Musiqinin danışdığı ünvan
Milli Konservatoriyanın prorektoru:
“Ağlı yerində olan ifaçı
dünyanın ən xoşbəxt insanıdır”
Musiqi ruhun qidası, canın dərmanıdır deyib atalarımız. Xalqımızın musiqi mədəniyyəti hər zaman diqqət mərkəzində olub və yetirdiyi dünya şöhrətli musiqiçilərlə anılıb. Biz də bunu nəzərə alaraq, musiqini tədris edən, istedadlı musiqiçilər yetişdirən məkandan - musiqinin danışdığı ünvandan reportaj hazırlamaq qərarına gəldik. Beləliklə, Azərbaycan Milli Konservatoriyasına yollandıq.
Musiqi alətləri ilə imtahan hazırlaşan tələbələr
İmtahan ərəfəsi olduğundan bütün ali təhsil müəssisələrində olduğu kimi, burada da tələbələr dəhlizlərdə imtahanın başlamasını gözləyir və həyəcanla müzakirələr aparırdılar. Bu müəssisənin digər təhsil müəssisələrindən fərqi odur ki, burada tələbələrin əksəriyyəti qələm-kağızla yox, öz musiqi alətləri ilə notlar tutaraq imtahana hazırlaşırdılar.
Dəhlizlərdə kimisi səsinin açılması üçün mahnı oxuyur, kimisi kənarda əyləşib tarını dilləndirir, kimisi də imtahan stressindən qurtulmaq üçün yoldaşları ilə söhbət edirdi.
Tələbələri müşahidə edərkən gözümüz qapının yanında əyləşib qədim musiqi alətlərimiz qanunda ifa edən qıza sataşdı. Universitetdə o qədər tələbənin olmasına baxmayaraq, kənarda öz alətini çalışdıran tələbəyə yaxınlaşdıq. Söhbət əsnasında məlum oldu ki, Şövkət Mirzəyeva konservatoriyanın 4-cü kurs tələbəsidir. Onun sözlərinə görə, 5-ci sinifdən bu alətdə ifa etməyə başlayıb: “Alətin spesifik xüsusiyyətləri məni özünə cəlb etmişdi. Ailəmin dəstəyi ilə musiqi məktəbinə daxil oldum və bitirdikdən sonra konservatoriyada oxumağa başladım. Əsas məqsədim bu qədim aləti xalqımıza yenidən sevdirmək və inkişaf etdirməkdir. Aləti sevdirmək üçün digər musiqi alətləri ilə sintez edərək ifa edirik”.
Müəyyən konsertlərdə iştirak edən həmsöhbətimiz deyir ki, bu zaman başlarına gülməli hadisələr də gəlir: “Dövlət tədbirlərindən birində 3 qız ifa etməyə hazırlaşırdıq. Qızlardan biri də mən idim. Lakin 3 oğlan səhv olaraq səhnəyə çıxdı və onları qızların adı ilə təqdim etdilər. O qədər gülmüşdük ki...”.
“Musiqimizi
dünyaya tanıdacağıq”
Şövkəti musiqi aləti ilə baş-başa qoyub digər otaqlara yollanırıq. Konservatoriyada elə ab-hava var idi ki, insan özünü ali təhsil müəssisəsində yox, hansısa konsertdə hiss edir. Sanki, divarlardan belə, musiqi tonları eşidilir. Tələbələrin əllərində çalğı alətlərini gördükdə özümüzü hansısa orkestrın qarşısında hiss edirdik.
1-ci kurs tələbəsi Çinarə İsgəndərova kamança ifaçısıdır. Deyir ki, anası kamança müəlliməsi olduğu üçün bu sənətin sirlərini ona öyrədib: “İkinci sinifdən etibarən kamançada ifa edirəm. Anamın köməkliyi ilə bu çalğı alətini çox sevirəm. Kamançanın səsi ruhumu dincəldir. Əsas məqsədim bu alətin mükəmməlliyini öyrənmək və gələcəkdə tanınmış kamança ifaçısı olmaqdır”.
Onunla birlikdə çalışan Səmray Əliyeva isə 3-cü kurs tələbəsidir. Səmray uşaq yaşlarından rəqs ilə musiqini bir yerdə aparır. O, iki yaşından musiqiyə və rəqsə maraq göstərib, 4 yaşından isə, “Cücələrim” rəqs ansamblına üzv olub: “Mən həm rəqs, həm musiqi, həm də fortopiano təhsili almışam. Əsas məqsədim musiqimizi inkişaf etdirmək və dünyaya tanıtmaqdır. İyul ayından etibarən bizim Berlin, Köln, Vayner şəhərlərinə səfərlərimiz olacaq və musiqimizi orada təmsil edəcəyik”.
Ən mükəmməl
sənət...
Reportaj hazırlayarkən konservatoriyanın təhsil işləri üzrə prorektoru Akif Quliyevlə danışmaq imkanımız oldu. Akif müəllim deyir ki, konservatoriyada tələbələr arasında daha çox ifaçılıq sənətinə axın var: “ Təbiidir ki, daha çox məşhurlaşma imkanı ifaçılıq sənətindədir. Bütün dünyada olduğu kimi, bizdə də vokal, xanəndəlik sənəti öndədir. İfaçılıq həqiqətən ən mükəmməl musiqi alətidir. Bunu bacaran insanın ağlı yerində olsa, özünü idarə etməyi bacarsa, dünyanın ən xoşbəxt adamı olar. Amma istedadı var, ağlı yoxdursa o, uğur qazana bilməyəcək. Bu səbəbdən xanəndəlik sənətinə axın böyükdür”.
Mikrofonsuz oxuyaraq yer tutan tələbə
Artıq imtahanların bir qismi başlamaq üzrə idi. İmtahan otaqlarına yollanan tələbələr öz yerlərini tutmuşdular. Dəhlizdə öz yoldaşları ilə qızğın müzakirələr aparan Vaqif Hüseynov diqqətimizi çəkdi. O, konservatoriyanın milli vokal ixtisası üzrə təhsil alır. 2-ci kursda oxuyan həmsöhbətimizin dayıları xanəndə olduğu üçün onda da bu sahəyə maraq yaranıb: “Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra konservatoriyaya daxil oldum. Əsas məqsədim vokalın dərinliklərinə yiyələnib milli musiqimizi xaricdə təmsil etməkdir”.
Vaqif istər rayonlarda, istərsə də paytaxtda bir çox müsabiqələrdə iştirak edib və müəyyən yer tutub. Ən maraqlı hadisə isə mikrofonsuz oxuyaraq 1-ci yerə çıxması olub: “Bir dəfə rayonlardan birinə konsert verməyə getmişdik. Səhnədə ifa edərkən işıqlar söndüyü üçün mikrofonsuz oxumaq məcburiyyətində qaldıq. Səsim güclü olduğu üçün mikrofonsuz ən yaxşı mən oxumuşdum və 1-ci yerə layiq görülmüşdüm”.
Ömrü 3 gün olan musiqilər
Məktəb illərində ən maraqlı hadisələrdən biri də Bəbir Mahmudovun başına gəlib. Tar çalğı alətində ifa edən həmsöhbətimiz konservatoriyanın ikinci kurs tələbəsidir. O, bu sənətə təsadüfi gəlməyib. Musiqiçi ailəsində doğulan Bəbir deyir ki, gələcəkdə məşhur musiqiçilərdən olmaq istəyir. Maraqlı hadisəyə gəldikdə isə həmsöhbətimiz deyir ki, Asəf Zeynallı adına musiqi kollecində oxuyarkən xəstə olduğu üçün önəmli dərslərdən birinə gedə bilməyib. Bu zaman onu əkiz qardaşı əvəzləyib: “Bu kollecdə dərsə gəlməmək mümkün deyildi. Lakin xəstə olduğum üçün gedə bilmirdim. Vəziyyətdən çıxmaq üçün əkiz qardaşımı dərslərə yolladım. O, mənə çox bənzədiyi üçün müəllimlərimiz mənim dərslərə qatılmadığımı başa düşməmişdi”.
Tələbələrlə söhbət əsnasında son zamanlar gənclər arasında geniş yayılan bayağı musiqiləri də müzakirə etdik. Tələbələr deyir ki, bu mahnılar gənclər arasında məşhur olsa da, belə musiqiləri ömrü 3 gündür. Onlar düşünür ki, gənclərin belə musiqilərə qulaq asmalarının səbəbi musiqi savadlarının olmamasından irəli gəlir.
Aygün ƏZİZ
Kaspi.-2014.-13 iyun.-18.