Alimin elm adlı
əmanətə xəyanəti qəbuledilməzdir
Ərəb dilində "güvənmək, qorxu və əndişədən əmin olmaq" mənasında olan "əmanət" kəlməsi "xəyanət"in ziddi kimi işlədilir. Qurani-Kərimdə "əmanət" sözü iki ayədə ismin tək, dörd ayədə isə ismin cəm formasında işlənmişdir. Quranda eyni kökdən törəyən müxtəlif isim və feil qəlibləri də vardır. "Allah sizə əmanətləri mütləq öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Doğrusu, Allah bununla sizə nə gözəl öyüd-nəsihət verir! Əlbəttə, Allah haqqı ilə eşidəndir, haqqı ilə görəndir!" (ən-Nisa, 4/58) ayəsində əxlaq və hüququn başlıca prinsiplərindən olan əmanət və ədalət anlayışları yanaşı verilmişdir.
İnsan Allah-Təalanın əmanətini daşıyan yeganə varlıqdır. Məhz buna görə də bütün məxluqat üzərində hökm və sərəncam vermə səlahiyyəti insana verilmişdir. İnsan bu səlahiyyəti nə qədər mükəmməl şəkildə yerinə yetirərsə, bir o qədər çox savab qazanar. Əmanətlə hakimiyyət bir-biri ilə əlaqəli olduğundan, ayədə öncə əmanət, sonra isə ədalətlə hökm etmə əmr edilmişdir. Etibarlı olmayan şəxsin ədalətli olmasını düşünmək əbəsdir.
Rəbbinə qarşı əmanətə riayət edən bir şəxs Allahın hökmlərinə və ilahi qanunlara riayət etmiş olur. Bu, bütün bədən üzvləri ilə əlaqədar vəzifələrimizlə birbaşa bağlıdır. Çünki insanın hər bir bədən üzvü ona verilən əmanətdir. Əmanəti yerli-yerində, Allahın rzasına uyğun şəkildə istifadə etmək, qorumaq lazımdır. Əks təqdirdə əmanətə xəyanət edilmiş olar.
Din və dünya işlərində ən doğrunu seçmək və zərərli olandan uzaq durmaq insanın özünə qarşı etibarlılığından xəbər verir. İnsanlara qarşı əmanət sahibi olmaq onların haqq və hüquqlarını qorumaq, ətrafa ziyan vurmamaq, insanları aldatmamaqdır. Məmurların xalqla ədalətli davranması, alimlərin insanları haqq yola, doğru etiqada və səhih əməllərə sövq etməsi, bir sözlə cəmiyyətdə xəyanətdən uzaq durulması əmanətin vacib şərtlərindəndir.
Gördüyümüz kimi, əmanət mövzusunda məmurla alimin adı yanaşı çəkilir və İslamda alimlərin idarəçilərə tövsiyədə bulunmasından bəhs edən bir çox hədislər də mövcuddur. Bundan çıxış edərək deyə bilərik ki, məmuriyyət də, alimlik də bir əmanətdir, yəni vəzifə və yüksək elmi titulları daşımaq böyük bir öhdəlik və məsuliyyət doğuran əmanətlərdir. Əmanətə xəyanət nifaq əlamətidir. Təbii ki, söhbət alim desinlər deyə oxuyub-oxudanlardan, yaxud yalan-yanlış köçürüb alim olanlardan getmir.
"Şübhəsiz, biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Fəqət onlar ona yüklənmək istəmədilər, məsuliyyətindən qorxdular. Nəhayət, onu insan yükləndi" (əl-Əhzab, 33/72) məalındakı ayə haqqında müxtəlif təfsirlər verilmişdir. Burada əmanətin "əqli və fiziki qabiliyyətlər, mərifətullah, dini vəzifələr, oxuma-yazma" kimi mənalarda işləndiyi irəli sürülmüşdür. Təbəri bu ayədəki əmanətin Allahın qullarına göndərdiyi haqq din, bu dinin yüklədiyi vəzifə və hökmlər olduğunu ifadə edən bir çox rəvayətlər nəql etmişdir. Sonra o, ayədəki əmanətlə həm dini vəzifə və öhdəliklərin, həm də insanlar arasındakı əmanətlərin, yəni bütün əmanət növlərinin nəzərdə tutulduğunu ifadə etmişdir (Camiu-l-bəyan, XII, 53-57). Zəməxşəri və Fəxrəddin ər-Razi kimi bəzi müfəssirlər buradakı əmanətin "öhdəlik" mənasına gəldiyini irəli sürürlər. Onların fikrincə, birini bir şeyə yükümlü etmək həmin şəxsdən öz təbiətinə zidd davranmasını tələb etmək deməkdir. Ayədə göylərin, yerin və dağların qəbul etmədiyi əmanət budur. Çünki insan istisna olmaqla, bütün varlıq növləri yaradıldıqları məqsəd istiqamətində hərəkət etmək durumunda olub, öz təbiətlərinə zidd davrana bilməzlər. Hətta mələklərin ibadətləri belə hər hansı bir öhdəliyin nəticəsi olmayıb onların öz təbiətlərinin bir gərəyidir (əl-Kəşşaf, III, 276-277). Bu minvalla ilk dövr müfəssirlərindən etibarən bir çox alim sözügedən ayədəki əmanəti dünyada öz bioloji təbiətinə zidd işlər görə bilən yeganə varlıq mövqeyində olan insana yönəldilmiş öhdəliklər, yaxud ona öhdəlik daşımaq özəlliyi qazanadıran ağıl mənasında yorumlanmışdır.
Rəsuli-Əkrəm buyurur: "Münafiqin üç əlaməti vardır: Danışanda yalan danışar, söz verib əməl etməz, bir şey əmanət edildikdə xəyanət edər" (Buxari, İman 24; Müslim, İman 107-108).
Münafiq zahirən özünü müsəlman kimi göstərib qəlbən Allahı inkar edən şəxsdir. Hədisdə sadalanan üç əlamətdən birincisi, yəni yalan söyləmək sözün yanlış olmasına; ikincisi, yəni vədindən dönmək niyyətin pozğunluğuna; üçüncüsü, yəni xəyanət isə hərəkət və davranışın zədələnməsinə dəlalət edir.
Hz.Əli (ə.) xalqı aldatmaq üçün elm öyrənənləri şiddətlə qınamışdır: "Özünü göstərmək və cahillik ucbatından elm axtaranlar öz əməlləri ilə başqalarını narahat edərlər. Onlar zahirən Allahdan qorxan kimi görünsələr də, heç bir zahidlik əlamətlərinə sahib olmazlar. Xalqı aldatmaq üçün elm öyrənənlər həmkarlarının önünə keçib səs-küy salar, özlərindən aşağı saydıqları, lakin zəngin olan adamlara yalmanar, həmin insanların hesabına dolanaraq dinlərini satarlar".
Müxtəlif auditoriyalarda, televiziya ekranlarında, efirdə və digər yerlərdə insanlara haqqı, düzgünlüyü vəz edən "alimi-kəbir"in dediklərinə əməl etməməsi onun riyakarlıq etməsinə yol açır, yəni bu davranış onun həm özünü, həm də elmini təkzib etmək mənasına gəlir. Bu vəziyyət insanın şəxsiyyətindəki ziddiyyət və xarakterindəki ciddi qüsurdan xəbər verir. Əlbəttə, ağlı-başı yerində olan alim özünü belə duruma salmaz. Çünki insanlar, vəz edən alimin dediklərinə özünün əməl etmədiyini gördükdə, söylənənlərin əsassız, yaxud əhəmiyyətsiz olduğu qənaətinə gələ bilərlər. Füzulinin aşağıdakı beyti bunu əyani şəkildə ortaya qoyur:
Vaizin küfrün mənim rüsvalığımdan qıl qiyas,
Anda sidq olsaydı, mən təqva şiar etməzmidim?
İnsan istəyər ki, söylədiyi sözün qiyməti, etdiyi nəsihətin digərlərinə təsiri olsun. Di gəl ki, vaizin, yaxud alimin özünün riayət etmədiyi gəlişigözəl sözlər, ibrətli nəsihətlər kimə müsbət təsir edə bilər?
İslam dini birmənalı olaraq sözü ilə əməli düz gəlməyən, şan-şöhrət, nüfuz və mənsəb dalınca qaçan, aldadan, özündən razı, təkəbbürlü, fəndgirliklə elmi ictimaiyyəti çaşdırıb cəmiyyətdə yüksək mövqe tutmuş alimin dövlət və cəmiyyət üzvləri üçün təhlükə mənbəyi olduğunu vurğulayır. Qurani-Kərimdə buyurulur:
"Siz Kitabı oxuyub insanlara yaxşı işlər görməyi əmr etdiyiniz halda, özünüzü necə yaddan çıxarırsınız? Məğər heç zərərini anlamırsınız?" (əl-Bəqərə, 2/44).
Həqiqi alimlər bütün dövrlərdə ümmətə yol və yön göstərmiş, cəmiyyəti yanlış yola düşməkdən qorumuş, lazım gəldiyi məqamlarda idarəçiləri ayıq-sayıq salma funksiyasını yerinə yetirmişdirlər. Alimlərə hər zaman ciddi ehtiyac duyulmuşdur. Ümmətin üzərinə düşən vəzifə isə alimlərə sayğı göstərmək, hətta onlara tabe olmaqdır. Təbii ki, söhbət gerçək alimdən gedir. Müxtəlif yollarla yüksək elmi titullara sahib çıxan, əməli surətdə dövlət və millətin işinə yaramayan, dili şirin, qəlbi kin-küdurətlə dolu, intriqabaz, yaşadığı cəmiyyətin və dövlətin bütün imkanlarından faydalandığı halda, işə və məsuliyyətə gələndə "mənə nə var" deyib bütün məsuliyyəti dövlət rəhbərlərinin üzərinə atan, laübalı həyat sürən, elmi diskussiya mühitini məhv edən alimlər istisnadır. Belələrinin tutarsızlığı ifşa olunmalı və cəmiyyətə mənfi təsirlərinin qarşısı vaxtında alınmalıdır. Möminlərə yalan danışmaq, verdiyi sözə əməl etməmək yaraşmadığı kimi, ədəbi oğurluq da yaraşmaz. Çünki bu, vüqar və şəxsiyyətə zidd davranış olub mənsub olduğu xalqı aldatmaq və aşağılamaq mənasına gəlir. İmanın təməllərindən olan vüqar və şəxsiyyətə zidd davranışın aqibəti isə ziyan və peşmançılıqdır. Əmanətə xəyanət bağışlanılmazdır.
İdris Abbasov
Kaspi.-2014.-14-16 iyun.-S.6.