“Xalçanı toxuyub bitirdikdə ruhum təzələnir” – Sadə peşə adamı

 

Xalidə Pirquliyeva: “Xalça yaxşı alınanda xalçaçının da üzü olur

 

Xalçaçılıq milli mədəni tarximizdə önəmli yerlərdən birini tutur. Hətta bu sənət bizdə o qədər inkişaf edib ki, xalçaçılıq Azərbaycan xalqının rəmzlərindən sayılır. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal PaşayevinBir gəncin manifesti” əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən “İtə ataram, yada satmaram” məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunun bariz nümunəsidir. Xalçaçılıqdan danışarkən onları əllərinin zəhməti ilə toxuyan peşə adamlarını unutmamaq mümkün deyil. Sirr deyil ki, xalçaçılıq həm də onu bilən, araşdıran, toxuyan sənətkarların zəhmətləri hesabına qorunur, inkişaf edir. Müsahibimiz də məhz belə insanlardandır.

 

Sənəti anamdan öyrəndim

 

Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Xalidə Pirquluyeva gənc olmasına baxmayaraq, 16 ildir ki, bu sənətlə məşğuldur. Hazırda “Azər-ilmə” xalçaçılıq şirkətində çalışan müsahibimiz deyir ki, gözünü açandan anasının bu sənətlə məşğul olduğunu görüb: “Xalçaçılıq qədim və gözəl sənətdir. Qobuda xalçaçılıq məktəbi olduğu üçün orada bu sənət heç kimə yad deyil. Sakinlərin əksəriyyəti az da olsa, xalça toxumağı bacarır. Bizim ailəmizdə də anam tez-tez xalça toxuyur. Gözümü açandan anamın yanında əyləşərək onun gördüyü işlərə baxırdım və bu, mənə zövq verirdi. Anam demək olar ki, mənə xalçaçılıq sənətinin sirlərini öyrətmişdi”.

Həmsöhbətimiz orta məktəbi bitirdikdən sonra bu sənəti professional şəkildə öyrənmək və çalışmaq üçün məşhur xalça şirkətlərindən birində şagird kimi öyrənməyə başlayıb: “Anamın yanında xalçaçılıq sənətinin sirlərini öyrəndiyim üçün şagirdlik müddətim çox az oldu. Bir həftədən sonra həmin şirkətdə professional xalçaçı kimi çalışmağa başladım. Daha sonra “Azər-ilmə” xalçaçılıq şirkətinə işə düzəldim. Artıq göz oxşayan, insanın ruhunu oxşayan xalçaları burada toxuyuruq”.

 

Xalçaçı riyaziyyatı bilməlidir

 

Bu sənətin sirlərindən danışan həmsöhbətimiz deyir ki, yaxşı xalçaçı olmaq üçün mütləq riyaziyyatı yaxşı bilməlisən: “Xalçaçılıqda iləmələr sayla toxunur. Onun enini, boyunu düzgün qurmaq lazımdır. Əgər hesablamada azca qüsur varsa, həmin xalça yararsız olur və yaxşı görünmür. Mən xalçaya naxışlar vurmağı anamdan öyrənmişdim. O, həmişə mənə deyirdi ki, naxışlar çox dəqiq və düzgün qurulmalıdır”.

Xalçanın toxunması prosesindən danışan müsahibimiz deyir ki, bu sənət insana nə qədər zövq versə də, bir o qədər də çətinliyi var. Xalidənin sözlərinə görə, xalçanın toxunmasında bütün mərhələlər həm önəmli, həm də məsuliyyətlidir. Bu zaman toxucudan maksimum diqqət tələb olunur: “Xalçanı toxumağa başlayanda ilmələrdən sünbül toxunur. Bu zaman çox diqqətli olmaq lazımdır. Çünki sünbülü nə qədər diqqətlə və dəqiqliklə toxusaq, xalçanın ardı da eyni dəqiqliklə toxunacaq. Xalça toxuyan zaman orta ilməni tapmaq çox vacibdir. Xalçanı yarı edəndə həyəcan azalır. Bitdikdən sonra isə, insan öz işini görüb çox sevinir. Zəhmətinin bəhrəsini görmək insana xüsusi zövq verir. Toxucu xalçaya cavabdeh insandır. Xalça yaxşı alınanda xalçaçının da üzü olur”.

 

İşimdən heç vaxt bezməmişəm

 

Hər gün saat 8-dən 6-ya kimi çalışan müsahibimiz deyir ki, o, bəzən evlərində sifariş qəbul edirxalça toxuyur: “Bəzən anamla birlikdə evdə xalça toxuyuruq”.

Xalidə deyir ki, sənətini o qədər sevir ki, 16 ildə bir dəfə olsun işindən bezməyib: “Xalçaçılıq mənə xüsusi zövq verir. Düşünürəm ki, sənətindən bezən, yorulan insanlar sənətini sevməyən insanlardır. Mən xalça toxumaqdan zövq alıram. Onu kimi yox, sevdiyim hər hansı məşğuliyyət kimi görürəm. Xalçanı toxuyub bitirdikdə sanki ruhum təzələnir. Sonar da əl işimə baxıb fərəhlənirəm”.

Müsahibimizin sözlərinə göeə, əsas məqsədi bu sənəti inkişaf etdirmək və qoruyub saxlamaqdır: “Hər kəs ali təhsil ardınca qaçır. Düzdür, həvəsi olan, sevdiyi işi görə bilən üçün ali təhsil almaq önəmlidir. Amma xalçaçılıq da incəsənətdir, bunu da inkişaf etdirmək lazımdır. Bizim ailəmizdə mən anamdan öyrəndiyim kimi, balaca bacım da sənətin sirlərini məndən öyrənir. Biz gənc olaraq çalışırıq ki, qədim tarixi olan bu sənəti yaşatmaq üçün əlimizdən gələni edək”.

 

Əl əməyi, yoxsa maşın?

 

Müsahibimiz deyir ki, əl, insan əməyi ilə toxunan xalçaların yerini heçvermir. Həm keyfiyyətinə, həm də gözəlliyinə görə əl işi olan xalçalar digər xalçalardan seçilir: “Əl ilə toxunan xalçalarda, kilimlərdəki gözəllik, istilik başqa xalçalarla müqayisə oluna bilməz. “Azər-İlmə”də biz daha çox yun xalçalar toxuyuruq. Belə xalçalar sağlamlığa xeyirdir. Bu sənətdən başı çıxan adamlar bilir ki, yun xalça olan evdə toz olmur; yun xalça tozu özünə çəkdiyindən, otağın havası həmişə təmiz qalır. Birki, təbii boyalarla rənglənmiş iplərdən toxunan xalçalar çox möhkəm olur”.

Müsahibimiz adi xalça ilə əl ilə toxunanı fərqləndirməyin yollarından da danışdı. Onun sözlərinə görə, əsasən xalçaçılar onun necə toxunduğuna baxan kimi fərqləndirə bilir: “Əl xalçalarını toxumaq böyük zəhmət və məsuliyyət tələb edir. Onun bir ədədinin kvadratını toxumaq üçün günlərlə vaxt sərf edilir. Əlbəttə ki, burada sıxlıq da nəzərə alınır. Maşınla isə bir günə bir neçə xalça toxumaq mümkündür. Hazırda İrandan, Türkiyədən Azərbaycana maşınla toxunulan xalçalar gətirilir. Ucuz olduğu üçün evlərdə ən çox bu xalçalardan istifadə edilir. Həmin xalçalaraın arxasına baxan kimi bilinir ki, sıx deyiltez xarab olur. Amma əl ilə toxunan xalçaların keyfiyyətini bilən müştərilər də az deyil. Belə müştərilər bəzən mənə toxumaq üçün cehizlik xalçalar sifariş verir”.

Məlumat üçün bildirək ki, Azərbaycan xalçası 2010-cu ilin noyabrında UNESCO-nunQeyri-Maddi Mədəni İrs” siyahısına salınıb.

 

Aygün ƏZİZ

Kaspi.-2014.-13 iyun.-S.20.