Baş redaktorlar
Flora
XƏLİLZADƏ,
əməkdar
jurnalist
Jurnalist olmaq həvəsinə düşdüyüm gündən yazılarım qəzet və jurnallarda dərc edildikcə fərəhim köksümə sığmazdı. Doğrudur, o yazılar çox kiçik olardı, amma sevinci böyük idi. Bir kənd məktəblisi nədən yaza bilərdi ki?! Yeni yolun çəkilməsindən, kitabxanadan, məktəbdən, yubileydən, yaşlı müəllimlərindən və s. İlk yazılarımın redaktəsini kitabxanada işləyən bacım edərdi. İndi o günlərdən 40 ildən artıq vaxt keçir. Əməkdar jurnalistəm ( mən bunu çox qürurla dilə gətirirəm. Bəlkə bəziləri bu fəxri adı bəyənməyərək işlətmirlər. Əslində onların özləri o ada layiq deyillər-F.X.), 20-yə yaxın kitabın müəllifiyəm, hazırda İctimai Televiziyada öz sənətimlə məşğulam. Amma uzun illər müxtəlif mətbuat orqanlarında çalışmışam. Yaddaşıma dərin iz salan, həyatım boyunca tez-tez xatırladığım baş redaktorlarla işləmişəm. Dönə-dönə ehtiramla xatırladığım, tövsiyyə və məsləhətlərini unutmadığım, yaratdıqları məktəbdən həmişə bəhrələndiyim baş redaktorlar da olub, heç yadıma salmaq istəmədiklərim də... Təbiətdəki təzadlar həyatda da var. Pislərin mövcudluğu yaxşıları sevmək üçündür.
Yadımdadı qardaşımla Bakıya gəlmişdim. O vaxtlar “Azərbaycan gəncləri” qəzetinin nəzdində “Müjdə” ədəbi birliyi fəaliyyət göstərirdi. Uşaqlıqdan şeirə marağım vardı. Bu istəyimi nəzərə alan qardaşım məni birliyin məşğələsinə apardı. O vaxtdan çox il keçib, amma yadımda iki şəxsiyyətin siması əbədi həkk edilib: şair Xəlil Rza və gənclər qəzetinin redaktoru Qəşəm Aslanov. Həvəskarlar bədii yazılarını oxuyur, yaşlı insanlar da onların barəsində öz fikirlərini söyləyirdilər. Qəflətən mənim adımı çağırdılar: “Məclisdə Ermənistanın Sisian rayonunun Urud kəndindən gəlmiş bir qonağımız var. Hələ məktəblidir. Qardaşı deyir ki, şeir yazır. Flora Xəlilova...” Necə həyəcanlandım, bir Allah bilir. Birinci dəfəydi ki, belə bir auditoriyada şeir oxumalı oldum. İlk sözü Xəlil Rza söylədi. Yadımda bu tövsiyəsi indiyə kimi qalıb: “Sən şair olacaqsan, soyadını mütləq Xəlilbəyli yaz”. Kimsə söz atdı: “Xəlilzadə də olar”. Çox sonradan bildim ki, o, şair Tofiq Bayram imiş. Qəşəm Aslanovun fikirləri isə mənə əməlli-başlı qol-qanad verdi. “ Çox kitab oxu, təbiəti diqqətli seyr et və məcburi yazma, yazmağa məcbur ol!” O vaxt qardaşım bu sözləri bloknotuna yazmışdı. Sonradan mən dəftərçəmə köçürdüm. İllər keçdi. “Azərbaycan təbiəti” jurnalında işlədiyim vaxtlarda Qəşəm Aslanov redaksiyamıza zəng edib yazılarım barəsində xoş sözlər deyərdi. Bir neçə dəfə də mənimlə danışmışdı. Hətta məni rayona məsul vəzifəyə də dəvət etmişdi. O zaman Qəşəm Aslanov İsmayıllı da rayon partiya komitəsinin I katibi vəzifəsində çalışırdı. Qeyrətli, həssas və böyük ürək sahibi idi. Abşeron rayonunda çalışdığı illərdə də o qələm sahiblərinə diqqətlə yanaşardı. Sonralar bildim ki, Qəşəm müəllim özü də “Eloğlu” imzası ilə şeirlər yazırmış.
Universitetdə oxuduğum illərdə “Bakı”, “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev bizə jurnalistikanın əsaslarından dərs deyirdi. Dövrün tələbləri həmin fənnin mahiyyətini təşkil edirdi. Bu fəndəki yoruculuq, darıxdırıcılıq məhz Nəsir müəllimin ustalığı, məharəti, şirin diksiyası nəticəsində aradan götürülürdü. Hərdən duzlu-məzəli danışığı, zarafatları da olardı. Sonralar anladıq ki, ustad müəllimimiz bu pauzaları sadəcə gülüş xatirinə yox, bizi diqqətli olmağa, ona qulaq asmağa görə yaradırmış.
Universiteti bitirdikdən sonra da Nəsir müəllimlə həmişə əlaqə saxlayardıq. Bu böyük şəhərdə bizim hamımızın hamisi məhz Nəsir İmanquliyev idi. Heç yadımdan çıxmaz, oğlumun getdiyi bağçadan bir müəllimə haqqında material hazırlamışdım. Nədənsə işlədiyim qəzetdə dərc etmədilər. Sıxıla-sıxıla Nəsir müəllimin yanına getdim. Katibədən onu soruşdum. Kabinetin qapısı açıq olduğundan səsimi eşidərək dərhal çağırdı: “ İçəri gəl, qızım. Soruşmaq nə lazım, mən burdayam”. Məni təəccübləndirən, bilirsiniz nə oldu? O, uzun bir stolun arxasında əyləşmişdi. Dərhal ayağa qalxaraq qapıya tərəf gəldi, mənimlə görüşdü. Öz kreslosunda deyil, üzbəüz əyləşdik. Dərhal çay gətirtdi. Məni sorğu-suala tutdu, ailə vəziyyətimlə, dolanışığımla, maddi durumumla maraqlandı. O qədər məlhəm, isti söhbət qurdu ki, sanki suallarına cavab verdiyim nə vaxtsa mənə dərs demiş müəllimim yox, doğma atam idi. Kirayədə yaşadığımı biləndə çox mütəəssir oldu. “ Bizdə tez-tez çıxış elə, sənə yaxşı qonorar da yazarıq”. Bu, adi sözlər deyildi. Nəsir İmanquliyevin mənəvi zənginliyindən xəbər verirdi. Aydındır ki, Nəsir İmanquliyevin Azərbaycan mətbuatının inkişafında çox böyük rolu var. Bununla bərabər, Nəsir İmanquliyev yetimlər atası, kasıblar dostu idi. Halbuki o, elə bir qəzetə rəhbərlik edirdi ki, hər gün neçə-neçə çinli məmurla görüşür, onlarla oturub-dururdu. Amma bir dəfə də biz onu sadəliyindən yenən, özünü yuxarı tutan görmədik. Nəsir İmanquliyev millətini, vətənini sevən, onun ən adi vətəndaşına da canıyananğısı ilə yanaşmağı bacaran böyük şəxsiyyət idi. İndi belə adamlar çox azdır. Nəsir İmanquliyev insanlara yaxşılığı çəkinə-çəkinə edirdi. İstəyirdi ki, qaşısındakı onun bu niyyətini duymasın. Təmənnasızlıq onun həyat meyarı idi.
Ötənlərə boylandıqca, həm tələbəlik, həm də qəzetdə çalışdığım ilk illəri xatırlayaraq bizim unudulmaz müəllimimiz, həmkarımız olmuş baş redaktorun o qədər nəcib əməllərini, xeyirxahlıqlarını yada salıram ki... Hansı məziyyətindən söz açım? Duyduğum budur ki, Nəsir İmanquliyev kimi şəxsiyyətlər həmişə doğulmurlar. Nə yaxşı ki, belə insanları yaxından görmüşük. Bizlər də onun nəinki müasiri, həm də tələbələri olmuşuq. Yetər ki, Nəsir İmanquliyevin adı çəkilsin. Adamın ürəyinə bir işıq gəlir. Bu nurun selində unudulmaz müəllimimizi ehtiramla yad edirik.
Universiteti bitirdikdən sonra ilk iş yerim “Azərbaycan təbiəti” jurnalı oldu. Bir gənc jurnalist kimi bəxtim onda gətirdi ki, böyük şəxsiyyətlərlə bir yerdə işləmək qismətimə yazildı. Bu dərginin baş redaktoru akademik Həsən Əliyev, redaktoru Məmməd Araz idi. Mənim bu redaksiyada işləməyimin qəribə tarixcəsi var. Təyinat aldığım redaksiyada məni dərhal işə götürmədilər. Pullu məzunlardan kimsə fərasətli çıxmışdı. İşsiz-gücsüz şəhər yerində yaşamağın çətinliyi məni çox sıxdı. Dilimin əzbəri olan misralar dövrün təzadlarını əks etdirirdi:
Bir ata həsrəti sinəmdə ocaq,
Hissimdə, duyğumda od qalayıbdır.
Mən indi bildim ki, atasızların
Qəlbində nə qədər arzu yanıbdır.
Günlərin birində yaxın qohumumla Həsən Əliyevin yanına getdik. O vaxt mənə demişdilər ki, “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində boş yer var, amma gərək yuxarıdan kimsə tapşıra. Həsən müəllim qohumuma diqqətlə qulaq asdı, qəzetlərdə dərc edilmiş yazılarıma baxdı. Xeyli söhbət etdik. Nədənsə yaman kövrəlmişdi. Elə yanımdaca həmin qəzetin redaktoruna zəng etdi. Təəssüf ki, söhbətləri alınmadı. Həsən müəllimin mülayim səsinə bir əsəbilik qatıldı:
-Mən bilirdim ki, sən uzaq dağ kəndindən gəlmiş, öz ağlı, savadı ilə oxumuş azərbaycanlı qızını işə götürməzsən. Sənə Tanya, Mariya, Varya lazımdır.
Doğrusu, çox pərt oldum. Dağ boyda kişini işə saldığıma peşiman idim.
Üzrxahlıq etmək məqsədilə dilləndim:
-Həsən müəllim...
-Qızım,
mənə “müəllim-filan” yox, sadəcə “əmi” de. Bilirsən nə var, gəl səni öz
jurnalımıza- “Azərbaycan təbiəti”nə işə
götürək. Sonrasına baxarıq.
Beləliklə, mən onun rəhbərliyi altında
çıxan jurnalda çalışdım. Yazılarımı
bəyənirdi. Qəribə xasiyyəti
var idi. Dərc edilən məqalələrinə,
çəkdiyi şəkillərə görə müəlliflik
haqqını- qonararı almazdı. Rayondan
ona göndərilən mer-meyvəni də redaksiyamıza
yollayardı.
İnsan var ki, gündəlik ruzi qayğısı ilə
çalışır, həyatı ancaq kiçik sevinclərdən
ibarət olur.
İnsan da var ki, onun bütün fəaliyyəti,
xidməti çətinliklərdən,
ağrı-acılardan, uzun illərin
çalışmalarından keçərək millətin,
xalqın xoş sabahına yönəlir. Həsən
Əliyevə görə Azərbaycan təbiəti Azərbaycan
torpağı demək idi. Bunların
ünsiyyəti isə Azərbaycan xalqının
varlığından xəbər verirdi. Ona
görə də mən özümü xoşbəxt
sayıram ki, gənclik illərimdə belə şəxsiyyətlərlə
işlədim. Onlardan çox şey
öyrəndim. Həsən Əliyevlə,
Məmməd Arazla bir redaksiyada çalışmaq iki dəfə
universiteti bitirmək demək idi. Mən
sonralar çox baş redaktorlarla işlədim. Əlbəttə,
nümunə olanları da az deyildi,
yazı boyu onları da xatırlayacam. Amma bir
etirafı etməsəm, çox günah olar ki, bu iki şəxsiyyəti
heç kimlə müqayisə edə bilmərəm. Hətta Həsən Əliyevə şeir də həsr
etmişdim. Böyüklüyünün
qarşısında zəif görünsə də gənc
bir qələm sahibinin etirafı və ehtiramı
baxımından məncə səmimi idi. Son bəndi belə
bitirdi:
Necə
kövrək ürəyin var,
Dünya
boyda diləyin var,
Xəzanda
da çiçəyin var,
Nur baharı Həsən əmi.
Nəhayət təyinat aldığım “Azərbaycan
müəllimi” qəzeti məni işə dəvət etdi. O vaxt “Azərbaycan təbiəti”
jurnalının ildə cəmi 4 sayı işıq
üzü görürdü. Mətbuat
orqanları da çox deyildi. Bu səbəbdən
də səmərəli fəaliyyət göstərmək
üçün qəzeti seçdim. On beş
ilə kimi bu qəzetin redaksiyasında müxbir, xüsusi
müxbir, şöbə müdiri vəzifələrində
çalışdım. Baş redaktorumuz
pedaqoji elmlər doktoru, professor Şahin Səfərov idi.
Sərt təbiətli bu redaktorun çox təmiz
ürəyi vardı. Hirsləndiyi,
narazı qaldığı adama qarşı kin saxlamazdı.
Bəlkə də o zaman biz onun bu məziyyətinin
fərqinə varmazdıq. Sonralar başqa
redaktorlarla işlədiyimiz zaman Şahin müəllimin necə
böyük qəlb sahibi olduğunu dərindən anladım.
Onunla bağlı iki xatirəni yazmaqla Şahin
müəllimin daxili aləminin necə zəngin olduğunu təsdiqləmiş
olaram. Qəzetdə təzəcə fəaliyyətə
başlamışdım. Həftədə
bir dəfə “letuçka”mız keçirilərdi. Növbəti məruzəçi mən idim. Qəzetdə ardıcıl olaraq baş məqalələr
dərc olunardı. İmza verilməzdi.
Təhlilə çəkdiyim baş məqalələrin
hamısını çox sərt tənqid etdim. Arada da məni təmin etməyən digər
yazıların da nöqsanlarını məhz Şahin müəllimin
sualları əsasında dilə gətirdim. Əməkdaşların qəribə sükutu,
baxışlardakı narazılıq məni sıxsa da
iclasdan sonra hər şeyi anladım. Şöbə
müdirinin təlaşla “Sən nə etdin, bütün tənqidi
redaktorun yazıları üzərində qurmuşdun...” Gənclik
enerjisilə, həm də özümü sındırmayaraq “ nə olsun, səhv demirdim ki...” söyləsəm
də daxilən pis olmuşdum ki, bütün işçilərin
önündə baş redaktoru bu şəkildə tənqid
etmək etikaya sığmırdı. Üstündən
bir neçə gün keçdi. Əməkdaşlardan
birinin evində əlamətdar gününü (Alimlik dərəcəsi
almaq üçün dissertasiya müdafiə etmişdi –F.X.)
qeyd edirdik. Məclisdə Şahin müəllim mənim
ünvanıma o qədər xoş sözlər dedi. Bir
cümləsi heç yadımdan çıxmır: “İnsan
gərək qurd ürəyi yeyə ki, öz baş redaktorunu
tənqid eləyə bilə. Bizim gənc
müxbirimiz Flora Xəlilzadə həm cəsarətlidir, həm
də istedadlı. Siz hamınız ona bir
təhər baxırdınız. Amma mənim
xoşuma gəldi. Çünki haqlı
idi.” O vaxt mən Hövsanda yaşayırdım. Bir gün işə gecikmişdim. Dəhlizdə Şahin müəllimlə
rastlaşdım. Çox qaşqabaqla,
acı sifətlə məni danladı. Heç
dinmədim. Bir müddətdən sonra məni kabinetinə
çağıraraq tanınmış bir professorla tanış etdi. “Sizin
haqqınızda məhz Flora xanım yazacaq. Gözəl qələmi var.” Bu
tarixçi alim Ziya Bünyadov idi. Məqalə
redaktorun xoşuna gəldi, yenə də yanına
çağıraraq mənə təşəkkür etdi.
Fürsətdən istifadə edərək o gün işə
gecikməyimin səbəbini izah etmək,
narazılığımı bildirmək istəyəndə
gülə-gülə dedi: “Guya mən bilmirəm həmişə
işə kimlər daha çox gecikirlər? Özləri
bilərlər. Sənə olmaz. Bilirsən niyə? Sən bu qəzetin bel
sütunusan...” Bu sözlərdən həm
utandım, həm də qürur duydum.
Respublika mətbuatında müntəzəm çap
olunurdum. Hətta mənə mövzular da təklif edilirdi.
Yadımdadı, “Azərbaycan gəncləri” qəzetinin
redaktoru Şamil Fərzəliyev mənə maraqlı insanlar
barəsində yazılar tapşırardı. O zaman bu qəzet
çox kütləvi idi. Əmək qəhrəmanı
Tərlan Musayeva haqqında bu qəzetə ilk dəfə mən
yazmışdım. Sonralar Şamil müəllim
“Kirpi” jurnalının redaktoru olanda da mənimlə əməkdaşlıq
etməyi unutmadı. Jurnalistlik fəalliyyətilə
yanaşı, Şamil müəllim tanınmış nasir
idi. Şamil Xurşid imzası ilə hekayə,
povest və romanlar yazardı. Fədakar və
həssas ziyalı idi. Onun vaxtsız ölümü
bizi çox yandırdı.
Baş redaktorlar arasında Xalidə xanım
Hasilovanın öz yeri var idi. Onun baş
redaktorluğu ilə çıxan “Azərbaycan qadını”
jurnalında müntəzəm çap olunardım. Ünsiyyətimiz dostluğa çevrildi. Hər gün yanına gedərdim. Bəzən vaxt tapmayan da məndən incidiyini bildirərdi.
Bir gün zarafatla dedim, elə məni də
işə götürün bir yerdə işləyək.
Bilirdim ki, boş yer var. Təəccüblə dedi: “Necə
götürüm, bir baş redaktor var onu da...”
Sözünü bitirməyə imkan vermədim, “ siz nə danışırsınız Xalidə
xanım, mən müxbir vəzifəsi istəyirəm” dedim.
“Yox, sən bura gəlsən gərək baş
redaktor olasan”. Bax, belə ürəyin və
düşüncənin sahibi idi Xalidə xanım. Gənclərlə işləməyi onlara şərait
yaratmağı çox sevərdi.
“Pioner” (
indi “Günəş”) jurnalının baş redaktoru Nəriman
Süleymanov, “Azərbaycan pioneri” qəzetinin rəhbəri
Əmrah Əmrahov, “Göyərçin “in naşiri Tofiq
Mahmud yaddaşıma dərin iz salmış qələm
sahibləridir. Mən bu mətbuat orqanlarına
daim yazılar göndərərdim. Fasiləyə
imkan verməzdilər, dərhal zəng edib yazı tapşırardılar.
Universitetdən sonra bizim əsil məktəbimiz
bax bu insansevər, peşəkar, təmannasız baş
redaktorlarla əməkdaşlıq etməyimiz oldu. Qoldan tutmağı, yaxşı yazıya yol
açmağı sevən bu insanlar indi haqq dünyasında
olsalar da yaxşı əməlləri həmişə
anılır, ehtiramla yad edilir.
İndiki “Ədəbiyyat qəzeti” o zaman “Ədəbiyyat
və incəsənət” adıyla çıxırdı. Xalq şairi Nəriman
Həsənzadə qəzetin baş redaktoru idi. Heç unuda bilmirəm, onun səhifələrində
yazımız dərc olunanda məhz Nəriman müəllim
özü bizə təşəkkür edirdi. Qəzet təkcə ədəbiyyat, incəsənət
məsələlərinə deyil, həyatımızın
bütün nöqtələrinə, ictimai-siyasi mühitə
dərindən təmas edirdi. Son vaxtlar (
Elçin Hüseynbəylinin təyinatından sonra-F.X.)
hiss olunur ki, qəzet formaca da, məzmunca da əvvəlki
şöhrətini pərpa etməkdədir.
Dövlət müstəqilliyimizin yenidən bərpasından
sonra Üzeyir Hacıbəylinin yadigarı olan “Azərbaycan” qəzeti
də həyata qaytarıldı. Bu qəzetdə
işləmək arzusu da elə ondan doğdu. Tələbə yoldaşımız Mehman
Cavadoğlu qəzetin baş redaktoru idi. Müraciətimi
qəbul etdi. Qəzetdə müxbir kimi fəaliyyətə
başladım. Qarışıq zaman idi.
Dostla düşmənin sərhəddini
ayırmaq çətinliyini yaşaya-yaşaya öz
mövzularımı qələmə alırdım. Mehman heç zaman müxbirlərə təzyiq etməz,
əqidəsinə görə əməkdaşların
arasında ayrı-sekçiliyə yol verməzdi. Bu səbəbdən
də onun dövründə “Azərbaycan” qəzetində
Elçibəyi də sevənlər
çalışırdı, milli lider Heydər Əliyevi
gözləyənlər də, Ayaz Mütəllimova xidmət
göstərənlər də, hələ digərləri də...
Tale elə gətirdi ki, bir xeyli müddət “Azərbaycan” qəzetinə yazıçı-jurnalist Əmir Mustafayev rəhbərlik etdi. Ziyalı və yumşaq təbiətli bir insan idi. Heç kimi incitməzdi, təkəbbürdən, lovğalıqdan uzaq idi. Çapa gedən yazılar xoşuna gələn də mütləq kənarına öz fikirini yazardı. Müəlliflər bu rəylərdən ya təsadüfən xəbər tutar, ya da heç bilməzdilər. Bu arada mən “Azərbaycan qadını” jurnalına redaktor təyin edildim. Baş redaktor isə Fatma xanım Abdullazadə oldu. Əslində Fatma xanım peşəkar jurnalist deyildi. Tamam başqa ixtisasın sahibi idi, amma fikir və düşüncələrində yaradıcılıq ovqatı duyulurdu. Onun məsləhətilə bir neçə sənətkardan oçerklər hazırladım. Müdaxilə və tövsiyələri çox xoşuma gəlirdi. Yadımdadı, bir sənətkar barəsində redaksiyamıza iki məqalə daxil olmuşdu. Müəlliflərin biri çox yaşlı, digəri isə cavandı. Fatma xanımın məsləhətilə belə bir rubrika ilə hər iki yazını eyni sayda dərc etdik: “Bir şəxsiyyət iki güzgüdə”. Fatma xanımın fikiriydi ki, qoy, oxucu özü ayırd etsin, hansı güclüdür, hansı zəif? Baş redaktor kimi Fatma Abdullazadənin bir məziyyəti də müəlliflərə sərbəstlik verməsi idi. Qəlibsiz yazılar həmişə maraqlı olur. Məhz Fatma Abdullazadənin təşəbbüsü sayəsində “Azərbaycan qadını” jurnalı dünya standartları səviyyəsində işıq üzü gördü. Ən yaddaqalan məqamlardan biri də oxucularla görüş keçirməyimiz idi. Nəticədə jurnalın səhifələrinə maraqlı yazılar gəlirdi. Təəssüf ki, bizim ünsiyyətimiz çox uzun sürmədi. Dünya təkcə bizdən ibarət deyildi... Su bulandıran o qədər ki...
Yenidən əvvəlki iş yerimə - “Azərbaycan”a
qayıtdım. Yüzlərlə məqaləm dərc olundu.
Kitablarım çap edildi. Həyatın təzadları davam
edirdi. Fəsillər bir-birini əvəzləyirdi. Bu
sürüşkən zamanda dəyişməyən mənim
mövqeyim və əqidəm oldu. Sevinirəm ünsiyyət
qurduğum, ehtiramla xatırladığım baş redaktorlar
vardı ki, indi onların ardıcılları yetişib. Bu
şərəfli missiyanı ləyaqətlə davam etdirənlərin
adlarını hörmətlə qeyd etməyi özümə
borc bilirəm: Rəşad Məcid (“525-ci qəzet”), Sədaqət
Kərimova( “Samur”), Natiq Məmmədli
(“Kaspi”) İradə Tuncay (“Ədalət”) , İntiqam Hümbətov
“Mədəniyyət” və digərləri. Başqaları məndən
inciməsinlər. Mən adətən yazılarımı
göndərdiyim və yaradıcılıqlarına dərindən
bələd olduğum baş redaktorların adlarını
çəkdim.
Kaspi.-2014.-19 iyun.-S.14.