərt keçdiyindən qar adamboyu yağırdı. Yadımdadır, biz qışda məktəbə gedəndə ilk öncə atam çölə çıxar və qarın arasından cığır açardı. Qar hər iki tərəfdən ot tayası kimi durardı. Pəncərəmizin üstündə, evimizin damında buz qol yoğunluğunda sırsıra bağlayar, hörük kimi sallanardı. Amma kəndimizin yazı çox gözəl keçərdi. Nənəmlə yaylağa çıxardıq. Qış ərzağı orada yığılardı. Pendir mayalanar, yağ əridilib küpələrə tökülərdi. Dən-dən, kəhrəba rəngli o yağın nə qoxusunu, nə dadını unuda bilmirəm. Xörək hazır deyildisə, çox acanda yağı əridib qaba tökər, isti təndir çörəyini içərisinə doğrayıb ləzzətlə yeyərdik. Ona döyməcə deyirdilər. Sonra işimizin dalınca gedərdik”.

 

Şəhərdə yaşayanların uşaqlıq dönəminin kefini çıxara bilmədiklərini deyən müshaibimizin fikrincə, ən gözəl uşaqlığı kənd uşağı kimi onlar yaşayıblar: “Ormanlar, meşələr, düzəngahlar bizdə azadlıq hissini oyadırdı. Qız-oğlan fərq etməzdi, atın belində gəzərdik. “Sən qız uşağısan” deyə heç bir qadağa ilə üzləşməzdik. Odun da yarmışam, atamla bərabər meşədən odun da daşımışam, inək də sağmışam, qoyun, qaz da otarmışam. Kitabı elə qaz, qoyun otara-otara oxuyardım. İndi saqqız çeynəyirik, amma o zaman saqqızı yemlik əvəzləyərdi. Yemliyin südü əlimizin üstünə düşürdü, saqqız kimi çeynəyirdik. Dağlarımız o qədər gözəl, torpağımız o qədər verimli idi ki, yavanlıq axtarmırdıq. Bir parça təndir çörəyini götürüb otdan-ələfdən tapıb yeyərdik. Bizdən soruşan olmazdı ki, “ay uşaq, nə yemisən?”. Nə tapsaydıq, onu da yeyərdik. Bununla belə çox sağlam idik, iynənin, xəstələnməyin nə olduğunu bilməzdik”.

 

Yaman demoqoq qız idim

 

Orta məktəbdə dərslərini necə oxumasına gəlincə, T.Rüstəmxanlı dərslərini yaxşı oxumaqla bərabər, çox dəcəl olub: “Oğlan kimi olmuşam. Uşaqlar məktəbdə əlimdən qan ağlayardılar. Atamı tez-tez məktəbə çağırardılar. Atam da deyinirdi ki, camaatı oğlu üçün, onu qızı üçün məktəbə çağırırlar. Bacı-qardaşlarımın hamısından yaxşı oxuduğum üçün atam çox vaxt dəcəlliklərimə dözürdü. Hər zaman haqqı tələb etdiyim, ədalətsizliyi qəbul etmədiyim üçün atam deyərdi ki, bu, böyüyəndə prokuror olacaq. Yaman demoqoq qız idim

Dərslərini hətta elə yaxşı oxuyur ki, aşağı siniflərə dərs də deyir: “Səkkizinci sinifdə oxuyanda bacım birinci sinifdə təhsil alırdı. Onların ibtidai sinif müəlliməsi xəstələnib işə gəlməmişdi. Kənd məktəbi olduğu üçün onu əvəz edəcək müəllim yox idi. Direktor dedi ki, “niyə narahat olursunuz, müəlimi neyləyirsiniz, budur müəllim (məni göstərdi – T.R.), getsin, birinci sinifə dərs desin”. Təsəvvür edin, 7-8 ay birinci sinifin ana diliriyaziyyat dərslərini mən apardım. Uşaqlar dərslərini çox yaxşı oxuyurdular. Mənim qorxumdan sinifdə ən gözəl xətt bacımınkı idi”.

 

“Kitabı başdan-ayağa əzbərlədim”

 

Məktəblərarası yarışmalarda həmişə aktiv iştirak edən həmsöhbətimiz tarix, fizika, ədəbiyyat, riyaziyyat dərslərindən yarışmalarda birinci yerə çıxdığını bildirir. Yarışmalarda birinci olduğu üçün hər zaman məktəblərinin üzünü “ağardır”: “Sonuncu sinifdə oxyurdum. Səməd Vurğunun 70 illiyi ilə bağlı məktəblər arasında yarışma keçirilirdi. Yarışmanın məğzi bundan ibarət idi ki, bir tərəf Səməd Vurğunun hansısa şeirini deməli və qarşı tərəf də sözügedən müəllifin həmin şeirin son sözü, son hərfi ilə başlayan şeirlərindən hansınısa söyləməli idi. Ədəbiyyat müəllimim məsləhət gördü ki, Səməd VurğununKomsomol” poemasını başdan-ayağa əzbərləyim, bu zaman bütün hərflərlə başlayan şeir deyə biləcəyəm. Bir poema bir kitabdır və mən onun hamısını əzbərlədim. Özügüzgünün qarşısında durub saatlarla şeir deyirdim ki, pafosla, intonasiya ilə deməyi bacarım. Beləliklə, yarışmada birinci yeri tutduq”.

 

Paltar ütüləməklə aya 90 rubl alırdım”

 

Dərslərini yaxşı oxuduğundan riyaziyyat müəllimi onun riyaziyyatçı, fizika müəllimi fizik, tarix müəllimi tarixçi olacağını düşünür. Amma tam təsadüf nəticəsində iqtisadiyyata daxil olur: “Əslində hüququ istəyirdim. Amma o vaxt hüquqa girmək çox çətin idi. Gördük ki, alınmayacaq, iqtisadiyyatı seçdim. Poltava İqtisad Universitetinə qəbul oldum. Sonra o universitetin Bakıda filialı açıldı və 3, 4-cü kursları Bakıda oxudum”.

 

Tələbəlik illərində bir müdddət Bakıda qohumlarıgildə, daha sonra kirayədə qalır: “Bakıda Ermənikənd deyilən bir yer var idi, indi Papanin kimi tanınır. İki qız bir erməninin evində qalırdıq. Böyük qardaşım rəhmətə getmişdi, atam xəstə idi. Aldığım təqaüdlə keçinməli idim. Hər qəpiyimizi hesablayırdıq. Əgər bu gün 10 qəpik artıq xərcləmişdiksə, sabah 10 qəpik az xərcləməliydik ki, dolanışığımız olsun. Sonuncu kursda əlaçı təqaüdü almaqla yanaşı, işləyirdim. Biz o vaxtlar ata-anamıza əziyyət verməyi düşünmürdük. Üçüncü mikrorayonda paltaryuyan yer var idi, mənimlə bərabər qalan tovuzlu qızla gedib orada gecə növbəsində işləyirdik. Ütü işini görürdük və gecə növbəsi olduğundan maaşımız da pis deyildi, 90 rubl alırdıq. 55 rubl da əlaçı təqaüdüm idi. Bu pulla həm yaşıdlarımdan gözəl geyinirdim, həm də özümə hər şərait yaratmışdım. Hətta o puldan artırıb ana-atama, bacı-qardaşlarıma hədiyyələr alırdım”.

 

Atam ermənilərlə münaqişə etdiyindən Balakənə köçdük

 

Qeyd edək ki, T.Rüstəmxanlı 3-cü sinifdə oxuyanda Balakənə köçürlər. Buna 1969-cu ildə atasının Amasiyada ermənilərlə ciddi münaqişəsi səbəb olur. Atasını haqsız olaraq yanğınsöndürmə idarəsindən işdən çıxardıqlarından o, Moskvaya erməni müdirindən şikayət yazır. Bundan sonra işə bərpa olunsa da, cəmi bir ay işləyir və sonra orada yaşaya bilməyəcəyini deyir. Buna görə ailəlikcə xalasıgilin yaşadığı Balakən rayonuna köç edirlər.

 

Bakı və quş damına oxşar evlər

 

Bakıya ilk gəlişini də xatırlayan müsahibimiz baş şəhərdəki evlərin ona quş damını xatırlatdığını deyir: “Bakıya ilk dəfə oxumaq üçün gəldim. Bayıldan şəhərə girəndə beşmərtəbəli, quş damları kimi bir-birinin belində olan evlər diqqətimi çəkdi. Biz rayonda geniş otaqlı evdə qalmağa öyrəşmişdik. Bakıda isə cəmi 10 kvadratmetrlmik otaqda yaşamaq məcburiyyətində qaldım. Bir gün atam da Bakıya gəldi və onun da diqqətini quş damına oxşatdığım evlər cəlb etdi. Dedi ki, “bu bakılılar quş damlarında yaşaya-yaşaya hələ bizə də Bakıda yaşamaları ilə fors edirlər”. Bizim elə bircə otağımız 50 kvadratmetr idi. Bağımız-bağçamız vardı. Bağımızda tonlarla alma və digər meyvələr olurdu. Əmək verirdiksə, yaxşı da yaşayırdıq. Tətili dördgözlə gözləyirdik ki, rayona gedək. Biz torpağa bağlı olmuşuq. Ayağımız torpağa dəyəndə özümüzü güclü hesab edirik. Asfaltda böyüyən uşaqlarla torpaqda böyüyən uşaqların arasında çox böyük fərq var. Ruhunda, düşüncəsində fərq var...”.

 

İndiki uşaqlardan daha savadlı idik

 

Tələbə vaxtı gününün çox hissəsinin o vaxtkı M.F.Axundov adına kitabxanada keçdiyini deyən T.Rüstəmxnlının sözlərinə görə, hələ də sözügedən kitabxanaya üzvlük vəsiqədini saxlayır: “İnternet, materiallar olmadığına görə əsasən mühazirələrdən nəsə öyrənirdik. Mühazirələrdə o qədər sürətlə yazmağa öyrəşmişdik ki, xəttimiz korlanmışdı. Tələsik yazıb yetişdirməliydik ki, müəllim nə dedisə, nə söylədisə material odu. Kitabların əksəriyyəti rus dilində idi, biz də Azərbaycan dilli qrupda təhsil alırdıq. Şərtlərin ağır olmasına baxmayaraq, yenə də yaxşı oxuyurduq, indiki uşaqlardan daha bilikli, daha savadlıydıq”.

 

“Soğanın üstünə nar sıxıb çörəklə yeyərdik”

 

T.Rüstəmxanlı tələbə vaxtı başına gələn maraqlı bir əhvalatı da bizimlə bölüşdü: “Təqaüdümü yenicə almışdım və 2 həftə üçün 15 manatlıq bazarlıq etdik. Bütün ayı mən qalan 40 rublla dolanmalıydım. Nizami kinoteatrının yanından keçəndə orada bir kitab pasajı vardı. Gördüm ki, bir yaşlı kişi o vaxt kartof-soğan satılan torlu setkanın içinə “Səfillər” kitabının 3 bölümünü qoyub satır. Qiyməti də 30 rubldur. Neylədimsə, kişi qiyməti düşmədi. Əlimdə qalan 40 rublun 30-unu verib kitabları aldım. Hələ də o kitablar məndə durur. O zaman böyük qürur hesab olunurdu ki, “Səfillər” kitabını almışam. Pulumun böyük hissəsini kitaba verdikdən sonra bir az əziyyət çəkdim. Amma Allah o qədər böyükdür ki, əziyyətim çox çəkmədi, həmin ay işə girdim, avans aldım və o pul məni idarə etdi. Yoxsa məhv olardıq. Çox qürurluyduq, 24 saat ac qalsaydıq da, kimsəyə hiss etdirməzdik. O qədər ac qaldığımız vaxt olub ki… Soğanı doğrayıb üstünə nar sıxıb çörəklə elə yeyirdik, sanki dünyanın ən ləzzətli yeməyi idi. Tələbə vaxtı bütün tələbələrin ən sevimli yeməyi kartof qızartması bizim evdə də tez-tez bişirilərdi. Özü də ətri 3-4 ev o tərəfə gedən semiçka yağı ilə qızardardıq”.

 

Yoxluğu da, varlığı da görmüşəm”

 

İndi T.Rüstəmxanlının qız övladı arada ona anasının yığımcıl olmasınınu, nəyisə atmağa əlinin gəlməməsinin səbəbini soruşur: “Deyirəm, “qızım, mən yoxluğu da, varlığı da görmüşəm”. Gecə ən çox etdiyim dualardan biri budur ki, “Allahım, sən heç zaman məni və övladlarımı namərdə möhtac etmə. Bu, məni hər zaman narahat edən bir hiss olubonun üçün dua etmişəm. Həmişə çalışmışam ki, övladlarım namərdə möhtac olmasın. Onlar da sağ olsunlar, heç vaxt bizim başımızı aşağı etməyiblər”.

 

Lalə MUSAQIZI

Kaspi.-2014.-13 iyun.-S.21.