Sönməyən ulduzların teatrı

 (“Ər və arvad” tamaşası)

 

Ötən əsrin 80-ci illərində keçmiş sovet respublikalarında olduğu kimi Azərbaycanda da Mədəniyyət fondu fəaliyyətə başlayır. Müxtəlif sərgilər, xarici ölkələrdə Azərbaycanın mədəniyyət günlərini təşkil edən həmin fondun nəzdində bir neçə il sonra «Sönməyən ulduzlar» adlı teatr da açılır. Bu teatrın özəlliyi ətrafında qocaman aktyorları toplamasıdır. Teatrdan uzaq düşmüş yaşlı sənətkarlar bu sənət ocağına pənah gətirir, tamaşalarda çıxış edərək, hələ də işləmək iqtidarında olduqlarını sübut edirlər.

 

“Sönməyən ulduzlar” teatrı fəaliyyətə başladığı dövr məhz 1990-cı illər idi. O dövrdə məşhur yaradıcı adamlarımız, xalq artistləri, əməkdar artistlər işsiz qalmışdılar. Muxtar Avşarov, Muxtar Maniyev, Məhluqə Sadıqova, Sofya Bəsirzadə kimi yaşlı sənətkarlar teatrdan çıxarılmışdılar. Bir çoxları fikirləşirdilər ki, bu qoca adamlar daha teatra lazım deyillər. Və sonucda görkəmli adamlarımız həm mənəvi, həm də maddi baxımdan əziyyət çəkirdilər. Bu səbəbdən də 1992-ci ildə belə sənətkarları bir yerə toplamaq, onların yaradıcılıq gecələrini, benefislərini keçirmək məqsədi ilə assosiasiya yaratmağa qərar verildi. Bu assosiasiyanın adını həmin vaxt Fondun sədri olan Kamal Abdulla «Sönməyən ulduzlar» qoymağı təklif etdi. Bu adın anlamı yaşlı sənətkarlarımızın «ulduzları»nın sönməməsini, onların incəsənətdən tez uzaqlaşdırılmasının əsassız olduğunu göstərmək idi. Assosiasiyanın rəhbəri tanınmış mədəniyyət işçisi Cahangir Aslanoğlu, onun müavini isə sevimli aktrisamız Leyla Bədirbəyli oldu. Onlar aktyorları öz ətraflarına yığdılar, maraqlı tədbirlər keçirdilər.

 

Və... 1998-ci ildə «Sönməyən ulduzlar» teatrını yarandı. Teatrın bədii rəhbəri rejissor Adil İsgəndərovun davamçısı, əməkdar mədəniyyət işçisi Məmməd Kamal Kazımov idi. Vaxtilə o, A. İsgəndərovla birlikdə Akademik Milli Dram Teatrında S. Vurğunun «Vaqif» əsərini tamaşaya qoymuşdu. Və «Sönməyən ulduzlar»da ilk olaraq bu əsər səhnələşdirildi. Tamaşada Gülxar Həsənova, Mustafa Süleymanov, Muxtar Avşarov, Ələddin Abbasov, Muxtar Maniyev, Elmira Şabanova, Şəfiqə Qasımova kimi güclü aktyor heyəti iştirak edirdi. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynanıldı. Uğurla keçən bu tamaşadan sonra Məmməd Kamal Kazımov «Solğun çiçəklər» əsərini C. Cabbarlının 100 illiyi münasibəti ilə səhnələşdirdi. Bu tamaşa da çox yükək səviyyədə keçdi. M.K.Kazımov dünyasını dəyişəndən sonra teatrın baş rejissoru tanınmış, istedadlı sənətkar Hafiz Fətullayev oldu. Qısa müddət ərzində Hafiz Fətullayev Şıxəli Qurbanovun məşhur «Sənsiz» əsərini hazırladı. Bu tamaşa da Akademik Milli Dram Teatrında göstərildi. Bir müddət sonra Nafiz Fətullayevin dahi bəstəkarımız Üzeyir Hacıbəylinin «Ər və arvad» tamaşasına quruluş verdi.

 

Hazırda Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlının rəhbərlik etdiyi teatrda Hafiz Fətullayev, xalq artisti Elmira Şabanova, əməkdar artistlərimiz Firuz Xudaverdiyev, Cəmilə Məmmədzadə, Esmiralda Şahbazova, Suğra Bağırzadə kimi isimlər çalışırlar.

 

İyun ayının 16-da Teatr Xadimləri İttifaqının tamaşa zalında “Sönməyən ulduzlar” teatrının ifasında dahi Üzeyir hacıbəyovun “Ər və arvadmusiqili komediyası nümayiş olundu. “Sönməyən ulduzlar” teatrının ifasında göstərilən tamaşadan əldə olunan vəsaitin qocaman mədəniyyət xadimlərinə veilməsi nəzərdə tutulumuşdu. Alicənab məqsəddir bəyənilsin. Və...

 

Bir qədər də dahi Üzeyir bəydən.... Üzeyir bəyin “Ər və arvad” operettası ilə Azərbaycanda yeni janrın və yeni bir teatrın - Musiqili Komediya Teatrının bünövrəsi qoyulub. “Ər və arvadmusiqili komediyasında çox sadə və zidiyyətli vəziyyət (səhvlər komediyası), çox primitiv satira və yumor öz əksini tapır. “Ər və arvad”-qadının azərbaycanlı ailəsində yerini, rolunugizli gücünü, eləcə də bəylərin əslində sadəlövh, qadınlarla müqayisədə “bir” addım geridə olduqlarını sadə komik vəziyyətlərdə dəqiq realizə edir. Musiqili komediya ilk dəfə 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkində tamaşaya qoyuldu. O zaman Mərcan bəy rolunda Hüseynqulu Sarabski, Minnət xanım rolunda Əhməd bəy Ağdamski, Kərbəlayi Qubad rolunda isə Mirzağa Əliyev çıxış etmişdilər. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli idi.

Gülüşdən ictimai mühakimə vasitəsi kimi istifadə edən bəstəkar-dramaturq, oxucusunu daima duymaq və düşünmək məcburiyyəti qarşısında qoyur. “Ər və arvadpyesinin mövzusu dövrü üçün son dərəcə aktual olub, qadın azadlığı uğrunda mübarizəni əks etdirir. Bu komediya XX əsr burjua ailəsi və məişəti üçün tipik olan bir məsələyə həsr edilmişdir. Ü.Hacıbəyov burada qadının ağlını, əxlaqını, dövrün yanlış tərbiyə üsuluna qarşı qoymuş, cəmiyyətdə qadın hüququnu müdafiə etmişdir. Təsadüfi deyil ki, “Ər və arvad” pyesində komik vəziyyətin, ifşaedici gülüşün yaranmasında qadının rolu ön plana çəkilmişdir.

 

Tamaşanın qəhrəmanları da dəyişilməmişdir. Məişət janrından çıxış edərək burada hadisələrin vaqe olduğu məkan - evdir. Bu evdə ər və arvad yaşayır: Mərcan və Minnət xanım. Komediyada mənfiliyi təmsil edən əsas surət Mərcan bəydir (Əli Cəfərov). O, yalnız ailə şəraitində göstərilir. Mərcan bəy ailəyə münasibətində əxlaqsız mövqe tutduğundan mənəvi cəhətdən iflasa uğrayır. Arvadından bezən Mərcan bəy onu boşamağaya satmağa hazırdır. Əli Cəfərovun Mərcan bəyi maddi cəhətdən yüksək təmin olunmuş, lakin bununla yanaşı xəsis bir tipdir. Mərcan bəyin şüuru, əqli və hərəkətləri ilə müqəddəs ailə-məişət qanunları arasındakı ziddiyyətlərin pərdədən-pərdəyə yeni-yeni təzahür formalarını göstərməklə müəllif dərin ictimai ideya ifadə etmişdir.Mərcan bəyin məsləhətləşdiyi adamlar da özü kimi pozğun və əxlaqsızdırlar. Kərbalayi Qubad (Firuz Xudaverdiyev) məhz belələrindəndir. Köhnə adətlərdən ayrıla bilməyən, “arvad almağın da, boşamağın da yolunu bilən” Kərbalayi Qubad gülünc vəziyyətdə qalıb ifşa olunan ikinci adamdır. O, Mərcan bəyin vəd etdiyi 2500 manat pulun həvəsi ilə özünü iyrənc və gülünc vəziyyətlərə salır. Həqiqi məhəbbətin nə olduğunu bilməyən bu adam hər şeyi şəxsi mənfəətinə qurban verməyə hazırdır.Minnət xanımla qulluqçu Gülpərini bir-birindən ayıra bilməyən Kərbalayi Qubadın şit hərəkətləri süni danışığı onun boş mənəviyyatını üzə çıxarır.

 

Komediyada üç qadın obrazı verilir: Minnət xanım, qulluqçu Gülpəri və Kərbalayi Qubadın qoca arvadı. Minnət xanım gözü açıq, öz hüquqlarını müdafiə etməyi bacaran, qadın ismətini, ailə namusunu qoruyan bir obrazdır. Əri Mərcan bəyin xarakterinə, əxlaqına, ağıl və dərrakəsinə yaxşı bələd olan Minnət xanım ağlı və fərasəti ilə seçilir. Nökər Səfi və digər xidmətçilər Minnət xanımın cəbhəsini təmsil edirlər.

 

“Ər və arvad” komediyasının tərbiyəvi əhəmiyyəti böyükdür. O, saf məhəbbət əsasında səmimi ailə qurmaq, onu hər cür köhnəlik qalıqlarından qorumaq ideyasını bu gün də təbliğ etməkdədir.

 

Tamaşa ümumi kompozisiyası yüksək bədiiliyi ilə seçilməsə də, biz “sönməyən ulduzları”n əzmkarlığını görməklə kifayətlənib, bu teatrın fəaliyyətini nizamlayanqoruyan insanlara təşəkkür etdik. Tamaşa boyunca çox həvəslə sadə mizanları yerinə yetirən aktyorların “sadə” oyun üslubunda da bir səmimilik, sadəlik duyulurdu. Əslində mən baxmağa hazırlaşdığım tamaşadan elə də böyük nəticələr və misilsiz səhnə quruluşu-rejissor işi, musiqi tərtibatı gözləmirdim. Ən azından ona görə ki, tamaşanın məqsəd və məramı bəllidir...

 

Lakin... “Sönməyən ulduzlar”ın var olması təqdirə layiqdirlər... Çox nadir hallarda səsləri-sədaları gəlsə də, sadəcə bu teatrın, teatrın kollektivinin yaşadıqlarını bilmək kifayətdir. Sizlərə uğurlar, uğurlar...

 

Aygün Süleymanova

teatrşünas

Kaspi.-2014.-20 iyun.-S.12.